Nə üçün uşaq yuxuda dişlərini qıcayır?
Yəqin ki, yuxuda dişlərini qıcamayan uşaq çətin tapılar.
Bu isə anaların narahatlığına səbəb olur. Bəzi hallarda körpə bir neçə dəqiqə ərzində dişlərini qıcayır, bəzi hallarda isə tək-tək səslər eşidilir. Təbabətdə bu əlamətə bruksizm deyilir. Bruksizmin nədən yarandığını araşdıraq.
Çox zaman bruksizmi orqanizmdə qurdun olması ilə əlaqələndirirlər və buna görə müayinə olunmadan, uşağı müxtəlif parazit əleyhinə preparatlarla yükləyirlər. Adətən bu zaman müsbət nəticə əldə edilmir və uşaq dişlərini qıcamağa davam edir.
Alimlər tərəfindən sübut olunub ki, bruksizmin parazitlərlə heç bir əlaqəsi yoxdur. Bruksizmin yaranma səbəbləri sona qədər aydın deyil. Əsas səbəblərdən alimlər stress, yüksək sinir oyanıqlığı, irsiyyət ilə əlaqənin olmasını qeyd edirlər. Amma qurd-parazit olan uşaqlarda diş qıcama halı daha tez-tez rast gəlinir.
Əgər siz uşaqda qurd-parazitin olmasından şübhələnirsizsə, onların aşkarlanması üçün müayinədən keçmək lazımdır, çünki parazit əleyhinə dərmanların nəzarətsiz qəbulu orqanizmdə ziyansız ötüşmür. Daxil olan preparat uşağın bütün orqanlarına və hüceyrələrinə mənfi təsir göstərə bilər. Və belə preparatları müayinəsiz nəinki müalicə, hətta profilaktik məqsədlə də vermək məsləhət deyil.
Uşağımda qurd-parazit ola bilərmi?
Hansı şikayətlərə əsasən valideynlər uşaqda parazitlərin olmasından şübhələnə bilərlər? Əsas əlamətləri bir neçə qrupa bölmək olar.
Mədə-bağırsaq sisteminin fəaliyyətinin pozulması: Uşaqda qarın nahiyəsində sancıların olması, ishal, qəbizlik, ürəkbulanma, ağızdan xoşagəlməz qoxu, işhahsızlıq, bəzi hallarda isə iştahın artması da müşahidə olunur. Enterobioz zamanı uşaq yuxuya çətin gedir, gecələr narahat yatır və tez-tez oyanır. Xırda olmağına baxmayaraq, bu parazitlər bir sıra ciddi fəsadlara, gecə enurezinin, qız uşaqlarında cinsiyyət orqanlarında qaşınmalarına, iltihaba və uşaq onanizminə səbəb ola bilərlər.
Sinir sisteminin fəaliyyətinin pozulması: Orqanizmə qurdların daxil olması zamanı sinir sistemi tərəfindən dəyişikliklər baş verir: uşaq əsəbi, ağlağan və qıcıqlı olur, məktəbdə davamiyyəti pozulur, yuxu pozğunluğu, baş ağrıları qeyd olunur.
Allergik reaksiyalar: Uşaqda naməlum səbəbdən dəridə müxtəlif tipli allergik səpkilər müşahidə olunur.
İntoksikasiya əlamətləri: dərinin avazıması, gözaltı kölgələr, halsızlıq, yorğunluq. Limfa düyünlərin böyüməsi, çəkidən və boydan geri qalma də müşahidə oluna bilər.
İmmun sisteminin zəifləməsi: uşaq demək olar ki, "xəstəlikdən çıxmır", virus infeksiyalarına tez-tez yoluxur, burun-boğaz "əti" (badamcıqları) böyüyür.
Amma hər bir uşaqda parazitlərin orqanizmdə olması individual reaksiya verir. Bir uşaq çəkidən, boydan geri qalır, digəri isə sadəcə əsəbi olur.
Xalq təbabəti üsulları ilə orqanizmdən parazitlərin təmizlənməsi
ÜST-in son məlumatlarına görə, parazitlər insan orqanizmində mədə-bağırsaq xorası, hepatit, şiş və xərçəng kimi müxtəlif qorxulu xəstəliklərə səbəb ola bilərlər. Tədqiqatlara görə, orqanizmində parazit olmayan şəxslər parazit olanlarla müqayisədə orta hesabla 21 il daha çox ömür sürürlər.
Böyüklərə nisbətən, uşaqlar qurd-parazit ilə daha tez-tez yoluxurlar, çünki uşaqların sanitar-gigiyenik normaları daha aşağı olur: körpələr tez-tez əllərini ağızlarına salırlar, dırnaq yeyirlər, it, pişiklə oynayırlar. Buna görə valideynlər uşaqlara dəfələrlə yan təsirləri çox olan kimyəvi qurd-parazit əleyhinə preparatlar verməyə məcbur olurlar. Bu səbəbdən nəzərinizə parazit əleyhinə əsas müalicə ilə yanaşı, toksik preparatların müddətini qısaldan və xalq təbabətinə aid olan sadə reseptləri təqdim edirik.
Zəyərək və mixək ilə parazitlərdən təmizlənmə
Zəyərək və mixək praktiki olaraq bütün növ parazit əleyhinə effektiv təsir göstərir. Müalicəvi təmizləyici qarışığın hazırlanması üçün 10 hissə zəyərək toxumu və 1 hissə mixək götürülür, üyüdülür və 10-20 qram 3 gün ərzində yeməkdən əvvəl qəbul edilir. 3 gün fasilədən sonra yenidən təkrar 3 gün qəbul edilir və bu sxem bir ay müddətində davam etdirilir.
Qoz yağı və sarımsaq ilə parazitlərdən təmizlənmə
Səhər və axşam acqarına 5-10 ml qoz yağı və bir diş sarımsaq 10 gün müddətində qəbul edilir. 10 gün fasilədən sonra yenidən təkrar -10 gün.
Yerkökü və sarımsaq ilə parazitlərdən təmizlənmə
Xam yerkökü və təzə sıxılmış yerkökü şirəsi orqanizmindən parazitlərin, əsasən də bizquyruğun qovulmasına köməklik göstərir. Səhər və axşam acqarına 50-100 ml təzə sıxılmış yerkökü şirəsini bir diş sarımsaq ilə 2 həftə ərzində qəbul etmək məsləhətdir.
Şəhla Rüstəmova, tibb elmləri üzrə fəlsəfə doktoru, pediatr
Lent.az