Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında qərar
- Admin
- 24-apr-2024, 23:17
- 78 Baxış
Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN 27 may 2010-cu il tarixli 98 №-li QƏRARI
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının 1.26-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə aşağıdakı əlavələr müəyyən edilsin:
ixtisası üzrə işləyən fəlsəfə doktorlarının (elmlər namizədlərinin) elmi dərəcəyə görə (elm sahələri göstərilməklə) vəzifə maaşlarına işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq — 60 manat;
ixtisası üzrə işləyən elmlər doktorlarının elmi dərəcəyə görə vəzifə maaşlarına işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq — 100 manat;
dosent elmi adına görə:
iş stajı 5 ildən 10 ilə qədər olduqda — 25 manat;
iş stajı 10 ildən 15 ilə qədər olduqda — 50 manat;
iş stajı 15 ildən 20 ilə qədər olduqda — 75 manat;
iş stajı 20 ildən artıq olduqda — 100 manat;
professor elmi adına görə:
iş stajı 5 ildən 10 ilə qədər olduqda — 30 manat;
iş stajı 10 ildən 15 ilə qədər olduqda — 60 manat;
iş stajı 15 ildən 20 ilə qədər olduqda — 90 manat;
iş stajı 20 ildən artıq olduqda — 120 manat.
Elmi dərəcəyə və elmi adlara görə müəyyən edilən əlavələr işçi tam ştat üzrə işlədikdə 100 faiz, yarımştat üzrə işlədikdə isə nəzərdə tutulan məbləğin 50 faizi həcmində ödənilir.
Elmi dərəcəyə və elmi adlara görə müəyyən edilən əlavələr əsas iş yerində 1,0 ştat və ya 1,0 stavka dərs yükünə, əvəzçilik üzrə əlavə iş yerlərində isə cəmi 0,5 ştat və ya 0,5 stavka dərs yükünə görə ödənilir.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 12 sentyabr tarixli, 210 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 858) ilə təsdiq edilmiş 2 nömrəli əlavə — “Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin vəzifə maaşlarına tətbiq edilən əlavələr”in “Vəzifələrin adı” sütununun “Pedaqoji heyət” bölməsindən “Professor” “30”, “60”, “90”, “120” və “Dosent” “25”, “50”, “75”, “100” sözləri çıxarılsın.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.