İdarəetmə / Direktor / Metodika / Ümumi

Stasionar müəssisələrdə təhsil təhsilinin təşkili

  • Admin
  • 16-may-2024, 21:18
  • 43 Baxış


“Sağlamlıq imkanları məhdud şəxslərin stasionar müəssisələrdə olduqları dövrdə təhsilinin təşkili Qaydası”nın təsdiq edilməsi və “Stasionar şəraitdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 88 nömrəli Qərarının ləğv edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Onkoloji yardım haqqında”, “Sosial xidmət haqqında”, “Mədəniyyət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Məşğulluq haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli 349-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 19 iyul tarixli 540 nömrəli, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 24 fevral tarixli 373 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 avqust tarixli 1426 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Sağlamlıq imkanları məhdud şəxslərin stasionar müəssisələrdə olduqları dövrdə təhsilinin təşkili Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Stasionar şəraitdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 88 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 325; 2013, № 6, maddə 721; 2015, № 10, maddə 1224; 2017, № 4, maddə 660) ləğv edilsin.

3. Bu Qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

 

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 24 dekabr 2021-ci il

№ 413


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 dekabr tarixli 413 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Sağlamlıq imkanları məhdud şəxslərin stasionar müəssisələrdə olduqları dövrdə təhsilinin təşkili

Q A Y D A S I

 

1. Bu Qayda “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və sağlamlıq imkanları məhdud şəxslərin stasionar müalicə-profilaktika və ya reabilitasiya müəssisələrində (bundan sonra – stasionar müəssisələrdə) olduqları dövrdə təhsilinin təşkili ilə əlaqədar məsələləri tənzimləyir.

2. Sağlamlıq imkanları məhdud şəxslər stasionar müəssisələrdə uzunmüddətli (21 gündən artıq) stasionar müalicədə olarkən, həmin şəxslərin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) ərazi üzrə psixoloji-tibbi-pedaqoji komissiyalarının qərarı əsasında müvafiq tədris proqramlarına uyğun təhsil almaları təşkil edilir. [1]

3. Stasionar müəssisələrdə təhsilin təşkilinə ümumi metodik rəhbərlik və keçirilən dərslərə nəzarət müvafiq olaraq Nazirliyin Bakı şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri (bundan sonra – yerli idarəetmə orqanları) tərəfindən həyata keçirilir.

4. Stasionar müəssisələrdə 21 gündən artıq qalması nəzərdə tutulan sağlamlıq imkanları məhdud şəxslər barədə məlumatlar müəssisənin rəhbərliyi tərəfindən ərazi üzrə Nazirliyin yerli idarəetmə orqanlarına təqdim olunur.

5. Stasionar müəssisələrdə təhsilin təşkili və ona rəhbərlik stasionar müəssisələrin yaxınlığında yerləşən ümumi təhsil müəssisələri (bundan sonra – məktəb) tərəfindən həyata keçirilir.

6. Stasionar müəssisələrdə pedaqoji fəaliyyətə “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 156 nömrəli Qərarına uyğun olaraq pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan şəxslər buraxılırlar.

7. Stasionar müəssisələrdə ümumi təhsil proqramı ilə tədrisi həyata keçirən müəllimlərin dərs saatına mütənasib olaraq vəzifə maaşına 15 faiz, xüsusi təhsil proqramı ilə tədrisi həyata keçirən müəllimlərin vəzifə maaşına isə 50 faiz əlavə ödənilir.

8. Sağlamlıq imkanları məhdud şəxslərlə təhsil qrup şəklində və ya fərdi formada təşkil edilir. Qrup dərsi eyni sinifdən olan 4-15 nəfər sağlamlıq imkanları məhdud şəxs olduqda aparılır.

9. Müalicə aparılan şöbədə 4 nəfərdən 15 nəfərədək I-IV sinif şagirdləri olarsa, komplekt sinif təşkil edilir.

10. V-XI sinif şagirdləri üçün qrup dərsi iki sinfin birləşdirilməsi yolu ilə aparılır (V-VI, VI-VII, VII-VIII, VIII-IX, IX-X, X-XI).

11. Stasionar müəssisələrdə sağlamlıq imkanları məhdud şəxslərlə dərslərin başlanması vaxtı və təhsilin təşkili forması xəstənin səhhətindən asılı olaraq, müalicə həkiminin yazılı rəyi əsasında baş həkim tərəfindən bu Qaydanın 12-ci hissəsi nəzərə alınmaqla müəyyən edilir. Bu barədə xəstəlik tarixində qeyd aparılır.

12. Müəllimlər sağlamlıq imkanları məhdud şəxslərlə dərsləri onların vəziyyətini nəzərə alaraq baş həkimlə razılaşdırılmış cədvəl üzrə təşkil edir. Hər bir sağlamlıq imkanları məhdud şəxsin gündəlik dərs yükü I-IV siniflərdə 2 saatdan, V-IX siniflərdə 3 saatdan, X-XI siniflərdə 3,5 saatdan çox olmamalıdır.

13. Stasionar müəssisələrdə baş həkim təhsilin bu Qaydaya uyğun təşkili üçün müvafiq şərait yaradır və dərs cədvəlini təsdiq edir.

14. Stasionar müəssisələrdə sağlamlıq imkanları məhdud şəxslərlə aparılan həftəlik dərs saatlarının miqdarı aşağıdakı kimidir:

 

Siniflər

Fərdi dərslər (saat)

Qrup dərsləri (saat)

I-III

3

12

IV

4

12

V

4

18

VI-VII

5

18

VIII

5

18

IX

6

18

X-XI

6

21

 

15. Stasionar müəssisələrdə sağlamlıq imkanları məhdud şəxslər müvafiq sinif proqramlarına uyğun dərslərə cəlb edilirlər.

16. Sağlamlıq imkanları məhdud şəxslərlə aparılan dərslərin qeydiyyatı üçün sinif jurnalı ayrılır. Bu jurnalda dərsi aparan müəllim stasionar müəssisəyə daxil olmuş sağlamlıq imkanları məhdud şəxslər haqqında məlumatları (soyadı, adı, atasının adı, doğulduğu il, məktəbin nömrəsi, sinfi, stasionar müəssisəyə daxil olduğu tarix, dərslərin başlanması və bitməsi vaxtı, keçirilən dərs saatlarının miqdarı, keçilmiş mövzular və şagirdlərin biliyinin qiymətləndirilməsinin nəticələri) qeyd edir.

17. Stasionar müəssisələrdən evə yazılandan sonra sağlamlıq imkanları məhdud şəxslər haqqında bu Qaydanın 16-cı hissəsində qeyd olunan məlumatlar həmin uşağın təhsil aldığı məktəbə göndərilir.

18. Stasionar müəssisələrdə tədrisin təşkili ilə bağlı tələb edilən dərs ləvazimatları dövlət tərəfindən təmin olunur.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?