Heç uşaqlarınızı mişahidə edirsinizmi? Əgər edirsinizsə, nəyə (ya da nələrə) diqqət yetirməli olduğunuzu bilirsinizmi?..
Çox vaxt valideynlərdən uşaqları ilə bağlı bu "şikayətləri” eşidirik: "Uşağımı başa düşməkdə çətinlik çəkirəm”. "Hər hansı bir problem baş verəndə necə reaksiya verəcəyimi bilmirəm”. "Uşağımın köməyə ehtiyacı olanda necə kömək edəcəyimi bilmirəm” və s. Hər şeydən əvvəl bu problemlərə cavab tapmaq üçün uşağınızı yaxşı tanımalı və hər hansı sözə və ya hərəkətə reaksiyalarının səbəbini bilməlisiniz. Bundan başqa, problemləri aradan qaldırmaq üçün müxtəlif tərbiyə metodlarından istifadə etməli, ya da uşaq tərbiyəsi və ya uşaq psixologiyası ilə bağlı müxtəlif kitablar oxumalısınız. İstər bu kitablardan, istər tərbiyə metodlarından və istərsə də, valideynlik təcrübələrindən istifadə edərək uşağınızın ilk pedaqoqu ola bilərsiniz.
Təbii ki, biz bununla heç də bu işin mütəxəssisi olan pedaqoqlara ehtiyac olmadığını demək istəmirik. Əksinə, uşaqla bağlı hər hansı bir problemlə qarşılaşdıqda bir mütəxəssisdən (yəni bir pedaqoqdan, bir psixoloqdan və ya bir psixiatrdan) məsləhət almalısınız. Burada nəzərdə tutulan valideynin pedaqoqu əvəz etməsi yox, pedaqoq qədər həssaslıq göstərməsidir.
Elə isə "valideyn-pedaqoq” necə olmalıdır? İlk növbədə, obyektiv olmalıdır. Çünki bəzi valideynlər uşaqlarının qeyri-adi zəkaya sahib olduqlarını düşünürlər. Bəziləri isə uşaqlarının "problemli” olduqlarına inanırlar. Nəticədə, valideynlər uşaqlarının bütün hərəkətlərinə bu prizmadan baxır və təbii olaraq, onlara obyektiv qiymət verməkdə çətinlik çəkirlər. Ona görə də valideyn uşağını müşahidə edərkən obyektiv olmalı və hər hərəkətə "öz yerində” qiymət verməyi bacarmalıdır.
Digər tərəfdən, "valideyn-pedaqoq” uşağını hərtərəfli müşahidə etməlidir. Hətta bunun üçün müxtəlif məkanlar seçməlidir. Məsələn, evdə, parkda, yemək yeyərkən, yad bir adamla bir yerdə olanda və s. Digər tərəfdən, valideynin eyni hərəkəti müxtəlif məkanlarda müşahidə etməsi onun uşağa daha obyektiv yanaşması üçün də vacibdir. Həmçinin, "valideyn-pedaqoq” əvvəlcədən hökm verməməlidir. Çünki elə valideynlər var ki, "Uşağım dəcəldir” və ya "Uşağım mənə hörmət etmir” deyərək əvvəlcədən hökm verirlər. Beləliklə, həm özlərinin, həm də ətrafındakıların öz uşaqlarına qarşı qeyri-obyektiv mövqe tutmalarına səbəb olurlar.
Digər tərəfdən, "valideyn-pedaqoq” mütəxəssislərlə də məsləhətləşməlidir. Bunun üçün də o, yaxşı müşahidəçi olmalıdır. Bu həm də valideynin uşağını daha yaxşı tanıması və ondakı "normadankənar” prosesləri daha tez görməsi üçün vacibdir. Belə olduqda, uşağınızın fizioloji problemləri olduqda bir mütəxəssisə müraciət etdiyiniz kimi, psixoloji problemləri olduqda da bir mütəxəssisə də müraciət edə bilərsiniz. Ancaq bütün bunlarla yanaşı uşaq qiymətləndirildiyini də hiss etməlidir. Yəni, valideynin hər bir sözü və ya hərəkəti uşaqda "Atam-anam mənə qiymət verir” hissini aşılamalıdır.
"Ailəm”