Tərbiyə - Fərqli ölkələrdə fərqli adətlər
- Admin
- 28-fev-2024, 22:41
- 22 Baxış
Uşaqların necə düzgün tərbiyə etməli? Bu sual müasir cəmiyyətləri düşündürən məsələdir. Cinayət, zorakılıq törədən şəxlsərin əksəriyyətinin hələ uşaq yaşlarında ciddi problemlər yaşadığı, hər şeyin məhz ailədən qaynaqlandığı müəyyən olunub. Müxtəlif ölkələrdə yerli mental dəyərlər, coğrafi amillər, dünyagörüşü və s.-dən asılı olaraq, övlad tərbiyəsi fərqli metodlarla həyata keçirilir.
İngiltərə
İngiltərədə uşaqlara ilk yaşlarından özünəinam hissi aşılanır. Onları hər bir uğuruna görə alqışlayırlar. İngilislər uşaqlarda özünəinam hissinin olmasına fikir verirlər və yalnız bu halda onun müstəqil şəxsiyyət kimi yetişəcəyini, çətin məqamlarda qərar verə biləcəyini deyirlər. İngilis qadınları özgə uşaqlarına heç zaman acıqlanmırlar. Bağçalardakı tərbiyəçilər belə nadinc uşaqları vurmaq, yaxud məzəmmət etmək yerinə, başqa vasitələrlə sakitləşdirməyə çalışırlar. Nisbətən yuxarı yaşdan olan uşaqlarla isə uzun müddətli söhbətlər aparılır, hərəkətlərinin məsuliyyəti sözlə başa salınır. Məktəblərdə də şagirdlərin müstəqilliyi, fərdi xarakteri alqışlanır. İngilis uşaqları hansı dərslərə gedib-getməyəcəklərini də özləri seçir. Azyaşlı vaxtından onlara ayrıca otaq ayrılır. Valideynlər qapını döymədən heç vaxt övladlarının otağına daxil olmurlar.
Türkiyə
Türkiyədə uşaqların tərbiyəsi ilə əksər müsəlman ölkələrində olduğu kimi, analar məşğul olurlar. Ölkədə dövlət bağçalarının olmaması, özəl bağçalarda ödənişin yüksək olması səbəbindən əksər ailələr uşaqlarını evdə böyüdürlər. Məktəbdənkənar vaxtları uşaqlar əyləncə və müxtəlif oyunlara həsr edirlər. Ailələrin çoxuşaqlı olması səbəbindən böyük yaşda olan uşaqların kiçik həmyaşıdlarının tərbiyəsində iştirakı normal qəbul edilir. Ailədə atanın sözü əsas sayılır və övladları təhsil və şəxsi həyatları ilə bağlı önəmli qərar verərkən çox zaman valideyn məsələhətini dinləyirlər.
Yaponiya
Yaponiyada uşaqlara verilən təhsil öz mürəkkəbliyi ilə seçilir. Belə ki, yaşından asılı olaraq uşaqlara müxtəlif cür yanaşılır. Belə ki, 5 yaşına qədər uşaqlara bütün hərəkətlər icazə verilir. Hətta uşaq yolda uzansa və evin divarlarını yazsa da, valideynlər təmkinlərini itirmirlər.
Lakin 6-14 yaş arasında uşaqlar artıq əsl yapon sərtliyi ilə üzləşirlər. Bu dövrdə valideyn sözü uşaq üçün qanun olur. Bu yaşlarda uşaqlardan gözləntilər çox yüksək olur. Məşhur yapon işgüzarlığı, ictimai qaydalara və qanunlara hörmət, tapşırığı sözsüz icra etmək vərdişi də bu yaşda formalaşır.
Mühafizəkar yapon cəmiyyəti oğlanların yemək bişirəməyə məcbur olmadığını, lakin maksimum sağlam və bilikli olmasını istəyir. Buna görə, yeniyetməlik yaşlarından övladlarını müxtəlif idman dərnəklərinə yazdırırlar. Qızlar isə daha çox evdə qalır və ev təsərrüfatını idarəetməyə öyrədilir. 15 yaşlı yapon cəmiyyətin bərabərhüquqlu üzvü sayılır və ona böyüklər kimi yanaşılır.
Çin
Çində Yaponiyadan fərqli olaraq, qız və oğlanlara bölgü sərt formada aparılmır. Qadınlar adətən çoxlu işləyir, kişilər isə ev işlərini görürlər. Buna onları uşaq yaşlarından öyrədirlər. Valideynin sözündən çıxmamaq əsas götürülür. Uşaqlar yaş yarımdan etibarən rəsm çəkmək və hərfləri oxumağa öyrədilir. Onların borcu valideynini seçdiyi məşğuliyyəti uğurla icra etməkdən ibarətdir. Uşağın hansı oyunları oynayacağı, boş vaxtlarınlı necə keçirəcəyi və s. də valideyinin müəyyən etdiyi məsələlərdir. Adətən. çinili valideynlər övladlarını heç vaxt tərifləmirlər.
Hindistan
Hindistanda uşağı doğulduğu andan tərbiyələndirirlər. Onlara aşılanan əsas hiss təbiət ilə harmoniyada yaşamaq, heç bir canlıya zərər verməməkdən ibarətdir. Buna görə, Hindistanda itlərin öldürülməsi, quş yuvalarının dağıdılması kimi hallara çox nadir hallarda rast gəlinir. Təmkinli olmaq Hindistan cəmiyyətində əsas qayələrdən biridir. Uşaqlar böyüyəndən sonra valideynlərinin seçimi ilə evlənirlər və bunu adətən, çox sakit qəbul edirlər. Ailələrdə əsas təmknili olmaq və ailə dəyərlərinə bağlılıq əsas götürülür. İş və karyera isə ailədən sonra gəlir.