İdarəetmə / Direktor / Metodika / Ümumi

Ümumi təhsil müəssisəsinə aid tədris-pedaqoji sənədlərin aparılması və saxlanılması haqqında Təlimat

  • Admin
  • 28-apr-2024, 23:26
  • 30 Baxış



Ümumi təhsil müəssisəsinə aid tədris-pedaqoji sənədlərin aparılması və saxlanılması haqqında Təlimat

 

Ümumi müddəalar

1.1.Bu Təlimat ümumi təhsil müəssisəsinə (bundan sonra – məktəb) aid tədris-pedaqoji sənədlərin (bundan sonra – məktəb sənədləri) aparılması və saxlanılması ilə bağlı ümumi tələbləri müəyyən edir.

1.2.Məktəb sənədləri aşağıdakılardır:

1.2.1.        şagirdin şəxsi işi;

1.2.2.        sinif jurnalı;

1.2.3.        dərsdənkənar məşğələ jurnalı;

1.2.4.        günüuzadılmış qrup jurnalı;

1.2.5.        ümumi orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı;

1.2.6.    tam orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı;

1.2.7.        qızıl və gümüş nişanların uçotu və verilməsi kitabı;

1.2.8.        şagird kontingentinə aid əlifba kitabı;

1.2.9.        pedaqoji işçilərin uçotu kitabı;

1.2.10.    pedaqoji şuranın protokol kitabı;

1.2.11.    məktəb üzrə əmr kitabı;

1.2.12.    buraxılan və əvəz edilən dərslərin uçotu kitabı;

1.2.13.    məktəbəhazırlıq üzrə qrup jurnalı;

1.2.14.    dərnək məşğələləri jurnalı.

1.3.Məktəb sənədləri aydın xətlə səliqəli və dəqiq yazılmalı, onların düzgünlüyünə şübhə doğuran düzəliş və qaralamalara yol verilməməlidir.

1.4.Vəzifə funksiyalarına görə, hər hansı məktəb sənədinin aparılması həvalə edilən işçi həmin sənədin müəyyən olunmuş qaydada tərtibi və yazılması üçün bilavasitə məsuliyyət daşıyır.

1.5.Diqqətsizlik səbəbindən hər hansı bir məktəb sənədində səhv edilərsə, onun üzərindən xətt elə çəkilir ki, səhv yazılmış söz və ya rəqəm oxunsun, eləcə də səhvin yanında və ya üstündə dəqiqləşdirilmiş məlumat yazılır, xətaya yol verən şəxs tərəfindən imzalanır və məktəbin möhürü ilə təsdiq olunur.

1.6.Məktəbdə saxlanma müddəti başa çatmış məktəb sənədləri təyinatından asılı olaraq aktlaşdırılaraq məhv edilir və ya arxivə verilir.

 

 

 

 

2.Məktəb sənədlərinin aparılması və saxlanılması

 

2.1.     Şagirdin şəxsi işi

2.1.1.    Şagirdin şəxsi işi (bundan sonra - şəxsi iş) şagird məktəbdə təhsil aldığı müddətdə aparılır  

2.1.2.    Şagird təhsil aldığı məktəbi dəyişdiyi halda, onun şəxsi işi müəyyən edilmiş qayda gözlənilməklə həmin məktəbə göndərilir.

2.1.3.    Ümumi orta təhsil səviyyəsini bitirən şagird peşə təhsili və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunduqda onun şəxsi işi həmin müəssisəyə göndərilmir və oxuduğu məktəbdə saxlanılır.

2.1.4.    Hər bir şagirdin şəxsi işi onun ümumi orta və tam orta təhsil səviyyəsini bitirdiyi məktəbdə 5 il saxlanılır. Bu müddət bitdikdən sonra şəxsi iş aktlaşdırılaraq məhv edilir.

 

2.2.     Sinif jurnalı

2.2.1.    Sinif jurnalı I-IV və V-XI siniflər üçün olmaqla iki növə ayrılır (2 və 3 nömrəli əlavələr).

2.2.2.    Sinif jurnalı bir tədris ili üçün nəzərdə tutulur.

2.2.3.    Sinif jurnalında tədris prosesini əks etdirən zəruri məlumatlar, şagirdlərin təlim nailiyyətləri, sağlamlıq vəziyyəti və fiziki hazırlığı haqqında məlumatlar öz əksini tapır.

2.2.4.    Sinif jurnalının düzgün aparılması və qorunub saxlanması üçün məktəbin direktoru və onun tədris (təlim-tərbiyə) işləri üzrə müavini bilavasitə məsuliyyət daşıyırlar.

2.2.5.    Sinif jurnalı şagirdlər məktəbi bitirdikdən sonra 5 (beş) il məktəbdə saxlanılır. Həmin müddət başa çatdıqda jurnalın “Şagirdlərin nailiyyətləri haqqında məlumat” səhifəsi çıxarılıb daimi saxlamaq üçün aktlaşdırılıb arxivə verilir, jurnal isə akt əsasında məhv edilir.

 

2.3.     Dərsdənkənar məşğələ jurnalı

2.3.1.    Dərsdənkənar məşğələ jurnalı həmin tipdən olan məşğələlərin uçotunun aparılması məqsədilə tətbiq edilir və bir tədris ili üçün nəzərdə tutulur (4 nömrəli əlavə).

2.3.2.    Jurnal bir sinif üçün nəzərdə tutulur və sinifdə keçirilən bütün məşğələlərin qeydiyyatı burada aparılır.

2.3.3.    Dərsdənkənar məşğələ jurnalında şagirdlərin siyahısı, məşğələlərin mövzusu, keçildiyi tarix yazılır.

2.3.4.    Dərsdənkənar məşğələ jurnalının düzgün və səliqəli aparılmasına məktəbin direktoru və onun tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini nəzarət edir.

2.3.5.    Dərsdənkənar məşğələ jurnalı məktəbdə həmin tədris ili başa çatdıqdan sonra 5 (beş) il müddətində saxlanılır, müddət başa çatdıqdan sonra aktlaşdırılaraq məhv edilir.

 

2.4.     Günüuzadılmış qrup jurnalı

2.4.1.    Günüuzadılmış qrup jurnalı (bundan sonra – Qrup jurnalı) günüuzadılmış qrupu olan bütün ümumi təhsil müəssisələrində aparılır, bir tədris ili üçün nəzərdə tutulur. (5 nömrəli əlavə)

2.4.2.    Qrup jurnalına məktəb direktorunun əmri ilə qrupa qəbul edilmiş şagirdlərin soyadı və adı, qrupda şagirdlərlə aparılan işin qısa məzmunu və saatların miqdarı yazılır.

2.4.3.    Qrup tərbiyəçiləri jurnalın müəyyən edilmiş qaydalara uyğun aparılması üçün məsuliyyət daşıyırlar.

2.4.4.    Məktəbin direktoru və onun tədris (təlim-tərbiyə) işləri üzrə müavini jurnalın aparılmasına və saxlanılması nəzarət edir.

2.4.5.    Qrup jurnalı tədris ili başa çatdıqdan sonra 5 (beş) il məktəbdə saxlanılır, müddət başa çatdıqdan sonra aktlaşdırılaraq məhv edilir.

 

2.5.     Ümumi orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı

2.5.1.    Ümumi orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı (bundan sonra – Kitab) ümumi orta və tam orta təhsil səviyyələri təşkil olunan ümumi təhsil müəssisələrində aparılır. (6 nömrəli əlavə)

2.5.2.    Kitab 5 (beş) hissədən ibarət tərtib olunur:

2.5.2.1.    ümumi orta təhsil haqqında attestat blanklarının uçotu;

2.5.2.2.     ümumi orta təhsil haqqında attestatların verilməsi uçotu;

2.5.2.3.     əvvəlki illərdə ümumi orta təhsil almış, lakin təhsil sənədi almamış şəxslərə cari ildə verilən attestatların verilməsi uçotu;

2.5.2.4.     eksternat yolu ilə alınmış ümumi orta təhsil haqqında attestatların verilməsi uçotu;

2.5.2.5.     ümumi orta təhsil haqqında dublikat attestatların verilməsi uçotu.

2.5.3.        Kitab səhifə-səhifə nömrələnir, qaytanlanıb surğuclanır və müəssisənin bilavasitə tabe olduğu təhsil orqanının (Regional Təhsil İdarəsi) möhürü ilə təsdiq olunur. Özəl və bələdiyyə ümumi təhsil müəssisələrində həmin kitab müəssisənin möhürü ilə təsdiq edilir.

2.5.4.    Məktəbin direktoru dəyişildikdə Kitab mövcud qaydada tərtib edilən təhvil-təslim aktında qeyd olunur.

2.5.5.    Kitab məktəbdə daimi saxlanılır.

 

2.6.     Tam orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı

2.6.1.    Tam orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı (bundan sonra – Kitab) tam orta təhsil səviyyəsi təşkil olunan ümumi təhsil müəssisələrində aparılır. (7 nömrəli əlavə)

2.6.2.    Kitab 5 (beş) hissədən ibarət tərtib olunur:

2.6.2.1.tam orta təhsil haqqında attestat blanklarının uçotu;

2.6.2.2.tam orta təhsil haqqında attestatların verilməsi uçotu;

2.6.2.3.əvvəlki illərdə tam orta təhsil almış, lakin təhsil sənədi almamış şəxslərə cari ildə verilən attestatların verilməsi uçotu;

2.6.2.4.eksternat yolu ilə alınmış tam orta təhsil haqqında attestatların verilməsi uçotu;

2.6..2.5.tam orta təhsil haqqında dublikat attestatların verilməsi uçotu.

2.6.3.    Kitabın hər səhifəsi nömrələnir, qaytanlanıb surğuclanır və təhsil müəssisəsinin bilavasitə tabe olduğu qurumun (Regional Təhsil İdarəsi, özəl məktəbdə təsisçi tərəfindən) möhürü ilə təsdiq olunur.

2.6.4.    Kitab məktəbdə daimi saxlanılır.

 

2.7.     Qızıl və gümüş nişanların uçotu və verilməsi kitabı

2.7.1.    Qızıl və gümüş nişanların uçotu və verilməsi kitabı (bundan sonra – Kitab) tam orta təhsil səviyyəsi təşkil olunan məktəbdə aparılır. (8 nömrəli əlavə)

2.7.2.    Kitab 2 (iki) hissədən ibarət tərtib olunur:

qızıl (gümüş) nişanların uçotu;

qızıl (gümüş) nişanların verilməsi uçotu.

2.7.3.    Kitabın hər səhifəsi nömrələnir, qaytanlanıb surğuclanır və təhsil müəssisəsinin bilavasitə tabe olduğu qurumun (Regional Təhsil İdarəsi, özəl məktəbdə təsisçi tərəfindən) möhürü ilə təsdiq olunur.

2.7.4.    Kitab məktəbdə daimi saxlanılır.

 

2.8.     Şagird kontingentinə dair əlifba kitabı

2.8.1.    Şagird kontingentinə dair əlifba kitabı (bundan sonra – Kitab) hər bir məktəbdə aparılır. (9 nömrəli əlavə)

2.8.2.    Kitabın tətbiqində məqsəd şagird kontingentinin dəqiq uçotunu aparmaq, onların ilboyu hərəkətini ardıcıl izləmək, digər məktəblərə yerdəyişməsi, habelə təhsil səviyyələrini bitirmələrini vaxtında qeydiyyata almaqdan ibarətdir.

2.8.3.    Kitabda məktəbdə təhsil alan bütün şagirdlər və onlar haqqında zəruri məlumatlar qeyd olunur.

2.8.4.    Kitabın hər səhifəsi nömrələnir, qaytanlanıb surğuclanır, təhsil müəssisəsinin bilavasitə tabe olduğu qurumun (Regional Təhsil İdarəsi, özəl məktəbdə təsisçi tərəfindən) möhürü ilə təsdiq olunur.

2.8.5.    Məktəbin direktoru dəyişildiyi zaman kitab mövcud qaydada tərtib edilən təhvil təslim aktında qeyd olunur.

2.8.6.    Kitab məktəbdə daimi saxlanılır.

 

2.9.     Pedaqoji işçilərin uçotu kitabı

2.9.1.    Pedaqoji işçilərin uçotu kitabı hər məktəbdə aparılır. (10 nömrəli əlavə)

2.9.2.    Kitabda hər bir pedaqoji işçinin şəxsi və təhsil məlumatları, habelə pedaqoji fəaliyyəti ilə bağlı zəruri məlumatlar qeyd edilir.

2.9.3.    Kitabın hər səhifəsi nömrələnir, qaytanlanıb surğuclanır və məktəbin bilavasitə tabe olduğu qurumun (Regional Təhsil İdarəsi, özəl məktəbdə təsisçi tərəfindən) möhürü ilə təsdiq olunur.

2.9.4.    Kitab məktəbdə daimi saxlanılır.

 

2.10.Pedaqoji şuranın protokol kitabı

2.10.1.Məktəb pedaqoji şurasının protokol kitabı (bundan sonra – Kitab) hər məktəbdə aparılır.  

2.10.2.Kitabda tədris ili ərzində keçirilmiş pedaqoji şura iclaslarının protokolları yazılır, pedaqoji şuranın sədri və katibi tərəfindən imzalanır.

2.10.3.Kitabın hər səhifəsi nömrələnir, qaytanlanıb surğuclanır, təhsil müəssisəsinin bilavasitə tabe olduğu qurumun (Regional Təhsil İdarəsi, özəl məktəbdə təsisçi tərəfindən) möhürü ilə təsdiq olunur.

2.10.4.Kitab məktəbdə daimi saxlanılır.

 

2.11.Məktəb üzrə əmr kitabı

2.11.1.Məktəb üzrə əmr kitabı (bundan sonra – Əmr kitabı) bütün ümumi təhsil müəssisələrində aparılır. (12 nömrəli əlavə)

2.11.2.Məktəb üzrə vahid Əmr kitabı aparılır.

2.11.3.Məktəb üzrə əmrlə rəsmləşdirmiş bütün məsələlər Əmr kitabında qeyd edilir.

2.11.4.Əmr kitabının hər səhifəsi nömrələnir, qaytanlanıb surğuclanır və məktəbin bilavasitə tabe olduğu qurumun möhürü ilə (Regional Təhsil İdarəsi, özəl məktəbdə təsisçi tərəfindən) təsdiq olunur.

2.11.5.Əmr kitabı məktəbdə daimi saxlanılır.

 

2.12.Buraxılan və əvəz edilən dərslərin uçotu kitabı

2.12.1.Buraxılan və əvəz edilən dərslərin uçotu kitabı (bundan sonra – Kitab) bütün ümumi təhsil müəssisələrində aparılır. (13 nömrəli əlavə)

2.12.2.Əvəz edilib-edilməməsindən asılı olmayaraq, buraxılan bütün dərslər, bir qayda olaraq, kitabda qeyd edilir.

2.12.3.Kitabda dərsburaxma və dərsəvəzetmə haqqında zəruri məlumatlar qeyd edilir.

2.12..4.Kitabın hər səhifəsi nömrələnir, qaytanlanıb surğuclanır, məktəb direktorunun imzası və möhürü ilə təsdiq edilir.

2.12.5.Kitab məktəbdə daimi saxlanılır.

 

2.13.Məktəbəhazırlıq üzrə qrup jurnalı

2.13.1.Məktəbəhazırlıq üzrə qrup jurnalı (bundan sonra – Qrup jurnalı) bir tədris ili üçün nəzərdə tutulur və qrup müəllimi tərəfindən aparılır. Paralel qrupların jurnalları hərflərlə fərqləndirilir. (14 nömrəli əlavə)

2.13.2.Qrup jurnalının düzgün aparılması və saxlanılması üçün məktəbin direktoru və onun tədris (təlim-tərbiyə) işləri üzrə müavini bilavasitə məsuliyyət daşıyır.

2.13.3.Qrup jurnalı tədris ili başa çatdıqdan sonra 5 (beş) il məktəbdə saxlanılır. Bu müddət başa çatdıqdan sonra qrup jurnalı aktlaşdırılaraq məhv edilir.

2.14.Ümumi təhsil müəssisələri üçün dərnək jurnalı

2.14.1.Ümumi təhsil müəssisələri üçün dərnək jurnalı (bundan sonra - Dərnək jurnalı) məktəbdə olan dərnəklərin məşğələlərinin uçotunun aparılması məqsədi ilə aparılır və bir tədris ili üçün nəzərdə tutulur. Məktəbdəki bütün dərnəklər bir jurnalda yazılır.  

2.14.2.Dərnək jurnalında dərnəyin adı, dərnək rəhbərinin soyadı və adı, sinif, əlifba sırası ilə dərnək üzvlərinin adlı siyahısı (soyadı və adı), məşğələlərin mövzusu, keçildiyi tarix və saatların miqdarı qeyd edilir.

2.14.3.Dərnək rəhbərləri jurnalın müəyyən edilmiş qaydalara uyğun aparılması üçün məsuliyyət daşıyırlar.

2.14.4.Dərnək jurnalı tədris ili başa çatdıqdan sonra 5 (beş) il məktəbdə saxlanılır. Bu müddət başa çatdıqdan sonra dərnək jurnalı aktlaşdırılaraq məhv edilir.

 

 

 

Şagirdin şəxsi işinin aparılmasına dair    GÖSTƏRİŞ

1.   Şagirdin şəxsi işi (bundan sonra - şəxsi iş) uşaq ümumi təhsil müəssisəsinə (bundan sonra - məktəb) qəbul olduğu andan məktəbi bitirənədək aparılır.

2.   Şəxsi iş məktəbəhazırlıq qrupunda qrup müəllimi, ibtidai siniflərdə (I-IV) sinif müəllimi, V-XI siniflərdə isə sinif rəhbəri tərəfindən aparılır.

3.   Şəxsi işdə şagirdin soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və Fərdi İdentifikasiya Nömrəsi - FİN kodu, Ümumi Təhsilin İnformasiya Sistemində (ÜTİS) kodu, yaşadığı ünvan və əlaqə telefonu, valideynləri və ya digər qanuni nümayəndələri haqqında məlumat (S.A.A., milliyyəti, iş yeri) qeyd edilir.

4.   Şagird və valideynləri (digər qanuni nümayəndələri) haqqında məlumatlar onların şəxsiyyət vəsiqələri əsasında yazılır.

5.   Bu bölmənin 3-cü və 4-cü bəndlərində göstərilən məlumatlar məktəb direktorunun imzası və məktəbin möhürü ilə təsdiq olunur.

6.   Şagird təhsil aldığı məktəbi dəyişdiyi halda, onun şəxsi işi müəyyən edilmiş qayda gözlənilməklə həmin məktəbə göndərilir.

7.   Ümumi orta təhsil səviyyəsini bitirən şagird peşə və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunduqda onun şəxsi işi həmin müəssisəyə göndərilmir və oxuduğu məktəbdə saxlanılır.

8.   Şəxsi işdə məktəbəhazırlıq qrupu və hər sinif üçün ayrıca səhifə ayrılır. Məktəbəhazırlıq qrupu səhifəsində məşğələlər, tədris olunan saatların, uşağın buraxdığı məşğələlərin miqdarı, uşaq haqqında qeydlər, I sinif səhifəsində fənlər, tədris olunan saatların, buraxılmış dərslərin miqdarı, şagird haqqında qeydlər, pedaqoji şuranın müvafiq qərarları (sinifdən sinfə keçirmə və s.), digər səhifələrdə isə şagirdin fənlər üzrə təlim nailiyyətləri (yarımillik, illik bal və qiymətləri), tədris olunan saatların, buraxdığı dərslərin miqdarı, pedaqoji şuranın müvafiq qərarları (sinifdən sinfə keçirmə və s.) qeyd olunur. Şagird (uşaq) haqqında qeydlər hissəsində şagirdin (uşağın) təhsil fəaliyyəti (təlimdə irəliləyişləri, meyil və maraq dairəsi, psixoloji durumu, təhsili ilə bağlı diqqət yetirilməli məqamlar, məktəbdaxili intizam qaydalarına riayət etməsi, sinif yoldaşları ilə münasibət qurması, əməkdaşlıq etməsi, müəyyən bir sahədə istedadı ilə fərqlənməsi və s.) barədə sinif rəhbəri (“Məktəbəhazırlıq qrupu” səhifəsində qrup müəllimi) və məktəb psixoloqunun birgə rəyi yazılır. Hər səhifədə fənlərdən sonrakı boş xanalarda şagirdin cəlb olunduğu dərsdənkənar məşğələlərdə iştirakı barədə qeydlər aparılır.

9.   Tədris ilinin sonunda şəxsi işin müvafiq səhifəsi sinif rəhbəri (“Məktəbəhazırlıq qrupu” səhifəsində qrup müəllimi) tərəfindən doldurulur, psixoloq, məktəbin direktoru tərəfindən imzalanır və təhsil müəssisəsinin möhürü ilə təsdiq edilir

 

Ümumi təhsil müəssisələrində I-IV sinif jurnallarının aparılmasına dair GÖSTƏRİŞ

 

1.      Sinif jurnalı təsdiq olunmuş tədris planında nəzərdə tutulan ümumi təhsil fənlərini tədris edən pedaqoji işçilər tərəfindən aparılır.

2.      Tədris dilindən asılı olmayaraq, ümumi təhsil müəssisələrində (bundan sonra – məktəb) sinif jurnalının bütün səhifələrində şagirdlərin adlı siyahısı, şagirdlərə dair məlumatlar, “Dərs cədvəli”, “Həftəlik sinif saatlarının uçotu” və “Sinif jurnalının aparılmasına dair qeydlər” səhifələri dövlət dilində - Azərbaycan dilində yazılır.

3.      Sinif jurnalının fənlərə aid səhifələrində (“Azərbaycan dili - dövlət dili kimi” fənni istisna olmaqla) tədris olunan mövzular və ev tapşırıqları tədris dilində yazılır.

4.      Xarici dil fənni üzrə mövzular həmin dildə, mövzuya aid qeydlər, habelə ev tapşırıqları isə tədris dilində yazılır.

5.    Sinif jurnalı bir tədris ili üçün nəzərdə tutulur. Paralel siniflərin jurnalları hərflərlə fərqləndirilir (Ia, Ib, IVa, IVb, IVc və s.).

6.    Tədris dilindən asılı olmayaraq, sinif jurnalında dərsdə iştirak etməyən şagirdlərin adının qarşısında “q” hərfi yazılır.

7.    Sinif jurnalında tədris edilən hər fənnə ayrıca səhifə (səhifələr) ayrılır. Səhifələrin sayı tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini tərəfindən tədris planında fənn üçün ayrılan həftəlik dərs saatlarının miqdarına uyğun olaraq müəyyənləşdirilir. Bu zaman bəzi fənlərin tədrisində sinfin iki qrupa bölünməsi nəzərə alınır.

8.    Sinif jurnalının bütün fənləri və müvafiq məlumatları əhatə edən səhifələrində şagirdlərin adlı siyahısı əlifba sırası ilə sinif rəhbəri tərəfindən yazılır.

9.    Sinif jurnalında şagirdlərin soyadı və adı, dərslərin keçirildiyi tarix, fənn müəllimlərinin soyadı və adı, tədris olunan mövzular, reallaşdırılan məzmun standartlarının nömrəsi (nömrələri), kiçik və böyük summativ qiymətləndirmənin nəticələri, ev tapşırıqları, şagirdlərin yarımillik və illik qiymətləri yazılır.

10.Sinif jurnalının “Şagirdlər haqqında ümumi məlumat”, “Şagirdlərin təlim nailiyyətləri haqqında yekun məlumat”, “Şagirdlər tərəfindən buraxılmış dərslərin miqdarı haqqında məlumat”, “Həftəlik sinif saatlarının uçotu”, “Şagirdlərin fiziki hazırlığının göstəriciləri” səhifələri sinif rəhbəri, “Şagirdlərin sağlamlıq vəziyyəti haqqında məlumat” səhifəsi məktəbin həkimi (həkim olmadıqda sinif rəhbəri) tərəfindən doldurulur.

11.“Şagirdlər haqqında ümumi məlumat” səhifəsi onların şəxsi işləri, “Şagirdlərin sağlamlıq vəziyyəti haqqında məlumat” səhifəsi isə ərazi üzrə müvafiq səhiyyə qurumu tərəfindən aparılan müayinənin nəticələrinə aid rəsmi arayış əsasında yazılır.

12.Məktəbin direktoru və tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini tədris ili ərzində davamlı surətdə fənn müəllimləri tərəfindən sinif jurnalının aparılması vəziyyətini yoxlayır və nəticəsindən asılı olaraq tövsiyə və təkliflərini “Sinif jurnalının aparılmasına dair qeydlər” səhifəsində qeyd edirlər.

13.Sinif jurnalının səhifələri göy rəngli diyircəkli qələmlə səliqəli, oxunaqlı və aydın xətlə yazılmalı, qiymət düzəlişinə, pozuntulara, səhifələrin dəyişdirilməsinə yol verilməməlidir.

14.Məktəbin direktoru, tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, sinif rəhbərləri və müəllimlər sinif jurnallarının müəyyən edilmiş qaydalara uyğun aparılması üçün məsuliyyət daşıyırlar.

 

Ümumi təhsil müəssisələrində V-XI sinif jurnallarının

aparılmasına dair GÖSTƏRİŞ

 

1.     Sinif jurnalı təsdiq olunmuş tədris planında nəzərdə tutulan ümumi təhsil fənlərini tədris edən pedaqoji işçilər tərəfindən aparılır.

2.     Sinif jurnalı bir tədris ili üçün nəzərdə tutulur. Paralel siniflərin jurnalları hərflərlə fərqləndirilir (VF, VIb, IXa, IXb, IXc və s.).

3.     Tədris dilindən asılı olmayaraq, ümumi təhsil müəssisələrində sinif jurnalının bütün səhifələrində şagirdlərin adlı siyahısı, şagirdlərə dair məlumatlar, “Dərs cədvəli”, “Həftəlik sinif saatlarının uçotu” və “Sinif jurnalının aparılmasına dair qeydlər” səhifələri dövlət dilində - Azərbaycan dilində yazılır.

4.     Sinif jurnalının fənlərə aid səhifələrində (“Azərbaycan dili - dövlət dili kimi” fənni istisna olmaqla) tədris olunan mövzular və ev tapşırıqları tədris dilində yazılır.

5.     Xarici dil fənni üzrə mövzular həmin dildə, mövzuya aid qeydlər, habelə ev tapşırıqları isə tədris dilində yazılır.

6.     Tədris dilindən asılı olmayaraq, sinif jurnalında dərsdə iştirak etməyən şagirdlərin adının qarşısında “q” hərfi yazılır.

7.     Sinif jurnalında tədris edilən hər fənnə ayrıca səhifə (səhifələr) ayrılır. Səhifələrin sayı tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini tərəfindən tədris planında fənn üçün ayrılan həftəlik dərs saatlarının miqdarına uyğun olaraq müəyyənləşdirilir. Bu zaman bəzi fənlərin tədrisində sinfin iki qrupa bölünməsi nəzərə alınır.

8.     Sinif jurnalının bütün fənləri və müvafiq məlumatları əhatə edən səhifələrində şagirdlərin adlı siyahısı əlifba sırası ilə sinif rəhbəri tərəfindən yazılır.

9.     “Qiymətləndirmələr” səhifəsində kiçik və böyük summativ qiymətləndirmənin nəticələri, şagirdlərin yarımillik, illik qiymətləri qeyd edilir. Həmin qiymətlər bal və qiymət şəklində yazılır.

10.Sinif jurnalının “Şagirdlər haqqında ümumi məlumat”, “Şagirdlərin təlim nailiyyətləri haqqında yekun məlumat”, “Şagirdlər tərəfindən buraxılmış dərslərin miqdarı haqqında yekun məlumat”, “Həftəlik sinif saatlarının uçotu” səhifələri sinif rəhbəri, “Şagirdlərin sağlamlıq vəziyyəti haqqında məlumat” səhifəsi məktəbin həkimi (həkim olmadıqda sinif rəhbəri), “Şagirdlərin fiziki hazırlığının göstəriciləri” səhifəsi isə fiziki tərbiyə müəllimi tərəfindən doldurulur.

11.“Şagirdlər haqqında ümumi məlumat” səhifəsi onların şəxsi işləri, “Şagirdlərin sağlamlıq vəziyyəti haqqında məlumat” səhifəsi isə ərazi üzrə müvafiq səhiyyə qurumu tərəfindən aparılan müayinənin nəticələrinə aid rəsmi arayış əsasında yazılır.

12.Məktəbin direktoru və tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini tədris ili ərzində davamlı surətdə fənn müəllimləri tərəfindən sinif jurnalının aparılması vəziyyətini yoxlayır və nəticəsindən asılı olaraq tövsiyə və təkliflərini “Sinif jurnalının aparılmasına dair qeydlər” səhifəsində qeyd edirlər.

13.Sinif jurnalının səhifələri göy rəngli diyircəkli qələmlə səliqəli, oxunaqlı və aydın xətlə yazılmalı, qiymət düzəlişinə, pozuntulara, səhifələrin dəyişdirilməsinə yol verilməməlidir.

14.Məktəbin direktoru, tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, sinif rəhbərləri və müəllimlər sinif jurnallarının müəyyən edilmiş qaydalara uyğun aparılması və qorunub saxlanılması üçün məsuliyyət daşıyırlar.

 

 

 

 

 

Dərsdənkənar məşğələ jurnalının aparılmasına dair GÖSTƏRİŞ

 

1.      Dərsdənkənar məşğələ jurnalı (bundan sonra - Jurnal) həmin tipdə olan məşğələlərin uçotunun aparılması məqsədilə tətbiq edilir və bir tədris ili üçün nəzərdə tutulur.

2.      Jurnal bir sinif üçün nəzərdə tutulur və sinifdə keçirilən bütün məşğələlərin qeydiyyatı burada aparılır.

3.      Jurnalda əlifba sırası ilə şagirdlərin adlı siyahısı (soyadı və adı), məşğələlərin mövzusu, keçirildiyi tarix yazılır, məşğələlərdə iştirak etmədikləri tarixlərdə şagirdlərin adlarının qarşısına “q” hərfi yazılır.

4.      Jurnalın düzgün və səliqəli aparılmasına ümumi təhsil müəssisəsinin direktoru və onun tədris (təlim-tərbiyə) işləri üzrə müavini nəzarət edir.

5.      “Jurnalın aparılmasına dair qeydlər” səhifəsində direktor və onun tədris (təlim- tərbiyə işləri üzrə müavininin təklif və metodiki göstərişləri yazılır.

 

Günüuzadılmış qrup jurnalının aparılmasına dair  GÖSTƏRİŞ

1.      Günüuzadılmış qrup jurnalı (bundan sonra – Jurnal) günüuzadılmış qrupu olan bütün ümumi təhsil müəssisələrində (bundan sonra – məktəb) aparılır. Paralel qrupların jurnalları hərflərlə fərqləndirilir.

2.      Jurnal bir tədris ili üçün nəzərdə tutulur və tərbiyəçi tərəfindən aparılır. Tərbiyəçi məşğələlərdə iştirak etməyən şagirdlərin adının qarşısında “q” hərfi qeyd edir.

3.      “Tərbiyəçinin işi” qrafasında qrupda aparılan saatların miqdarı və şagirdlərlə işin qısa məzmunu yazılır.

4.      Jurnala yalnız məktəb direktorunun əmri ilə qrupa qəbul olunmuş şagirdlərin adı və soyadı yazılır.

5.      Məktəbin direktoru və direktorun tədris (təlim-tərbiyə) işləri üzrə müavini jurnalın saxlanılması və aparılmasına nəzarəti həyata keçirir.

 

Ümumi orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabının aparılmasına dair GÖSTƏRİŞ

1.      Ümumi orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı (bundan sonra - Kitab) hər bir ümumi orta və tam orta məktəbdə aparılır.

2.      Kitabda attestatların mədaxili və məxaricinə aid məlumatlar məktəbin direktoru, digər məlumatlar isə direktorun tədris (təlim-tərbiyə) işləri üzrə müavininin nəzarəti ilə müvafiq sinif rəhbərləri tərəfindən yazılır.

3.      Kitabda attestat alan şagirdlərin adlı siyahısı sinif jurnalındakı ardıcıllıqla yazılır. Məktəbdə ümumi orta təhsil üzrə paralel buraxılış sinifləri olarsa, siniflərin hərflərlə fərqləndirmə ardıcıllığı nəzərə alınır.

4.      Attestat blanklarından fərqli olaraq, Kitabda fənlər üzrə tədris edilmiş saatların miqdarı və yekun attestasiyanın nəticələri (illik qiymətləri və imtahan balı) yalnız rəqəmlə yazılır.

Hər bir sinif üzrə attestat almış şagirdlərin adlı siyahısının sonunda                ( şagirdlərin sayına görə siyahının sonunda yer qalmadıqda növbəti səhifənin əvvəlində) həmin şagirdlərin ümumi orta təhsili bitirməsi barədə məktəb pedaqoji şurasının iclas protokolunun tarixi (gün, ay, il) qeyd edilməklə məktəb direktoru, direktorun tədris (təlim-tərbiyə) işləri üzrə müavini və həmin sinfin rəhbəri imza edirlər.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?