"Müasir dövrdə şagirdlərin zərərli informasiyalara çıxışının asanlaşması təhsil sistemi qarşısında əsaslı çağırışlar yaradır".
Bunu təhsil naziri Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin təltifolunma mərasimində deyib.
Onun sözlərinə görə, təhsil sistemində çalışan rəhbər şəxslərin və təhsilverənlərin ailələrlə sıx əməkdaşlığı olduqca vacibdir: "Məktəblərdə tərbiyə işinin səmərəli təşkili, məktəb-ailə münasibətlərinin düzgün qurulması ən vacib işlərdəndir".
C.Bayramov bildirib ki, məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsi, məktəblərdə psixoloji öyrənmə mühitinin ölçülməsi və yaxşılaşdırılması ilə bağlı tədbirlərin görülməsi qarşıda duran hədəflərdəndir.