Bəzəyinə aldandığınız qutular uşaqlarınızı zəhərləyir – ALDANMAYIN!
- Admin
- 13-apr-2024, 11:55
- 0 Baxış
Yeni ilə sayılı günlər qalıb. Bu ərəfədə uşaqlara nə hədiyyə alınması ilə bağlı hər kəsdə bir təlaş var. Uşaqlar alınan hədiyyədən razı qalmalı və ürəyincə olmalıdır. Amma burada valideynlərin diqqət edəcəyi bir məqam var ki, hədiyyələr həm uşaqların xoşuna gəlməli, həm də onlara faydası olmalıdır.
Təəssüflər olsun ki, son illər bu məsələdə əksər valideynlər asan variantdan istifadə edirlər. Belə ki, bütün mağaza və marketlərdə, açıq satış yerlərində hazır hədiyyə bağlamalarından alaraq onlara hədiyyə edirlər. Amma həmin hədiyyə paketlərinin forması nə qədər qəşəng və cəlbedici görünsə də, içərisindəkilər barədə bunu demək olmur. Həmin hədiyyə bağlamalarının içərisində ucuz və keyfiyyətsiz şirniyyatlar və şarlar olur. Bu hədiyyə bağlamalarının ən ucuz qiyməti isə 3 manatdır. Halbuki onun içərisinə yığılan şirniyyatlar və şarın ümumi qiyməti 1 manat 50 qəpik ancaq olar.
Bu proses illərdir belə davam edir
Ən acınacaqlısı budur ki, valideynlər həmin hədiyyə bağlamalarını öz övladlarına sevərək alır və bununla onların sağlamlığına zərər vurduqlarının fərqinə belə varmırlar. Bu proses isə illərdir, bu cür davam edir. Hər Yeni il bayramı gəldikdə işbazlar bu cür keyfiyyətsiz, bəzən hətta vaxtı keçmiş mallarla qablaşdırılmış hədiyyə bağlamalarını satışa çıxarır.
Bəs, bu cür keyfiyyətsiz məhsulların uşaqların sağlamlığına hansı zərəri var? Uşaqlara hədiyyə kimi şirniyyatlar verilməlidirmi? Valideyn hədiyyə paketi alıbsa və onun içərisində keyfiyyətsiz məhsullar aşkarlayıbsa, nə etməlidir?
Bildirək ki, baş çəkdiyimiz bir neçə mağazada da yuxarıda qeyd edilən hədiyyə bağlamalarından satılır. Həm də müxtəlif qiymətlərə təklif olunur. Maraqlanırıq ki, görəsən həmin qiymət meyarını nə təyin edir?
Satıcı Anar deyir ki, hədiyyə bağlamalarının forması, ölçüsü və içərisindəki malın keyfiyyəti qiymətinə də təsir edir. Məsələn, əgər 5 manatlıq hədiyyə paketidirsə, onun içərisində nisbətən ucuz məhsullar, şirniyyatlar yığılır: ”Bizdə hətta 20-30-40 manata da hədiyyələr var. Onların içərisinə hərəsinin öz qiymətinə görə daha bahalı şirniyyatlardan qoyuruq və çəkisi də nisbətən ağır olur. Bu hədiyyələrin hər birinin öz alıcısı var. Bahalısını da alırlar, ucuzunu da”.
Mağazada nəvəsinə hədiyyə bağlaması alan bir qadınla söhbət edirik. Deyir ki, nəvəsi içərisində Şaxta baba fiqurlu şokolad olan hədiyyə istəyir: "İndi soruşdum dedilər ki, belə hədiyyə var. Qiyməti isə 6 manatdır. Elə mən də ondan üçünü alacam. Hər nəvəmə birini”.
Bunlar uşaq qida rasionunda qətiyyən yer almamalıdır
Pediatr Günay Rəsulova valideynlərə xəbərdarlıq edir ki, bu cür hədiyyələrin üstü bəzəkdir, içi isə o qədər də ürəkaçan deyil:
"Üstəlik də bu bağlamalar od qiymətinə satılır. Hazır hədiyyə bağlamalarının uşaqlara alınması qətiyyən doğru deyil. Çünki mən özüm sınaq üçün həmin hədiyyələrdən bir dənəsini açıb baxdım. İçərisi normalda ən keyfiyyətsiz hesab etdiyimiz və heç vaxt körpələrə verməyəcəyimiz qidalarla doldurulur. Məsələn, vafli, yumurta şokolad, kinder sürprizlər – bunlar ən zəhərli şokolad hesab olunur. Çipslər, suxariklər var ki, bunlar da ən zərərli ədviyyatlarla zəngin qidalardır. Hətta süni şirələr də qoyulur. Bunlar qətiyyən uşaq qida rasionunda yer almamalıdır. Bu cür hədiyyə bağlamalarının içərisində hətta üzərində istifadə müddəti yazılmamış şirniyyatlar da var”.
Qusma, ürəkbulanma, halsızlıq...
Həkimin sözlərinə görə, bu qidaların istifadəsindən sonra uşaqların sağlamlığında bir çox problemlər olur:
"Praktikamda rast gəlmişəm - bir uşaq həmin qidalardan yeyəndən sonra onda ciddi allergik reaksiya müşahidə olunmuş, üzü şişmişdi. Bu qidaları qəbul etdikdən sonra uşaqlarda qusma, ürəkbulanma, halsızlıq, hərarətin yüksəlməsi, qarın getməsi, qarında sancı, ağrı, allergik səpkilər, sifətdə şişkinlik və sair kimi əlamətlər yarana bilər. Bəzən valideynlər soruşur ki, bu cür qidaları neçə yaşından sonra verək uşaqlara? Burada yaş məhdudiyyəti yoxdur. Heç bir yaş dövründə uşaqlara bu qidaların verilməsi məsləhət deyil. Əslində belə qidaların satışı qadağan olunmalıdır. Bunu sadəcə uşağın əyləncəsi üçün verirlər.
Amma sağlamlıq hər şeydən əvvəl gəlir. Bu hədiyyələrlə həm uşaqlara, həm öz cibinizə zərər verməyin. Bayramlar gözəldir, uşaqlar bayramlarda sevindirilməli, əyləndirilməlidir, lakin ən önəmli şey onların sağlamlığıdır ki, bunu qətiyyən unutmamalıyıq. Belə hədiyyələrin əvəzinə daha sağlıqlı üsullarla bayram sevincini yaşamaq olar. Misal üçün, boş hədiyyə paketini alıb, içinə hər hansı bir oyuncaq qoyub uşağı sevindirə bilərsiniz”.
Vaxtı keçmiş, yaxud saxlanma şəraiti pis olub xarab olan mallar qablaşdırılır
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Yaqubov qeyd etdi ki, uşaqlarının sağlamlığı naminə valideynlər belə hədiyyələr alarkən diqqətli olmalıdırlar:
"Hər bir valideyn Yeni il hədiyyə paketi alarkən içindəki şirniyyatların keyfiyyəti ilə maraqlanmalı, qutuların üzərindəki son istifadə tarixinə nəzər salmalı və məhsulların hansı ölkədə istehsal olunması ilə də maraqlanmalıdırlar. Vaxtı ilə bu problemlər daha çox idi. Apardığımız mütəmadi işlər nəticəsində bəzi müsbət irəliləyişlər əldə etmişik. Amma problem kökündən həll olunub qurtarmayıb. Bu cür hallar var ki, vaxtı keçmiş mallar, yaxud saxlanma şəraiti pis olub xarab olmuş mallar qablaşdırılır və vətəndaşlara satılır. Valideynlər təəssüflər olsun ki, bu cür hədiyyələri alıb uşaqlara verirlər. Bu, uşaqların sağlamlığı üçün təhlükəlidir”.
İqtisadiyyat Nazirliyinin 49801 nömrəli telefon xəttinə məlumat verin
E.Hüseynovun sözlərinə görə, istehlakçıların yararsız məhsulu geri qaytarıb, malın 100 faiz dəyərini geri almaq hüququ var. Bundan əlavə, istehlakçıların hüquqlarına əsasən, bu cür problemlərlə qarşılaşanlar İqtisadiyyat Nazirliyinin 498-05-04 nömrəli telefon xəttinə məlumat verə bilərlər.
Şirniyyat əvəzinə kitab alın
Bəs, görəsən, mütləqdirmi ki, uşaqlara yeni ildə hədiyyə olaraq şirniyyat bağlamaları alınsın? Uşaqları daha hansı hədiyyələrlə sevindirmək olar?
Psixoloq Vəfa Əkbər deyir ki, uşaqlara yaşa uyğun hədiyyələrin verilməsi daha məqsədəuyğundur:
"Düşündürücü bir oyuncaq, kitab verilməsi uşağın psixoloji rahatlığına və şəxsi inkişafına təkan verər, nəinki şirniyyatlar. Bunlar hamısı uşaqlarda sevincə səbəb olur, amma yadda qalacaq bir şey olmur. Uşaqlara hədiyyə kitab, ya da anlamlı bir oyuncaq verilsə, onun dəyərini daha yaxşı bilər”.
Psixoloq bildirir ki, valideynlər uşaqlarını hansı istiqamətə yönəltmək istəyirsə, o istiqamətdə də hədiyyə seçməlidir:
"Məsələn, uşağın meyli nəyədirsə, onu inkişaf etdirəcək bir hədiyyə olmalıdır. Qeyd edim ki, burada təqdimat da hər şeydən önəmlidir. Valideyn əgər onu adi hədiyyə kimi təqdim etsə, uşaq onun dəyərini təbii ki, bilməyəcək. Adi bir kitab kimi versə ki, al, sənə kitab hədiyyə edirəm, uşaq bunu hədiyyə kimi qəbul etməyəcək. Amma mən getdim, çox axtardım, dəyərli və sənin də dəyər verəcəyin bir hədiyyə olduğu qənaətinə gələrək bu kitabı aldım desə bu, uşağın gözündə daha da yüksələr”.