Xüsusi təhsildə valideyinə verilən müavinət
- Admin
- 17-may-2024, 23:32
- 21 Baxış
Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsili) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 50 (əlli) manat həcmində müavinət müəyyən edilsin.
1-1. Evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 50 (əlli) manat həcmində müavinət müəyyən edilsin.
2. Həmin müavinət xüsusi təhsil müəssisəsinin arayışı əsasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələri tərəfindən ödənilsin. [3]
3. Göstərilən məqsədə tələb olunan xərclərin ödənilməsi dövlət büdcəsində “Təhsil xərcləri” üzrə nəzərdə tutulmuş vəsait hesabına təmin edilsin.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 25 dekabr 2001-ci il
№ 200