Metodika

Müasir təlimin 7 prinsipi

  • Admin
  • 26-mar-2024, 17:16
  • 32 Baxış

 


1. Şəxsiyyətə yönəlmiş təlim prinsipi Nə üçün uşaqlar erkən yaş dövründə daha fəal olurlar? Bir qədər inandırıcı olmasa da elmi araşdırmalar göstərir ki, insan bütün ömrü boyu qazandığı məlumatın təxminən 70% -ni 6 yaşa qədər əldə edir. Paradoks ondan ibarətdir ki, məktəbə daxil olduqdan sonra uşağın idrak fəallığı müəyyən dərəcədə ləngiməyə başlayır. Bu nəyə görə baş verir? 
İş ondadır ki, məktəbəqədər dövrdə uşaq dünyanı bir tədqiqatçı kimi dərk edir: o, suallar verir, bu suallara cavab tapmaq üçün öz imkanı dairəsində müxtəlif məlumat mənbələrindən istifadə edir və ilk növbədə öz təcrübəsinə əsaslanır. Onu əhatə edən dünyanı müstəqil dərk edərək uşaq öz maraqlarına görə fəaliyyət göstərir. 
Birinci sinfə qəbul olarkən uşaq elə bir təlim mühitinə düşür ki, burada ondan adət etdiyi, təbii olan öyrənmə metodundan əl çəkmək tələb olunur. Müəllim tələb edir ki, uşaq ona diqqətlə qulaq asıb dediklərini yadda saxlasın, təlimatlarını dəqiq yerinə yetirsin və bu təlimata aid olmayan sualları az versin. Bununla şagirdə, demək olar ki, passiv mövqe tutmaq, tətqiqatçı rolundan imtina etmək və müəllim tərəfindən verilən məlumatla kifayətlənmək təklif olunur. Bu cür təlim prosesinin mərkəzində şagird yox, müəllim dayanır. Məhz müəllim təlim prosesinin fəal iştirakçısı olur və şagirdə nəyi və necə dərk edilməsini diktə edir. Bunun nəticəsində şagirdin dərketmə imkanları məhdudlaşır, onun ehtiyacları, maraq və qabiliyyətləri nəzərə alınmır. 
Deməli, şagirdin fəallaşması üçün ilk növbədəi, onun, bir şəxsiyyət kimi təlim prosesinin mərkəzi obyekti kimi çıxış etməsi vacibdir. Təlim uşağın maraq və tələbatlarına, onun bilik səviyyəsinə, imkan və qabiliyyətlərinə yönəlməlidir. Müəllim tərəfindən şagirdə şəxsiyyət kimi yanaşılmalı, onun fərdi cəhətləri nəzərə alınmalı və ona hörmət əsasında münasibət göstərilməlidir.
2. Fəal idrak prinsipi Tədris prosesi elə təşkil olunmalıdır ki, o, idrak fəallığı, təbii öyrənmə fəaliyyəti doğursun, şagirdə «ilk kəşf» sevinci keçirməyə imkan versin, onda yeni biliklərə yiyələnmək həvəsi yaratsın. İdrak fəallığı ilk növbədə təfəkkürün fəallaşdırılması əsasında yaranır. Buna nail olmaq üçün birinci növbədə təlim prosesində idrak fəallığını stimullaşdıran problemli situasiyalar yaradılmalıdır. Uşaqda bu problemin həlli tələbatının yaranması nəticəsində bütün idrak prosesləri də fəallaşır, o, yeni bilikləri kəşf etməyə yönəlir. 
3. İnkişafedici təlim prinsipi Görkəmli rus psixoloqu, müasir pedaqoji psixologiyanın banilərindən biri olan L.S.Vıqotskinin nəzəriyyəsinə görə təlim inkişafı qabaqlamalı, uşağın «qarşıdakı (yaxın) inkişaf zonasına» yönəlməlidir. Bu inkişaf zonasında uşağın potensial imkanları mərkəzləşib, onları aktuallaşdırmaq üçün xüsusi təlim şəraiti yaradılmalıdır. Buna nail olmaq üçün şagirdlərə imkanlarına uyğun, lakin bir qədər mürəkkəb tapşırıqları müstəqil həll etmək təklif edilməlidir. Eyni zamanda, müəllim və digər böyüklər suallar verməklə onları problemin həllinə istiqamətləndirməlidirlər. Yəni təlim uşağın özünün müstəqil fəaliyyəti və ya böyüklərin köməyi sayəsində bilik və bacarıqları əldə etmək üzrə aşkarlanan potensial imkanlarının gerçəkləşdirilməsinə yönəlməlidir. İnkişafedici təlim ilk növbədə təfəkkürü və yaradıcılığı formalaşdırmalıdır.
4. «Qabaqlayıcı təlim» prinsipi Müasir dövrdə baş verən sürətli dəyişikliklər təlimin qarşısında şagirdlərin həyata hazırlanması məsələsini daha kəskin qoyur. Bunun üçün ilk növbədə təlim cəmiyyətin inkişaf meyillərini əks etdirməli və yeni nəsli yaxın gələcəkdə həyat şəraitinə hazırlamalıdır. Məktəb şagirdə baza bilik, bacarıq və vərdişləri verməklə kifayətlənməməlidir. O, eyni zamanda onda idraki fəallığı, hər şeyi öyrənmək həvəsi və digər zəruri keyfiyyətləri formalaşdırmalıdır. Təlim şagirdə zəruri olan informasiyanı müstəqil əldə etməyi, onu yenidən işləməyi, düzğün istifadə və tətbiq etməyi öyrətməlidir.
5. Təlim-tərbiyə sisteminin çevikliyi prinsipi Təlim-tərbiyə sisteminin çevikliyi ilk növbədə onun real şəraitə uyğunlaşmaq qabiliyyətidir. İctimai mühitin və şagirdlərin dəyişən tələbləri nəzərə alınmaqla, tədris planları və proqramlarının məzmunu, təlim-tərbiyə prosesinin təşkili, pedaqoji texnologiyaların seçilməsi sistematik olaraq təzələnməlidir. Çevik təlim-tərbiyə sistemində, daha çox təlimin diferensiallaşmasına, şagirdlər tərəfindən müxtəlif məlumatların işlənilməsi və mənimsənilməsinə üstünlük verilir. Buna nail olmaq üçün müəllim hər bir şagirdə fərdi yanaşmağa, təlimdə müxtəlif bilik mənbələrindən və məlumatı təqdimetmə formalarından (görmə, eşitmə, hiss etmə və s. duyğulara əsaslanan) istifadə etməyə çalışmalıdır. Təlim-tərbiyə sisteminin çevikliyi bir nəticə olaraq biliklərin daha çox yaradıcı və tətbiqi olmasında öz əksini tapır, şagirdlər təlim məqsədlərini qoymağa özləri cəhd edirlər.
6. Əməkdaşlıq prinsipi «Müəllim-şagird» qarşılıqlı münasibətləri sistemində bu subyektlərin hər biri təlim prosesində tərəf müqabili kimi iştirak etməlidirlər. Əməkdaşlıq ilk növbədə təlim prosesinin kollegial və dinamik keçməsində öz əksini tapır. Əgər şagird təlim prosesində müəllimlə bərabərhüquqlu şəxs kimi çıxış edirsə, bu onun fəaliyyətində yeni bir keyfiyyət yaradır: şagirdin özünə inamı artır, o öz fikrini çatdırmağa qorxmur, öz potensial imkanlarını gerçəkləşdirir. Əməkdaşlıq prinsipi müəllimdən tələb edir ki, o, şagirdin qiymətləndirilməsində daha çox dəstəkləyici qiymətlərdən istifadə etsin. Əməkdaşlıq təlim mühitini şagird üçün daha əlverişli, fəallaşdırıcı və ruhlandırıcı edir.
  
7. Dialoji təlim prinsipi Məsələlərin birgə həlli gedişində özünün və qrup üzvlərinin fikirlərini, imkanlarını və təcrübələrini bölüşə bilmək və bundan qarşılıqlı faydalanmaq məqsədi ilə hər bir şagirdin müzakirələrdə və qrupun işində iştirakı təmin edilməlidir. Təlim prosesində bütün şagirdlərin müxtəlif nöqteyi-nəzərlərini və fikirlərini nəzərə almaqla, dialoji təlim fikir müxtəlifliyinə, tədrisin məzmununu daha da zənginləşdirməyə imkan yaradır, nəticəçıxarma prosesinə müsbət təsir edir. 
Bu prinsiplərin həyata keçirilməsi sagirddə səmərəli həyat fəaliyyətinin formalaşması və onun aramsız dəyişən şəraitə uyğunlaşması üçün təsiredici zəruri bacarıqların əldə olunmasına şərait yaradır. Bütün bu prinsiplərin təlim prosesində ən dolğun şəkildə tətbiqi fəal(interaktiv) təlim metodları vasitəsilə mümkündür.
 
img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?