Biz cəmiyyət, insan olaraq səhv etməkdən qorxuruq.
- Admin
- 29-mar-2024, 22:04
- 0 Baxış
"Özünü hər hansı əcnəbi dildə ifadə edə bilməmək uşaqlıqdan aldığımız tərbiyə sistemi ilə bağlıdır. Biz cəmiyyət, insan olaraq səhv etməkdən qorxuruq. Bu bizə uşaqlıqdan aşılanır”.
Bunu psixoloq Orxan Oruc AzEdu.az-a açıqlaması zamanı deyib. O bildirib ki,bu problemlərin birbaşa kökündə komplekslərimiz durur:
"Tutaq ki, uşaq yerə yıxılır, valideyn elə reaksiya verir ki, sanki dünya dağıldı. Artıq növbəti zamanlarda uşaq yıxılmamaq üçün əlindən gələni edir.
Beləliklə biz uşaqlıqdan səhv etməməyə çalışırıq. Bu yaxşı bir düşüncədir, amma bir tərəfdən də insanı müəyyən fəaliyyətlərdən məhrum edir. Sırf səhv etməməkdən ötrü nəyəsə cəhd etmirsən. Bu proses həmçinin dilə də aiddir. Hansısa əcnəbi dili öyrənirik, amma o dildə danışmağa cəhd etmirik. Bunu ümumi cəmiyyətə aid etmək mümkündür. Amma fərd olaraq hər kəsin özünəməxsus kompleksləri ola bilər.
Məsələn, kimsə dil öyrənməyə başlayanda nəyisə səhv edib, kimsə buna gülüb və həmin insanda travma yaranıb. Yaxud xarici vətəndaşlar bir neçə danışıb, amma qarşı tərəf onu başa düşməyib, bununla da daxilində utancaqlıq hissi keçirib”.
Psixoloq deyib ki, bu cür komplekslərin öhdəsindən gəlmək cəmiyyət üçün uzunmüddətli prosesdir:
"Valideynlər uşaqların tərbiyələndirmə prosesində onların səhv etməklərindən qorxmamalı, səhv etməyin pis bir şey olduğunu aşılamamalıdır. Məsələn, Yaponiya, Finlandiya kimi ölkələrin təcrübəsində uşaqlar hər zaman nəyəsə cəhd edərək öyrənirlər. Uşağın hansısa heyvanı qucaqlamağı, yıxılmağı, palçığa batmağı həmin cəmiyyətlərdə böyük faciəyə çevrilmir. Bu baxımdan uşaq nəyin yanlış, nəyin doğru olduğunu özü müəyyənləşdirir. Fərd olaraq isə ilk növbədə komplekslərin yaranma səbəbini müəyyən etmək lazımdır.
Bəzən insanlar komplekslərin nədən yarandığını bilmir. Buna görə də mütləq insan özünü analiz etməlidir. Bu mərhələdə psixoloq köməyinə də ehtiyac ola bilər, insan özü də bunun öhdəsindən gələ bilər”.
Müsahibimizin fikrincə, dil öyrənən zaman danışığa fokuslanmaq lazımdır:
"Ümumiyyətlə biz dili öyrənməyə başlayanda birinci qrammatikdan başlayırıq. Bu zaman istər-istəməz qaydalarla danışmağa yönlənirik. Belə olduğu halda özümüzdə səhvlər görməyə başlayırıq və bu ehtimal bizdə kompleks yaradır.
Amma dili öyrənəndə qrammatikanı bir kənara qoyub, yalnız dilə, danışığa fokuslanmaq lazımdır. Biz öz dilimizdə hərfləri, qrammatikanı öyrənənə qədər danışa bilirik. Əcnəbi dili öyrənən zaman da əvvəlcə danışmağı, sonra qrammatikanı öyrənmək önəmlidir”.