Pedaqoji innovasiyaya sadəcə yenilik demək olarmı?
"İnnovasiya” latın sözü olub mənası "in” – daxili, "novasiya” – yenilik deməkdir. Mahiyyət etibarilə innovasiya dedikdə təhsil sistemində baş vermiş pedaqoji yeniliklər başa düşülür.
Hər hansı dəyişikliyi innovasiya adlandırmaq düzgün deyildir. İnnovasiyalar elə pedaqoji yeniliklərdir ki, onların tətbiqi nəticəsində səmərəlilik artır, yüksək keyfiyyət əldə olunur. Eyni zamanda hər bir pedaqoji innovasiya aid olduğu sahəyə mənsubluğu ilə seçilir, bütöv struktura malik məzmunu ilə fərqlənir. Pedaqoji ədəbiyyatlarda onun xarakterik xüsusiyyətləri qabarıq şəkildə qeyd olunur. Göstərilir ki, "Pedaqoji prosesin innovasiyası, başlıca olaraq, ümumən pedaqoji sistemdə, təhsil müəssisələrində pedaqoji nəzəriyyələrdə, müəllim və şagirddə, pedaqoji texnologiyalarda, təlim-tərbiyənin məzmununda, forma, üsul və vasitələrində, idarəetmədə, məqsəd və nəticələrdə gedir” (L.Qasımova, R.Mahmudova. Pedaqogika. "Bakı Universiteti” nəşriyyatı, 2003).
Azərbaycan təhsilində aparılan islahatlar prosesində artıq yeni konsepsiyalar, məzmun standartları, inteqrativ fənlər, təhsil texnologiyaları, qiymətləndirmə mexanizmləri, təlim vasitələri, o cümlədən yeni dərslik və dərs vəsaitləri yaranmışdır ki, bunlar, sözün əsl mənasında, nailiyyətlərin əldə olunmasına istiqamətlənmiş innovasiyalardır. Həm də bu innovasiyaların bir xarakterik cəhəti də onun müəyyən dövr ərzində sabit qalaraq ənənəvi qaydada davam etdirilməsi, həmin dövrün səciyyəvi pedaqoji hadisəsinə çevrilməsi ilə bağlıdır.
İnnovasiyaları işləyib hazırlayan, səmərəli pedaqoji sistem kimi meydana qoyan təhsil işçiləri innovatorlar adlanırlar. Belə müəllimlərin pedaqoji yenilikləri onların adları ilə adlandırılır və pedaqoji ictimaiyyət arasında yayılır.