Etik Davranış Qaydaları Yeni
- Admin
- 25-may-2024, 15:55
- 583 Baxış
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİNİN
KOLLEGİYASININ QƏRARI
№ KQ-07
Bakı şəhəri “15” may 2024-cü il
“Təhsilverənlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi və “Müəllimlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/2 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 3.1.60-cı və 5.11.2-ci yarımbəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyası qərara alır:
1. “Təhsilverənlərin etik davranış Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “Müəllimlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/2 nömrəli Qərarı ləğv edilsin.
3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Hüquq şöbəsinə (S.Mahmudov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinə (R.Xanlarov) tapşırılsın ki, bu Qərarın surətinin Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına göndərilməsini təmin etsin.
5. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinın 2024-cü il 12 yanvar tarixli 3-29/3-2-05F/2024 nömrəli əmri ilə müəyyən edilmiş kurasiya bölgüsünə əsasən həyata keçirilsin.
Kollegiyanın sədri, Nazir |
Emin Əmrullayev |
|
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmişdir. |
Təhsilverənlərin etik davranış Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar təhsilverənlərin etik davranış qaydalarını, prinsiplərini, habelə onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir.
1.2. Bu Qaydalar bütün növ təhsil müəssisələrində çalışan təhsilverənlərə şamil edilir.
1.3. Bu Qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir.
1.4. Hər bir təhsilverən öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri rəhbər tutaraq bu Qaydaların müddəalarına əməl etməyə borcludur.
2. Təhsilverənlərin etik davranış prinsipləri
2.1. Qanunçuluq:
2.1.1. təhsilverən əmək funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və digər normativ hüquqi və normativ xarakterli aktların tələblərinə əməl etməlidir.
2.2. Vicdanlı davranış:
2.2.1. təhsilverən cəmiyyət və dövlətin maraqları naminə öz fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Təhsilverən hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.
2.3. Loyallıq:
2.3.1. təhsilverən vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir;
2.3.2. təhsilverən öz fəaliyyəti ilə bağlı mediada və sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir.
2.4. Mədəni davranış:
2.4.1. təhsilverən təhsil prosesinin iştirakçıları ilə davranışında nəzakətli və təmkinli olmalıdır;
2.4.2. təhsilverən xidməti fəaliyyəti ilə əlaqədar iradlara, tənqidi fikirlərə hörmətlə yanaşmalı və onları dəyərləndirməlidir;
2.4.3. təhsilverənin xarici görkəmi və geyimi çalışdığı təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına uyğun olmalıdır.
2.5. Qərəzsizlik:
2.5.1. təhsilverən vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya siyasi mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır;
2.5.2. təhsilverən özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır.
2.6. İctimai etimad:
2.6.1. təhsilverən təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf və ləyaqətini uca tutmağa borcludur;
2.6.2. təhsilverən etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmalı və ictimai etimadın bərpası üçün tədbirlər görməlidir;
2.6.3. təhsilverən çalışdığı təhsil müəssisəsinin və onun rəhbərliyinin fəaliyyəti barədə media subyektlərinin qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına köməklik göstərməlidir.
2.7. İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət:
2.7.1. təhsilverən insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar qəbul etməməli və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir;
2.7.2. təhsilverən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla vəzifəsinin icrası ilə bağlı təhsilalanların, onların valideynləri və ya digər qanuni nümayəndələrinin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan informasiyanın məxfiliyini təmin etməlidir;
2.7.3. təhsilverən vəzifəsinin icrası ilə bağlı ona məlum olan xidməti məlumatların məxfiliyini qorumalı, ictimailəşdirməməli, özünün və digər şəxslərin mənafeyi üçün istifadə etməməlidir.
3. Təhsilverənlərin xidməti davranışı
3.1. Təhsilverən öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində cəmiyyət və dövlətin maraqları naminə keyfiyyətlə, səmərəli və peşəkarlıqla yerinə yetirməyə borcludur.
3.2. Təhsilverən icra və əmək intizamına riayət etməli, üzrsüz səbəbdən işdən yayınmamalıdır.
3.3. Təhsilverən birbaşa və yuxarı rəhbərinin qanunvericiliyə uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi əmr və (və ya) tapşırıqları yerinə yetirməyə borcludur.
3.4. Təhsilverən birbaşa və ya yuxarı rəhbər tərəfindən verilən əmr, sərəncam və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, təhsilverən onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər.
3.5. Müəssisə rəhbərinin qanuni göstərişlərinin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.
3.6. Təhsilverən korrupsiyaya imkan verməməli, təhsilalanları korrupsiyaya qarşı barışmazlıq ruhunda yetişdirməlidir.
3.7. Təhsilverən xidməti vəzifəsinin qərəzsiz icrası (icra etməməsi) ilə bağlı məsələlərdə ona təsir etmək cəhdlərinin qarşısını qətiyyətlə almalı, belə cəhdlərin mövcudluğunu ehtimal etməyə əsas olduqda heç kimdən hər hansı formada hədiyyə, bəxşiş, ödəniş və s. tələb və ya qəbul etməməlidir. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.
3.8. Təhsilverən özünün bilik və bacarıqlarını inkişaf etdirməli, təhsilalanların nailiyyətlərini yüksəltmək məqsədilə davamlı peşəkar inkişafını təmin etməlidir.
3.9. Təhsilverən nitqində Azərbaycan ədəbi dilinin normalarına riayət etməlidir.
3.10. Təhsilverən təhsilalanların rifahı və öyrənməsi üçün dəstəkləyici, inkişafetdirici, sağlam və təhlükəsiz mühitin qurulmasını təmin etməlidir.
3.11. Təhsilverən xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkməməlidir.
3.12. Təhsilverən dövlət əmlakından şəxsi maraqlar, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir.
4. Təhsilverənlərin xidməti fəaliyyətindən kənar davranışı
4.1. Təhsilverən şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına əməl etməlidir.
4.2. Təhsilverən xidməti fəaliyyətindən kənar sosial münasibətlərinin peşəkar fəaliyyətinə nüfuz etməsinə yol verməməlidir.
4.3. Təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır.
4.4. Təhsilverən ictimai davranış normalarına riayət etməli, cəmiyyətin və ayrı-ayrı fərdlərin hüquqlarının pozulmasına gətirib çıxaran əməllərdən çəkinməli, təbiətin, tarixin və mədəni irsin qorunmasına həssas yanaşmalıdır.
5. Etik davranış qaydalarına riayət olunmasının təmin edilməsi
5.1. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti müəssisə rəhbəri həyata keçirir.
5.2. Müəssisə rəhbəri:
5.2.1. kollektivi bu Qaydalarla tanış etməlidir;
5.2.2. təhsilverənin davranışının bu Qaydalara uyğunluğuna nəzarət etməli, onun təhlili və müzakirəsini aparılmalıdır;
5.2.3. təhsilverənləri hüquqa və etik normalara zidd olan hərəkətlərə sövq etməməlidir;
5.2.4. etik davranış qaydalarını pozan təhsilverənlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir;
5.2.5. müəssisənin kollektivini və ictimaiyyəti bu Qaydaların pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə məlumatlandırmalıdır;
5.2.6. bu Qaydaların pozulmasının nəticələrinin aradan qaldırılması, təhsil müəssisəsinə ictimai etimadın artırılması üçün tədbirlər görməlidir.