Valideyin

Xarici ölkələrdə şagirdlərin zəif qiymət alması uşağın savadsız olması anlamına gəlmir.

  • Admin
  • 08-mar-2024, 12:10
  • 3 Baxış


 

Bütün uşaqlar əlaçı olmalıdır? – Araşdırma Ekspertlərin bu suala cavabı birmənalıdır: "Xeyr 
"İbtidai sinifdən sonra valideynlərimlə münasibətlərimdə ciddi problemlər yarandı. Oxumadığım üçün mənə düşmən kəsilmişdilər. Hər gün evdə qiymət davası, "filankəsin uşağı savadlıdır”, "filankəs oğluyla fəxr edir, sən papağımızı yerə soxursan” kimi sözlər güvənimi azaldırdı. 8-ci sinifdən məni məcburən hazırlığa qoydular. Tək arzuları universitet tələbəsi olmağım idi. Fərqi yoxdur "kim” olum. Əsas odur ki, evdə hamıya reklam etməyə diplomum olsun. 4 il tökdükləri pullar boşa getdi. Çünki mən istəsəm də, oxuya bilmirdim. Oxuduğum dərs sabah yadımdan çıxırdı. 3 il universitetə qəbul ola bilmədim, o müddət ərzində  evdə demək olar ki, adam yerinə qoyulmurdum. Amma indi maşın ustasıyam. Valideynlərimin arzusunu gerçəkləşdirə bilməsəm də, öz işimdə xoşbəxtəm”.
Bu sözlərin müəllifi Tofiqdir. O düşünür ki, valideynləri onu qiymət almağa yox, hansısa peşəyə yönəltsəydilər, ailələrində bu qədər problem olmazdı. Çünki hər kəsin intellekt səviyyəsi (İQ) fərqlidir. Bütün şagirdlərin, uşaqların bacarığı eyni ola bilməz. Amma valideynlər belə düşünmür. Övladının bacarığını nəzərə almadan ondan əlaçı olmağı tələb edən, oxumağa həvəsi olmasa belə, uşağın boynuna borc qoyan valideynlər az deyil. Uşağın əlaçı olmayıb "4” alması da onun uğurudur. Amma valideynlər "5”dən başqa qiyməti qiymət hesab etmirlər. 
 
"Oxumalıdır…”
Aytən də belə valideynlərdəndir. Onun qızı Aytac 5-ci sinifdə oxuyur. Valideyn düşünür ki, qızının oxumamaq kimi bir seçimi ola bilməz: "Oxumaq hər bir uşağın borcudur. Əgər ona hər bir məktəb ləvazimatı alınırsa, ən yaxşı məktəb, ən yaxşı müəllimlər tərəfindən dərs keçirilirsə, hansı səbəb onu tənbəlliyə yönəldə bilər? Oxumalıdır. Oxumasa,  cəzalandırılır. Özbaşına buraxsam, sonra daha çox peşman olacam. Odur ki, indidən məcbur edirəm. Universitetə daxil olub, uğur qazandıqda, özü mənə təşəkkür edəcək”.
 
"Beş barmağın beşi də eyni deyil”
Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov qəzetimizə açıqlamasında bildirdi ki, beş barmağın beşi də eyni ola bilməz: "Azərbaycan Respublikası Konstitusiyası və "Təhsil haqqında” Qanuna görə bütün şagirdlərə bilik əldə etmək üçün bərabər şərait və imkanlar yaradılıb. Yəni bir sinifdə oxuyan bütün şagirdlərə eyni vaxtda eyni müəllim eyni dərslikdən eyni mövzunu öyrədir və soruşur. Deməli, mövcud qanunvericiliyə əsasən bütün şagirdlərin əlaçı olmasında və ya ola bilməsində heç bir problem, məhdudiyyət yoxdur. Amma atalar sözümüzdə deyildiyi kimi, heç də "beş barmağın beşi də eyni deyil”. Qanunvericiliyə görə, bütün şagirdlərin əlaçı olması mümkündür, lakin fiziki və şəxsi keyfiyyətlərinə görə bu, mümkün deyil. Hətta dünyanın ən inkişaf etmiş ölkələrində də belə deyil. Sadəcə, bizdə təhsilə, təhsil alana və müvəffəqiyyət göstəricilərinə münasibət fərqlidir. Orta məktəbdə şagirdlər arasında münasibətlər də, dostluqlar da bəzən sinif yoldaşının qiymətlərinə görə qurulur və ya pozulur. Belə addımlar gələcəkdə həmin insanların cəmiyyətdə düzgün mövqe tutmasına təsir göstərir. Dərs qiyməti nisbi anlayışdır, əsas odur ki, şəxsi keyfiyyətləri və xarakteri müsbət olsun. Dünyada kifayət qədər orta məktəbdə zəif oxumuş, ya da, ümumiyyətlə, orta məktəbə getməmiş uğurlu karyeraya malik, tanınmış insanlar var. Bu, heç də o demək deyil ki, tanınmış biri olmaq üçün zəif oxumaq, məktəbdən uzaqlaşmaq lazımdır. Onu qeyd etmək istəyirəm ki, şəxsi keyfiyyətlər və xarakter önəmlidir”.
 
"Şagirdin istəyi nəzərə alınmalıdır”
Həmsöhbətimiz hesab edir ki, insanlar uşaqlıqdan müəyyən peşələr üzrə formalaşırlar. Sadəcə, müəllim və valideyn sıx münasibət qurub övladının hansı sahəyə uyğun olmasını bilməlidir: "Belə bir deyim var: "Hər kəs dünyaya gələndən hansısa peşə üzrə formalaşır”. Yəni hər kəsin özünə məxsus yaradıcılığı, qabiliyyəti olur. İnsanlar özlərinə uyğun olmayan sahələri seçir. Valideyn və müəllimləri şagirdləri daha çox onlara uyğun olmayan sahəyə yönləndirir. Nəticədə onların istəyi ilə təhsil alan, işləyən insan o sahədə uğur əldə edə bilmir. Çünki könülsüz olaraq ordadır, onun əsas olmaq istədiyi sahə fərqlidir. Mən belə hesab edirəm ki, erkən yaşlarından müəllim və valideynlər uşaqları yaxından izləməli, onların hansı istiqamətə getdiklərini, istək və maraqlarını başa düşüb onlara dəstək verməlidirlər. Orta məktəblərdə demək olar, bütün fəaliyyət sahələrinə aid dərslər keçirilir və ya məlumat verilir. O zaman şagirdlərdə o sahələrə maraq oyanır. Bunu görən peşəkar müəllim şagirdi düzgün yönləndirməli, şagirdin marağı, bacarığı ilə bağlı valideynə mütəmadi olaraq məlumat verməlidir”. 
 
Xarici təcrübə
Xarici təcrübə haqqında məlumat verən ekspert deyir ki, dünyada şagirdin orta məktəb göstəriciləri ciddi maraq kəsb etmir: "Xarici ölkələrdə şagirdlərin zəif qiymət alması uşağın savadsız olması anlamına gəlmir. Amma bizdə vəziyyət fərqlidir. Biz yaxınımızın, qohumumuzun hansısa sinif yoldaşının dərs oxumayan və ya zəif oxuyan biri olduğunu bilən kimi, ondan uşağımızı kənar tutur, onunla münasibət qurmamasını tələb edirik. Belə düşünürük ki, o, zəif qiymət alırsa, mütləq şəkildə tərbiyəsizdir, pis uşaqdır. Təbii ki, bu,  çox yanlış yanaşma tərzidir. Belə ki, bütün əla oxuyanların hamısı heç də ideal həyat tərzinə və karyeraya malik deyillər və ya heç də bütün zəif oxuyanlar cinayətkar, ziyanverici deyil. Əgər şagird təhsilini davam etdirmək istəyirsə, o zaman ona orta məktəb qiymətləri yox, onun təhsil almaq istədiyi müəssisənin şərtləri önəmli olur. Şagirdin təhsil almaqda məqsədini, niyyətini əks etdirən məktub, onun dil bilmə və məntiq göstəricisi olan ümumi nəticə vərəqi təqdim olunur. Bundan başqa, xarici ölkələrin orta məktəblərində şagirdin öz marağını ortaya çıxarması üçün bütün şərait yaradılır. Ümumiyyətlə, bizdən başqa bütün ölkələrdə orta məktəblərdə şagirdlərə tədqiqat sərbəstliyi verilir. Son illər ərzində Azərbaycan məktəblərində kifayət qədər şərait yaradılıb. Son 3 il ərzində məktəblərdə kompyuter otaqları, laboratoriyalar, müasir standartlara cavab verən idman zalları yaradılıb. Lakin bu, bütün ölkə ərazisini əhatə etmir və ən başlıcası isə  yaradılmış gözəl şəraiti dəyərləndirən müəllimlərin sayı azdır. Müəllim təkcə öyrədən yox, şagirdə həm də dost, yol göstərən olmaldır”. 
 
"Uşaqlarımızı güvənsiz böyüdürük”
Psixoloq Narınc Rüstəmova deyir ki, qiymət uğrunda mübarizə başlananda uşağın özgüvəni itir: "Təhsildə bu problemi çox yaşayırıq. Günümzdəki uşaqlar "4” qiymətini "5”dən çox aşağı qiymətləndirirlər. Onlar üçün "4” "2” kimi qəbul olunur. Valideyn uşağın bacarığına deyil, daha çox qiymətləndirməyə önəm verir. Bu zaman uşaqların güvəni aşağı düşür. Ancaq qiymət uğrunda mübarizə başlanır. Valideynlər çalışmalıdır ki, uşaqlar qazandığı bacarıqları inkişaf etdirsinlər. Hər bir valideyn istəyir övladı yaxşı təhsil alsın. Yaxşı təhsil alarsa, onun gələcəyi də gözəl olar. Lakin valideynlər uşağı digər şagirdlərlə müqayisə etdikd, uşaqda davranış pozuntuları yaranır. Uşaqda müəlliminə, ondan yaxşı qiymət alan həmyaşıdına qarşı aqressiya yaranır. Valideyn uşağa təsir göstərməməlidir. Məsələn, uşaq 10 sual yazıbsa, bunun 3-də yanlışlıq varsa, bu zaman valideyn neqativə  köklənməməlidir. Əvvəlcə pozitivdən başlamalıdır ki, "7 düz necə gözəl nəticədir”,  "bu sual necə çətin sual idi, sən öhdəsindən gəlmisən”. Bu zaman uşaq səhvlərindən nəticə çıxarır. Neqativdən başlayanda uşağın gərginliyi artır və yazdığı 7 doğru cavabın əhəmiyyətini görə bilmir. Əksər uşaqlar həyəcanlı olur, müəllimin yanında yaxşı yazır, tək öhdəsindən gələ bilmir. Çünki öz uşaqlarımızı güvənsiz böyüdürük, tənqid edərək tərbiyə etmək üsulunu öyrənmişik. Bu, əslində sovetlər birliyinin bizə mirasıdır. Hər bir uşağın öz potensialı var, valideyn bunu araşdırıb tapmalıdır. Bu zaman uşaq daha yaxşı uğur qazanır”.
 
"Şagirdin sonrakı taleyi "5”lə davam etmir”
İctimai fəal Rövşən Nəcəfov deyir ki, şagird orta məktəbdə öz missiyasını "5” almaqla yekunlaşdırır. Onun sözlərinə görə, iş həyatında məktəbdəki nəzəriyyə, əzbərçilik insanın köməyinə çatmır: "Azərbaycan təhsil sistemində stereotiplər mövcuddur. Təhsil sistemi valideynlərdə "övladım ancaq "5 almalıdır” təfəkkürünü formalaşdırır. Hər birimiz bu təfəkkürlə rastlaşmışıq. Valideyn deyir ki, "filan fəndən niyə "5” almırsan? Digər fəndən niyə zəifsən? Filankəsin övladı "5” aldı”. Bu kimi şablonlaşmış qaydalar istənilən şagirdin psixologiyasına mənfi emosiyalar yükləyir. Valideyn düşünür ki, onun övladı "5” almasa, gələcəyi olmayacaq. Təhsil sistemi də qeyri-rəsmi olaraq beyinlərə yeridir ki, "5” almasan, uğurlu olmayacaqsan”. Aldığımız təhsildə əzbərçilik etmək, nəzəriyyə bilmək vacibdir. Amma iş həyatında bunların heç birisi vacib deyil. İstənilən özəl və ya dövlət qurumuna daha çox təcrübi bilgiləri olan əməkdaşlar lazım olur. Məktəb illərində şagirdin xüsusi keyfiyyətləri də nəzərə alınmalıdır. Şagird öz missiyasını "5” almaqla yekunlaşdırır. Həm təhsil qurumları, həm də valideynlərin şagirdə yanaşması sağlam fikir formalaşdırmaq olmalıdır. İstənilən orta məktəbi əlaçı olaraq bitirmiş şagirdin sonrakı taleyi "5”lərlə davam etmir. Çünki həyat atdığımız bütün addımlara "5” yazmır. Şagirdin sağlam fikirlə böyüməsi onun vətəndaş kimi yetişməsində rol oynayır. "5” almağı bütün şagirdlər bacara bilər. Amma sağlam fikirdə olmağı yox. Tətbiq olunan, təklif olunan hər nəzəriyyə doğru ola bilməz. 21-ci əsrdə yaşadığımız üçün, dünyanın "5”ə ehtiyacının olmadığını görürük. Şagirdin də, tələbənin də cəmiyyətə faydalılığını gücləndirmək lazımdır. Sağlam fikri olmayan heç bir şəxs qazandığı biliklərlə cəmiyyətdə nümunə yarada bilməyəcək. Dərsimizdən "5” almaya bilərik, yaşadığımız həyatın qiymətinin "5” olmasına çalışmalıyıq”.
Aygün ƏZİZ -www.kaspi.aZ
 
img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?