Valideyin

Uşağın bir şəxsiyyət kimi inkişafının özülü

  • Admin
  • 07-mar-2024, 23:18
  • 0 Baxış


Bu məqalədə hamımız üçün maraqlı və bir o qədər də çətin olan yeniyetməlik dövründən söhbət açacağıq. Hamımızın ailəsində, qohumlarımızda, ətrafımızda bu yaş dövründə olan uşaqlara rast gəlirik. Qeyd edim ki,  yeniyetməlik dövrü standart bir yaş həddi deyil, bəzi uşaqlarda bu dövr tez və yaxud gec başlaya və ya gec qurtara bilər. Ancaq ən çox yeniyetməlik dövrü oğlanlarda 10-14, qızlarda 11-15 yaşı əhatə edir. Bəs bu yaş dövründə biz uşaqlarımızla düzgün ünsiyyət qura bilirikmi, onları anlayırıqmı?
Uşağın bir şəxsiyyət kimi inkişafının özülü də ünsiyyət prosesində qoyulur. Yeniyetmə xarakterinin formalaşmasında ailədaxili ünsiyyətin rolu böyükdür. Yeniyetmə ata və ana vasitəsilə təbiət və cəmiyyət haqqında təsəvvürlərə və anlayışlara yiyələnir, özünü qiymətləndirmək meyyarlarını mənimsəyir. Yetkin adamlarla yanaşı aramızda hüquq normalarına, birgəyaşayış qaydalarına etinasızlıq göstərən, əxlaqi-hüquqi cəhətdən qeyri-sağlam böyüyən, çətin yeniyetmə kimi tanınan, qanunu pozan, cinayət xarakterli əməllərə meyl göstərən ümumxalq mənafeyini öz şəxsi mənafeyinə qurban verməyə hazır olanlar vardır. Müşahidə və sorğulardan bəlli olur ki, onların əksəriyyəti uğursuz ailələrdə böyüyüb boya-başa çatmış, tərbiyə almış məktəbi ictimai təşkilatların tərbiyəvi təsirlərinə biganə qalmışdır. Uğursuz ailələrdə valideynlər arasında qeyri-səmimi münasibətin kəskin şəkil alması, küsülülük, söz-söhbət, dava-dalaş olan ailələrdə yeniyetmə unudulur, tez-tez acılanır, döyülür. Ata ilə ana, ana ilə nənə arasındakı qeyri-səmimi münasibətlər gələcək vətəndaşı çıxılmaz vəziyyətdə qoyur. Ailədə qayğı üzünə həsrət qalan yeniyetmə öz dünyasına qapılır, söz eşitməz və kobud olur. Onun bu davranışı get-gedə sabit xarakter alır. Belə yeniyetmələrin tərbiyəsi çətinləşir, yeniyetmə öz üzərində nəzarətin zəiflədiyini görüb yad təsirlərə uyur. Yeniyetmə olan ailələrdə bəzən valideynlərin ünsiyyət zamanı pis sözlər danışması yeniyetmənin inkişafına mənfi təsir göstərir. Uşaqların yeniyetməlik dövründə bu pis sözlər onların nitqində ən dəbdə olan sözlərə çevrilir və onların əksəriyyəti belə təsəvvürdə olur ki, ancaq bu yolla əsl kişi olmaq mümkündür. Buna görə valideynlər istifadə etdikləri sözlərə diqqət yetirməli və nalayiq sözlərdən istifadə etməməlidirlər. Unutmamalıyıq uşaqlar bizim məsləhətlərimizdən çox işlətdiyimiz ifadələri və etdiyimiz hərəkətləri nümunə götürür.
Bəs biz yeniyetmələrlə necə münasibət qurmalıyıq? Yeniyetmənin düzgün tərbiyəsi onu tələb edir ki, biz yeniyetmə ilə yaşlı-uşaq münasibəti deyil, yaşlı-yaşlı münasibəti kimi təşkil edək. Təcrübələr göstərir ki, yaşlılar yeniyetmələrlə öz əvvəlki münasibətlərini dəyişmirlərsə, bu zaman böyük narazılıqlara səbəb olur. Bu münasibətlər aşağıdakı kimi ola bilər.
Birinci, valideyn yeniyetmə ilə öz münasibətini dəyişmir və bu zaman yeniyetmə ilə arasındakı çətinliklər get-gedə artır, ziddiyyətlər durmadan çoxalır. Bu isə yeniyetmənin ciddi etirazlarına səbəb olur. O, sözə qulaq asmır, müqavimət göstərir və s.
İkinci halda valideyn yeniyetmə təzyiqi altında öz şəxsi görüşlərinə zidd gedərək əvvəl icazə vermədiklərinə indi icazə verir. Lakin valideyn bu cür hərəkətlərində heç ardıcıllıq göstərmir. Bu zaman yeniyetmə ilə valideyn arasında ziddiyyətlərin sayı bir qədər azalsa da yenidən baş verdikdə valideynlər çıxılmaz vəziyyətdə qalır. Yeniyetmə hər dəfə onun keçən dəfəki verdiyi qərara görə təqsirləndirir və növbəti güzəştə nail olur. Qeyd edək ki, hadisələrin bu cür gedişi heç də xoşagələn deyil. Burada bəlalı cəhət orasındadır ki, yeniyetmə nəyi edə bilər, nəyi edə bilməz haqqındakı bilikləri nə yeniyetmə, nə də valideyn düzgün şəkildə dərk edə bilmir.
Üçüncü və ən doğru davranış yolu. Valideynlər zaman keçdikcə daha yeniyetməni uşaq hesab etmirlər. Bir dəfə onunla hesablaşır və davranış tərzlərini müvafiq surətdə dəyişirlər. Nəyə icazə olar, nəyə icazə olmaz bunu qaydalaşdırırlar və sabit fikirli olaraq bunu icra edirlər. Belə olduqda çətinliklər aradan qalxır. Yeniyetmə ilə valideyn arasında ziddiyyətlərin baş verməməsi üçün valideyn və müəllimlər yeniyetmə şəxsiyyətinə onun statusuna, mənliyinə, şəxsi ləyaqətinə hörmət hissi ilə yanaşmağı bacarmalıdırlar.
 
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Əsgərova Elvira

 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?