"Əgər ali təhsil müəssisəsində çalışan müəllim köhnə ədəbiyyatlarda olan və sırf nəzəriyyəyə əsaslanan məlumatları tələbələrinə çatdırmaqdan başqa iş görə bilmirsə, demək, bu tip ali məktəblər dövrün və zamanın, o cümlədən, əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlaya bilməyəcək”.
Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti Elnur Hacıyev deyib. Onun sözlərinə görə, "Təhsil haqqında” Qanuna dəyişikliklərdən biri də ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkili və qaydaları haqqındadır:
"Məktəblərdə psixoloji xidmət sahəsindəki problemlərin kökünü daha dərindən araşdırmağa ehtiyac var. Problemin kökündən və sistemli şəkildə həlli üçün ilk növbədə psixologiya ixtisası mövcud olan ali təhsil müəssisələrində çalışan müəllim heyətinə psixologiya elminin müasir dövrdə tələbləri və yeniliklər barədə məlumatlı olmaları üçün mütəmadi olaraq təlim kursları, treninq və seminarlar təşkil olunmalıdır. Əgər ali təhsil müəssisəsində çalışan müəllim köhnə ədəbiyyatlarda olan və sırf nəzəriyyəyə əsaslanan məlumatları tələbələrinə çatdırmaqdan başqa iş görə bilmirsə, demək bu tip ali məktəblər dövrün və zamanın, o cümlədən, əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlaya bilməyəcək. Ali məktəblərdə psixologiya elminin qanunauyğunları və günümüzün tələblərinə cavab verə biləcək tədrisin təşkili üçün ciddi addımlar atılmalıdır. Bu işin təşkili məktəb psixoloqlarının və sosial işçilərinin yetişməsində çox böyük təsir gücünə malikdir. Belə olan halda məktəbə gələn psixoloq peşəkar kompetensiyaya malik olacaq və işini dövrün tələblərinə uyğun şəkildə qura biləcək”.
Ekspertin fikrincə, psixoloji xidmətin təşkili qaydalarını sərtləşdirmək problemin həllinə yönəlmiş olsa da, məsələnin sistemli həlli yolu olmasına ciddi şübhəm var:
"Təhsil qanununda olan bu dəyişikliyi müsbət addım kimi qiymətləndirmək olar. Lakin problemi sistemli və kökündən həll edə biləcəyini düşünmürəm. Çətin və uzun müddətli olmasına baxmayaraq problemi sistemli həlli işini ali məktəblərdən başlamağı daha optimal və effektiv həll yolu kimi görürəm. Bu gün qanuna edilən dəyişikliklər və əlavələr öz nəticəsini bir neçə ildən sonra göstərə biləcək. O zaman məktəblərdə psixoloji xidmətin keyfiyyətini müqayisə edib, konkret fikir söyləmək olacaq”.
Qeyd edək ki, təhsil haqqında qanuna dəyişikliyə görə, psixoloqlar üçün daha peşəkar şərtlərin müəyyənləşdirilməsi baxımından yeni qaydaların hazırlanması nəzərdə tutulub. Bu qaydalar təsdiq edildikdən sonra məktəblərdə psixoloji xidmət daha keyfiyyətli təşkil olunacaq və müəssisələrdə daha peşəkar psixoloqlar fəaliyyət göstərəcəklər.