Valideyin

Uşaqlarda özünəqapanma

  • Admin
  • 05-mar-2024, 23:52
  • 0 Baxış


Son zamanlarda cəmiyyətdə geniş yayılmış problemlərdən biri də özünəqapanmadır.
İstənilən yaş dövründə olan insanlar üçün xarakterik olsa da, uşaqlarda rast gəlmə tezliyi daha intensivdir. Gündəlik həyatda təsirinə məruz qaldığımız sosioloji və psixoloji amillər özünəqapanmanı daha da sürətləndirir. Hazırki  dövrdə bu problem ən aktual mövzular içərisindədir və getdikcə gəncləşməkdədir. Özünəqapanma probleminin yaranma səbəblərini və ona təsir göstərən amilləri vaxtında müəyyən etməklə aradan qaldırmaq mümkündür.
NƏDİR ÖZÜNƏQAPANMA?
Özünəqapanma insanın ətrafındakılarla emosional kontaktın zəifləməsi şəklində təzahür edən  davranış formasıdır. Bu zaman insan öz problemlerini kimsəylə bölüşmək istəmir, ona üz verən çətinlikləri tək başına həll etməyə cəhd göstərir ki, bu da çox zaman uğursuzluqla nəticələnməklə yanaşı, dost seçimində tərəddüdlər, ən ağır formada isə  ailə üzvləri və cəmiyyətdəki digər insanlarla ünsiyyətin minimuma enməsi şəklində müşahidə olunur. Ümumi davranışların dəyişilməsi, əhval-ruhiyyənin  tam səmimiyyətlə biruzə verilməməsi, qarşı tərərflə emosional kontaktın zəifləməsi özünəqapanma problemini şərtləndirən amillər sırasındadır.
BƏS ÖZÜNƏQAPANMAYA SƏBƏB OLAN ƏSAS AMİLLƏR HANSILARDIR?
Özünəqapanmanın formalaşmasına həm psixoloji, həm də sosioloji amillər təsir göstərir.
1.Özgüvənin aşağı salınması. Uşağın ailə daxilində daim danlanması, əsassız təhqirlərə məruz qalması onda özünə inamsızlığın yaranmasına səbəb olur ki, bu da özünəqapanmaya gətirib çıxarır. Adətən valideynlər evin ilk uşağını yaşından asılı olmayaraq "böyük uşaq” adlandırırlar. Tez-tez "sən böyüksən bu işi belə  görməlisən, "bunu düz etmədin böyüklər belə etməz” kimi sözlərdən istifadə edirlər. Bu yanaşmalar uşaqda elə düşüncə formalaşdırır ki, sanki o heç nəyi bacarmır,qabiliyyəti yoxdur, heç bir işin öhdəsindən gələ bilmir. Məhz bu düşüncə uşaqda utanmağa, ailə üzvlərindən kənarlaşmağa əsas verir. Uşaq onu istəyənin səmimiyyətinə  o vaxt inanır ki, o istəyi dərk edir. O dərk etdiyini o vaxt " qanuniləşdirir” ki, onu əməllə yoxlayır. Demək uşaqlar davranışlara daha həssasdırlar. Bu səbəbdən onlara sevgimizi yalnız sözlə deyil, əməllərlə göstərməliyik. Ailəsi tərəfindən təmənnasız sevildiyini  bilən uşaq özünüqiymətləndirmədə çətinlik çəkmir, özgüvəni yüksək olur və belə hallarda uşaqda özünəqapanma davranışı azalır.
2. Uşağımın dostları kimlərdir? Ən önəmli məsələlərdən biri də budur ki, uşağın dost çevrəsi sağlam olsun. Düzgün dost seçilməməsi, çətinliklərini bölüşəcəyi birinin olmaması uşağı cəmiyyətdən daha da uzaqlaşdırır. Bu proses böyüklərdə də özünü doğruldur. İnsanın yaşantıları onun düşüncələrini formalaşdırır. Müəyyən müddət sonra insan yaşadıqları ilə yüklənir və problemlərini özünə yaxın biri ilə bölüşmək istəyir. Bu səbəbdən ətrafımızda güvənə biləcəyimiz, bizi başa düşən birinə ehtiyac duyuruq. Uşaqlar da həmçinin. Əgər  uşaq ətrafında etibar edəcəyi birini tapmazsa, onu başa düşən biri olmazsa bu zaman bütün hisslərini gizlətməyə çalışacaq, fikirlərini  bölüşməyəcək, qərar qəbul etmədə çətinliklər meydana  çıxacaq ki, bu da özünəqapanmaya səbəb olur.
3.Virtual aləmə nə dərəcədə bağlıdır? Son zamanlarda uşaqların əksəriyyətində rast gəlinən  internet asılılığı özünəqapanmanın formalaşmasına gətirib çıxaran amillər sırasındadır. Uşaqların günün yarıdan çoxunu kompüterin qarşısında keçirməsi virtual aləmə hədsiz bağlılıq, telefondan aşırı istifadə real ünsiyyəti minimuma endirib, özünəqapanmanı maksimum səviyyəyə çatdırır. Valideynlərin üzərinə düşən vəzifə uşağın internetdən istifadəsi müddətinə nəzarət etməkdir.
ÖZÜNƏQAPANMANIN ARADAN QALDIRILMA YOLLARI
İlk öncə valideyn uşaqla dostluq münasibəti qurmalıdır. Çünki, uşaqda özümüzə qarşı güvən duyğusu yaratmaq onun mənəvi sferasına daxil olmaqda əsas addımlardandır.  Onun uğurlarını qiymətləndirməli, uğursuzluq zamanı isə tənbeh etmək yerinə nöqsanlarının aradan qaldırılmasında birgə səy göstərilməlidir. Ailə daxilində valideynlər uşaqla mövqeyinə görə yox yaşına görə davranmalıdırlar. Valideyn bunu bilməlidir ki, uşaq ailədə ilk övlad olsa da nəticə etibarilə uşaqdır. Ona tez-tez "böyüksən” deyib yaşına uyğun davranmasına sədd çəkmək olmaz. Xüsusilə uşağın dost çevrəsinə diqqət yetirilməlidir. Onu başqaları ilə müqayisə edib, konflikt yaratmaq əvəzinə, uşağın sahib olduğu  bacarıqları həyata keçirməsinə imkan yaradılmalıdır. Uşağın sosiallaşma prosesində ləngiməsinin qarşısını almaq üçün internetə aşırı bağlılığı aradan götürməliyik. Bu zaman  ailədə normal ünsiyyətə qoşulması, fikir yürütməsi üçün şərait yaratmalı, vaxtının çox hissəsini kompüterin qarşısında keçirməsinin qarşısını almalıyıq. Valideyn  uşağın həyat tərzinə, yaşantılarına diqqət yetirməli, istənilən çətinlik anında uşağa dəstək olmalı, problemlərini bölüşməsinə şərait yaratmalıdır.

 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?