İdarəetmə / Direktor / Metodika / Ümumi

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları

  • Admin
  • 21-apr-2024, 21:38
  • 64 Baxış


Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi  Qaydaları

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/3 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

1. Ümumi müddəalar

   1.1. “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları” (bundan sonra - Qaydalar) “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 32.3.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə (bundan sonra – Nümunəvi Nizamnamə) əsasən hazırlanmışdır.

1.2. Bu Qaydalar Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrinə (bundan sonra - məktəblərə) uşaqların (şagirdlərin) qəbulu və təhsil müddətində şagirdlərin ölkə daxilində, habelə ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan Respublikasının məktəblərinə yerdəyişməsi ilə bağlı məsələləri tənzimləyir.

1.3. Məktəblərə uşaqların (şagirdlərin) kütləvi qəbulu I və X siniflər üzrə aparılır.

1.4. Məktəbin I və X siniflərinə uşaq (şagird) qəbul etmək imkanları (Nümunəvi Nizamnamənin 2.6‒2.6-2-ci bəndləri nəzərə alınaraq müəllimlərin və siniflərin sayı), iş rejimi (dərs məşğələlərinin keçirilmə saatları), tədris edilən xarici dillər haqqında, sənədlərin qəbul günləri və saatları, sənədləri qəbul edən vəzifəli şəxsin adı, soyadı, iş telefonu, elektron poçt ünvanı barədə məlumat məktəbin əsas girişinin qarşısında yerləşdirilir, habelə həmin məlumat internet saytı və digər vasitələrlə əhalinin diqqətinə çatdırılır.

1.5. Məktəblər hər il 15 oktyabr tarixədək uşaq (şagird) qəbulunun yekunları barədə Ümumməktəb (ÜM-1) hesabat formasını tərtib edib dövlət statistika orqanlarına təqdim edirlər.

 

2. Uşaqların (şagirdlərin) məktəblərə kütləvi qəbulu

2.1. Uşaqların I sinfə qəbulu hər tədris ilinin ikinci yarımilinin əvvəlindən (hər növbəti ilin fevral ayının 1-dən) başlayaraq həyata keçirilir.

2.2. Nümunəvi Nizamnamənin 2.5-ci bəndinə uyğun olaraq, ümumtəhsil məktəbinin I sinfinə hər il sentyabrın 15-dək 6 (altı) yaşı tamam olan uşaqlar qəbul edilirlər.

2.3. Məktəbə qəbul uşaqların valideynləri, övladlığa götürənləri və ya qəyyumları (bundan sonra –valideyn) tərəfindən bu Qaydaların 2.4-cü bəndində göstərilən ərizə və ona əlavə olunan sənədlərin kağız və ya elektron formada bilavasitə, poçt və ya internet vasitəsilə məktəbə təqdim edilməsi ilə yolu ilə aparılır.

2.4. Uşağın I sinfə qəbulu barədə valideynin ərizəsi növbəti dərs ili başlananadək qeydiyyata alınır. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

2.4.1. doğum haqqında şəhadətnamənin surəti;

2.4.2. uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U);

2.4.3. 2 (iki) ədəd 3x4 ölçüdə fotoşəkil.

Ərizədə uşağın yaşadığı ünvan, təhsil alacağı tədris dili və öyrənəcəyi xarici dil (məktəbdə bir neçə xarici dil tədris edilirsə) qeyd edilir.

Qəbul elektron formada aparıldıqda təqdim edilən elektron ərizə və sənədlərin skan edilmiş surətləri məktəbə göndərildikdən sonra onların kağız forması təqdim olunmalıdır.

2.5. Uşağın məktəbəhazırlıq mərhələsindən keçməməsi onun I sinfə qəbulundan imtinaya səbəb ola bilməz.

2.6. Məktəbəhazırlıq mərhələsini keçmiş uşaqlar Nümunəvi Nizamnamənin 2.6-2.6-2-ci bəndləri nəzərə alınaraq ayrıca sinifdə komplektləşdirilir.

2.7. Üzrlü səbəb olduğu halda (fövqəladə hallarda, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) oktyabrın 15-dək ərizə və sənədlərin qəbuluna icazə verilir. Həmin müddətdən sonra sənəd qəbulu aparılmır.

2.8. Hər təqvim ilinin sonunadək 8 yaşı tamam olan uşaqlar I sinifə qəbul edilirlər. 8 yaşdan yuxarı təhsildən kənarda qalmış uşaqların I sinifdə təhsilə cəlb edilməsi məktəblərdə müəyyən olunmuş qaydalar daxilində fərdi təhsil təyin edilməklə həyata keçirilir.

2.9. Şagirdlərin X sinfə qəbulu onların ümumi orta təhsil haqqında dövlət sənədini – attestatını aldıqları vaxtdan növbəti tədris ili başlayanadək həyata keçirilir. Bu zaman təhsilalan Qaydaların 1.4-cü bəndində qeyd olunan məlumat əsasında məktəb seçimində sərbəstdir. Ümumtəhsil məktəbinin X sinfinə qəbul valideynin ərizəsi və ümumi orta təhsil haqqında dövlət sənədi – attestat əsasında həyata keçirilir. Ümumtəhsil məktəbinin X sinfinə qəbula Qaydaların 3-cü hissəsi şamil edilmir.

2.10.       Digər məktəbdən gələn şagirdin X sinfə qəbulu zamanı onun əvvəl oxuduğu məktəbdə öyrəndiyi xarici dil mütləq nəzərə alınır. Şagird digər xarici dil tədris olunan məktəbin X sinfinə yaşadığı (köçdüyü) ərazidə əvvəl öyrəndiyi xarici dil tədris edilən başqa tam orta məktəb olmadığı halda qəbul edilir.

2.11. Ümumi orta təhsil səviyyəsini bitirdikdən sonra ilk peşə və ya orta ixtisas təhsili müəssisəsinə sənəd verib daxil ola bilməyən şagirdlərin ümumtəhsil məktəbində X sinfə qəbulu yalnız sentyabr-oktyabr ayları ərzində aparılır.

2.12. Xüsusi tədris proqramları tətbiq edilən məktəb, gimnaziya və liseylərə, özəl məktəblərə uşaqların (şagirdlərin) qəbulu həmin təhsil müəssisələrinin nizamnamələrinə uyğun aparılır.

2.13. Övladının bu və ya digər sinfə qəbulu barədə valideynin ərizəsi Ümumməktəb (ÜM-1) hesabat formasının təsdiqindən sonra verilərsə, həmin şagird məktəbə yeni gələn şagird kimi rəsmiləşdirilir.

 

3. Şagirdlərin yerdəyişməsi

3.1. Ölkə daxilində I - IX sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsi aşağıdakı qaydada həyata keçirilir:

3.1.1. Övladını digər məktəbə dəyişmək istəyən valideyn həmin məktəbin direktoruna yerdəyişmənin səbəbi göstərilməklə ərizə ilə müraciət edir. Ərizəyə şagirdin qiymət cədvəli (təhsil aldığı fənlər üzrə illik və yarımillik qiymətlərin əks olunduğu sənəd) əlavə olunur.

3.1.2. Məktəbin direktoru nəzərdə tutulan sinifdə şagird sayı və ya sinif otağının ölçüsü şagird qəbuluna imkan verdiyi halda, 2 iş günü müddətində onun bu məktəbdə müvafiq sinfə qəbul olunduğu və bununla əlaqədar şəxsi işinin göndərilməsi haqqında valideynə şagirdin indiyədək təhsil aldığı məktəbin direktoruna təqdim etmək üçün arayış verir.

3.1.3. Həmin arayış əsasında valideyn övladının indiyədək təhsil aldığı məktəbdən şəxsi işini götürüb təhsilini davam etdirəcəyi məktəbin direktoruna təqdim edir və bunun əsasında şagirdin təhsilalanların siyahısına daxil olması barədə əmr 2 iş günü müddətində verilir. Əmrin surəti şagirdin məktəbin direktoru tərəfindən əvvəl təhsil aldığı məktəbə göndərilir və burada onun təhsilalanların siyahısından xaric edilməsi barədə əmr verilir.

3.2. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların bir təhsil müəssisəsindən digərinə keçirilməsinə, ümumi orta təhsil alana qədər təhsilin formasının dəyişdirilməsinə, habelə onların istənilən təhsil müəssisəsindən kənar edilməsinə yalnız qəyyumluq və himayə orqanlarının razılığı əsasında yol verilir.

3.3. Xüsusi tədris proqramları tətbiq edilən məktəb, lisey və gimnaziyalara, məktəb-liseylərdəki lisey siniflərinə, özəl məktəblərə, habelə həmin təhsil müəssisələrindən ümumtəhsil məktəblərinə şagirdlərin yerdəyişməsi bu Qaydalar əsas tutulmaqla həmin müəssisələrin nizamnamələrinə uyğun həyata keçirilir.

3.4. Məcburi köçkün məktəblərinə şagirdlərin qəbulu və yerdəyişməsi Qaydaların 1.4-cü bəndində qeyd olunan məlumat əsasında yerli təhsili idarəetmə orqanları ilə razılaşdırılmaqla həyata keçirilir.

3.5. Qaydaların 3.4-cü bəndi istisna olmaqla, tam orta təhsil səviyyəsində (X-XI siniflər) təhsil alan şagirdlərin yerdəyişməsinə valideynin ərizəsi və Qaydaların 1.4-cü bəndində qeyd olunan məlumat əsasında aşağıdakı hallarda yol verilir:

3.5.1. ailəsi ilə birlikdə yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd təqdim edildikdə;

3.5.2. lisey və gimnaziyalarda, özəl ümumi təhsil müəssisələrində tətbiq edilən tədris proqramlarının mənimsənilməsi mümkün olmadıqda.

 

4. Şagirdlərin ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan Respublikasının məktəblərinə yerdəyişməsi

4.1. Xarici ölkəyə gedən şagirdin şəxsi işi valideynin ərizəsi əsasında verilir.

4.2. Məktəbin rəhbərliyini ərizə ilə xəbərdarlıq etmədən şagirdin ölkədən xaricə getməsi məktəb direktorunun, sinif rəhbərinin və yerli icra hakimiyyətinin nümayəndəsinin iştirakı ilə tərtib edilən müvafiq aktla rəsmiləşdirilir, şagirdin şəxsi işi məktəbdə saxlanılmaqla onun təhsilalanların siyahısından xaric edilməsi barədə əmr verilir.

4.3. Həmin şagird 4 aydan çox olmayan müddətdən sonra geri qayıtdıqda onun məktəbə qəbulu yerli təhsili idarəetmə orqanlarıilə razılaşdırılmaqla həyata keçirilir.

4.4. Azərbaycan Respublikasından kənarda yaşayan şəxslər Azərbaycan Respublikasına daimi yaşayış məqsədi ilə gəldikdə onların rus və ya gürcü dillərindətəhsil alan övladlarının köçdükləri ərazidə dövlət məktəblərinə qəbulu aşağıdakı qaydada həyata keçirilir:

4.4.1. I – IX siniflərdə təhsil alan şagirdlərin valideynləri övladının təhsilini davam etdirməsi üçün seçdiyi məktəbin direktoruna ərizə ilə müraciət edir. Ərizəyə şagirdin əvvəl oxuduğu məktəbin direktoru tərəfindən təsdiq olunmuş qiymət cədvəli əlavə olunmaqla şagirdin müəyyən dövrə qədər təhsil aldığı barədə arayış əlavə olunur. Nəzərdə tutulan sinifdə şagird sayı və sinif otağının ölçüsü həmin şagirdin qəbuluna imkan verdiyi halda, o, məktəbin müvafiq sinfinə qəbul olunur.

4.4.2. Azərbaycan Respublikasına gələnədək ümumi orta təhsil səviyyəsini bitirib müvafiq təhsil sənədi almış şagird həmin sənəd və valideynin ərizəsi əsasında nəzərdə tutulan sinifdə şagird sayı və sinif otağının ölçüsü şagirdin qəbuluna imkan verdiyi halda, məktəbin X sinfinə qəbul edilir. Əks təqdirdə şagirdin müvafiq məktəbin X sinfinə qəbulundan imtina edilir.

4.4.3. Təhsil sənədləri olmadıqda və ya təqdim olunmuş sənədlərdən şagirdin qəbul olunmalı sinfi müəyyən etmək mümkün olmadıqda:

4.4.3.1. I – XI siniflərdə oxuduğu iddia edilən şagirdin həmin siniflərin təhsil proqramlarına (kurikulumlarına) uyğun hazırlıq səviyyəsi yerli təhsili idarəetmə orqanları tərəfindən yaradılmış komissiya vasitəsilə yoxlanılır. Komissiyanın rəyi əsasında şagirdin müvafiq sinfə qəbulu məktəbdə rəsmiləşdirilir və ona şəxsi iş açılır;

4.4.3.2. Azərbaycan dilini tədris dili səviyyəsində bildikləri halda, şagirdlər tədris Azərbaycan dilində olan siniflərə qəbul edilirlər. Həmin şagirdlərin tədris dilini dəyişməsinə valideynin ərizəsinə əsasən məktəbdə baxılır;

4.4.3.3. Tədris rus və ya gürcü dilində olan məktəblərə qəbul edilmiş şagirdlərə əvvəl oxuduqları məktəbdə tədris olunmayan fənlərdən (Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası və s.) əlavə məşğələlər təşkil edilir.

4.5. Xarici ölkələrdə təhsil almış uşaqların Azərbaycan Respublikasının dövlət məktəblərinə qəbuluna valideynin ərizəsinə əsasən, Azərbaycan Respublikasının məktəblərindəki tədris dillərindən biri üzrə xüsusi hazırlıq keçib həmin dili mənimsədikləri təsdiq olunduğu halda, yerli təhsili idarəetmə orqanları tərəfindən fərdi qaydada baxılıb razılıq verilir.

 

Əlavə olaraq :  Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ən çox verilən suallar və onların cavabları

Sual: Şagird yerdəyişməsi prosesinin elektronlaşdırılmasında məqsəd nədir?

Cavab: Elektron xidmətin yaradılmasında məqsəd ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanılmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq, icbari təhsilin yerinə yetirilməsinə rəhbərlik və nəzarəti gücləndirmək, həmçinin vətəndaş məmnuniyyətini təmin etməkdir.

Sual: Elektron yerdəyişmə üçün hansı sənədlər tələb olunur?

Cavab: Azərbaycan Respublikasının vətəndaşları üçün sistemdə qeydiyyat şəxsiyyət vəsiqəsinin FİN kodu, xarici ölkənin vətəndaşları üçün isə miqrasiya sənədinin seriya nömrəsi əsasında aparılır. Qeydiyyat mobil telefona göndərilən SMS vasitəsilə təsdiq olunur. Uşaqla bağlı məlumatların sistemə əlavə edilməsi üçün şəxsiyyət vəsiqəsinin FİN kodu və ya UTİS (Ümumi təhsil müəssisələrinin informasiya sistemində şagirdə məxsus unikal kod) kodu tələb olunur.

Sual: Şagirdin UTİS kodunu necə əldə etmək olar?

Cavab: Valideyn (qanuni nümayəndə) şagirdin təhsil aldığı məktəbə müraciət etməklə UTİS kodunu ala bilər.

Sual: Şagirdlərin elektron yerdəyişmə prosesi hansı mərhələlərdən ibarətdir?

Cavab:

1. Qeydiyyat

2. Valideyn tərəfindən övladının yerdəyişməsi üçün seçdiyi məktəbə elektron sorğu yerləşdirmək

3. Yerdəyişmə üçün sorğu verilən məktəb tərəfindən sorğunun təsdiqi

4. Şagirdin çıxdığı məktəb tərəfindən sənədlərin verilməsi

5. Şagirdin getdiyi məktəb tərəfindən sənədlərin qəbulu

Sual: Qeydiyyat mərhələsi necə həyata keçirilir?

Cavab: Övladını digər məktəbə dəyişmək istəyən valideyn (digər qanuni nümayən¬də), ilk növbədə, www.sy.edu.az portalına daxil olaraq elektron sistemdə şəxsi kabinet yaratmalı və övladını qeydiyyatdan keçirməlidir. Vətəndaş şəxsiyyət vəsiqəsinin FİN kodunu (xarici ölkənin vətəndaşları miqrasiya sənədinin seriya nömrəsini) daxil etdikdən sonra əldə olunmuş məlumatları təsdiq edir, daha sonra istifadə etdiyi mobil nömrəni qeyd edir. Mobil nömrəyə daxil olan SMS-də göstərilmiş təsdiq kodunu müvafiq açılan pəncərəyə daxil edir və qeydiyyat tamamlanır. Valideyn FİN və ya UTİS kodu ilə övladının qeydiyyatını tamamlayır.

Sual: Valideyn tərəfindən övladının yerdəyişməsi üçün seçdiyi məktəbə elektron sorğu yerləşdirmək mərhələsi necə həyata keçirilir?

Cavab: Qeydiyyat mərhələsi tamamlandıqdan sonra valideyn (digər qanuni nümayəndə) övladını dəyişmək istədiyi məktəbdə tədris dili, xarici dil, təmayül istiqaməti uyğun gəldikdə müvafiq qruplar və siniflər üzrə boş yerə elektron sorğu yerləşdirir.

Bundan sonra elektron sistemdə şagirdin yerdəyişməsi barədə əvvəl oxuduğu məktəbə avtomatik bildiriş göndərilir.

Sual: Yerdəyişmə üçün sorğu verilən məktəb tərəfindən sorğunun təsdiqi mərhələsi necə həyata keçirilir?

Cavab: Tədris dili, xadici dil, təmayül istiqamətləri uyğun gəldiyi halda 5 iş günündən gec olmayaraq məktəb direktoru tərəfindən şagirdin məktəbə qəbul olunmasına razılıq veriməsi barədə sorğuya təsdiq vurulur

Sual: Şagirdin çıxdığı məktəb tərəfindən sənədlərin verilməsi mərhələsi necə həyata keçirilir?

Cavab: Müvafiq sorğu və bildiriş göndərildikdən sonra 5 iş günündən gec olmayaraq valideyn (digər qanuni nümayən¬də) şagirdin əvvəl oxuduğu məktəbdən şəxsi işini götürərək dəyişmək istədiyi məktəbə təqdim edir. Yerdəyişmə dərs ilinin hər hansı yarımili ərzində baş verərsə, valideynə şagirdin fənlər üzrə summativ qiymətləndirmə nəticələrinin əks olunduğu arayış da təqdim edilir. Müəyyən edilmiş müddət keçdiyi halda müraciət ləğv olunur və bu barədə valideynin (digər qanuni nümayən¬dənin) şəxsi kabinetinə məlumat göndərilir.

Sual: Yerdəyişmə sorğusuna hansı halda imtina verilə bilər?

Cavab: Sistem tərəfindən ilkin yoxlamalarda tədris dili uyğunsuzluğu olduğu halda valideyn tərəfindən həmin siniflərə seçim mümkün olmur. Xarici dil, təmayül istiqaməti uyğun gəlmədikdə imtina verilə bilər. İstisna hallar olduqda sorğu şəhər (rayon) təhsil şöbələri tərəfindən təsdiq edilə bilər.

Sual: Keçirilən xarici dillər uyğun olmadığı halda şagirdin yerdəyişməsinə hansı halda razılıq verilə bilər?

Cavab: Şagird ailəsi ilə birlikdə yaşayış yerini dəyişdikdə, yaxın ərazidə keçirilən xarici dillərin uyğun olduğu digər məktəb olmadıqda tədris olunan xarici dilin dəyişməsinə razı olması barədə valideyn yerli təhsili idarəetmə orqanına ərizə ilə müraciət etməlidir. Təhsil idarəetmə orqanında məsələyə baxılaraq uyğun olduğu halda şagirdin yerdəyişməsinə razılıq verilə bilər. (Qeyd olunan məsələ əsasən kənd ərazilərində fəaliyyət göstərən məktəblərə yerdəyişmə üçün şamil oluna bilər)

Sual: Sistem nə vaxtadək aktiv olacaq?

Cavab: Şagirdlərin elektron yerdəyişməsi sistemi xüsusi hallar olmadıqda komplektasiya (siniflərin komplektləşdirilməsi) dövrləri istisna olmaqla ilboyu fəaliyyət göstərəcək.

Sual: Şagirdin oxuduğu məktəbdə sinfinin dəyişdirilməsi hansı qaydada aparılır?

Cavab: Şagirdin oxuduğu məktəbdə digər sinfə keçməsi www.sy.edu.az portal vasitəsilə aparılır.

Sual:Valideyn (qanuni nümayəndə) övladının yerdəyişməsi üçün seçdiyi məktəbin müvafiq sinfində yer olmadıqda nə etməlidir?

Cavab: Valideyn (qanuni nümayəndə) övladının yerdəyişməsi üçün seçdiyi məktəbin müvafiq sinfində yer olmadıqda proqram təinatı vasitəsilə növbəyə yazıla bilər.

Sual: X-XI siniflərdə yerdəyişmə necə icra olunacaq?

Cavab: X-XI sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsinə I-IX sinif şagirdlərinin bir məktəb¬dən digərinə yerdəyişməsi zamanı olan prosedur əsasında ailəsi ilə birlikdə yaşayış yerini (rayonu, şəhəri) dəyişdiyi halda (yerdəyişmənin məqsədəuyğunluğu müvafiq sənədlər əsasında elektron sistemdə R(Ş)TŞ(İ) tərəfindən təsdiq edildikdə) yol verilir.

Sual: IX sinfi bitirərək məzun kimi kontingentdən çıxarılan və ümumi orta təhsil səviyyəsini bitirdikdən sonra ilk peşə və ya orta ixtisas təhsili müəssisəsinə sənəd verib daxil ola bilməyən şagirdlərin X sinfə qəbuluna icazə verilirmi?

Cavab: Mövcud vəziyyət (pandemiya şəraiti) nəzərə alınaraq istisna hal kimi 01.12.2020-ci il tarixədək qeyd olunan statusda olan şagirdlərin X sinfə yerdəyişmələrinə icazə verilir.

Sual: Xarici ölkədən gələn şagirdlərin məktəbə qəbulu necə aparılacaq?

Cavab: Xarici ölkələrdən gələn şagirdlərin Azərbaycan Respublikasının məktəblərinə yerdəyişməsi valideynlərin (digər qanuni nümayəndələrin) elektron qeydiyyatı əsasında sistem vasitəsilə həyata keçirilir. Valideyn ilk əvvəl yerdəyişmə etmək istədiyi məktəbə yaxınlaşaraq övladının “Ümumi təhsil müəssisələrinin informasiya sisteminə” daxil edilməsi üçün müraciət etməlidir. Məktəb həmin uşağı bazaya daxil etdikdən sonra valideynə övladının UTİS kodunu təqdim edir. Daha sonra valideyn adi qaydada şagirdlərin elektron yerdəyişməsi sistemində qeydiyyatdan keçərək sorğu yerləşdirir.

Sual: Xaricdən gələn uşaqlar üçün UTİS kodunun alınması üçün hansı sənədlər tələb olunur?

Cavab: Xaricdən gələn uşaqlara gəldiyi ölkədə oxuduğu təhsil müəssisəsindən gətirdiyi şəxsi işi (X sinfə qəbul üçün müraciət etdikdə isə ümumi orta təhsil səviyyətini bitirməsinə dair təhsil sənədi) təqdim etdikdən sonra UTİS kodu verilə bilər.

Sual: Xarici ölkədən gələn şagirdin şəxsi işi (müvafiq sənəd) olmadıqda və ya təqdim olunmuş sənədlərdən şagirdin qəbul olunmalı sinfi müəyyən etmək mümkün olmadıqda yerdəyişmə hansı qaydada aparılır?

Cavab: . I– XI siniflərdə oxuduğu iddia edilən şagirdin həmin siniflərin təhsil proqramlarına (kurikulumlarına) uyğun hazırlıq səviyyəsi yerli təhsili idarəetmə orqanları tərəfindən yaradılmış komissiya vasitəsilə yoxlanılır. Komissiyanın rəyi əsasında şagirdə müraciət etdiyi məktəb tərəfindən UTİS kodu verilərir və müvafiq sinfə qəbulu şagirdlərin elektron yerdəyişməsi portalı vasitəsilə tamamlanır.

Sual: Xarici ölkəyə gedən şagirdlərin yerdəyişməsi necə aparılır?

Cavab: . Xarici ölkəyə gedən şagirdin şəxsi işi valideynin (qanuni nümayəndə) ərizəsi əsasında verilir.

Sual: Lisey və gimnaziyalara, məktəb-liseylərin lisey siniflərinə yerdəyişmə hansı formada aparılır?

Cavab: . Xüsusi tədris proqramları tətbiq edilən məktəb, lisey və gimnaziyalara, məktəb-liseylərdəki lisey siniflərinə şagirdlərin yerdəyişməsi (qəbulu) yalnız tədris ilinin əvvəlində müəyyən olunmuş müddət ərzində müəssisənin daxili qəbul qaydalarına uyğun olaraq təşkil olunan imtahanların nəticəsinə uyğun olaraq aparılır. 2020/2021-ci tədris ili üçün lisey, gimnaziyalara və məktəb-liseylərin lisey siniflərinə qəbul başa çatmışdır.

Sual: İşğal olunmuş ərazilərin yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan məktəblərə (məcburi köçkün məktəbi) yerdəyişmə necə həyata keçirilir?

Cavab: Mövcud qanunvericilə əsasən məcburi köçkün məktəbinin yerləşdiyi ərazidən 2 kilometr məsafədə yerli məktəb fəaliyyət göstərdiyi halda həmin məktəbə yalnız məcburi köçkün ailələrindən olan şagirdlərin yerdəyişməsinə icazə verilir. Valideyn (qanuni nümayəndə) həmin məktəbə övladının yerdəyişməsi üçün sorğu yerləşdirərkən onun məcburi köçkün olması elektron sistem vasitəsilə yoxlanır. Valideynin məcburi köçkün olmasını təsdiq edən sənəd elektron sistemdə müəyyən edilməzsə, bu barədə müvafiq sənəd skan olunmuş şəkildə sistemə yerləşdirilir.

Məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə yerdəyişməsinə isə qeyd olunduğu kimi yalnız həmin məktəbdən ən azı 2 kilometr məsafədə yerli məktəb fəaliyyət göstərmədiyi halda razılıq verilir.

Sual: Koronovirus (Covid-19) pandemiyası ilə əlaqədar sərt karantin rejimi tətbiq olunan şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırıldığından həmin ərazilərdə yerləşən məktəblərə şəxsi işlərin təqdim olunması və ya götürülməsi məsələləri necə tənzimlənə bilər?

Cavab: Hal-hazırda ölkə üzrə tədrisin distant (məsafədən) təşkil olunduğunu nəzərə alaraq valideynlərə bildirmək istəyirik ki, şagird istənilən ərazidə yaşadığı halda onlayn dərslərə qoşula və teledərsləri izləyə bilər. Qeyd olunan səbəblər nəzərə alınmaqla sərt karantin rejimi tətbiq olunan ərazilərdə yerləşən məktəblərə və məktəblərdən övladının yerdəyişməsini etmək istəyən valideynlərə mövcud rejim və müharibə şəraiti başa çatdıqdan sonra yerdəyişmənin aparılması xahiş olunur.

Sual: Vətəndaşlar texniki problemlə rastlaşdıqda və ya onlara texniki kömək lazım olduqda hara müraciət edə bilərlər?

Cavab: Vətəndaşlara texniki kömək lazım olduqda və ya məsələ ilə bağlı sualları olduqda proqram təminatında əks əlaqə bölməsinə müraciətlərini yaza bilərlər.

Həmçinin şəhər (rayon) təhsil şöbələrində (idarə) yaradılmış alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər.




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?