Mütəmadi olaraq həftədə ən azı üç dəfə açıq havada gəzinti beyinin hippokamp və digər əsas hissələrinin ölçüsünün artmasına səbəb olur. Böyük Britaniyanın "Daily Mail” qəzetinin məlumatına görə, fiziki fəaliyyət də beyini Altsheymer xəstəliyindən qoruyur.
AzTehsil.com Azərtac-a istinadla xəbər verir ki, Kentukki Universitetindən olan bir qrup amerikalı alim təcrübə yolu ilə sübut edib ki, beyinin həcminin artması daha çox fiziki məşğələlər sayəsində baş verir. Tədqiqatın nəticələri "NeuroImage” elmi jurnalının xüsusi buraxılışında dərc olunub. Təcrübə zamanı 50-dən 70 yaşadək 30 kişi və qadın qaçış cığırında bir sıra məşğələlər edib. Bundan sonra onların beyni skanerdən keçirilib. Məlum olub ki, idmanla fəal məşğul olan insanlarda beyinə oksigen və qida maddələri ilə zənginləşən qanın axını artıb.
Böyük Britaniyalı tədqiqatçı, Ekster Universitetinin professoru Linda Kler qeyd edib ki, gəzinti, qaçış və velosiped sürmə "uzun müddətli sağlamlıq üçün zəruri şərtdir”. Böyük Britaniyada Alzheymer Xəstəliyi Cəmiyyətinin elmi rəhbəri Kler Uolton isə əmindir ki, ürək üçün yaxşı olan beyin üçün də faydalıdır.