Sağlamlıq

Azərbaycanda ən çox rast gəlinən qan qrupu açıqlandı - Qanvermə İnstitutunun direktoru ilə MÜSAHİBƏ

  • Admin
  • 16-apr-2024, 19:07
  • 0 Baxış


Zöhrə Əlimirzəyeva: "Özəl klinikaları deyə bilmərəm, amma dövlət müəssisələrindən pulla qan almaq məsələsi  yoxdur”


Hazırda Azərbaycanda kifayət qədər qan donorlarının olduğunu bilirik. Bəs ölkə qan tələbatını ödəyə bilirmi? Ümumiyyətlə, bu sahə üzrə vəziyyət nə yerdədir?


Aztəhsil.com modern.az-a istinadən B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva ilə həmsöhbət olub.


- Azərbaycanda ən çox hansı qan qrupundan  istifadə olunur?


- Ümumiyyətlə, bütün qan qruplarından istifadə olunur. Azərbaycanda və eləcə də dünyada ən çox rast gəlinən I qan qrupudur. Növbəti ardıcıllıqda isə II, III, IV qan qruplarıdır. Bilirsiniz, bütün ölkələrdə IV qan qrupuna az rast gəlinir.

 

Bu baxımdan hansı qan qrupundan daha çox istifadə edildiyini dəqiq demək mümkün deyil. Gün ərzində bütün qan qruplarına təlabat olur. Lakin IV qan qrupuna mənsub olan insanların sayı da azdır. Əlbəttə, hazırda daha çox I və II qan qruplarından istifadə olunur.


- IV qan qrupunu  həm də çətin tapılan qan qrupu hesab etmək olarmı?


- Bütün dünyada rəqəmlər demək olar ki, eynidir. İnsanların 15 faizində mənfi rezurs mənsubiyyəti, digərlərində isə müsbət rezurs mənsubiyyəti var. Rezurs-mənfi  qan qrupu olan insanlara ancaq rezurs-mənfi qan vurmaq lazımdır. Həmçinin, hər insana özünə mənsub olan qan qrupunun köçürülməsinə çalışmaq lazımdır.

 

Universal donorlar mövcuddur.  Məsələn, I qan qrupunu bütün qan qruplarına vurmaq mümkündür. Amma əslində hər insana özünə uyğun qan qrupu vurulmalıdır. Müsbət rezurslu insanlara mənfi qan qrupu vurmaq olar, amma mənfiyə heç vaxt müsbət vurmaq olmaz. Eləcə də  hər hansı xəstəyə qan vurulursa, mütləq həmin müəssisədə onun qan qrupu yoxlanılır.

 

Çünki başqa qan qrupu vurulanda çox böyük  fəsadlar baş verir. Ola bilər, xəstəyə hər hansı xəstəxanada qan köçürülüb və daha sonra başqa bir xəstəxanaya gedib. Həmin xəstəxanada da mütləq qan qrupu yoxlanılmalı və uyğun qan qrupu vurulmalıdır. Bilirsiniz, şəxsiyyət vəsiqəsində qan qrupları və rezurs mənsubiyyəti göstərilir.

 

Ancaq  heç kəs bununla kifayətlənə bilməz. Şəxsin vəsiqəsində qan qrupu qeyd edilsə də, mütləq onu yoxlayırıq. Eyni zamanda, hər bir müəssisədə şəxsiyyət  vəsiqəsinə  baxılmadan qan qrupu yoxlanılmalıdır.


- Maraqlıdır, hazırda Azərbaycan  qan təlabatını ödəyə bilirmi?


- Aşura zamanı aksiyalarda gördüyünüz kimi, qan verənlərin sayı çox idi. Həmçinin, ilin əvvəlində Səhiyyə Nazirliyi tərəfindən xüsusi cədvəl üzrə  briqadalar təşkil olunur. Amma qan elə bir şeydir ki, o daim yenilənir. Qanın saxlanma müddəti var. Eritrosit kütləsi qanın tərkibindəki qoruyucu maddədən asılı olaraq bir ay və ya 42 gün saxlanıla bilər.

 

Bu baxımdan hər ay bu ehtiyat yenilənməlidir. Ona görə də mütəmadi donorluğa ehtiyac var.  Bu həm də təhlükəsizl donorluq deməkdir. Əlbəttə, təsadüfi, təmənnalı donorlarda infeksiyalara rast  gəlmə ehtimalı çoxdur. Ölkəmizdə artıq 2006-cı ildən dövlət proqramına əsasən, təmənnasız donorluq mövcuddur.

 

İnsanlar könüllü  şəkildə gəlib qan verirlər. Yaxud rayonlara briqadalar təşkil olunur və orada baş həkimlər, icra hakimiyyəti nümayəndələrinin yardımı ilə  insanlar könüllü qan verə bilir. Həmin qanlar yığılaraq Mərkəzi Qan Bankına gətirilir. Buna baxmayaraq, qan hər zaman yenilənməli və könüllülük istiqamətində təbliğat həmişə olmalıdır.


- Qeyd etdiniz ki, donorluq təmənnasızdır. Bəs kimlərinsə müəyyən məbləğ qarşılığında donorluq etmək ehtimalı necədir?


- Özəl müəssələri deyə bilmərəm, amma dövlət müəssisələrində tam təmənnasız donorluq mövcuddur. İnsanlar könüllü surətdə qanlarını verir və qarşılığında heç bir maddi vəsait almırlar. Çox zaman xəstə gəlirsə, qan tələbatı ilə bağlı ilk növbədə qohumlara məlumat verilir. Bəzən bir xəstə üçün beş-altı nəfər qan verir.

 

Bildiyiniz kimi, indi bütün dünyada təhlükəsizlik baxımından bütöv qan köçürülmür və qanı  komponentlərə ayrırlar. Yəni bir şəxs qan verməklə bir neçə nəfərə kömək edə bilir. Digər tərəfdən qan bankı strateji obyektdir və orada həmişə qan ehtiyatı  olmalıdır. Hər hansı fövqəladə hadisə, təbii fəlakətlər zamanı qana ehtiyac olur.


- Donorluq üçün könüllü müraciət edənlərin sayı necədir?


- Əlbəttə, könüllü müraciət edənlər kifayət qədərdir. Həmçinin, bu sırada xəstə qohumları da yer alır. Eləcə də bizim briqadalar müəssisələrə, rayonlara gedirlər. Bəzi müəssisələr qan vermək üçün özləri bizə müraciət edir.

 

Bizim də ilk növbədə vəzifəmiz həmin  briqadanı təşkil edib, yerində həmin insanlardan qan götürmək və Mərkəzi Qan Bankına təhvil verməkdir. Yığılan qan burada infeksiyalara görə müayinə olunur və hissələrə ayrılaraq müvafiq şəraitdə saxlanılır.


- Bəzi hallarda belə fikir səsləndirilir ki, qana ehtiyacı olanlar qan əldə etmək üçün müəyyən məbləğ ödəməlidir.


- Qətiyyən belə bir şey yoxdur. Qan kiçik cərrahiyyə əməliyyat sayılır və bunun üçün həkim çox böyük məsuliyyət daşıyır. Xəstə həkim tərəfindən müayinə ediləndən sonra tibb işçisi müvafiq  tələbnamə ilə qan bankına müraciət edir və burada həmin qanı götürərək öz müəssisəsində tətbiq edir.

 

Bu baxımdan hər hansı məbləğdən söhbət gedə bilməz. Özəl tibb müəssisələrini deyə bilmərəm, amma  dövlət müəssisələrində pulla qan almaq məsələsi  ümumiyyətlə yoxdur.


- Mərkəzi Qan Bankında nə qədər qan ehtiyatı var?


- Hazırda kifayət qədər qan ehtiyatımız var. Sadəcə biz ilin axırında donorların sayı barədə məlumat veririk.  9 ay ərzində 64 minə yaxın  donor qanvermədə iştirak edib. Ötən il isə donorların sayı  80 mindən yuxarı idi.




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?