Xüsusi təhsil müəssisələri haqqında Əsasnamə
- Admin
- 21-may-2024, 14:47
- 68 Baxış
Xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli, 540 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Xüsusi təhsil müəssisələri haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur) .
2. "Əqli və ya fiziki inkişafında qüsurlar olan uşaq və yeniyetmələr üçün xüsusi internat məktəblərinin nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 25 iyul tarixli, 277 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 10 may 2002-ci il
№ 78
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 78 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Xüsusi təhsil müəssisələri haqqında
ƏSASNAMƏ
ÜMUMİ MÜDDƏALAR
1. Sağlamlıq imkanları məhdud olan şəxslər üçün aşağıdakı xüsusi təhsil müəssisələri təşkil edilir: kar şəxslər üçün, zəifeşidən və sonradan karlaşmış şəxslər üçün; nitqi qüsurlu şəxslər üçün, kor və zəifgörən şəxslər üçün, əqli cəhətdən zəif inkişaf etmiş şəxslər üçün, poliomelit və beyin iflici qalığı olan şəxslər üçün, dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skalioz xəstəliyi olan şəxslər üçün, ağır çatışmazlığı olanlar, o cümlədən kar-kor şəxslər üçün, xroniki somatik xəstəlikləri olan şəxslər üçün, emosional-iradi sahədə və davranışında çatışmazlıq olan şəxslər üçün.
2. Xüsusi təhsil müəssisələri sağlamlıq imkanları məhdud olan şəxslərin təlim-tərbiyəsi, peşə hazırlığı, sağlamlığının mühafizəsi və bərpası üçün müvafiq şərait yaratmaq məqsədi ilə təşkil edilir.
3. Xüsusi təhsil müəssisələrinin açılması, tipinin dəyişdirilməsi, fəaliyyətinin dayandırılması və nümunəvi ştatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir.
4. Xüsusi təhsil müəssisələri müvafiq kadr potensialı, maddi-texniki və pedaqoji-metodiki baza nəzərə alınmaqla, sağlamlıq imkanları məhdud olan şəxslərin sayı 100 nəfər və daha çox olduğu halda yaradılır.
5. Xüsusi təhsil müəssisələri öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Əsasnaməni və başqa normativ aktları rəhbər tutur.
6. Dövlət xüsusi təhsil müəssisələri Təhsil Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin tabeliyində fəaliyyət göstərir.
7. Fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olanlar üçün xüsusi təhsilin dövlət standartları Təhsil Nazirliyi tərəfindən müəyyən edilir. Xüsusi təhsilin dövlət standartları mülkiyyət formasından asılı olmayaraq xüsusi təhsili həyata keçirən müəssisələr üçün məcburidir.
8. Xüsusi təhsil müəssisəsinin akkreditasiyası, xüsusi təhsilin keyfiyyətinə nəzarət və təhsil alanların attestasiyası “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun həyata keçirilir.
9. Xüsusi təhsil müəssisələrində təhsil müddəti aşağıdakı qaydada müəyyənləşdirilir:
Kar şəxslər üçün internat tipli xüsusi təhsil müəssisələrində təhsil müddəti 11 ildir (I-XI siniflər).
Bu müddətdə şagirdlər ümumtəhsil məktəblərinin 9 illik tədris proqramları həcmində təhsil alır və onlara ümumi orta təhsil haqqında attestat verilir.
Zəifeşidən və sonradan karlaşmış şəxslər üçün internat tipli xüsusi təhsil müəssisələrində təhsil müddəti I bölmədə 10 il (IX siniflər), II bölmədə 12 ildir (I-XII siniflər).
I bölməyə eşitmə qabiliyyətinə görə nitq inkişafı yüngül formada, II bölməyə isə nitq inkişafı ağır formada pozulmuş şəxslər qəbul edilirlər. Hər iki bölmənin şagirdləri ümumtəhsil məktəblərinin 9 illik tədris proqramları həcmində təhsil alır və onlara ümumi orta təhsil haqqında attestat verilir.
Ağır nitq qüsurlarının aradan qaldırılması üzrə aparılan işlər səmərəli nəticə verərsə, IX sinifdən sonra psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında onlar I bölmənin müvafiq sinfinə keçirilə bilərlər.
Lazımi təlim-tərbiyə şəraiti və maddi-tədris baza olduğu hallarda, valideynlərin və şagirdlərin arzusu ilə 1 bölmədə X-XII siniflər təşkil edilə bilər. I bölmənin XII sinfini bitirən şagirdlər tam orta təhsil haqqında attestat alırlar.
Nitqi qüsurlu uşaqlar üçün internat tipli xüsusi təhsil müəssisələrində I bölmədə təhsil müddəti 10 (1-X siniflər), II bölmədə 9 ildir (I-IX siniflər).
I bölməyə ümumi nitq inkişafında ağır qüsurları olan, II bölməyə isə nitq qüsurları normal olub, ağır formada kəkələyən şəxslər qəbul edilirlər. Hər iki bölmənin şagirdləri ümumi təhsil məktəblərinin 9 illik tədris proqramları həcmində təhsil alır və onlara ümumi orta təhsil haqqında attestat verilir.
Şərait və tələbat baxımından I bölmə və ya II bölmə üzrə ayrıca internat tipli xüsusi təhsil müəssisəsi təşkil oluna bilər.
Kor və zəifgörən şəxslər üçün internat tipli xüsusi təhsil müəssisələrində təhsil müddəti 12 ildir (I-XII siniflər).
İnternat tipli xüsusi təhsil müəssisələrinin X sinfini bitirənlərə ümumi orta təhsil haqqında attestat, XII sinfini bitirənlərə tam orta təhsil haqqında attestat verilir.
Əqli cəhətdən zəif inkişaf etmiş şəxslər üçün xüsusi təhsil müəssisələrində təhsil müddəti 9 ildir (I-IX siniflər). Əqli cəhətdən zəif inkişaf etmiş şəxslər üçün xüsusi təhsil müəssisələrində lazımi tədris-maddi baza və kadr potensialı olduqda, şagirdlərə müvafiq peşələr verilir. Bu müəssisələrdə təhsil müddəti 10 ildir (I-X siniflər).
Əqli cəhətdən zəif inkişaf etmiş şagirdlər xüsusi təhsil müəssisələrini bitirərkən müəyyən olunmuş formada təhsil haqqında sənəd alırlar.
Polimelit və beyin iflici qalığı olan şəxslər üçün internat tipli xüsusi təhsil müəssisələrində təhsil müddəti 10 ildir (I-X siniflər).
Dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skalioz xəstəliyi olan şəxslər üçün internat tipli xüsusi təhsil müəssisələrində təhsil müddəti 10 ildir (I-X siniflər).
Bu müddətdə şagirdlər ümumtəhsil məktəbinin 9 illik tədris proqramları həcmində təhsil alır və onlara ümumi orta təhsil haqqında attestat verilir.
Ağır çatışmazlığı olanlar, o cümlədən kar-kor şəxslər üçün internat tipli xüsusi təhsil müəssisələrində təhsil müddəti 11 ildir (I-XI siniflər).
Bu müddətdə şagirdlər ümumtəhsil məktəbinin 9 illik tədris proqramları həcmində təhsil alır və onlara ümumi orta təhsil haqqında attestat verilir.
Xroniki somatik xəstəlikləri olan şəxslər üçün internat tipli xüsusi təhsil müəssisələrində təhsil müddəti 10 ildir (I-X siniflər).
Bu müddətdə şagirdlər ümumtəhsil məktəbinin 9 illik tədris proqramları həcmində təhsil alır və onlara ümumi orta təhsil haqqında attestat verilir.
Emosional-iradi sahədə və davranışında çatışmazlıq olan şəxslər internat tipli xüsusi təhsil müəssisələrində təhsil müddəti 9 ildir (I-IX siniflər).
İnternat tipli xüsusi təhsil müəssisələrində təhsil alan şagirdlərin təhsili psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən təsdiq olunmuş qərar əsasında həyata keçirilir.
Şərait və maddi-tədris baza nəzərə alınmaqla internat tipli xüsusi təhsil müəssisələrinin bazasında tam orta təhsil verən siniflər də (I-XI) açıla bilər. İnternat tipli xüsusi təhsil müəssisəsinin IX sinfini bitirənlərə ümumi orta təhsil haqqında attestat, XI sinfini bitirənlərə isə tam orta təhsil haqqında attestat verilir.
10. Kar, zəifeşidən və sonradan karlaşmış, kor və zəifgörən, polimelit və beyin iflici qalığı olan şəxslər üçün internat tipli xüsusi təhsil müəssisələrində bu cür fiziki pozuntuları olan, əqli cəhətdən zəif inkişaf etmiş şəxslər üçün xüsusi siniflər təşkil oluna bilər.
11. Xüsusi təhsil müəssisələrinin sinif və qruplarında şagirdlərin maksimum miqdarı aşağıdakı qaydada müəyyənləşdirilir:
kar şəxslər üçün internat tipli xüsusi təhsil müəssisələrində 8 nəfər, zəifeşidən və sonradan karlaşmış şəxslər üçün internat tipli xüsusi təhsil müəssisələrində 10 nəfər, nitqi qüsurlu şəxslər üçün internat tipli xüsusi təhsil müəssisələrində 12 nəfər, kor və zəifgörən şəxslər üçün 12 nəfər, əqli cəhətdən zəif inkişaf etmiş şəxslər üçün internat tipli xüsusi təhsil müəssisələrində 10 nəfər, poliomelit və beyin iflici qalığı olan şəxslər üçün internat tipli xüsusi təhsil müəssisələrində 10 nəfər, emosional-iradi sahədə və davranışında çatışmazlıq olan şəxslər üçün internat tipli xüsusi təhsil müəssisələrində 12 nəfər, dayaq-hərəkət aparatının funksiyalarını pozuntuları və skalioz xəstəliyi olan şəxslər üçün internat tipli xüsusi təhsil müəssisələrində 10 nəfər, ağır çatışmazlığı olanlar, o cümlədən kar-kor şəxslər üçün internat tipli xüsusi təhsil müəssisələrində 8 nəfər və xroniki somatik xəstəlikləri olan şəxslər üçün internat tipli xüsusi təhsil müəssisələrində 10 nəfər.
12. Əqli cəhətdən zəif inkişaf etmiş kar, zəifeşidən və sonradan karlaşmış, kor və zəifgörən, poliomelit və beyin iflici qalığı olan şagirdlərdən ibarət xüsusi siniflərdə şagirdlərin maksimum miqdarı 6 nəfər müəyyənləşdirilir.
13. Əqli və ya fiziki cəhətdən ağır pozuntuları olan şagirdlər üçün əmək təlimi və istehsalat hazırlığı sinifləri 5 nəfərdən az olmamaqla komplektləşdirilir.
TƏLİM-TƏRBİYƏ İŞLƏRİNİN TƏŞKİLİ
14. Xüsusi təhsil müəssisələrində təlim-tərbiyə prosesi müəyyən olunmuş qaydalar üzrə Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq tədris planı və proqramlar əsasında aparılır.
15. Xüsusi təhsil müəssisələrində aparılan təlim-tərbiyə işləri şagirdlərin əqli və ya fiziki pozuntuları, onların səhhəti və imkanları nəzərə alınmaqla təşkil olunur, öz məzmununa görə şagirdlərin mövcud tədris proqramları həcmində bilik almasına, onların müəyyən sahələr üzrə bacarıq və vərdişlərinin inkişaf etdirilməsinə, cəmiyyət və təbiət hadisələri barədə məlumatlarının artırılmasına, fiziki və estetik tərbiyəsinin inkişafına xidmət edir.
16. Xüsusi təhsil müəssisələrində şagirdlərin əqli və ya fiziki pozuntularının, həmin pozuntularla əlaqədar psixi inkişafındakı geriliklərin aradan qaldırılması üzrə iş bütün dərsində və dərsdənkənar vaxtlardakı tədbirlərdə eyni tələb çərçivəsində həyata keçirilir.
17. Xüsusi təhsil müəssisələrində buraxılış və sinifdən-sinfə keçirmə imtahanları Təhsil Nazirliyinin təsdiq etdiyi Təlimata uyğun qaydada aparılır.
18. Xüsusi təhsil müəssisələrində şagirdlərin biliyinin qiymətləndirilməsi zamanı müəyyən olunmuş qaydalarla bərabər, eyni zamanda onların əqli və ya fiziki çatışmazlıqları nəzərə alınmalıdır.
19. Xüsusi təhsil müəssisələrində şagirdlərin əqli və ya fiziki pozuntularının xarakteri əsas götürülməklə dərs prosesində bədən tərbiyəsi fasilələrlə keçirilə bilər.
20. Müalicə gimnastikası aparılan xüsusi təhsil müəssisələrində həmin məşğələlər günün həm birinci, həm də ikinci yarısında təsdiq edilmiş cədvəl üzrə loqoped tərəfindən aparılır.
21. Müalicə kursuna görə təyin edilmiş müxtəlif proseduraların qəbulu hər uşaq üçün fərdi qaydada müəyyənləşdirilir və dərs cədvəlinə əsasən tənzim olunur.
22. Xüsusi təhsil müəssisələrində şagirdlərin nitqindəki qüsurları aradan qaldırmaq, onların tədris materiallarını yaxşı mənimsəməsinə zəmin yaratmaq məqsədi ilə loqoped və sinif müəllimləri tərəfindən dərsdənkənar vaxtlarda ayrıca cədvəl üzrə fərdi və qrup məşğələləri təşkil edilir, şagirdlərin fiziki inkişafındakı çatışmazlıqların ləğv edilməsi üçün mütəxəssislər tərəfindən ritmika və müalicə xarakterli bədən tərbiyəsi məşğələləri aparılır.
23. Xüsusi təhsil müəssisələrinin I siniflərində dərs müddəti 35 dəqiqə qalan siniflərdə isə 45 dəqiqədir.
24. Xüsusi təhsil müəssisələrində şagirdlər üçün ev tapşırıqlarının həcmi onların yerinə yetirilməsinə ayrılan vaxta görə müəyyənləşdirilir.
I siniflərdə ev tapşırığı verilmir; II sinifdə 30-40 dəqiqə, III sinifdə 1 saatadək, IV-V siniflərdə 1,5 saatadək, VI-VIII siniflərdə 2 saat, IX-XII siniflərdə 2.5 saat ev tapşırığı verilə bilər.
25. Xüsusi təhsil müəssisələrində təlimin səmərəliliyinin artırılmasına xidmət edən müvafiq gün rejimi yaradılır, təlim-tərbiyə prosesində şagirdlərin fərdi inkişafı üçün həkimlərin tibbi tövsiyələri nəzərə alınır
26. Kor və zəifgörən şəxslər üçün internat tipli xüsusi təhsil müəssisələrində:
görmə qabiliyyətinin mühafizə olunması üçün həkim məsləhəti əsasında şagirdlərin görmə və fiziki yükünün xüsusi həddi müəyyənləşdirilir və tətbiq edilir;
şagirdlərin görmə qüsurunun dərəcə və xarakterini nəzərə alaraq, onların görmə qabiliyyətini korreksiya etmək məqsədilə optik cihaz və vasitələrdən istifadə olunur;
-şagirdlərin görmə patalogiyası və görmə yükü nəzərə alınaraq, siniflərin normativ üzrə işıqlandırılması (500-1500 lyuks) təmin edilir.
27. Əqli cəhətdən zəif inkişaf etmiş şəxslər üçün xüsusi təhsil müəssisələrində:
nəzərəçarpan dərəcədə akkalkuliya, aqrafiya, aleksiya əlamətləri hiss edilən şagirdlərin təlimi, həmin diaqnozları təsdiq edən psixoloji-tibbi-pedaqoji komissiyanın rəyinə görə istisna hal kimi fərdi plan əsasında aparıla bilər. Belə şəxslərin biliyinin qiymətləndirilməsi fərdi təlimin nəticələrinə əsasən həyata keçirilir;
ayrı-ayrı fənlər üzrə fərdi planlar müəllimlər tərəfindən hər bir dərs ili üçün hazırlanır və xüsusi tipli təhsil müəssisəsinin pedaqoji şurasında təsdiq edilir.
28. Xüsusi təhsil müəssisələrində şagirdlərin dərsdənkənar vaxtının mənalı və səmərəli keçməsi məqsədilə əyləncəli oyunlar, idman yarışları, müsabiqələr, gecələr keçirilir, dərnəklər yaradılır, şagirdlər müntəzəm olaraq kino, teatr və sirk tamaşalarına, konsertlərə, ekskursiyalara, muzeylərə aparılır, digər məqsədyönlü tədbirlər həyata keçirilir.
29. Xüsusi təhsil müəssisələrində təlim-tərbiyə işinin keyfiyyətinin təmin olunmasında müəllim və tərbiyəçilər eyni dərəcədə məsuliyyət daşıyırlar.
ƏMƏK TƏLİMİ VƏ PEŞƏYÖNÜMLÜ İŞLƏRİNİN TƏŞKİLİ
30. Xüsusi təhsil müəssisələrində əmək təlimi, peşəyönümü və peşə hazırlığı işlərinin təşkili ən vacib məsələ kimi nəzərdə tutulur, şagirdlərin müstəqil həyata hazırlanması və sosial uyğunlaşmasının başlıca şərti hesab olunur.
31. Şagirdlərə əmək hazırlığı dərsləri proqram tələbələri əsasında təchiz olunmuş emalatxanalarda keçirilir. Bu dərslər müəyyən edilmiş ümumi vəzifələri yerinə yetirməklə yanaşı, həm də şagirdlərin fiziki inkişafındakı pozuntuların bərpasına yönəldilməlidir.
32. Şagirdlər əmək təlimi və peşə hazırlığı işlərinə cəlb edilərkən onların sağlamlığı və fiziki hazırlığı barədə həkimin tövsiyələri nəzərə alınmalıdır.
33. Xüsusi təhsil müəssisələrində əmək təlimi və peşə hazırlığı Təhsil Nazirliyinin təsdiq etdiyi proqramlar əsasında aparılır.
34. Şagirdlərin peşə hazırlığının istiqaməti nəzərdə tutulan peşələrin öyrədilməsi üzrə imkan və şərait, maddi baza, istehsalat təcrübəsi keçmək üçün ərazidə müvafiq müəssisənin olması, məzunların işlə təmin olunması imkanları və sair cəhətlər nəzərə alınmaqla müəyyənləşdirilir.
35. Xüsusi təhsil müəssisələrində ciddi qüsurları (pozuntuları) olan şagirdlər əmək təliminə oxuduqları sinifdən asılı olmayaraq 12 yaşdan cəlb edilirlər.
36. Xüsusi təhsil müəssisələrində şagirdlərin meyl və bacarıqlarına görə hər hansı bir peşəyə yiyələnməsinə ərazidəki texniki-peşə məktəbləri, istehsalat müəssisələri hərtərəfli köməklik göstərməlidir. Zəruri hallarda seçilmiş peşə üzrə nəzəri və praktik məşğələlərin texniki-peşə məktəbinin müəllimləri tərəfindən aparılmasına, habelə pedaqoji təhsili olmayan mütəxəssislərin bu işə cəlb edilməsinə icazə verilir. Həmin şəxslərin əmək haqqı müəyyən olunmuş qaydalar üzrə ödənilir.
37. Tədris planına əsasən, istehsalat təcrübəsi sənaye və kənd təsərrüfatı müəssisələrinin yardımçı iş sahələrində aparılır. İstehsalat təcrübəsinin müddəti gün ərzində 4 saatdan artıq olmamalı və əmək hazırlığı müəlliminin rəhbərliyi altında keçirilməlidir.
38. Peşə öyrədilən xüsusi təhsil müəssisələrinin məzunlarına müvafiq təhsil sənədi ilə yanaşı, dərəcə göstərməklə peşə təhsili barədə şəhadətnamə də verilir. Şagirdlərə peşə dərəcəsi verilməsi müəyyən olunmuş qaydalara əsasən həyata keçirilir.
39. Hər bir dərs ilinin sonunda xüsusi təhsil müəssisələrində şagirdlərin hazırladığı əl işlərinin sərgisi təşkil olunur, bu işlərə baxışlar keçirilir və fərqlənən şagirdlərin mükafatlandırılması üçün tədbirlər görülür.
XÜSUSİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ TİBBİ XİDMƏT VƏ MÜALİCƏ-BƏRPA İŞLƏRİ
40. Müvafiq təhsil orqanı xüsusi təhsil üzrə proqramlar, o cümlədən əlaqəli proqramlar hazırlayır və həyata keçirir, sağlamlıq imkanları məhdud şəxslərin sağlamlığının mühafizəsinə, onların çatışmazlıqlarının korreksiyasına, sosial adaptasiyasına, tibbi-sosial reabilitasiyasına, əlilliyin profilaktikasına yönəldilmiş birgə tədbirlər görür.
41. Xüsusi təhsil müəssisələri şagirdlərinin sağlamlığının mühafizəsi, sanitar gigiyena qaydalarının gözlənilməsi, müalicə-bərpa tədbirlərinin görülməsi vacib tələblərdən hesab olunur. Xüsusi təhsil müəssisələrinin rəhbərliyi bu məsələlərin müəyyən edilmiş qaydalar üzrə həyata keçirilməsinə müntəzəm olaraq nəzarət etməlidir.
42. Xüsusi təhsil müəssisələrində aparılan müalicə-bərpa işləri şagirdlərin sağlamlığının möhkəmləndirilməsinə, fiziki imkanlarının artırılmasına və əmək fəaliyyətinə hazırlanmasına yönəldilir.
43. Xüsusi təhsil müəssisələrinə tibbi sahədə metodik rəhbərlik və müalicə-məsləhət köməyi ərazidə yerləşən-psixonevroloji və müalicə-profilaktika müəssisələri tərəfindən həyata keçirilir.
XÜSUSİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN ŞAGİRDLƏRİ
44. Xüsusi təhsil müəssisələrinə şagirdlər Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qaydalara uyğun olaraq qəbul olunurlar.
45. Xüsusi təhsil müəssisələrinin I sinfinə qəbul edilmiş şagirdlərin yaş həddinin ümumtəhsil məktəbləri üçün müəyyən olunmuş yaş həddindən artıq olmasına verilir.
46. Tədris ilinin sonunda internat tipli xüsusi təhsil müəssisələrində şagirdlərin tərkibinə yenidən baxıla bilər. Onların digər xüsusi və ya ümumtəhsil internat məktəblərinə köçürülməsi psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə internat tipli xüsusi təhsil müəssisəsinin pedaqoji şurası tərəfindən həll olunur.
47. Xüsusi təhsil müəssisələrində siniflərin komplekləşdirilməsi oktyabr ayının 1-də başa çatdırılmalıdır. Eyni zamanda psixoloji-tibbi-pedaqoji komissiyalarını qərarı ilə xüsusi təhsil müəssisələrinə il ərzində şagird qəbul edilə bilər.
48. Tətil, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə internat tipli xüsusi təhsil müəssisələrində qalan şagirdlər tam gün qruplarında birləşdirilirlər.
49. Yay tətili müddətində evə aparılmayan şagirdlər üçün internat tipli xüsusi təhsil müəssisələrində istirahət düşərgəsi təşkil edilir. Onların istirahəti üçün yerli icra hakimiyyəti orqanları və müvafiq təşkilatlar (ticarət, tibb, təhsil, bədən tərbiyəsi, idman, istehsalat müəssisələri və s.) lazımi şərait yaradırlar.
50. Valideynləri olan şagirdlər internat tipli xüsusi təhsil müəssisəsini bitirərkən onlara pulsuz olaraq istifadə etdikləri yay paltarı və ayaqqabı dəsti, həmçinin valideynin arzusu ilə istifadə müddəti bilmiş qış geyim dəsti verilir. Müəyyən səbəblərdən internat tipli xüsusi təhsil müəssisəsindən çıxmış şagirdlərə istifadə müddəti başa çatmış, lakin yararlı olan mövsümi paltar və ayaqqabı dəsti verilir.
51. Aztəminatlı ailələrin, tək anaların, əlilliyi olan valideynlərin uşaqları internat tipli xüsusi təhsil müəssisəsini bitirdikdə onlara yay geyim dəsti və ayaqqabı ilə birlikdə pedaqoji şuranın qərarı ilə istifadə müddəti bitməmiş qış geyim dəsti və ayaqqabı verilə bilər.
52. Xüsusi təhsil müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər qanunvericilikdə belə şəxslər üçün nəzərdə tutulmuş bütün imtiyaz və güzəştlərdən istifadə edirlər.
53. Xüsusi təhsil müəssisələrində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin texniki-peşə, orta ixtisas və digər təhsil müəssisələrinə keçirilməsi, istehsalata göndərilməsi işinin təşkili üçün internat tipli xüsusi təhsil müəssisələrinin rəhbərləri məsuliyyət daşıyır.
54. Xüsusi təhsil müəssisələrini bitirən şagirdlərin işlə təmin olunmasına yerli icra hakimiyyəti orqanları, müəssisələrin rəhbərləri maksimum qayğı ilə yanaşmalı, hərtərəfli köməklik göstərməlidirlər.
55. "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xüsusi təhsil müəssisələrinin şagirdləri tam dövlət təminatındadırlar.
56. İnternat tipli xüsusi təhsil müəssisələrinin şagirdləri, əsasən, həmin müəssisənin yataqxanasında qalmalıdırlar. Müəyyən hallarda (yaşadığı ev yaxındırsa, səhhəti ilə bağlı evdə qalması zəruridirsə, evdə şagirdin hazırlığı ilə məşğul olmaq imkanı varsa və s.) valideynin ərizəsinə görə günorta və ya axşam yeməyindən sonra bəzi şagirdlərin evə aparılmasına icazə verilir.
57. Valideynin və ya digər qanuni nümayəndənin müşayiəti olmadan şagirdlərin evə müstəqil gəlib-getməsinə icazə verilmir. Valideynin və yaxud digər qanuni nümayəndənin müşayiəti olmadan şagirdlərin digər rayon və şəhərlərə yola salınması qadağandır.
XÜSUSİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN İDARƏ OLUNMASI. PEDAQOJİ KADRLAR
58. Xüsusi təhsil müəssisələrinin ictimai özünüidarəsinin ali orqanı məktəbin ümumi yığıncağıdır (konfransıdır). Konfrans "Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi Əsasnaməsi"ndə nəzərdə tutulmuş səlahiyyət və qaydalar daxilində fəaliyyət göstərir.
59. Konfrans ildə bir dəfədən az olmayaraq keçirilir. Konfranslar arasında ali ictimai özünüidarəetmə orqanı məktəb şurasıdır.
60. Xüsusi təhsil müəssisələrində təlim-tərbiyə işlərinin keyfiyyətini yüksəltmək, pedaqoji işçilərin peşə ustalığını, yaradıcılıq meylini artırmaq məqsədilə pedaqoji şura fəaliyyət göstərir.
61. Xüsusi təhsil müəssisələrinin bütün kateqoriyadan olan işçilərinin hüquq və vəzifələri, daxili intizam və iş qaydaları bu Əsasnamənin tələbləri baxımından hazırlanmış Nizamnamədə öz əksini tapmalıdır. Özəl və bələdiyyə xüsusi təhsil müəssisəsinin nizamnaməsi təsisçi tərəfindən, dövlət xüsusi təhsil müəssisəsinin nizamnaməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunur.
62. Təlim-tərbiyə prosesinin idarə edilməsini və xüsusi təhsil müəssisələrinin gündəlik fəaliyyətinə rəhbərliyi məktəbin direktoru həyata keçirir.
63. Xüsusi təhsil müəssisələrinin direktorları bu müəssisələrin Nizamnaməsində müəyyən olunmuş hüquq və səlahiyyətlər daxilində fəaliyyət göstərir.
64. Xüsusi təhsil müəssisələrində direktor və tərbiyə işləri üzrə direktor müavini vəzifələrinə müstəsna hallarda defektoloq ixtisası olmayan, lakin belə müəssisələrdə iş təcrübəsinə malik pedaqoji işçilər seçilə və ya təyin edilə bilər.
65. Xüsusi təhsil müəssisələrində psixoloji xidmət fəaliyyət göstərir. Psixoloji xidmətin təşkili qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
66. Xüsusi təhsil müəssisələrində pedaqoji işçilər təyin edilərkən onların biliyi, metodiki hazırlığı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti əsas götürülməlidir.
67. İnternat tipli xüsusi təhsil müəssisələrində şagirdlərin qida məhsulları ilə təminatını və iaşə xidmətini aidiyyəti ticarət təşkilatları, onların yerlərdəki nümayəndələri həyata keçirir.
XÜSUSİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MADDİ-TƏDRİS BAZASI, MALİYYƏLƏŞDİRİLMƏSİ, TƏSƏRRÜFAT VƏ HESABAT İŞLƏRİ
68. Xüsusi təhsili həyata keçirən dövlət və bələdiyyə müəssisələri müvafiq olaraq dövlət və bələdiyyələrin vəsaitləri hesabına maliyyələşdirilir.
69. Xüsusi. təhsili həyata keçirən özəl müəssisələr təsisçinin (təsisçilərin) vəsaiti hesabına maliyyələşdirilir.
70. Xüsusi təhsili həyata keçirən müəssisələr hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliklə qadağan olunmayan mənbələr hesabına maliyyələşdirilə bilər.
71. İnternat tipli xüsusi təhsil müəssisələrinin büdcədənkənar xüsusi vəsaitləri qanunvericiliyə uyğun olaraq xərclənir.
72. İnternat tipli xüsusi təhsil müəssisələrinin hər birinin müstəqil mühasibatı olmalıdır. Mühasibat və statistika uçotunun aparılması, xərc smetasının icrası mövcud qaydalar daxilində qüvvədə olan qanunvericiliyə uyğun olaraq müəyyənləşdirilir.
73. Xüsusi təhsil müəssisələri işçilərinin tarif (vəzifə) maaşları və saathesabı dərs stavkaları təhsil müəssisələri üçün nəzərdə tutulan mövcud qaydalara uyğun olaraq tənzimlənir.
74. Xüsusi təhsil müəssisəsinin, xüsusi təhsil bölməsinin və inteqrasiya təlimli təhsil müəssisəsinin maddi-texniki bazasına xüsusi təhsil müəssisəsinin tipindən asılı olaraq binalar, qurğular, yeməkxanalar. yardımçı binalar, tibb, korreksiya və reabilitasiya kabinetləri, idman qurğuları, təlimin texniki vasitələri, kitabxana fondu daxildir. Xüsusi təhsili həyata keçirən müəssisənin maddi-texniki bazası müvafiq olaraq dövlət, bələdiyyələr və təsisçi (təsisçilər) tərəfindən formalaşdırılır.
75. Xüsusi təhsil almaq hüququ olan sağlamlıq imkanları məhdud şəxslər dərslik, dərs vəsaitləri, fərdi texniki vasitələrlə təhsil orqanları, bələdiyyələr və təsisçi (təsisçilər) tərəfindən təmin olunurlar.
76. Şagirdlərin gəzintilərə, mədəni-kütləvi tədbirlərə aparılıb-gətirilməsi, qidanın, inventar-avadanlığın daşınması üçün internat tipli xüsusi təhsil müəssisələrinə avtobus, yük maşını ayrıla bilər.
77. Xüsusi təhsil müəssisələrində mövcud qaydalara əsasən kargüzarlıq işləri aparılır, tabelik üzrə müvafiq orqanlara hesabat verilir. Hesabatlar dövlət statistika orqanlarının tələblərinə uyğun olaraq təqdim edilir.
78. Xüsusi təhsil müəssisələri hüquqi şəxsdir, müvafiq xəzinə hesabına malikdir, üzərində müəssisənin və tabe olduğu təşkilatın adı yazılmış ştampı, möhürü və ünvan lövhəsi olmalıdır.