Övladınızın televiziya qarşısında saatlarla oturması biganə yanaşmayın. Televiziya qarşısında çox vaxt keçirmək bəzi problemlərdən qaynaqlana, eyni zamanda bir sıra neqativ hallara səbəb ola bilər.
Əgər övladınız televiziyaya çox bağlıdırsa və sizin qadağalarınıza baxmayaraq bu məşğuliyyətdən ayrıla bilmirsə, onun gündəlik davranışına, adət etdiyi mühitdə mümkün dəyişikliklərə diqqət yetirin. Televiziyaya bağlanmaq övladınızın real həyatda onu sıxan insanlardan və hadisələrdən uzaqlaşmaq cəhdi ola bilər. Diqqətini uzun müddət televiziyaya yönəltməklə kiçik məktəbliniz daxili rahatlıq balansını tənzimləməyə çalışır. Lakin bunun çıxış yolu olmadığını anlamaq üçün o hələ çox kiçikdir. Bu səbəbdən siz övladınızı narahat edən məqamları aydınlaşdırmalı və problemləri həll etmək üçün daim onun yanında olduğunuzu bildirməlisiniz.
Televiziya qarşısına uzun müddət vaxt keçirmək, eyni zamanda, övladınızda aqressivliyə, əsəbiliyə, ünsiyyət probleminə, psixoloji narahatlıqlara səbəb ola bilər. Bu real ünsiyyət çatışmamazlığından, onun yaşına uyğun olmayan proqramları və filmləri izləməsi, yaxud izlədiyi məzmunu səhv anlamasından qaynaqlanır.
Övladınızın izlədiyi məzmunu və televiziya qarşısında keçirdiyi vaxtı tənzimləmək vacibdir. Bununla bağlı tətbiq edəcəyiniz məhdudiyyəti övladınıza izah edin və hər ikinizi qane edəcək razılaşmaya gəlməyə çalışın.