Artıq ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsi başa çatıb. Bəzi abituriyentlər ikinci imtahanda iştirak etsələr də, bəziləri artıq buna ehtiyac görmürlər… Ali məktəblərdə qəbul olmaq üçün imtahandan sonra çətin və bir o qədər də məsuliyyətli iş məhz ixtisas seçimidir. Hər bir abituriyentin bu mərhələdə mütəxəssis məsləhətinə ehtiyacı var. İxtisas seçmək hüququna yalnız test imtahanında iştirak etmiş və imtahan nəticələri müsabiqə şərtlərini tam ödəyən abituriyentlər malikdirlər.
Sosioloq Əhməd Qəşəmoğlu AzEdu.az vasitəsilə abituriyentlərə məsləhət görür ki, ilkin olaraq gələcəkdəki işlərini öz qabiliyətləri və təyinatlarına uyğun olaraq seçsinlər. Onun sözlərinə görə, ixtisas və universitet seçimində "qonşuların düşüncələri” əsas götürülməməlidir:
"Çalışmaq lazımdır ki, buna diqqət edilsin. Mən universitetdə dərs deyirəm. Şahidiyəm, 500 balla girən tələbələr var ki dərs oxumurlar. Sonda məlum olur ki, bu ixtisas tələbənin ürəyincə deyilmiş, o, bura təsadüfən düşüb. Həyatda hansı peşədən zövq ala biləcəklərsə, həmin peşənin arxasıyca getsinlər. İnsan zövq aldığı peşə olduqda daxili potensialı daha çox üzə çıxır. Məsələn, ilk baxışda universitetdə kitabxanaçılıq fakültəsimüqayisədə digər fakültələrdən zəif görünə bilər. Amma bu fakültəyə daxil olub bacarıqlarını inkişaf etdirən o qədər parlaq şəxsiyyətlər olub ki heç başqa fakültələr o cür peşəkarlar yetişdirə bilməyib”.
Ekspert qeyd edib k, abituriyentlər universitet seçərkən mütləq onlar barədə ətraflı məlumat öyrənib sonra seçim etsinlər:
"Bakı böyük yer deyil, tələbələrdən istədikləri məlumatı əldə edə bilərlər. Çünki Azərbaycanda tədris üçün yaranan vəziyyət birmənalı deyil. Bəzi universitetlərin reklamı yaxşı olsa da, tələbələr cəlb olunsa da, orada tədris arzuolunan səviyyədə deyil. Orada xoşagəlməz proseslər gedir, arzuolunmaz müəllim-tələbə münasibətləri baş verir və s. Yenə deyirəm, əsas tövsiyəm odur ki, yaxşı məlumatlansınlar. Misal üçün, Xəzər Universiteti, Bakı Slavyan Universitetində axır illərə qədər tələbələr çox razılıq edirdilər. Azərbaycan Dillər Universitetinə də Kamal Abdulla rektor keçəndən sonra ümid edirəm ki, orada da vəziyyət yaxşıdır və daha da yaxşı olacaq. Əlavə olaraq, həqiqi təhsil almaq istəyənlər ADNSU-da da təhsil ala bilərlər. Hazırda orada yaxşı tədris üçün şərait yaradılıb. Daha yaxşı kadr yetişdirmək, sağlam mühit formalaşdırmaq istiqamətində çoxlu işlər görürlər”.
O, gələcəkdə sosial sahələrə tələbat artacağını deyib abituriyentlərə bu istiqamətə yönəlməyə çağırıb:
"İxtisas seçimində bəzi adamlarda belə təəssürat yaranıb ki, ən yaxşı fakültələr iqtisadiyyatla bağlı, gələcəkdə çox maaş vəd edən fakültələrdir. Lakin bu indi belədir, zamanla dəyişəcək. Dünyada proseslər elə sürətlə gedir ki, bir azdan sosial yönümlü ixtisaslara ehtiyac çox olacaq. Çünki biz müəyyən kadrları artıq hazırlamışıq. Düzdür, ölkədə abadlıq, təmir işləri gedir, meydanlar, küçələr salınır və s., amma sosial sferada olduqca yarımçıq işlərimiz var, ölkədə bu sahədə işlərin getməsi vacibdir. Gün gələcək bu sahə ilə bağlı mütəxəssislər çox lazım olacaq. Humanitar sahələrə maraq göstərilməsi təmin olunmalıdır. Hazırda kompüter texnikası ilə bağlı ixtisaslar da dəbdədir. Bu da, məncə, keçici bir şeydir. Çünki, kompüter özü bir vasitədir. Çox istəyərdim ki, elm də gələcəkdə böyük fəaliyyət göstərmək istəyənlər BMT-nin apardığı işlərə, qlobal istiqamətlərə ciddi fikir versinlər. NASA hansı qlobal problemlərə köklənnib və s. araşdırılmalıdır. Bunların fəaliyyət sahələrinə baxanda 20-30 ildən sonra dünyada hansı istiqamətli ixtisaslara tələbat olacağı məlum olacaq. Ona görə, bu məsələlər diqqət mərkəzində olmalıdır”.