Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib ki, məktəb bufetləri ilə bağlı problem yoxdur: "Tədris ilinin başlamasını gözləmək lazımdır. Araşdırma və monitorinqlər həyata keçirildikdən sonra hansı məktəbdə nə kimi problemlərin olduğuna dair məlumat verə biləcəyik. Bundan başqa, bufetlərdə araşdırmalar aparılması üçün Mərkəzə göstəriş verilməli, Ədliyyə Nazirliyinin vahid reyestr sistemindən icazə alınmalıdır. Çünki bufetlər sahibkarlıq subyektidir".
Qeyd edək ki, builki tədris mövsümündə orta məktəblərin bufetlərində qazlı sərinləşdirici içkilərə, "cipsi" və suxarilərə qadağa qoyulacaq.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi orta məktəblərdə satılacaq məhsullarla bağlı yeni standartlar hazırlayıb. Yeni standartda 3-18 yaşlı uşaq və yeniyetmələr üçün fizioloji tələbat normaları, məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasında istifadə edilməsi üçün tövsiyə olunan əsas qida məhsullarının siyahısı, ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı, məktəbəqədər təhsil müəssisələri üçün orta gündəlik ərzaq çeşidinin siyahısı əks olunub.
Komitə tərəfindən ümumtəhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı:
1. İçalat məhsulları (qaraciyər, dil və ürək istisna olmaqla);
2. İçalatı təmizlənməmiş quş;
3. Vəhşi heyvanların əti;
4. Suda üzən quşların yumurtası və əti;
5. Qabığı çirklənmiş yumurta və həmçinin salmonellyoza görə qeyri-sağlam təsərrüfatdan olan yumurta;
6. Germetikliyi pozulmuş bankada olan, köpmüş, paslı, deformasiyaya uğramış, etiketsiz konservlər;
7. Termiki emala məruz qalmayan yaşıl noxud;
8. Çirklənmiş və ya anbar ziyanvericiləri ilə yoluxmuş yarma, un, quru meyvələr və başqa məhsullar;
9. Mənşəyi məlum olmayan ərzaq məhsulları;
10. Kremli şirniyyat məmulatları (piroq və tortlar);
11. Termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama;
12. Ev şəraitində hazırlanmış qatıq;
13. Göbələklər və onlardan hazırlanan məhsullar (kulinariya məmulatları);
14. Termiki emala məruz qalmayan içkilər və morslar, kvas;
15. Kənd təsərrüfatı heyvanlarında aşkarlanan xəstəliklərə görə qeyri-sağlam təsərrüfatdan alınan, çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd;
16. Təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq;
17. Termiki emaldan keçməmiş ətdən, quş ətindən, balıqdan hazırlanmış yeməklər;
18. Sirkə, xardal, qıtıqotu, istiotlu bibər və digər (kəskin) ədviyyatlar, xəmiri acıdan naməlum tərkibli tozlar;
19. İstiotlu souslar, ketçuplar, mayonezlər, qəlyanaltı konservlər, turşuya qoyulmuş tərəvəzlər və meyvələr;
20. Təbii kofe, alkoqollu, energetik içkilər;
21. Kulinariya yağları, donuz və qoyun piyi, marqarin və digər hidrogenləşdirilmiş yağlar;
22. Qazlaşdırılmış içkilər;
23. Bitki yağları əsasında süd məhsulları və dondurma;
24. Saqqız, çipsilər;
25. Tərkibində etanol olan (0,5%-dən artıq) qımız və turş süd məhsulları;
26. Ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studenlər, doğramac, paştetlər, siyənək balığından farşmak, üzərində sous gəzdirilmiş ətli və balıqlı yeməklər;
27. Yumurtalı makaronlar, qayğanaq;
28. Frityurda qızardılan piroqlar və ponçiklər.
Standartın tələblərini pozan şəxslərin cəzalandırılmasına gəldikdə isə, İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq fiziki şəxslər 1500-2000 manat, hüquqi şəxslər isə 4000-5000 manat cərimə olunacaqlar.