"Uşaqların imtahanda həyəcandan uzaq olması üçün əsas şərtlərdən biri valideynin imtahan haqqında onları məlumatlandırmasıdır.Uşağı həddən artıq qorxutmaq, "bu sənin həyatının həll nöqtəsidir, imtahanda zəif yazsan, sənin həyatın bitdi” kimi sözlər demək olmaz. Şagirdin özünə də aşılamaq lazımdır ki, bu imtahan sadəcə, bir sınaqdır.
Bu sözləri AzEdu.az-a açıqlamasında psixoloq İbrahim İbrahimov deyib. Onun sözlərinə görə, bu il imtahanda uğursuz olan şəxs gələn il bir də verə bilər, itirəcək bir şey yoxdur:
"İnsanı həyəcanlandıran faktorlardan biri itirmə qorxusudur. Bu istər iş görüşmələrində, istərsə də imtahan həyəcanında altda yatan əsas səbəbdir. İnsan iş görüşməsinə gedir, düşünəndə ki, "işi qazana bilməsəm hər şey bitdi” və s. onda daha çox həyəcanlanır. Başdan düşünəndə ki, "mənim üçün itirəcək bir şey yoxdur”, o zaman özünü sərbəst aparar, heç kimdən də asılı olmaz, heç kimin yanında da sıxıntı keçirməz. Ona görə şagirddə həmin fikri oyatmaq vacibdir ki, imtahanda özünü sərbəst aparsın, əks halda, yüklənən zaman həyəcan keçirə, özünü itirə bilər”.
Psixoloq deyir ki, imtahan zamanı yaşanan başqa səbəb isə -valideynlərin səhvləri sayəsində - nəsillikcə imtahan verilən binanın qarşısına yığışmaqdır. Bu da şagirddə böyük həyəcan hissinə səbəb olur ki, nə qədər insan onu müşayiət edir:
"Qohumların tez-tez zəng vurub neçə bal toplamasını, imtahana necə hazırlaşdığını öyrənməsi də uşaqlara təsir edir. Bu, onu diqqət mərkəzində, sanki səhnə ortasında saxlamaq kimi bir şeydir. Bəzən, uşaq aşağı nəticə göstərdikdə intihar edir. Çünki insanlara cavab verməli, ona sual verənlərin üzünə baxmalı, qarşısına çıxmalıdır kimi düşünür. Amma onda fikir oyansa ki, bu, mənim üçün olan bir şeydir, öz seçimimi edirəm və bu da son demək deyil, mənim yaşım azdır gələn il də hazırlaşa bilərəm daha yaxşı olar. Və ya bal toplayım keçim fikri ilə yanaşmaqdan, işsiz qalmaqdan, sevmədiyi işlə məşğul olmaqdansa bir – iki il də artıq hazırlaşıb hədəfə vurmaq, düzgün seçim etmək daha məntiqlidir. Ona görə burda imtahan həyəcanı minumuma enir.Əsassız olduğunu şagird dərk edir”.
Qeyd edək ki, sabah IX və XI siniflərin buraxılıç imtahanıdır. Ümumilikdə 64800 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.