Sağlamlıq

Məktəblilərin düzgün qidalanması haqqında

  • Admin
  • 08-apr-2024, 12:51
  • 0 Baxış




Qidalanma böyüyən nəslin sağlamlığını müəyyən edən əsas faktorlardan biri hesab olunur. Tamdəyərli və balanslaşdırılmış qidalanma xəstəliklərin profilaktikasına, uşaqlarda və yeniyetmələrdə fiziki və zehni inkişafın, əmək qabiliyyətinin və məktəb nailiyyətlərinin artmasına təsir edir, müasir həyata uyğunlaşmaqda onlara şərait yaradır.Valideynlər uşağın düzgün qidalanmasına cavabdehdirlər, övladının sağlamlığı və fiziki inkişafında məsuliyyət də məhz onların öhdəsinə düşür. Valideynlərə bilmək faydalı olardı ki, uşağın "çətin” xarakteri çox vaxt qeyri-rasional qidalanmanın nəticəsidir. Çünki düzgün qidalanma zehni qabiliyyəti yaxşılaşdırır, uşaqlarda yaddaşı inkişaf etdirir və bununla da təhsil prosesini yüngülləşdirir.
Övladınızın düzgün qidalanması üçün aşağıdakı qaydalara riayət edin:
1.     Tərkibində müxtəlif boyalar, konservantlar və digər kimyəvi maddələr olan məhsulları artıq dərəcədə uşağın qidasından kənarlaşdırın. Əlbəttə, bütünlükdə bunu etmək mümkün olmasa da cəhd etməyə çalışın.
2.     Yadda saxlayın: inkişaf edən orqanizmə zülallar vacibdir! Buna görə uşağın rasionuna ət daxil etməyə çalışın. Əgər vegetarian həyat tərzi tərəfdarısınızsa, o zaman uşağın rasionuna qoz və tərkibində bitki zülalı olan digər məhsulları mütləq daxil edin.
3.     Karbohidratları və yağları rasiondan tamamilə çıxarmaq düzgün deyil. Karbohidratlar güclü enerji mənbəyidir, yağlar isə orqanizmdə bir çox sistemlərin düzgün fəaliyyəti üçün vacibdir.
4.     Yeməyi buğda bişirməyə çalışın. Digər üsullarla bişirilən yeməklərə nisbətən buğda hazırlanan xörəklərdə faydalı maddələr uzun müddət saxlanılır.
5.     Səhər yeməyində, naharda və şam yeməyində uşağa hökmən isti yemək verin.
6.     Meyvə və tərəvəzlər vitaminlərin və mineralların vacib mənbəyi olduğuna görə övladınızın ahənglə inkişafında əsas yardımçılardır.
Qida rejiminə riayət edin! Uşağa gün ərzində ən azı 4 dəfə qidalanmaq lazımdır və qida qəbulları arasındakı fasilə 4-5 saatdan artıq olmamalıdır.
Məktəb yaşlı uşaq hər gün qəbul etməlidir:
-         Kərə yağı: 30-40 qram
-         Bitki yağı: 15-20 qram
-         Çörək (buğda və çovdar): 200-300 qram
-         Yarmalar və makaron məmulatları: 40-60 qram
-         Kartof: 200-300 qram
-         Tərəvəz: 300-400 qram
-         Meyvə (təzə): 200-300 qram
-         Şirə: 150-200 ml
-         Şəkər: 50-70 qram
-         Şirniyyat məmulatları: 20-30 qram
-         Süd, süd məhsulları:300-400 qram
-         Quş əti(file):100-130 qram
-         Balıq (file):50-70 qram
Sağlam qidalanma qaydaları:
Uşaq müxtəlif çeşidli qida maddələri almalıdır. Uşağın gündəlik rasionuna 15 növ müxtəlif qida məhsulları daxil olmalıdır (həftə ərzində qida rasionuna 30 növ qida məhsulları daxil olmalıdır).
Yodlaşdırılmış duzdan istifadə olunmalıdır. Qəbul olunan duzun gündəlik miqdarı 5 qramdan (1 çay qaşığı) artıq olmamalıdır.
Mövsümlər arası dövrdə (payız-qış, qış-yaz) yaşına uyğun olaraq uşaqlar tövsiyə edilən vitamin-mineral kompleksləri almalıdırlar.
Məktəblinin qida rasionunu "C” vitamini ilə zənginləşdirmək məqsədilə gündəlik itburnu dənləməsi qəbul etmək məsləhət görülür.
Qida qəbulu sakit şəraitdə olmalıdır.
Əgər uşaqda bədən çəkisinin azlığı və ya artıqlığı varsa, bu halda həkim konsultasiyası vacibdir. Çünki uşağın qida rasionuna onun fiziki inkişafının normadan kənar dərəcəsi nəzərə alınmaqla düzəliş edilməlidir.
İdmanla məşğul olan məktəblinin sərf etdiyi fiziki yükün həcmi qida rasionu nəzərə alınmaqla nizamlanmalıdır.
Evdə səhər yeməyi. Məktəbə gedərkən uşaqların əksəriyyəti səhər yeməyini pis yeyir və ya ümumiyyətlə yemirlər. Bu, onların sağlamlığına mənfi təsir edə bilər. Səhər yeməyi "ağır” olmamalıdır. Balıq, soyutma yumurta və ya omlet, kəsmik, sıyıq, kotlet və əlbəttə ki, hər hansı tərəvəzdən ibarət olması məsləhətdir.  Menyunu çay, südlü kakao və ya şirə ilə tamamlamaq olar.
Uşağın məktəbə özü ilə yemək aparması. Uşaq özü ilə məktəbə soyutma ət və ya pendirli buterbrod götürə bilər. Ona həmçinin yoqurt, peraşki, bulka da təklif etmək olar. Nəzərə almaq vacibdir ki, bəzi məhsullar (ən çox ət məhsulları) otaq temperaturunda tez korlanır. Xüsusən qış aylarında bu məsələ daha aktual şəkil alır, belə ki, məktəblərdə istilik sistemləri işə qoşulduğu zaman qidalar daha tez korlanır.
Evdə qablaşdırılmış yemək. Məktəbə götürülən səhər yeməyinin necə qablaşdırılmasının və uşağın onu hansı şəraitdə yeməsinin böyük əhəmiyyəti vardır. Plastik qablardan və ya qida kağızlarından istifadə etmək olar. Bu cür qablarda qida ilkin formasını itirmir və kitabları bulaşdırmır. Lakin qida kağızlarına bükülmüş səhər yeməyi qida gigiyenası baxımından təhlükəsizdir və istifadəsi rahatdır. Heç kimə sirr deyil ki, məktəblilər çox vaxt yeməkdən əvvəl əllərini yumurlar. Belə bükülü paketlərdəki buterbrodu yedikdə yeməyə əl ilə toxunulmur.
Pəhriz.Yeniyetmələrin əksəriyyətinin orqanizmində gedən dəyişikliklərlə əlaqədar maddələr mübadiləsində çox vaxt problemlər meydana çıxır və bunun nəticəsində də artıq çəki və dəridə problemlər yaranır. Bu problemlərin əksəriyyəti məhz düzgün seçilmiş pəhrizin köməyilə həll olunur. Bu məqsədlə özbaşına pəhriz tutmaq olmaz, çünki hər bir halda uşaq ona lazım olan bütün vacib maddələri və mikroelementləri almalıdır.  Hətta böyüklərin orqanizmi üçün ağır sayılan hər hansı şəkildə ac qalmaq, çox az kalori almaqla pəhriz saxlamaqdan çəkinmək lazımdır.Bütün sadalanan problemlər bir qayda olaraq müvəqqəti xarakter daşıyır və balanslaşdırılmış qidalanmanın, günün rejimi və fiziki məşğələlər hesabına aradan qaldırılır. Lakin əgər pozulmalar daha ciddi xarakter alarsa, bu zaman müalicə məsələləri mütəxəssislər tərəfindən həll olunmalıdır.




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?