İdarəetmə / Metodika / Ümumi / Direktor

Təhsil müəssisələrində iaşə və tibbi xidmətinin təşkili Qaydası və Normaları

  • Admin
  • 18-apr-2024, 20:43
  • 12 Baxış



Təhsil müəssisələrində iaşə və tibbi xidmətinin təşkili Qaydası və Normaları

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

1. Ümumi müddəalar

1.1. “Təhsil müəssisələrində iaşənin və tibbi xidmətin təşkili Qaydası və Normaları” (bundan sonra - Qaydalar) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrində iaşənin və tibbi xidmətin təşkili məsələlərini tənzimləyir.

1.2. Bütün təhsil müəssisələrində iaşə və tibb xidməti sanitariya norma və qaydalarına uyğun təşkil olunmalıdır. Təhsil müəssisələrinin rəhbərləri bu Qaydaların tələblərinə əməl edilməsinə görə məsuliyyət daşıyırlar.

 

2. İaşənin təşkili

2.1. Təhsil müəssisəsinin tipindən, növündən və tədris müddətindən asılı olaraq, iaşə obyektləri bufet və (və ya) yeməkxana formasında təşkil edilir.

2.2. Təhsil müəssisəsində iaşə xidməti təhsil müəssisəsi ilə hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilə əsasında qanunvericiyə müvafiq olaraq təşkil olunur.

2.3. Təhsil müəssisələrində fəaliyyət göstərən iaşə obyektləri aşağıdakılardır:

- ərzaq xammalı əsasında işləyən yeməkxanalar;

- yarımfabrikat əsasında işləyən yeməkxanalar;

- bufet-paylayıcı kimi fəaliyyət göstərən iaşə obyektləri.

2.4. Bufet və yeməkxanalar üçün qida qəbulu zalları ayrılır. Onların sahəsi qüvvədə olan tikinti və sanitariya normalarına uyğun olmalıdır.

2.5. Təhsil müəssisələrində fəaliyyət göstərən iaşə obyektlərinin sanitariya-texniki vəziyyəti, xammal və məhsulların saxlanma şəraiti, istehsalat rejimi, istehsalat sahələri, avadanlıqlar və s. sanitariya norma və qaydalarına uyğun olmalıdır.

2.6. Qida blokunun (mətbəx, ərzaq məhsulları anbarı, qida qəbulu zalı, bufet, yeməkxana) işçiləri işə qəbul edilərkən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada ilkin və sonradan dövri tibbi müayinələrdən keçməlidirlər.

Aşağıdakı xəstəlikləri olan şəxslər işə qəbul olunmurlar, işləyənlər isə tam sağalanadək işdən kənarlaşdırılırlar:

- qarın yatalağı, paratiflər, salmonellyoz, dizenteriya ilə xəstələnmə və basil gəzdirmə;

- himenolipidoz, enterobioz;

- sifilis (yoluxucu dövrdə) ;

- cüzam;

- yoluxucu dəri xəstəlikləri, qoturluq, trixofitiya, mikrosporiya, favus, bədənin açıq sahələrində xoralaşma və sviş verən aktinomikoz;

- ağciyər vərəminin yoluxucu və destruktiv formaları, svişi olan və ciyərdən kənar vərəm, bakteriya, üzün və əllərin vərəm qurdeşənəyi;

- qonoreya (bütün formaları);

- dərinin irinli xəstəlikləri.

2.7. Qida blokunun işçiləri iki ildən bir dəfədən az olmayaraq, sanitariya-gigiyena minimumlar üzrə hazırlıq kursları keçməlidirlər.

 

3. Tibb xidmətinin təşkili

3.1. Mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrində təhsilalanlar ərazi və ya tələbə poliklinikaları tərəfindən tibb xidməti ilə təmin edilirlər.

Təhsil müəssisələrində təhsilalanlara ambulator tibb xidmətinin təşkili üçün həkim və ya tibb məntəqəsi yaradıla bilər.

3.2. Hər bir təhsil müəssisəsi tərəfindən tibb xidmətinin təşkili üçün müvafiq sayda otaqlar və avadanlıqlar ayrılır.

3.3. Təhsil müəssisələrində tibb xidməti təhsil müəssisəsinin iş qrafikinə uyğun şəkildə təşkil edilməlidir.

3.4. Təhsilalanların profilaktik müayinəsi, immunoprofilaktika proqramları çərçivəsində profilaktik peyvəndlərin edilməsi təhsil müəssisələrinin rəhbərliyi ilə əvvəlcədən razılaşdırılmış qrafik üzrə aparılır.

 

4. Təhsil müəssisəsinə xidmət edən tibb işçilərinin əsas vəzifələri

      Təhsil müəssisəsinə xidmət edən tibb işçilərinin əsas vəzifələri aşağıdakılardır:

- pedaqoji kollektivlə birlikdə uşaqların siyahıya alınmasını aparmaq, onların təhsilə funksional hazırlığını müəyyən etmək, təhsilalanların adaptasiya rejimi üzrə və peşə yönümünə (təmayülünə) görə tövsiyələr vermək;

- təhsilalanların profilaktik müayinəsini aparmaq və profilaktik peyvəndlər etmək;

- pedaqoji kollektivlə birlikdə uşaqları və valideynləri sanitariya-gigiyena, sağlam həyat tərzi, reproduktiv sağlamlıq və digər səhiyyə məsələləri üzrə maarifləndirmək;

- uşaqları fiziki inkişaf dərəcəsinə görə bədən tərbiyəsi üzrə tibbi qruplara bölmək, fiziki tərbiyənin effektivliyinin təhlilini aparmaq, fiziki tərbiyənin aparılmasına nəzarət etmək;

- təhsil müəssisəsinin, o cümlədən qida blokunun sanitariya-gigiyena və əksepidemik rejiminə, işçilərin vaxtlı-vaxtında tibbi müayinədən keçməsinə, risk qrupundan olan uşaqların fərdi qidalanmasının təşkilinə gündəlik nəzarət etmək;

- menyunun təşkilində iştirak etmək;

- dərs cədvəlinin təşkili zamanı tövsiyələr vermək.

 



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?