Körpə uşaq tərbiyəsində bəzi tövsiyələr
- Admin
- 05-mar-2024, 10:35
- 0 Baxış
Körpənizə yasaqlar qoymağın və onu yaxşı əməllərə sövq etməyin tez olduğunu zənn etməyin. Əksinə, indidən uşağınıza düzgün davranış öyrətməyə çalışın.
Deyək ki, bir yaşlı uşağınız şirniyyatdan ötrü çığır-bağır salır və ya marketdə səbətə qoyduğunuz paketləri sağa-sola dağıdır. Bu zaman siz onun hərəkətlərinə necə reaksiya vermək barədə düşünürsüz. Sizə elə gəlir ki, bu yaşda uşağı tərbiyə etmək çox tezdir, elə deyilmi? Doğrudur, etdiyi hərəkətlərə görə düşünməsi üçün otağına göndərmək, yaxud, bəzi imtiyazlardan məhrum etmək kimi taktikalar bu yaşda olan uşaqlar üçün faydalı deyil. Çünki səbəb və nəticə arasında məntiqi əlaqə qurmaq, sadə dillə desək, hansı günahına görə cəzalandırılmasını dərk etmək üçün onlar çox balacadırlar. Lakin bu dövr uşağın pislə yaxşını ayırmağı öyrənməsi üçün ən yaxşı vaxtdır. Bunu xüsusilə vurğulamaq lazımdır ki, tərbiyə, qayda-qanun deyəndə bir çox valideynlərin ağlına yalnız cəzalandırmaqla öyrətmək gəlir. Ancaq biz cəzalandırmaq yox, öyrətmək barədə danışmaq istəyirik.
Bir yaşlı uşaqların qayda-qanunlara riayət etməsi vacib məsələ olduğundan, onlara cəmiyyətə uyğunlaşmağı və hərəkətlərinə sərhəd qoymağı vaxtında öyrətmək lazımdır. Aşağıdakı təklif olunan sadə strategiyalardan istifadə etməklə siz öz uşaqlarınıza yaxşı davranış formaları öyrədə bilərsiniz:
Diqqətini dağıdın
Uşaq dəcəllik etdiyi zaman üstünə qışqırmayın, sakitliyinizi qorumağa çalışın, çünki səsinizi qaldırmağınız kimi, sakitliyiniz də onu cəlb edə bilər. Belə vəziyyətlərdə təmkininizi itirmədən uşağın diqqətini başqa şeylərə yönəltməyə çalışın. Məsələn, uşaq divanın qoltuğuna dırmaşırsa, sakit və incə şəkildə onu oradan aşağı düşürüb birgə kitab oxumağa və ya bir oyun oynamağa dəvət edin.
Uşağın marağını başqa səmtə yönəldə bilərsiniz, həm onun arzuolunmaz davranışlarına son qoyular, həm də mebellərə dırmaşmağın düzgün olmadığını tezliklə anlayar.
Təkid edin
Axşam yeməyini gözləmədən şirniyyat yemək üçün ağlayan uşağa "bir dəfə ilə heç nə olmaz" deyərək güzəşt etməniz sonradan sizə çətinlik yarada bilər. Çünki onun istədiyi qarşısında təslim olmanız, sonrakı dəfə tələbini yerinə yetirmək üçün israr edə bilər. Buna görə güzəştə getməkdənsə birdəfəlik sədd qoymaq daha müvafiqdir. Bunu da yadda saxlayın ki, ailədaxili qayda-qanunlar zamanı həyat yoldaşınızla ortaq məxrəcdən çıxış etməlisiz və hər ikinizin sözü bir olmalıdır.
Məsələn, vanna otağında suyu ətrafa dağıtmasına, yaxud, yeməyini uşaq stulunda oturmadan yeməsinə biriniz razı olub, digəriniz güzəşt etməsə, bu ikili münasibət onu çaşdırar və inad edib əsəbiləşməsinə səbəb olar.
Müsbət yanaşın
Əgər uşağa hər şey üçün "yox" deyirsinizsə, bir müddətdən sonra o, bu "yox"lara qulaq asmayacaq və həmin sözü özü də tez-tez işlədəcək. Uşağın sağlamlıq və təhlükəsizliyinə problem yaratmırsa, bu sözü çox işlətməyin.
Məsələn, o, isti pilətənin qabağına gedirsə, dərhal sərt səslə "olmaz" deyin. Davranışı təhlükə yaratmadığı halda isə daha mülayim şəkildə onu etmək istədiyi hərəkətdən daşındırmağa çalışın. Məsələn, sərt şəkildə "yox, maşında ayaqqabı çıxarmaq olmaz" deməkdənsə, "evə gedənə kimi qoy ayağında qalsın, sonra istəsən çıxarıb onlarla oynaya bilərsən" deyin.
Nəyi necə etmək lazım olduğunu göstərin
Bu yaşdakı uşaqlar sözdən çox, əmələ baxıb öyrənirlər. Əgər uşaq oyun meydançasında başqa bir uşağa qarşı kobud hərəkət edibsə, ona nümunə göstərərək nə etməli olduğunu başa salın. Məsələn, ona belə deyə bilərsiniz: "Ayşəni incitdin, indi də gəl onu qucaqlayıb könlünü alaq". Sonra uşağın qollarını qaldıraraq oyun yoldaşını necə qucaqlayacağını göstərin. Yaxud, uşaq yatmazdan öncə dişlərini fırçalamaq istəmirsə, həmin vaxt siz də onunla bərabər dişlərinizi fırçalamağa başlayın və bu işi qaimi vərdişləriniz sırasına daxil edin.
Yaxşı davranışa görə tərifləyin
Bəzən uşağın nadinclik etməsi, sadəcə, ünsiyyət qabiliyyətinin olmamasından qaynaqlanır. Üstəlik, uşaq sizin diqqətinizi çəkmək üçün nadinclik etməyi faydalı bir üsul hesab edir. Buna görə də o, yaxşı bir iş görərək ev qaydalarına riayət etdikdə ( məsələn, evə daxil olanda paltosunu asılqandan asdıqda ) bundan çox sevindiyinizi ona göstərin.
Beləliklə, uşaq təkcə nadincliklə deyil, həmçinin yaxşı davranışla da sizin marağınızı çəkə bildiyini anlayar və bunu özü üçün bir məqsədə çevirər.
Körpələr dava edərkən
Körpələr istədiklərinə nail olmayanda keçirdikləri əsəbi halları bəzən nəyisə vurub-dağıtmaq və qışqırmaqla göstərirlər. Əlbəttə, bu cür hərəkətlərin səhv olduğunu başa salmaq və onları vaxtında dayandırmaq lazımdır. Bəs hansı yollarla?
Səhv etdiyini başa salın...
Uşağa "yox" deməyin lazım olduğu məqamlardan biri də budur. Gözlərinin içinə baxaraq qərarlı bir şəkildə "yox, başqasını vurmaq, incitmək olmaz" deyin.
Kənara çəkin...
Uşağınızı hadisə yerindən uzaqlaşdırın, beləliklə, həm uşağınıza, həm də onun dostuna düşünmək üçün vaxt vermiş olarsınız. Sakitləşəndə isə üstünə qışqırıb vurmadan oynamağa hazır olub-olmadığını soruşun.