Qripdən qorunmaq üçün bu qidaları yeyin - Siyahı
- Admin
- 17-apr-2024, 19:44
- 1 Baxış
Qripdən qorunmaq üçün bir çoxumuzun ağlına ilk olaraq portağal, naringi, kivi, kök çox yemək gəlir. Ancaq mütəxəssislər suyun da ən az bu meyvə-tərəvəzlər qədər təsirli olduğunu söyləyir.
Aztəhsil.com ailəm.az-a istinadən xəbər verir ki, türkiyəli məşhur dietoloq Canan Aksoy yüksək qızdırma, soyuq tər, titrəmə, yorğunluq hissi, sümük ağrıları, ishal, qusma ilə özünü göstərən xəstəliklə mübarizədə suyun əhəmiyyətinə diqqət çəkib:
"İmmunitet sisteminiz güclü olsa da, kifayət qədər su içmirsinizsə, mikrobları və virusları bədəninizdən ata bilməzsiniz. Yetərli su içib-içmədiyinizi gündə neçə dəfə sidiyə çıxdığınızı yoxlayaraq bilərsiniz. Gündə 6-7 dəfə sidiyə gedirsinizsə və açıq rənglidirsə, deməli, içdiyiniz su kifayət miqdardadır”.
Soyuq havalarda susamağı gözləmədən su içmək lazım olduğunu xatırladan C. Aksoy deyir ki, bəzi bitki çayları da su yerinə içilə bilər. Ancaq çay, qəhvə və qazlı içkilər suyun yerini tutmur, əksinə, bədənin su ehtiyacını artırır. Dietoloq qripdən qorunmaq üçün yeyilməsi lazım olan qidalardan da söz açıb:
İmmunitet sistemimiz üzərində faydalı təsiri olan vitamin və mineral tərkibli qidalar yeyin. Dəmir, sink, B6, B12 vitamini, maqnezium qəbulunun mütəmadi və kifayət olması güclü bir immunitet sistemi üçün çox əhəmiyyətlidir. Səhərlər bir yumurta yeməyə çalışın. Yumurtanın dəmirindən maksimum faydalana bilmək üçün çox uzun müddət bişirilməməsi və yanında C vitaminli meyvə və ya tərəvəzlə yeyilməsi faydalı olar.
Bol protein qaynaqları olan ət, toyuq və balığa süfrələrinizdə yer ayırın. Gündə 5-7 porsiya meyvə-tərəvəz yeyin. İki dəfə salat, bir naharda tərəvəz və iki dəfə də yumruğunuz böyüklükdə bir meyvə yeməniz kifayət olacaq. Salatlarınızda mütləq bir neçə rəng tərəvəz olsun. Kök, qırmızı kələm, çuğundur, turp və sair ilə dadlı və sağlıqlı salatlar hazırlaya bilərsiniz. Meyvələrinizi çeşidləndirin. Portağal, nar, kivi, alma, ananas, manqo, armud və heyva yeməyin tam zamanıdır. Rənglər artdıqca, aldığınız vitamin və antioksidant müxtəlifliyi də artacaq.