Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi
- Admin
- 23-may-2024, 16:04
- 50 Baxış
Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİN QƏRARI
«Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 23 may 2001-ci il
№ 97
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi
QAYDALARI
1. ÜMUMİ MÜDDƏALAR
1.1. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları, şərtləri və attestasiyanın nəticələrinin tənzimlənməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və bu Qaydalara uyğun həyata keçirilir.
1.2. Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır.
1.3. Xüsusi bilik tələb edən vəzifələrdə çalışan müəssisədə həmin profilli, daha yüksək ixtisasa malik mütəxəssislər (tibb işçiləri, pedaqoji işçilər, təsərrüfat sahələrində çalışan digər işçilər) olmadığı ixtisaslar üzrə attestasiyanı keçirmək üçün attestasiya komissiyasının tərkibinə mütləq yuxarı təşkilatdan və ya müvafiq profil orqanından tələb olunan peşəyə malik mütəxəssislər daxil edilməlidir.
1.4. Elmi işçilərin attestasiyası keçirilərkən attestasiya komissiyasının tərkibinə təşkilatdakı elmi şura üzvlərinin nümayəndələri daxil edilir.
1.5. Nomenklatura işçilərinin attestasiyasını onları işə təyin və ya təsdiq edən orqanların attestasiya komissiyaları həyata keçirir.
1.6. Azsaylı müəssisələrin işçilərinin attestasiyasını yuxarı orqanların attestasiya komissiyaları keçirir. Bu müəssisələrin siyahısını tabe olduqları qaydada yuxarı təşkilatlar müəyyən edir.
1.7. Attestasiya komissiyası üzvlərinin attestasiyası işlədikləri bölmələrin kollektivləri ilə birgə aparılır. Bu zaman attestasiyadan keçən attestasiya komissiyasının üzvü səsvermədə iştirak etmir.
1.8. İşçilərin sayı çox olan müəssisələrdə eyni hüquqa malik bir neçə attestasiya komissiyaları yaradıla bilər. Komissiyaların tərkibi attestasiyadan keçən işçinin fəaliyyətinə obyektiv qiymət verilməsini, işçinin konkret vəzifədə istifadə olunması imkanları haqqında tövsiyələr vermək üçün yalnız işgüzar mənafelərə əsaslanan prinsipial yanaşmanı təmin etməlidir.
2. ATTESTASİYANIN KEÇİRİLMƏSİ QAYDALARI
2.1. Attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir.
2.2. İşçinin attestasiyası onun işlədiyi struktur bölmə rəhbərlərinin iştirakı ilə də keçirilə bilər. Attestasiya komissiyası attestasiyadan keçənin gördüyü işlər haqqında məlumatı dinləyir və təqdim olunmuş sənədləri nəzərdən keçirir. Attestasiyadan keçən işçinin komissiyada müzakirəsi tələbkarlıq, obyektivlik şəraitində aparılmalıdır.
2.3. Attestasiyadan keçməli işçilər üzürlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, müvafiq sənədlər əsasında sonradan tutulmuş qrafikə uyğun attestasiyadan keçirilirlər.
2.4. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.
2.5. Attestasiya komissiyası öz qərarını gizli və ya açıq səsvermə qaydasında səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.
2.6. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir:
a) tutduğu vəzifəyə uyğundur;
b) tutduğu vəzifəyə uyğun deyil.
Bununla yanaşı, attestasiya komissiyası qəbul etdiyi qərarlarında həvəsləndirmək haqqında, ixtisas, əməyin ödənilmə dərəcəsini artırmaq, işçi ilə əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək haqqında (qanunvericilikdə müəyyənləşdirilən səviyyədən aşağı olmamaq şərti ilə), əlavələr etmək, işçini peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb etmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olmadıqda, işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir. Attestasiya komissiyası attestasiyanın nəticələrinə görə ixtisas tələblərində qoyulmuş xüsusi hazırlığı və iş stajı olmayan, ancaq üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımi praktiki təcrübəsi olan işçini müstəsna hallarda xüsusi hazırlıq və iş stajı tələb edən vəzifəyə təyin edilməsinin mümkünlüyü barədə tövsiyə edə bilər. Bununla belə, attestasiya komissiyası müvafiq tövsiyələrinin səbəblərini göstərir.
2.7. Attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır.
Attestasiya komissiyası hər işçiyə attestasiya vərəqəsi doldurur.
İşçinin attestasiya vərəqəsi onun şəxsi işində saxlanılır.
3. Attestasiyanın nəticələrinə görə qəbul olunan qərarlar
3.1. Attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir.
3.2. Attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir.
3.3. Attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir.
3.4. Xəstəlik müddəti, məzuniyyətdə və ezamiyyətdə olduğu dövr 30 günlük müddətə daxil edilmir.
3.5. Yuxarı icra orqanları attestasiyanın düzgün keçirilməsinə rəhbərliyi təmin edir və nəzarəti həyata keçirir, kadrların attestasiyası işini təkmilləşdirmək, attestasiya işini dərindən öyrənmək, təhlil edib ümumiləşdirmək əsasında müsbət təcrübənin yayılması üzrə tədbirlər görür.
3.6. Attestasiya ilə, o cümlədən attestasiyanın nəticələrinə görə işçinin işdən çıxarılması və ya başqa vəzifəyə (peşəyə) keçirilməsi haqqında mübahisəli məsələlər qanunvericiliyə müvafiq surətdə məhkəmələrdə baxılıb həll edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na ƏLAVƏ
ATTESTASİYA VӘRӘQӘSİ
1. Soyadı, adı, atasının adı __________________________________________________________ 2. Doğulduğu il ___________________________________________________________________ 3. Təhsili və ixtisasının artırılması barədə məlumat ___________________________ _________________________________________________________________________________ (haranı və nə vaxt bitirmişdir, təhsilinə görə _________________________________________________________________________________ peşəsi və ixtisası, elmi dərəcəsi, elmi adı, _________________________________________________________________________________ ixtisasını harada və nə vaxt artırmışdır) 4. Attestasiya keçirilən zaman tutduğu vəzifə və bu vəzifəyə təyin olunduğu (seçildiyi, təsdiq edildiyi) vaxt _______________________________________________________________ _________________________________________________________________________________ 5. Ümumi əmək stajı _______________________________________________________________ (o cümlədən çalışdığı təşkilatda əmək stajı) _________________________________________________________________________________ ________________________________________________________________________________ 6. Əvvəlki attestasiyanın tövsiyələrinin yerinə yetirilməsi _____________________________ _________________________________________________________________________________ _________________________________________________________________________________ 7. Attestasiyadan keçən şəxsə verilən suallar və cavablar _______________________________ _________________________________________________________________________________8. Attestasiya komissiyası üzvlərinin rəy və təklifləri _________________________________ _________________________________________________________________________________ 9. Attestasiyadan keçən işçinin rəy və təklifləri _____________________________________ _________________________________________________________________________________ 10. Səsvermənin nəticələrinə görə işçinin fəaliyyətinə qiymət verilməsi _______________ _________________________________________________________________________________ ________________________________________________________________________________ _________________________________________________________________________________ Səslərin miqdarı: lehinə __________________________ əleyhinə _________________________ 11. Attestasiya komissiyasının tövsiyələri (səbəbləri göstərilməklə) ____________________ _________________________________________________________________________________ _________________________________________________________________________________ 12. Qeyd _____________________________________________________________________ _________________________________________________________________________________ ________________________________________________________________________________ ________________________________________________________________________ Attestasiya komissiyasının sədri ______________________________________ imza Attestasiya komissiyasının üzvləri ______________________________________ imza Attestasiyanın tarixi _______________________________________
Attestasiya vərəqəsi ilə tanış olmuşdur ____________________________________________ (attestasiyadan keçən şəxsin imzası və tarix) 13. Attestasiyanın nəticələrinə görə müəssisə rəhbərinin qərarı və onun qəbul olunduğu tarix_ ________________________________________________________________________ _________________________________________________________________________________
|