“İnklüziv təhsilin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında
- Admin
- 16-may-2024, 21:14
- 67 Baxış
“İnklüziv təhsilin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 536-VIQD nömrəli Qanununun tətbiqi və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 iyun tarixli 1711 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
İnklüziv təhsilin təşkili
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra ‒ Qanun) 12.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və ümumi təhsil müəssisələrində (bundan sonra ‒ müəssisə) inklüziv təhsilin təşkili ilə bağlı məsələləri tənzimləyir.
1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. fərdi tədris planı ‒ inklüziv təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşağın ehtiyaclarına və imkanlarına əsasən, təhsil proqramının uyğunlaşdırılması və ya təhsil proqramının sadələşdirilməsi nəzərə alınmaqla təlimin məqsədini, vəzifələrini, metod və üsullarını, nəticələrinin qiymətləndirilməsi meyarlarını özündə ehtiva edən sənəd;
1.2.2. təhsil proqramının uyğunlaşdırılması ‒ ümumi təhsilin dövlət standartlarının sağlamlıq imkanları məhdud olan uşaqların (əqli geriliyi olanlar istisna olmaqla) imkanlarına uyğun olaraq dəyişdirilməsi;
1.2.3. təhsil proqramının sadələşdirilməsi ‒ ümumi təhsilin dövlət standartlarının əqli geriliyi olan sağlamlıq imkanları məhdud uşaqların ehtiyaclarına uyğun olaraq dəyişdirilməsi.
1.3. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanunda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.
2. Sağlamlıq imkanları məhdud uşağın inklüziv təhsil sinfinə qəbulu
2.1. Qanunun 12.1-ci maddəsinə uyğun olaraq, müəssisədə psixoloji-pedaqoji və tibbi göstərişlərə (əks göstərişlərə) uyğun təhsil almaq üçün lazımi xüsusi şərait olduğu halda, həmin müəssisədə sağlamlıq imkanları məhdud uşaqların sağlam şagirdlərlə eyni sinifdə təhsilə cəlb edilməsi məqsədilə inklüziv təhsil sinifləri yaradılır.Sağlamlıq imkanları məhdud uşaqlar inklüziv təhsil sinfi təşkil olunan müəssisəyə Qanunun 21.1-ci maddəsinə uyğun olaraq yaradılmış psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən, aşağıdakı şərtlər nəzərə alınmaqla qəbul olunurlar:
2.1.1. sağlamlıq imkanları məhdud uşağın sadə özünəxidmət bacarığının olması (sanitar qovşağından istifadə, əlini yuma, qida qəbulu və s.);
2.1.2. sağlamlıq imkanları məhdud uşaqda emosional-iradi sahədə və davranışında nəzərəçarpan pozuntuların olmaması;
2.1.3. müəssisənin pedaqoji heyətinin sağlamlıq imkanları məhdud uşaqla təlim-tərbiyə işinin təşkili üçün səriştələrinin (kompetensiyalarının) olması;
2.1.4. sağlamlıq imkanları məhdud uşağın müəssisənin yaxınlığında yaşaması;
2.1.5. müəssisənin infrastrukturunun sağlamlıq imkanları məhdud uşaq üçün müyəssər olması.
3. İnklüziv təhsil sinfində tədrisin təşkili
3.1. Müəssisədə inklüziv təhsil sinfi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 iyun tarixli 212 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı Normaları”nın tələbləri nəzərə alınmaqla 22 uşaqdan (sağlamlıq imkanları məhdud olan uşaqlar 2 nəfərdən artıq olmamaqla) ibarət komplektləşdirilir.
3.2. Sinfin inklüziv olması barədə sinfə cəlb olunan şagirdlərin valideynlərinə və ya digər qanuni nümayəndələrinə elektron qaydada (elektron poçt və SMS vasitəsilə) məlumat verilir.
3.3. İnklüziv təhsil təşkil edilən müəssisədə nitq pozuntusu olan uşaqlara kömək məqsədilə mütəxəssis üçün otaq və zəruri avadanlıqla təchiz edilməklə loqopedik xidmət təşkil olunur.
3.4. İnklüziv təhsil sinfində təhsil alan sağlamlıq imkanları məhdud uşağın sinifdə, qrup və fərdi məşğələlərdə iştiraketmə müddəti onun sağlamlıq imkanları nəzərə alınaraq müəssisənin rəhbəri tərəfindən təsdiq edilən fərdi tədris planı ilə müəyyənləşdirilir. Fərdi tədris planının forması Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilir.
3.5. Müəssisə tərəfindən sağlamlıq imkanları məhdud uşağın təlim vaxtının minimum 50 faizinin inklüziv təhsil sinfində keçirməsi təmin edilir. Təlim vaxtının digər hissəsi qrup və fərdi məşğələlərə ayrılır.
3.6. İnklüziv təhsil sinfində təhsil alan sağlamlıq imkanları məhdud uşaqlar tədris prosesində funksionallığın artırılmasına xidmət edən lazımi avadanlıq və vəsaitlərlə, didaktik materiallarla təmin olunurlar.
3.7. İnklüziv təhsil siniflərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların nailiyyətlərinin izlənilməsi məqsədilə “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə uyğun olaraq onların attestasiyası (məktəbdaxili qiymətləndirmə) təşkil edilir.
3.8. Sağlamlıq imkanları məhdud uşaqların (əqli geriliyi olanlar istisna olmaqla) təhsili ümumi orta və tam orta təhsil səviyyələrində təhsil proqramının uyğunlaşdırılması vasitəsilə həyata keçirilir.
3.9. Əqli geriliyi olan sağlamlıq imkanları məhdud uşaqların təhsili ümumi orta təhsil səviyyəsində təhsil proqramının sadələşdirilməsi vasitəsilə həyata keçirilir.
3.10. İnklüziv təhsil sinfində təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqda emosional-iradi sahədə və davranışında nəzərəçarpan pozuntular yarandığı halda, psixoloji-tibbi-pedaqoji komissiya Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 29 aprel tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamə”nin tələblərinə uyğun olaraq onun xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul edir.
3.11. İnklüziv təhsilə cəlb edilən ümumi təhsil pilləsinin ümumi orta və ya tam orta təhsil səviyyələrini başa vuran sağlamlıq imkanları məhdud uşaqlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”na uyğun olaraq yekun attestasiyadan keçirilir və onlara müvafiq dövlət sənədi olan attestat verilir. Müxtəlif səbəblərdən ümumi təhsil pilləsini başa vurmayan şəxslərə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”na uyğun olaraq arayış verilir.