Valideyin

Uşaqlar nə üçün çox sual verirlər?

  • Admin
  • 09-mar-2024, 12:33
  • 1 Baxış

Öyrənmək arzusunun şiddəti tərəqqiyə və bəşəriyyətin yüksəlişinə aparır, böyük kəşflərə işıq tutaraq dünyanın bir çox sirrlərinin açılmasının, əvvəllər məlum olmayan yeni şeylərin yaradılmasının mənbəyinə çevrilir.


Kiçik yaşlı uşaqlar böyükləri suallar "dəryasına” qərq edərək, hər şeyi, onu əhatə edən əşyaların adını, xüsusiyyətlərini və iş prinsipini anlamaq və mümkün olduğu qədər çox şeyi bilmək, hər şeyin mahiyyətinə varmaq istəyirlər. Əlləri altında olan hər bir şey onların çox ciddi analizinə məruz qalır. Məsələn, tikiş maşının sirrini açmaq və ya saatın gizli işini bilməkdən ötrü uşaq onları söküb-tökərək, nəticədə tam yararsız hala salır. Bu hadisədən qanı qaralmış və üstəlik sual yağışından təngə gəlmiş ana, uşağı cəzalandırmaq istəyir.


Böyüklər dərk etməlidirlər ki, hər şeyi bilmək həvəsi uşağın şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. Ətraf dünyaya maraq göstərməklə, uşaq öz bilik ehtiyatını zənginləşdirir. Pedaqoji psixologiya sahəsində mütəxəssislər valideynlərə uşaqların suallarına asan dildə, aydın formada, onların anlayışına, təfəkkür səviyyəsinə və qabiliyyətinə uyğun olaraq cavab verməyi məsləhət görürlər. Onlar bilməlidirlər ki, məhz bu yolla uşaq yeni biliklər əldə edir. Çox təəssüflər olsun ki, bunu dərk etməyən bəzi analar uşağın sözünü ağzında yarımçıq qoyur ("əl çək”, "mənasız sualarla məni dəng etmə” və s.), atalar onlara diqqət yetirmir və hesab edirlər ki, bununla uşağın "nadincliyinin” və "coşqunluğunun” qarşısını almış olurlar.


Öz övladını sevən ata və ana uşağının sağlamlığına və fiziki inkişafına böyük diqqət yetirdiyi kimi, uşağın əqli qabiliyyətlərinin inkişaf etdirilməsi də valideynlərdən böyük səbr, nəzakət və bacarıq tələb edir. Valideynlər uşağın bütün suallarına səbrlə cavab verməli, ətraf dünyada baş verən hadisələri aydın və asan dildə ona başa salmağa cəhd etməlidirlər. Bundan başqa, onlar heç vaxt verdiyi suallara görə uşağa gülməməlidirlər. Ən əsası isə uşaq verdiyi sualın əvəzində "nə axmaq sualdır” cavabını almamalıdır. Valideynlər həmçinin məsum uşağı gülüş obyektinə çevirməməlidirlər. Təəssüflər olsun ki, əksər hallarda valideynlər öz uşaqlarına oyuncaq kimi baxır və onların səmimiyyətinə gülərək uşaqların zəif və həssas qəlblərini yaralayırlar.


Uşaq üzərində ticarət firmasının markası - ağac şəkili olan balıq yağının reklamına nəzər yetirir. "Ana, bu balıq yağı ağacıdır?” –deyə anasından soruşur. Bu sözləri eşidən yoldan keçən adamlar gülməyə başlayırlar. Sualının nə üçün böyüklərin gülüşünə səbəb olmasını anlamayan uşaq pərt olur.


Uşaqlarla ünsiyyətdə olan böyüklər daim yadda saxlamalıdırlar ki, onlara qarşı münasibətdə qayğı, mülayimlik, nəzakət və ehtiram həmişə zəruridir.


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?