İdarəetmə / Direktor / Metodika / Ümumi

“Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında” qərar

  • Admin
  • 30-apr-2024, 16:33
  • 25 Baxış



“Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 549; 2011, № 3, maddə 235; 2012, № 1, maddə 33) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və 1-ci hissəsində “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” sözləri “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sözləri ilə əvəz edilsin;

1.2. Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar 2021/2022-ci tədris ilindən tətbiq edilir.

Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları (bundan sonra - dövlət standartları) “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nə əsasən hazırlanmışdır.

1.2. Dövlət standartları aşağıdakıları müəyyən edir:

1.2.1. ümumi təhsilin məzmununu;

1.2.2. ümumi təhsilin idarə olunmasını;

1.2.3. ümumi təhsilin maddi-texniki və tədris bazasını;

1.2.4. ümumi təhsilin infrastrukturunu;

1.2.5. ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəricilərini;

1.2.6. ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini;

1.2.7. ümumi təhsil pilləsində təhsilalanlarda formalaşdırılan səriştələri;

1.2.8. ümumi təhsilin səviyyələrində tədris edilən məşğələ və fənləri;

1.2.9. məktəbəhazırlıqda, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrində tədris edilən məşğələ və fənlər üzrə ümumi təlimin nəticələrini;

1.2.10. tam orta təhsil səviyyəsində təhsilin təşkilini;

1.2.11. ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının ümumi miqdarını;

1.2.12. ümumi təhsilin təşkilinə verilən ümumi pedaqoji tələbləri;

1.2.13. ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi sistemini.

1.3. Dövlət standartları məktəbəhazırlıq və ümumi təhsil fənləri üzrə məzmun standartlarının və kurikulumların hazırlanmasında əsas götürülür.

1.4. Dövlət standartları 5 il müddətinə qüvvədədir.

 

2. Ümumi təhsilin məzmunu

 

2.1. Ümumi təhsilin məzmununa dair ümumi tələblər aşağıdakılardır:

2.1.1. fərdin, dövlətin, cəmiyyətin dövrə uyğun sosial sifarişinin, maraq və tələbatlarının nəzərə alınması;

2.1.2. təhsilalanların yaşına, fizioloji-psixoloji xüsusiyyətlərinə uyğun olaraq, onların əqli, fiziki, mənəvi, estetik inkişafının, müstəqil əmək və təhsil həyatına hazırlanmasının, cəmiyyətin fəal və təşəbbüskar üzvü kimi formalaşdırılmasının təmin olunması;

2.1.3. təhsilalanların zəruri nəzəri və praktik biliklərlə yanaşı, şəxsiyyətin formalaşdırılmasına yönəldilmiş səriştələrə yiyələnməsinin prioritet hesab edilməsi;

2.1.4. ümumi təhsil pilləsində formalaşdırılmış səriştələrin müstəqil həyatda təhsilalanlar üçün faydalı olmasının təmin edilməsi;

2.1.5. potensialın reallaşdırılması və inkişafı üçün etibarlı zəmin yaradılması.

2.2. Ümumi təhsilin məzmunu milli və ümumbəşəri dəyərləri əks etdirməklə dünyəvilik, şəxsiyyətyönümlülük, şagirdyönümlülük, nəticəyönümlülük, varislik və inteqrativlik prinsipləri əsasında hazırlanır.

2.3. Ümumi təhsilin məzmununa şagirdlərin ümumi inkişafına xidmət etməyən, tətbiqi və tərbiyəvi xarakter daşımayan, milli və ümumbəşəri mənəvi dəyərlərə zidd olan, elmi cəhətdən təsdiqini tapmayan, mübahisə doğuran, habelə məzmunu ağırlaşdıran az əhəmiyyətli, ikinci dərəcəli məsələlərin daxil edilməsi yolverilməzdir.

 

3. Ümumi təhsilin idarə olunması

 

3.1. Ümumi təhsilin idarə olunması hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında həyata keçirilir. Təhsil müəssisəsinin fəaliyyətinin düzgün və səmərəli planlaşdırılması idarəetmənin keyfiyyətini təmin edən başlıca şərtlərdən biri hesab olunur.

3.2. Hesabatlılıq müəssisənin fəaliyyətində iştirak edən hər bir kollektiv üzvünün qarşılıqlı hesabatvermə yolu ilə tapşırılmış iş sahəsində cavabdehliyini və vəzifə məsuliyyətini təmin edir.

3.3. Məsuliyyətin bölüşdürülməsi idarəolunma prosesində demokratiklik, şəffaflıq və sistemlilik yaratmaqla, nəzərdə tutulan tədbirlərin icrasına çevik nəzarət mexanizminin tətbiqinə xidmət göstərir.

3.4. İnkişafın monitorinqi həyata keçirilən fəaliyyətlərin məqsədəuyğunluğunun aşkara çıxarılması, şagird nailiyyətlərinin və pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin dinamikasının izlənilməsi yolu ilə perspektivlərin müəyyənləşdirilməsini, habelə zəruri hallarda idarəetmə sistemində müvafiq dəyişikliklərin aparılmasını təmin edir.

3.5. Ümumi təhsilin idarə olunması dövlət-ictimai xarakter daşıyır.

3.6. Ümumi təhsil müəssisələrində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Şuradır. Bununla yanaşı, idarəetmədə demokratikliyi və şəffaflığı daha yüksək səviyyədə təmin etmək məqsədilə ümumi təhsil müəssisələrində ictimai əsaslarla fəaliyyət göstərən özünüidarə orqanları (məktəb şurası, qəyyumlar (himayəçilər) şurası, metodik şura, valideyn-məktəb assosiasiyası, valideyn komitəsi, uşaq parlamenti və s.) yaradıla bilər.

3.7. Ümumi təhsil müəssisəsinə rəhbərliyi qanunvericiliklə müəyyən olunmuş qaydada vəzifəyə təyin edilmiş direktor həyata keçirir.

 

4. Ümumi təhsilin maddi-texniki və tədris bazası

 

4.1. Ümumi təhsil müəssisəsinin maddi-texniki və tədris bazasına tədris laboratoriyaları, emalatxanalar, idman və akt zalları, tibb otağı, bufet və ya yeməkxana, təhsilalanlar və təhsilverənlər üçün mebel avadanlığı, informasiya-kommunikasiya texnologiyaları, audio-vizual avadanlıqlar, tədris-əyani vəsaitlər, təlimin texniki vəsaitləri, dərslik və elmi-bədii ədəbiyyat fondu və tədris-təcrübə sahəsi daxildir.

 

5. Ümumi təhsilin infrastrukturu

 

5.1. Ümumi təhsilin infrastrukturuna təhlükəsiz təhsil şəraiti, pedaqoji kadrlarla təminat, təhsil fəaliyyəti üçün zəruri imkanlara malik binalar, yardımçı binalar və qurğular, sadə idman, təlim meydançaları və qurğuları, müvafiq kadrlarla təmin olunmuş tibb, iaşə obyektləri, kitabxana, rabitə, su, istilik, elektrik sistemləri və internet xidməti daxildir.

5.2. Ümumi təhsil müəssisələrinin infrastrukturu qəbul edilmiş standartlara cavab verməli və əlilliyi olan şəxslər üçün əlçatan olmalıdır.

 

6. Ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəriciləri

 

6.1. Ümumi təhsil müəssisələrində müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər müəyyən edilmiş qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.

6.2. Zəruri hallarda ucqar yaşayış ərazilərindəki ümumi təhsil müəssisələrində ixtisaslı pedaqoji kadr çatışmadıqda, məzmun və mahiyyət etibarilə yaxın fənlərin müvafiq ixtisas müəllimi tərəfindən tədrisinə yol verilir.

6.3. Ümumi təhsil sistemində çalışan təhsilverənlər, əsasən aşağıdakı keyfiyyət göstəricilərinə malik olmalıdırlar:

6.3.1. ixtisası üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklərə;

6.3.2. uşaqlarla həssas ünsiyyətqurma və iş bacarığına;

6.3.3. əxlaqi-mənəvi keyfiyyətlərə, pedaqoji etika və mədəniyyətə;

6.3.4. əməkdaşlıq, tədqiqatçılıq, özünütəhsil və idarəçilik bacarıqlarına;

6.3.5. öz fəaliyyətini təqdim etmək və qabaqcıl pedaqoji təcrübələrdən bəhrələnmək bacarığına;

6.3.6. ədalətlilik, məsuliyyətlilik və cavabdehlik keyfiyyətlərinə;

6.3.7. işlədiyi məktəbdə, ictimaiyyət arasında hörmətə və nüfuza;

6.3.8. yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və innovativ proqramlarda iştirak qabiliyyətinə.

 

7. Ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi

 

7.1. Ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi ümumi təhsilin hər bir səviyyəsi üçün təsdiq olunmuş təhsil proqramları üzrə qazandıqları təlim nailiyyətlərinin səviyyəsi ilə müəyyən edilir.

 

8. Ümumi təhsil pilləsində təhsilalanlarda formalaşdırılan səriştələr

 

8.1. Səriştə təhsil prosesində və həyatda mənimsənilmiş, hər hansı bir fəaliyyət sahəsi, eləcə də şəxsi inkişaf, sosiallaşma və cəmiyyətə inteqrasiya, məşğulluq, ömürboyu təhsil üçün zəruri olan bilik, bacarıq, yanaşma və dəyərlər məcmusudur. Səriştələr ümumi təhsil səviyyəsində tədris olunan fənlər və dərsdənkənar məşğələlər vasitəsilə formalaşdırılır.

8.2. Ümumi təhsil pilləsində formalaşdırılan səriştələr aşağıdakı təsnifata uyğun və cədvəldə qeyd olunan təhsil səviyyələri üzrə qruplaşdırılır:

8.2.1. təfəkkürlə bağlı səriştələr - yaradıcılıq (kreativlik), tənqidi təfəkkür, problem həlletmə, qərar qəbuletmə, müstəqil öyrənmə;

8.2.2. fəaliyyətlə bağlı səriştələr - ünsiyyət, əməkdaşlıq, rəqəmsal savadlılıq, informasiya savadlılığı, maliyyə savadlılığı;

8.2.3. dəyərlər - milli kimliyin dərki və milli iftixar hissi, fəal vətəndaş mövqeyi, şəxsi və sosial məsuliyyət, demokratiya və insan hüquqlarına hörmət, mədəni müxtəlifliyə hörmət.

 

Təsnifat

Səriştələr

Məktəbə-hazırlıqda

İbtidai təhsil səviyyəsində

Ümumi orta təhsil səviyyəsində

Tam orta təhsil səviyyəsində

Təfəkkür

yaradıcılıq (kreativlik)

əşyalardan qeyri-adi formada istifadə edir

mövcud olanlara orijinal əlavələr və düzəlişlər edir

qeyri-standart yanaşma nümayiş etdirir

innovativ layihələr hazırlayır

tənqidi təfəkkür

bildiyi və yeni informasiya arasında eyniliyi və fərqləri müəyyənləşdirir

fikrini əsaslandırmağı bacarır

təhlil edilən məsələlərdə uyğunsuzluqları və ziddiyyətləri müəyyən edir

qiymətləndirmə zamanı dəlillərə və dəyərlərə əsaslanır

problem həlletmə

problemin həlli ilə bağlı ehtimallar irəli sürə bilir

problemin həlli üçün alqoritmlər qurur

problemin optimal

həlli yollarını müəyyən edir

problemli situasiyalarda emosional sabitlik nümayiş etdirir, problemi konstruktiv şəkildə həll edir

qərar qəbuletmə

qərar qəbuletmədə iştirak edir

qərarlarının müsbət və mənfi nəticələrini proqnozlaşdırır

qərar qəbulunda prioritetlərə əsaslanır

əsaslandırılmış qərarlar qəbul edir və nəticəsi üçün məsuliyyət daşıyır

müstəqil öyrənmə

müstəqil öyrənməyə maraq nümayiş etdirir

öyrənmə mənbələrini (müşahidə, insanlar, kitablar, internet və s.) ayırd edir

öz öyrənmə fəaliyyətini müəyyənləşdirə, istiqamətləndirə, tamamlaya bilir

öz öyrənmə fəaliyyətinin keyfiyyətini qiymətləndirir

Fəaliyyət

ünsiyyət

ünsiyyət etiketlərinə riayət edir

öz fikirlərini ifadə etməyi və digərlərini dinləməyi bacarır

ana dilində və xarici dildə ünsiyyət qurur

ana dilində və xarici dildə fikirlərə münasibət bildirir, mülahizələrini əsaslandırır

əməkdaşlıq

kollektiv fəaliyyətdə iştirak qaydalarına bələddir

kollektivdə işləməyi bacarır

kollektivin ortaq məqsədləri üçün çalışır

kollektivdə birgə fəaliyyət və liderlik bacarıqları nümayiş etdirir

rəqəmsal savadlılıq

informasiya-kommunikasiya texnologiyalarını (İKT) tanıyır və fərqləndirir

İKT-dən ilkin

istifadə bacarıqları nümayiş etdirir

İKT-nin imkanlarından məqsədyönlü istifadə edir

cəmiyyətin həyatında İKT-nin əhəmiyyətini dəyərləndirir, fəal istifadəçi bacarıqları nümayiş etdirir

informasiya savadlılığı

informasiya barədə ilkin biliklərə malikdir

informasiya axtarmağın və toplamağın yollarını bilir

informasiyanın xassələrini nəzərə almaqla, onu emal və istifadə edir

informasiyadan fəaliyyətində məqsədyönlü istifadə edir

maliyyə savadlılığı

pul və qənaət barədə məlumatlıdır

şəxsi büdcəsindən səmərəli istifadə edir

səmərəli istehlak davranışı nümayiş etdirir, resurslardan qənaətlə

istifadə edir

iqtisadi layihələr qurur, sahibkarlıq ideyaları irəli sürür

Dəyərlər

milli kimliyin dərki və milli iftixar hissi

dövlət rəmzlərini tanıyır

dövlət rəmzlərinə hörmət nümayiş etdirir

azərbaycançılıq ideyalarını mənimsədiyini nümayiş etdirir

azərbaycançılıq ideyalarını təbliğ edir

fəal vətəndaş mövqeyi

yaşadığı bölgə və ölkə haqqında məlumatlıdır

dövlət və dövlətçilik ənənələri barədə məlumatlıdır

dövlət maraqlarının müdafiəsində öz rolunu dərk edir

dövlət maraqlarını müdafiə edir

şəxsi və sosial məsuliyyət

davranış mədəniyyəti haqqında məlumatlıdır

şəxsi məsuliyyətini dərk edir

şəxs-cəmiyyət münasibətlərini şərh edir, cəmiyyət qarşısında məsuliyyətini dəyərləndirir

cəmiyyət qarşısında məsuliyyətini şərh edir, sosial layihələrdə iştirak edir, könüllülük fəaliyyəti ilə məşğul olur

demokratiya və insan hüquqlarına hörmət

insan hüquqları barədə təsəvvürə malikdir

öz hüquqlarını və vəzifələrini bilir, digər insanların hüquq və vəzifələrinə hörmət nümayiş etdirir

insan hüquq və azadlıqlarının mahiyyətini dərk edir

insan hüquq və azadlıqlarını müdafiə edir

mədəni müxtəlifliyə hörmət

mədəni müxtəliflik barədə məlumatlıdır

mədəni müxtəlifliyi (müxtəlif etnik qruplar, dillər, dinlər, irqlərə mənsub insanlar) qəbul edir

birgə yaşayış qaydalarına əməl edir

ayrı-seçkiliyin yolverilməzliyini əsaslandırır

 

9. Ümumi təhsilin səviyyələrində tədris edilən məşğələ və fənlər

 

9.1. Məktəbəhazırlıqda:

“Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət”.

9.2. İbtidai təhsil səviyyəsində:

“Azərbaycan dili” (tədris Azərbaycan dilində olan məktəblərdə), tədris digər dillərdə olan məktəblərdə müvafiq dil, “Azərbaycan dili – dövlət dili kimi” (tədris digər dillərdə olan məktəblərdə), “Xarici dil”, “Riyaziyyat”, “İnformatika”, “Həyat bilgisi”, “Texnologiya”, “Fiziki tərbiyə”, “Musiqi” və “Təsviri incəsənət”.

9.3. Ümumi orta təhsil səviyyəsində:

“Azərbaycan dili” (tədris Azərbaycan dilində olan məktəblərdə), tədris digər dillərdə olan məktəblərdə müvafiq dil, “Azərbaycan dili-dövlət dili kimi” (tədris digər dillərdə olan məktəblərdə), “Ədəbiyyat”, “Xarici dil”, “İkinci xarici dil” (tədris Azərbaycan dilində olan məktəblərdə), “Riyaziyyat”, “İnformatika”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Təbiət”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya”, “Texnologiya”, “Fiziki tərbiyə”, “Musiqi” və “Təsviri incəsənət”.

9.4. Tam orta təhsil səviyyəsində:

9.4.1. təmayül siniflərində - təmayül fənləri

  • , tədris dili, “Azərbaycan dili - dövlət dili kimi” (tədris digər dillərdə olan məktəblərdə), “Xarici dil”, “Riyaziyyat”, “İnformatika”, “Azərbaycan tarixi”, “Fiziki tərbiyə” və “Çağırışaqədərki hazırlıq”;

    9.4.2. qeyri-təmayül siniflərində - “Azərbaycan dili” (tədris Azərbaycan dilində olan məktəblərdə),tədris digər dillərdə olan məktəblərdə müvafiq dil, “Azərbaycan dili - dövlət dili kimi” (tədris digər dillərdə olan məktəblərdə), “Ədəbiyyat”, “Xarici dil”, “İkinci xarici dil” (tədris Azərbaycan dilində olan məktəblərdə), “Riyaziyyat”, “İnformatika”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya”, “Fiziki tərbiyə” və “Çağırışaqədərki hazırlıq”.

    9.5. Ümumi təhsilin səviyyələrində nəzərdə tutulmuş fənlərin siniflər üzrə tədrisi hər dərs ili üçün təsdiq edilən tədris planları ilə tənzimlənir.

    9.6. Azsaylı xalqların kompakt yaşadığı bölgələrdə valideynlərin arzusu və razılığı olduğu halda, həmin azsaylı xalqın dili tədris edilir.

    9.7. İstedadlı şagirdlərdən komplektləşdirilmiş ümumi təhsil müəssisələrinin (lisey, gimnaziya və s.) tədris planlarında təhsilalanların seçdikləri istiqamət üzrə bilik və bacarıqlarının, potensial imkanlarının, ümumi dünyagörüşünün inkişafına yönəldilmiş xüsusi proqramlar nəzərdə tutulur.

    9.8. İqtisadi və maliyyə savadlılığı, mənəviyyat, insan hüquq və azadlıqları, həyat fəaliyyətinin təhlükəsizliyi üzrə bilik və bacarıqların mənimsənilməsinin təmin edilməsi həmçinin müvafiq dərsdənkənar məşğələlər vasitəsilə də həyata keçirilə bilər.

     

    10. Məktəbəhazırlıqda, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrində tədris edilən məşğələ və fənlər üzrə ümumi təlim nəticələri

     

    10.1. Məktəbəhazırlıqda:

    10.1.1. verilmiş mövzu ətrafında danışır, özü, ailəsi və Vətəni haqqında kiçik təqdimatlar edir;

    10.1.2. ətrafda baş verən hadisələrə münasibət bildirir, kiçik şifahi mətnlər qurur;

    10.1.3. hərfləri tanıyır, kəsmə əlifbadakı hərflərdən istifadə edərək sözlər yaradır;

    10.1.4. əşyalarla 10 dairəsində riyazi əməliyyatlar yerinə yetirir;

    10.1.5. həndəsi fiqurları adlandırır, müqayisə edir və onlardan aidiyyəti üzrə istifadə edir;

    10.1.6. sadə kompozisiyalar qurur, təsvir prosesində rəng çalarlarından istifadə edir;

    10.1.7. ifaçılıq bacarıqları nümayiş etdirir;

    10.1.8. birgə fəaliyyət və ünsiyyət etiketlərinə, gigiyena qaydalarına riayət edir;

    10.1.9. müəyyən olunmuş fiziki hərəkətləri yerinə yetirir.

    10.2. İbtidai təhsil səviyyəsində:

    10.2.1. tədris dilləri (Azərbaycan dili və digər dillər) üzrə:

    1. müvafiq qaydalar əsasında oxuyur;

    2. nitq etiketlərinə və dil qaydalarına əməl edir;

    3. oxuduqlarına və dinlədiklərinə münasibət bildirir;

    4. kiçikhəcmli sadə mətnlər qurur;

    5. fikirlərini şifahi və yazılı ifadə edir;

    10.2.2. “Azərbaycan dili - dövlət dili kimi” fənni üzrə:

    1. mövcud tələblər daxilində oxuyur və yazır;

    2. oxuduğu, dinlədiyi və müşahidə etdikləri barədə danışır;

    3. kiçikhəcmli sadə mətnlər tərtib edir;

    10.2.3. “Xarici dil” fənni üzrə:

    1. kiçikhəcmli sadə mətnləri oxuyub anladığını nümayiş etdirir;

    2. dinlədiyini və müşahidə etdiklərini izah edir;

    3. öyrəndiklərini şifahi və yazılı ifadə edir;

    4. lüğət ehtiyatından və müvafiq nitq etiketlərindən istifadə edərək ünsiyyət qurur;

    10.2.4. “Riyaziyyat” fənni üzrə:

    1. ədədlər üzərində sadə hesab əməllərini yerinə yetirir;

    2. təyinatına görə kəmiyyətlərdən (uzunluq, sahə, həcm, kütlə, zaman) istifadə edir;

    3. müstəvi fiqurlar üzərində ölçmə və hesablamalar aparır;

    4. məlumatlar toplayır, təhlil edir, nəticələri riyazi modelləşmə ilə ifadə edir;

    5. həyati hadisələrlə bağlı ehtimallarını bildirir;

    10.2.5. “İnformatika” fənni üzrə:

    1. informasiya (formaları, mənbələri, xassələri, ötürülmə vasitələri) haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir;

    2. kompüterdə sadə əməliyyatlar icra edir;

    3. sadə alqoritmlər qurur;

    10.2.6. “Həyat bilgisi” fənni üzrə:

    1. Vətən, dövlət rəmzləri, uşaq hüquqları barədə biliklərə, mənəvi-əxlaqi dəyərlərə malik olduğunu nümayiş etdirir;

    2. ətraf aləmdə baş verən hadisələri müşahidə edir və onlara münasibət bildirir;

    3. məişətdə, gündəlik fəaliyyətdə və fövqəladə hadisələr zamanı həyat və sağlamlığın mühafizəsi ilə bağlı zəruri təhlükəsizlik qaydalarını izah edir;

    4. iqtisadi bilik və bacarıqlara (qənaət, səmərəli istifadə və s.) malik olduğunu nümayiş etdirir;

    10.2.7. “Texnologiya” fənni üzrə:

    1. materialları müqayisə edir və çeşidləyir;

    2. müvafiq texnologiyalardan istifadə etməklə məmulatlar hazırlayır;

    3. məişət xidmətlərini yerinə yetirir;

    4. təhlükəsizlik və gigiyena qaydalarına əməl edir;

    5. sadə model və layihələr hazırlayır;

    10.2.8. “Fiziki tərbiyə” fənni üzrə:

    1. hərəkət komplekslərini nümunələrə və normativlərə uyğun icra edir;

    2. mütəhərrik və idman oyunlarında qaydalara əməl edir;

    3. təhlükəsizlik və orqanizmi möhkəmləndirmək qaydalarına riayət edir;

    10.2.9. “Musiqi” fənni üzrə:

    1. ifa qaydalarına əməl edir;

    2. musiqi alətlərini fərqləndirir;

    3. musiqi əsərlərini xarakterinə görə fərqləndirir;

    4. musiqi notlarını adlandırır və oxuyur;

    5. Azərbaycanın görkəmli musiqi xadimlərini və onların məşhur əsərlərini tanıdığını nümayiş etdirir;

    10.2.10. “Təsviri incəsənət” fənni üzrə:

    1. həyati görüntüləri praktik yolla təsvir edir;

    2. əşya və hadisələrin təsvirində uyğun rəng və rəng çalarlarından istifadə edir;

    3. kompozisiyalar qurur, tərtibat xarakterli işlər yerinə yetirir;

    4. Azərbaycanın görkəmli təsviri sənət xadimlərini tanıdığını nümayiş etdirir.

    10.3. Ümumi orta təhsil səviyyəsində:

    10.3.1. tədris dilləri (Azərbaycan dili və digər dillər) üzrə:

    1. mətnin üslubuna uyğun oxu texnikası tətbiq edir;

    2. nitqində dil qaydalarına əməl edir;

    3. oxuduğuna və dinlədiklərinə münasibətini əsaslandırır;

    4. müxtəlif tipdə və formada mətnlər qurur, yaradıcı yazılar yazır;

    5. əməli yazı nümunələri hazırlayır;

    10.3.2. “Azərbaycan dili - dövlət dili kimi” fənni üzrə:

    1. oxu və yazı qaydalarına riayət edir;

    2. oxuduğunu, dinlədiyini və müşahidə etdiklərini şərh edir;

    3. fikirlərini ardıcıl və aydın ifadə edir;

    4. müxtəlif formada mətnlər qurur;

    10.3.3. “Ədəbiyyat” fənni üzrə:

    1. bədii mətnləri hissi-emosional xüsusiyyətlərinə görə ifadəli oxuyur;

    2. oxuduğu ədəbi nümunələri təhlil edir;

    3. yazılı və şifahi ədəbiyyatın, ədəbi janrların səciyyəvi cəhətlərini izah edir;

    4. bədii mətnlərdəki ideyanı milli-mənəvi və ümumbəşəri dəyərlərlə əlaqələndirir;

    5. yazılı nitqində məzmuna uyğun üslub müəyyənləşdirir;

    6. görkəmli ədəbi simalar və əsərlər haqqında məlumatlı olduğunu nümayiş etdirir;

    10.3.4. “Xarici dil” fənni üzrə:

    1. müxtəlif mətnləri oxuyub anladığını nümayiş etdirir;

    2. dinlədiyinə və müşahidə etdiklərinə münasibət bildirir;

    3. fikirlərini şifahi və yazılı ifadə edir;

    4. öyrəndiyi dildə ünsiyyətqurma bacarıqları nümayiş etdirir;

    10.3.5. “İkinci xarici dil” fənni üzrə:

    1. oxuduğu mətnləri və dinlədiklərini anladığını nümayiş etdirir;

    2. müşahidə etdiklərini şifahi şərh edir;

    3. sadə yazılı mətnlər qurur;

    4. sadə ünsiyyət bacarıqları nümayiş etdirir;

    10.3.6. “Riyaziyyat” fənni üzrə:

    1. riyazi alqoritmlər üzrə şifahi və yazılı hesablamalar aparır;

    2. kəmiyyətlər arasındakı funksional asılılığı müəyyənləşdirir və riyazi dillə ifadə edir;

    3. müstəvi və fəza fiqurlarının xassələrini tətbiq edir, həndəsi ölçmələr və qurmalar aparır;

    4. müxtəlifməzmunlu məlumatlar toplayır, onları təhlil edərək sistemləşdirir, nəticələrini riyazi dildə təqdim edir;

    5. ehtimal və proqnozlar irəli sürür, mülahizələrini əsaslandırır;

    10.3.7. “İnformatika” fənni üzrə:

    1. informasiyanı toplayır, emal edir və məqsədyönlü istifadə edir;

    2. standart riyazi alqoritmləri tətbiq edir, həyati məsələlərin alqoritmik həllini təqdim edir;

    3. proqramlaşdırma dillərindən istifadə edir;

    4. internet xidmətlərindən (servislərindən) istifadə edir;

    10.3.8. “Azərbaycan tarixi” fənni üzrə:

    1. tarixi hadisələrin mahiyyətini izah edir, onların başvermə səbəblərinə və nəticələrinə münasibət bildirir;

    2. tarixi dövrləri fərqləndirir və dünya ölkələrinin müvafiq dövrləri ilə müqayisə etməklə şərh edir;

    3. dünya mədəniyyətinin inkişafında Azərbaycanın rolunu və mövqeyini izah edir;

    4. insan hüquqları kontekstində Azərbaycan Respublikası Konstitusiyasının müddəalarını şərh edir;

    5. Azərbaycan tarixinin görkəmli şəxsiyyətləri və tarixi abidələri haqqında məlumatlı olduğunu nümayiş etdirir;

    10.3.9. “Ümumi tarix” fənni üzrə:

    1. tarixi proseslər və hadisələr arasında səbəb-nəticə əlaqələrini izah edir;

    2. ayrı-ayrı dövlətləri dünya mədəniyyətinin inkişafındakı roluna görə fərqləndirir;

    3. tarixi dövrlər üzrə ictimai, iqtisadi, siyasi, dini və mədəni prosesləri müqayisə edir və dəyərləndirir;

    10.3.10. “Təbiət” fənni üzrə:

    1. canlı və cansız təbiətin xüsusiyyətlərini şərh edir;

    2. təbiətdə baş verən hadisə və prosesləri fərqləndirir;

    3. insanın təbiətə təsiri nəticəsində yaranan problemlərin həllinə, ətraf mühitin qorunmasına dair mülahizələrini bildirir;

    10.3.11. “Fizika” fənni üzrə:

    1. fiziki hadisələri müşahidə edir, təcrübələr aparır, nəticələri ümumiləşdirir və mülahizələr irəli sürür;

    2. təbiət hadisələrinin başvermə səbəblərini müvafiq fiziki qanunlar əsasında şərh edir;

    3. fiziki kəmiyyətləri ölçür və nəticələrindən gündəlik həyatda istifadə edir;

    4. fizika elminin həyatla əlaqəsini şərh edir;

    10.3.12. “Kimya” fənni üzrə:

    1. maddələri tərkibinə və quruluşuna görə fərqləndirir;

    2. xassələrinə görə maddələrin tətbiq sahələrini izah edir;

    3. maddələrdə baş verən dəyişikliklərin səbəblərini və nəticələrini şərh edir;

    10.3.13. “Biologiya” fənni üzrə:

    1. canlıları xüsusiyyətlərinə görə müqayisə edir;

    2. canlılarda baş verən dəyişiklikləri müşahidə edir, nəticələri ümumiləşdirir və onları şərh edir;

    3. canlıların quruluşunu və onlarda gedən bioloji prosesləri izah edir;

    4. ətraf aləmin və sağlamlığın qorunması yollarını şərh edir, mülahizələr irəli sürür;

    10.3.14. “Coğrafiya” fənni üzrə:

    1. coğrafi hadisə və proseslərin mahiyyətini izah edir;

    2. kartoqrafik bacarıqlar nümayiş etdirir;

    3. coğrafi hesablamaların nəticələrinin tətbiq sahələrini şərh edir;

    4. ölkənin coğrafi xüsusiyyətlərini və iqtisadi inkişaf potensialını şərh edir;

    10.3.15. “Texnologiya” fənni üzrə:

    1. texniki və texnoloji bilikləri, qrafik bacarıqları tətbiq edir;

    2. becərmə, bəsləmə, tədarük və emaletmə bacarıqları nümayiş etdirir;

    3. məişət mədəniyyəti nümayiş etdirir;

    4. əmək təhlükəsizliyi qaydalarına riayət edir;

    5. model və layihələr hazırlayır;

    10.3.16. “Fiziki tərbiyə” fənni üzrə:

    1. hərəki qabiliyyətlər üzrə normativləri yerinə yetirir;

    2. hərəki qabiliyyətləri inkişaf etdirən hərəkətləri seçir və onlardan məqsədli istifadə edir;

    3. hərəki fəaliyyət zamanı təhlükəsizlik qaydalarına və tibbi-gigiyenik tələblərə əməl edir;

    4. fərdi və komanda oyunlarında psixoloji dayanıqlılıq, dözümlülük, ümumi mənafeyə xidmət keyfiyyətləri nümayiş etdirir;

    10.3.17. “Musiqi” fənni üzrə:

    1. fərdi, qrup və kollektiv şəkildə ifa bacarıqları nümayiş etdirir;

    2. musiqi alətlərini və musiqi kollektivlərini fərqləndirir;

    3. musiqi əsərlərini janr və melodik xüsusiyyətlərinə görə fərqləndirir;

    4. musiqi melodiyalarını notla ifa edir;

    5. görkəmli musiqi xadimləri və məşhur musiqi əsərlərini tanıdığını nümayiş etdirir;

    10.3.18. “Təsviri incəsənət” fənni üzrə:

    1. həyati görüntüləri real və abstrakt tərzdə təsvir edir;

    2. təsviri sənət növlərini fərqləndirir;

    3. bədii tərtibat və dizayn bacarıqları nümayiş etdirir;

    4. görkəmli təsviri sənət xadimlərini və məşhur təsviri sənət əsərlərini tanıdığını nümayiş etdirir.

    10.4. Tam orta təhsil səviyyəsində:

    10.4.1. tədris dilləri (Azərbaycan dili və digər dillər) üzrə:

    1. nitqində ədəbi dil normalarına riayət edir;

    2. oxuduğu və dinlədiyi mətnləri ideya və üslub baxımından təhlil edir;

    3. verilmiş mətnləri dil və üslub cəhətdən təkmilləşdirir;

    4. əməli yazı nümunələri üzrə praktik bacarığa yiyələndiyini nümayiş etdirir;

    10.4.2. “Azərbaycan dili - dövlət dili kimi” fənni üzrə:

    1. nitqində ədəbi dilin normalarına riayət edir;

    2. oxuduğu, dinlədiyi və müşahidə etdikləri ilə bağlı mülahizələr irəli sürür;

    3. müxtəlif üslublarda yazılı mətnlər qurur;

    10.4.3. “Ədəbiyyat” fənni üzrə:

    1. bədii əsərlərin təhlili əsasında müqayisə və ümumiləşdirmələr aparır, rəy və mülahizələr irəli sürür;

    2. müxtəlif janrlarda yazılmış əsərləri fərqləndirir və səciyyəvi cəhətlərini şərh edir;

    3. ədəbi simalara və onların yaradıcılığına yaşadıqları dövrdəki ictimai-siyasi və əxlaqi-etik dəyərlər zəminində münasibət bildirir;

    4. müxtəlif ədəbi üslublarda yaradıcı yazılar yazır;

    5. ədəbi simalar, əsərlər, ədəbi hadisələr və dövrlər haqqında məlumatlı olduğunu nümayiş etdirir;

    10.4.4. “Xarici dil” fənni üzrə:

    1. müxtəlif üslublu mətnləri oxuyub anlayır, mətnə münasibət bildirir;

    2. dinlədiyi və müşahidə etdikləri barədə fikirlərini spontan (hazırlıqsız) ifadə edir;

    3. mətnqurma bacarıqları nümayiş etdirir;

    4. öyrəndiyi dildə sərbəst ünsiyyət qurur;

    10.4.5. “İkinci xarici dil” fənni üzrə:

    1. oxuduğu və dinlədiyi mətnlərin məzmununu şərh edir;

    2. müşahidə etdiklərini şifahi və yazılı şərh edir;

    3. sadə mətnqurma bacarıqları nümayiş etdirir;

    4. öyrəndiyi dildə ünsiyyət qurur;

    10.4.6. “Riyaziyyat” fənni üzrə:

    1. alqoritmlər qurur, nəticələrini dəyərləndirir;

    2. problem həllində funksional asılılıqlardan və onların müxtəlif formada ifadələrindən istifadə edir;

    3. fəza təsəvvürlərindən müxtəlif təsvirlərin yaradılmasında istifadə edir;

    4. ətraf aləmdəki qanunauyğunluqları ehtimal və statistika əsasında izah edir, hadisələrin ehtimalını hesablayır və onların baş verməsi haqqında proqnozlar irəli sürür;

    5. mühakimələrini riyazi faktlarla əsaslandırır, isbat olunmuş təklifi ehtimal və fərz olunandan fərqləndirir;

    10.4.7. “İnformatika” fənni üzrə:

    1. müxtəlif əməliyyat sistemlərində və tətbiqi proqramlarda işləyir;

    2. sadə proqramlar hazırlayır;

    3. informasiya cəmiyyətinin formalaşdırılmasının əhəmiyyətini dəyərləndirir;

    10.4.8. “Azərbaycan tarixi” fənni üzrə:

    1. Azərbaycan tarixində və müasir dövrdə baş verən əlamətdar hadisələri şərh edir, onlara münasibət bildirir;

    2. Azərbaycan tarixində baş verən əsas hadisə və proseslərin mahiyyətini konkret dövrün xüsusiyyətləri baxımından izah edir və onlara münasibət bildirir;

    3. tarixi hadisələrlə bağlı fərziyyə və mülahizələr irəli sürür, proqnozlar verir;

    4. Azərbaycan cəmiyyətində hüquqi-siyasi dəyərlərin (demokratiya, şəxsiyyət azadlığı və s.) reallaşmasına münasibət bildirir;

    5. tarixi məlumatları toplayır, sistemləşdirir, təhlil edir və nəticələrini dəyərləndirir;

    10.4.9. “Ümumi tarix” fənni üzrə:

    1. müxtəlif tarixi dövrlərdə baş vermiş hadisələrin oxşar və fərqli cəhətlərinin mahiyyətini izah edir;

    2. aparıcı dünya dövlətlərindəki tarixi hadisə və prosesləri, müxtəlif sahələr üzrə inkişaf tendensiyalarını müqayisə edir və müvafiq dəyərləndirmə aparır;

    3. sivilizasiyanın inkişafında islahat və inqilabların roluna münasibət bildirir;

    10.4.10. “Fizika” fənni üzrə:

    1. fiziki qanun və qanunauyğunluqların mahiyyətini və xüsusiyyətlərini izah edir;

    2. fiziki qanunların tətbiqi sahələrini şərh edir;

    3. təcrübi və fikri eksperimentlərin nəticələrini dəyərləndirir;

    10.4.11. “Kimya” fənni üzrə:

    1. kimyəvi qanun və qanunauyğunluqların mahiyyətini izah edir;

    2. maddələrin tətbiq sahələrini proqnozlaşdırır;

    3. ekoloji problemlərin həllində kimyanın rolunu dəyərləndirir;

    10.4.12. “Biologiya” fənni üzrə:

    1. canlıların quruluşunu və bioloji proseslərin qanunauyğunluqlarını şərh edir;

    2. canlıların bir-biri ilə və cansız aləmlə qarşılıqlı əlaqəsini şərh edir;

    3. ekoloji problemlərin həlli və sağlamlığın mühafizəsi yolları ilə bağlı mülahizələr irəli sürür;

    10.4.13. “Coğrafiya” fənni üzrə:

    1. coğrafi hadisə və prosesləri əlaqələndirir;

    2. fiziki-coğrafi və iqtisadi-coğrafi qanunauyğunluqları şərh edir;

    3. müxtəlifməzmunlu kartoqrafik vasitələr tərtib edir;

    4. coğrafi məlumatların müqayisəli təhlilini aparır və proqnozlar verir;

    5. geosiyasi dəyişiklikləri təhlil edir, ümumiləşdirmələr aparır, bu dəyişikliklərin ölkəyə təsiri barədə mülahizələr irəli sürür;

    10.4.14. “Fiziki tərbiyə” fənni üzrə:

    1. hərəkət komplekslərini müstəqil icra edir;

    2. qabiliyyətlərin inkişafı üçün zəruri metodlar seçir və tətbiq edir;

    3. hərəkətlərin əlverişli icra üsullarını tətbiq edir;

    4. hərəki fəaliyyət zamanı təhlükəsizlik qaydalarına və tibbi-gigiyenik tələblərə əməl edir;

    5. idman etikasına riayət edir;

    10.4.15. “Çağırışaqədərki hazırlıq” fənni üzrə:

    1. hərbi texnikaları, silah və sursatları fərqləndirir, onlardan istifadə qaydalarını izah edir;

    2. hərbi texnika, silah və sursatlarla təhlükəsiz davranış qaydalarına riayət edir;

    3. sıra təlimi, taktiki hazırlıq, mülki müdafiə və tibbi yardım üzrə bacarıqlara yiyələndiyini nümayiş etdirir;

    4. Azərbaycanın hərb tarixi, ənənələri, qonşu dövlətlərin orduları haqqında məlumatlara malik olduğunu nümayiş etdirir.

     

    11. Tam orta təhsil səviyyəsində təhsilin təşkili

     

    11.1. Tam orta təhsil səviyyəsində təhsil aşağıdakı istiqamətlər üzrə təşkil olunur:

    11.1.1. mövcud qanunvericiliyə uyğun olaraq, meyil və maraqları, potensial imkanları nəzərə alınmaqla şagirdlər üçün müxtəlif təmayül istiqamətləri üzrə;

    11.1.2. təmayülləşmə tətbiq olunmayan istiqamət üzrə.

    11.2. Bu və ya digər təmayül istiqamətlərinə daxil olan təmayül fənlərinin və başqa fənlərin məzmunu varislik prinsipi əsasında icbari ümumi orta təhsil səviyyəsi üzrə müvafiq fənn kurikulumlarında təsbit olunmuş ümumi təlim nəticələri mövcud tələbata uyğun inkişaf etdirilməklə müəyyənləşdirilir və mahiyyət etibarilə şagirdlərin ali təhsil pilləsində təhsil almaq imkanlarının reallaşdırılmasına yönəldilir.

    11.3. Hər bir təmayül fənninin məzmunu şagirdlərin həmin fənn üzrə biliklərinin dərinləşməsinə, dünyagörüşünün genişlən-məsinə, ünsiyyət, idraki, sosial və digər həyati bacarıqların təkmilləşdirilməsinə xidmət edir.

    11.4. Təmayülləşmə tətbiq olunmayan istiqamət üzrə təşkil edilən tam orta təhsilin məzmunu icbari ümumi orta təhsil səviyyəsini bitirən şagirdlərin əldə etdikləri zəruri bilik və həyati bacarıqların təkmilləşdirilməsinə, onların cəmiyyətə çevik inteqrasiyasına və malik olduqları potensiala uyğun müvafiq peşələrə istiqamətləndirilməsinə xidmət edir.

    11.5. Təmayül və qeyri-təmayül istiqamətləri üzrə nümunəvi tədris planlarındakı fənlərin məzmunu müvafiq tədris proqramları ilə müəyyən olunur.

     

    12. Ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının ümumi miqdarı

     

    Tədris dilləri

    Məktəbəhazırlıq

    İbtidai təhsil səviyyəsi, I-IV siniflər

    Ümumi orta təhsil səviyyəsi, V-IX siniflər

    Tam orta təhsil səviyyəsi, X-XI siniflər

    Yekun, I-XI siniflər

    Azərbaycan dili

    12

    99

    164

    74

    337

    Digər dillər

    12

    107

    174

    78

    359

     

    Qeydlər:

    1. Dərsdənkənar məşğələ saatlarının miqdarı həftəlik saatların maksimal miqdarının 20 faizindən çox ola bilməz.

    2. Zəruri hallarda dərsdənkənar məşğələ saatlarından fənnin (fənlərin) tədrisinə ayrıla bilər.

    3. Məktəbəhazırlıqda 1 məşğələ saatı 30 dəqiqədir.

    12.1. Ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir. Təmayül sinifləri şagirdlərin sayı 15 nəfərdən az və 20 nəfərdən çox olmamaqla komplektləşdirilir.

    12.2. Ümumi təhsil müəssisəsi üzrə bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, mövcud şagird sayı ilə sinif təşkil olunmasına yol verilir.

    12.3. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.

    12.4. Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən siniflərdə şagirdlərin sayı 3 nəfərdən çox azaldıqda və ya artdıqda, siniflər bu dövlət standartlarının müvafiq olaraq 12.1-ci, 12.2-ci və 12.3-cü bəndləri ilə müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir.

     

    13. Ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblər

     

    13.1. Ümumi təhsil sistemində təlim-tərbiyə prosesinin təşkili öyrədənlərlə öyrənənlər arasında “subyekt-subyekt” prinsipinə uyğun qarşılıqlı əməkdaşlıq əsasında aşağıdakı tələblər nəzərə alınmaqla qurulur:

    13.1.1. pedaqoji prosesin tamlığı – təhsil məqsədlərinin öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşıması;

    13.1.2. təhsildə bərabər imkanların yaradılması – müəssisənin təhsil infrastrukturuna uyğun olaraq, təhsilalanlar üçün eyni təlim şəraitinin təmin edilməsi, təhsil prosesinin şagirdlərin meyil-marağı və potensial imkanları nəzərə alınmaqla tənzimlənməsi;

    13.1.3. şəxsiyyətyönümlülük - təhsilalanların idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə, onlarda milli və bəşəri dəyərlərin formalaşdırılması;

    13.1.4. şagirdyönümlülük - təhsil fəaliyyətlərinin bilavasitə təhsilalanların mənafeyinin müdafiəsinə, təhsil tələbatlarının ödənilməsinə, istedadlarının reallaşmasına, şəxsiyyətlərinin formalaşmasına yönəldilməsi;

    13.1.5. inkişafyönümlülük - şagirdlərin təhsil nailiyyətlərinin təhlilindən alınan nəticələr əsasında onların inkişaf perspektivlərini ehtiva edən kompleks tədbirlərin həyata keçirilməsi;

    13.1.6. fəaliyyətin stimullaşdırılması - təhsil prosesinin səmərəliliyinin artırılması, şagirdlərin təlim marağının yüksəldilməsi üçün onların nailiyyətlərinin izlənilməsi və dəyərləndirilməsi istiqamətində tədbirlərin görülməsi;

    13.1.7. dəstəkləyici mühitin yaradılması - təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün zəruri infrastrukturun, sağlam mənəvi-psixoloji mühitin, yaradıcı və təhlükəsiz təhsil şəraitinin təmin edilməsi;

    13.1.8. inklüzivlik - fiziki, psixi, intellektual xüsusiyyətlərindən və sağlamlıq imkanla­rından asılı olmayaraq təhsilin bütün uşaqlar üçün əlçatan olması;

    13.1.9. məktəb-valideyn əlaqələrinin tənzimlənməsi - təhsil müəssisəsinin idarə edilməsində, təlim-tərbiyə prosesinin təşkili ilə bağlı problemlərin aradan qaldırılmasında, müəssisənin inkişaf perspektivlərinin müəyyənləşdirilməsində valideynlərin rolunun təmin edilməsi.

     

    14. Ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi sistemi

     

    14.1. Şagird nailiyyətlərinin qiymətləndirilməsi təhsil fəaliyyətinin zəruri tərkib hissəsi olaraq ardıcıl və sistemli xarakter daşıyır, təhsilin keyfiyyətinin idarə olunmasına xidmət edir.

    14.2. Şagird nailiyyətlərinin qiymətləndirilməsi şəffaflıq, etibarlılıq, obyektivlik, qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanmaqla təhsilin inkişafına yönəldilir.

    14.3. Şagird nailiyyətlərinin qiymətləndirilməsi aşağıdakı fəaliyyətləri əhatə edir:

    14.3.1. şagirdlərin təhsilə münasibəti, mövcud təlim göstəriciləri, müəllimlərin hazırlıq səviyyəsi, təhsil standartlarının və kurikulumların məqsədəuyğunluğu, tədris resursları ilə təminat, idarəetmənin səmərəliliyi barədə məlumatların toplanıb təhlil edilərək dəyərləndirilməsi;

    14.3.2. şagird və müəllimlərin fəaliyyətinin, təhsil proqramlarının icra vəziyyətinin müşahidə olunmasından və nailiyyətlərin qiymətləndirilməsini əks etdirən sənədlərin təhlilindən əldə edilmiş nəticələrə görə müvafiq qərarların qəbul olunması.

    14.4. Şagird nailiyyətlərinin qiymətləndirilməsi attestasiya (məktəbdaxili qiymətləndirmə), yekun attestasiya, milli və beynəlxalq qiymətləndirmə növlərini əhatə edir.

    14.5. Attestasiya (məktəbdaxili qiymətləndirmə) məqsədilə diaqnostik, formativ və summativ qiymətləndirmələr keçirilir.

    14.6. Diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində şagirdlərin bilik və bacarıqlarının, o cümlədən maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədilə aparılır.

    14.7. Formativ qiymətləndirmə təhsilalanın hər bir fənn üzrə təhsil proqramında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsinə yönəlmiş fəaliyyətlərini izləmək, bu prosesdə onun qarşısına çıxan çətinlikləri müəyyən edib onları aradan qaldırmaq məqsədilə aparılır.

    14.8. Summativ qiymətləndirmə hər bir fənn üzrə təhsil proqramında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsi ilə bağlı təhsilalanların əldə etdiyi nailiyyətlərin müəyyən olunması məqsədilə aparılır.

    14.9. Ümumi təhsil müəssisələrində təhsilalanların yekun attestasiyası ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə həyata keçirilir.

    14.10. Milli qiymətləndirmə müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə 3-5 ildən bir təşkil olunur.

    14.11. Beynəlxalq qiymətləndirmə şagirdlərin təlim göstəriciləri əsasında ümumi təhsilin mövcud vəziyyəti barədə təsəvvür əldə etmək, problemləri aşkara çıxarıb həlli yollarını müəyyənləşdirmək, digər ölkələrlə müqayisələr aparıb inkişaf perspektivlərini proqnozlaşdırmaq üçün 3-5 ildən bir keçirilir.



     

  • img
    Elşən Qafarov
    (050) 672 59 11

    Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

    Saytı bəyənirsiniz?