Ünsiyyət övladınızın ən vacib tələbatlarından biridir. Lap körpəlikdən tutmuş hər bir yaş dövrünün özünəməxsus ünsiyyət tələbatı olur. Ünsiyyət sosial tələbatdır və uşaqların şəxsiyyətinin inkişafında mühüm rol oynayır.
Ünsiyyətin nitq (sual, cavab, müzkirə, mülahizə və s.), ekspressiv mimik (təbəssüm, əl və bədən hərəkətləri və s.) , əşyavi - hərəki kimi vasitələri vardır.
Ünsiyyət önəmlidir! Sosial adaptasiya, insanlarla münasibət qurma, onları anlama və fikrini anlatma, ətraf aləmə fəal təsir etmə kimi vacib amillərdə övladınızın ünsiyyət yaratmaq qabiliyyəti olduqca əhəmiyyətlidir.
Qeyd etmək vacibdir ki, uşaqlarda ünsiyyət tələbatı ilk öncə ailədə qarşılanmalıdır. Onlar valideyləri ilə ünsiyyət zamanı onlardan bir çox məsələlərlə bağlı yeni məlumatlar əldə edir, hər hansı problemlərinin həllində yardım ala bilirlər. Bu ünsiyyət uşaqlara inam hissi qazandırır və yeniliklər öyrənməsinə yol açır. Valideynlərin övladları ilə ünsiyyəti, bu ünsiyyətin düzgün qurulması uşağın sonrakı inkişafı üçün önəmlidir.
Yaşıdları ilə ünsiyyət isə övladınıza sosial baxımdan inkişaf, özünü təsdiq, özünü ifadə etmə bacarığı qazandıracaq. O, yaşıdaları ilə oyun zamanı bir sıra şərtlər, qayda-qanunlar, paylaşmaq və s. kimi mühüm keyfiyyətlərə yiyələnəcək.
Uşaqlarda bir sıra səbəblərdən ünsiyyət probleminə rast gəlmək mümkündür. Övladınızda ünsiyyət problemi varsa qeyd olunanlara diqqət edin:
Ailədə övladınız üçün xoş mühüt yaradın ki, onu sevən, düşünən və dəstək olan ailəsi olduğunu hiss etsin;
Övladınızdan ünsiyyət qurma zamanı nə üçün çətinlik çəkdiyinin səbəblərini öyrənməyə çalışın;
Onunla müzakirələrə çox yer ayırın;
Övladınız üçün ona xoş olan mövzularda danışmağa şərait yaradın;
Baxdıqları, tanış olduqları situasiyaları sərbəst şəkildə sizə danışmasına imkan yaradın;
Dostları ilə ünsiyyət qura bilmirsə, onlara mövzu verməklə ünsiyyətlərinə kömək edin;
Bu cəhdləriniz hər dəfə uğursuzluqla nəticələnirsə mütəxəssisə müraciət etməyiniz gərəkdir.