İdarəetmə / Direktor / Metodika / Ümumi

Məktəbə hazırlığın təşkili QAYDALARI

  • Admin
  • 22-apr-2024, 09:44
  • 69 Baxış



Məktəbə hazırlığın təşkili  QAYDALARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanmışdır və məktəbə hazırlığın təşkili məsələlərini tənzimləyir.

1.2. Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, uşaqların intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini təmin edir.

1.3. Beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir.

1.4. Məktəbəqədər yaşlı uşağın təhsili onun inkişafının süni surətdə tezləşməsinə deyil, zənginləşdirilməsinə istiqamətləndirilməlidir.

1.5. Məktəbəqədər təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 5 yaşdan 6 yaşadək uşaqları əhatə edir və mülkiyyət formasından asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrində ehtiyac olduğu halda, 5 yaşlı uşaqlar üçün məktəbəhazırlıq qrupları təşkil olunmalıdır.

1.6. Beşyaşlıların məktəbə hazırlığı "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim Proqramı" əsasında (məktəbəqədər təhsil üzrə kurikulum) həyata keçirilir. Eyni zamanda yeni alternativ proqramlardan da istifadə oluna bilər.

1.7. Beşyaşlıların məktəbə hazırlığı məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında, ailədə və qısamüddətli təlim qruplarında aparıla bilər. Uşaqları məktəbəqədər təhsil müəssisələrinə getməyən valideynlər üçün uşaqlarını məktəbə hazırlamaq istiqamətində maarifləndirilmək məqsədi ilə müxtəlif xidmətlər təşkil edilə bilər.

1.8. Məktəbəqədər təhsil müəssisələrində uşaqların fiziki, əqli və psixoloji cəhətdən məktəbə hazırlığını müəyyənləşdirmək məqsədi ilə onların diaqnostikası həyata keçirilməlidir.

 

 

 

 

 

2. MƏKTƏBƏ HAZIRLIĞIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

2.1. Məktəbə hazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir.

2.2. Məktəbə hazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır.

 

3. MƏKTƏBƏ HAZIRLIĞIN TƏŞKİLİ ÜÇÜN QOYULAN TƏLƏBLƏR

    Məktəbə hazırlığın təşkili üçün aşağıdakı tələblər qoyulur:

məktəb təliminə hazırlanan uşaqların psixoloji və psixofizioloji xüsusiyyətlərinin öyrənilməsi;

məktəbəqədər yaşlı uşaqların müvəffəqiyyətli təhsil və tərbiyəsinin təşkili əsaslarının müəyyənləşdirilməsi;

gələcək birinci sinif şagirdlərinin şəxsi keyfiyyətlərinin aşkara çıxarılması;

uşaqların inkişafının izlənilməsi üçün müşahidə gündəliklərinin aparılması;

istedadlı uşaqların aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi məqsədi ilə hər bir uşağın fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində müvafiq işlərin aparılması;

uşağın məktəb təliminə hazırlığı zamanı hər şeydən əvvəl onun aşağıdakıları əhatə edən fiziki, şəxsiyyətyönümlü, intellektual və sosial hazırlığı nəzərdə tutulmalıdır:

 

fiziki hazırlıq:

uşağın sağlamlığının vəziyyəti, uşaq orqanizminin morfofunksional yetişkənliyi;

hərəki fəaliyyətin, xüsusilə xırda motorikanın koordinasiyasının inkişafı;

fiziki və əqli qabiliyyətin inkişafı;

şəxsiyyətyönümlü hazırlıq:

müstəqillik, məsuliyyətlilik, fəallılıq, təşəbbüskarlıq;

başqasını dinləmək və öz hərəkətlərini onunla razılaşdırmağı bacarmaq;

müəyyən edilmiş qaydalara riayət etmək, qruplarda çalışmağı bacarmaq;

ünsiyyətin, özünüqiymətləndirmənin formalaşması;

intellektual hazırlıq:

obrazlı təfəkkürün, təxəyyülün, yaradıcılığın, məntiqi təfəkkürün inkişafı;

idrakı fəaliyyət vasitələrinə (müqayisə etmə, analiz, klassifikasiya, ümumiləşdirmə), ana dilinə və nitqin əsas formalarına (dialoq, monoloq), digər spesifik uşaq fəaliyyəti növlərinin daxilində təlim elementlərinə (quraşdırma, rəsm, yapma və müxtəlif oyunlar) yiyələnmək;               

prosesləri (obyektləri) müqayisə etmək, ümumiləşdirmək, qruplaşdırmaq, əlamətlərinə görə ayırmaq, nəticə çıxarmağı bacarmaq.

 

 sosial hazırlıq:

yüksək əxlaqi təsəvvürlərin və vətəndaşlıq hisslərinin (vətənpərvərlik, humanistlik, digər millətlərə hörmət) inkişafı;

böyüklərlə və yaşıdları ilə ünsiyyətin qurulmasında yüksək mədəni davranış qaydalarının mənimsənilməsi;

öz hərəkətlərində əxlaq normalarının rəhbər tutulması və onlara riayət olunması.

 

4. UŞAQLARIN MƏKTƏBƏ HAZIRLIĞININ TƏŞKİLİ

4.1. Uşaqların məktəbə hazırlığının səmərəliliyini artırmaq üçün təlim məşğələlərində müxtəlifformalı inkişafyönlü didaktik oyunların tətbiqi prioritet hesab olunur.

4.2. Məktəbəhazırlıq qruplarında həftə ərzində 12 məşğələ təşkil edilir. O cümlədən:

 

Məşğələlər

Kütləvi qruplarda

Azsaylı xalqların uşaqlarından ibarət qruplarda

Ətraf aləmlə tanışlıq

1

1

Savad təliminə hazırlıq və nitq inkişafı

2

4

Bədii təfəkkürün inkişafı

1

1

Məntiqi və riyazi təfəkkürün inkişafı

2

2

Təsviri fəaliyyət

2

1

Musiqi

2

1

Fiziki mədəniyyət

2

2

 

4.3. Məktəbəhazırlıq qruplarında bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?