Uşağın iştahasını artırmaq üçün XALQ TƏBABƏTİ ÜSULLARI
- Admin
- 13-apr-2024, 11:04
- 0 Baxış
Uşaqlarda yaranan iştahasızlıq valideynlərin ciddi narahatlığına səbəb olur. Uşaq qidadan imtina edir, çünki çox zaman qəbul olunan yemək, əsasən də səhərlər ürəkbulanma, hərdən qusma ilə müşahidə edilir. İştahasızlığı aradan qaldırmaq üçün uşaqlara müxtəlif vitamin-mineral komplekslər verilir, amma bu preparatlar yalnız verilən müddətdə təsir edir. Nəticədə isə uşaq normal qidalanmadığı üçün çəkidən və boydan geri qalır. Bu problemi aradan qaldırmaq üçün iştahasızlığı yaradan səbəbləri aşkar etmək lazımdır. Bir sıra xəstəliklər zamanı uşaqlarda əsas simptomlarla yanaşı iştahasızlıq da müşahidə olunur.
Bəs, hansı xəstəliklər iştahanın azalmasına səbəb ola bilər?
- mədə-bağırsaq xəstəlikləri
- lyamblioz
- helmintozlar (qurd xəstəlikləri)
- şəkərli diabet
- onkoloji xəstəliklər və sairə
Digər səbəblərdən - stress, depressiya, xroniki yorğunluq da iştahasızlıq yarada bilər.
Hər halda iştahasızlıq normal əlamət hesab olunmur. Yarandığı halda həkimlə məsləhətləşib, səbəbini aşkar etmək üçün uşağı müayinə etmək lazımdır.
Amma yanaşı olaraq xüsusi üsulların köməyi ilə bu problemi tez bir zamanda aradan qaldırmaq olur.
İştahı artırmaq üçün məsləhətlər:
- Yeməkdən əvvəl əlləri yumaq vərdişi yaratmaq lazımdır. Bu prosedurun tək gigiyenik deyil, psixoloji əsasları da var: uşağı qida qəbuluna hazırlayır.
- Qida rejiminə dəqiq riayət etmək lazımdır, yemək arası nəsə (əsasən də şirniyyat) vermək qadağandır.
- Uşağa məcburi hər hansı sevmədiyi yeməyi vermək olmaz.
- Qida qəbulu zamanı uşağın fikrini yayındırmaq olmaz. Məsələn, yemək zamanı TV-yə baxmaq, yaxud uşağa kitab oxumaq olmaz. Uşağın diqqəti yeməkdə olmalıdır.
Bu sadə üsullardan istifadə etməklə, uşağın iştahasını qaydaya salmaq mümkündür.
Xalq təbabəti üsulları ilə iştahasızlığın müalicəsi
Ev şəraitində hazırlamaq üçün iştahasızlıq əleyhinə xalq təbabətinə aid olan sadə reseptləri təqdim edirik.
KEŞNİŞ TOXUMU həzmi yaxşılaşdırır, iştahanı artırır, tərkibində olan efir yağının hesabına güclü spazmolitik və infeksiya əleyhinə təsir göstərir.
Hazırlanma qaydası: 1 ç.q. üyüdülmüş toxuma 250 ml qaynar su əlavə edib, 15 dəq. termosda dəmləmək, süzmək. İlıq vəziyyətdə 50-100 ml yeməkdən sonra qəbul etmək məsləhətdir. Müalicə kursu -1 ay.
MORUQ meyvəsinin dəmləməsi iştahanı artırır, həzmi yaxşılaşdırır, qusma, ishal əleyhinə təsir göstərir.
Hazırlanma qaydası: ½ st. moruq meyvəsinə 500 ml qaynar su əlavə etmək, 2 saat termosda dəmləmək. İlıq vəziyyətdə 50-100 ml yeməkdən 30 dəq. əvvəl gündə 3-4 dəfə qəbul etmək məsləhətdir.
ADİ RAZYANA iştahanı artırır, həzm traktının fəaliyyətini yaxşılaşdırır, yüngül işlədici, köp əleyhinə təsir göstərir.
Hazırlanma qaydası: 1 ç.q. toxuma 250 ml qaynar su əlavə edib, 1 saat termosda dəmləmək, süzmək. İlıq vəziyyətdə 50-100 ml yeməkdən 30 dəq əvvəl qəbul etmək məsləhətdir. Müalicə kursu -1 ay.
TURŞ MEYVƏLƏR mədə şirəsini və öd ifrazını artırır, iştahanı yaxşılaşdırır. Yeməkdən 30 dəq. əvvəl qəbul edilən 100 ml turş alma ilə yerköku şirəsinin dadlı qarışığı orqanizmə və iştaha müsbət təsir göstərir.