Uşaqlarla zarafatın həddi - Nələri etmək olar?
- Admin
- 09-mar-2024, 19:00
- 1 Baxış
Qədimlərdə yaşamış bir ərəb mütəfəkkiri demişdir: "Yeməkdə duz nədirsə, söhbətdə də zarafat odur”. Həddən artıq duz qatılması yeməyi yeyilməz hala gətirdiyi kimi, həddi aşan zarafat da əksər hallarda xoşagəlməz emosiyalar, ixtilaf, narazılıq yaradır və ailə üzvləri arasında düşmənçiliyin əsasını qoyur.
Bəzi yaşlı adamlarda istehzalı və zarafatyanı danışıq tərzi təkcə öz hissiyatını bildirmək qaydası deyil, həm də həyat tərzidir. Təəssüf doğuranı odur ki, böyüklərin yersiz zarafatları arabir uşaqlara da yönəldilmiş olur. Böyüklər söhbət zamanı uşaqlarla kobud zarafatlar edir ki, bu da davranış mədəniyyətinin tələblərinə cavab vermir və uşaqlarda müsbət mənəvi keyfiyyətlər tərbiyə etmir. Bu cür danışıq tərzinin müəyyən mənfi nəticələri vardır ki, onların bəziləri üzərində ətraflı dayanacağıq.
1. Əgər zarafat həddini aşırsa, bu zaman hər iki adam, həm zarafat edən, həm də dinləyən nəzakət və özünə hörmətin sərhədini aşmış olurlar. Əylənmək xətrinə pərdəni aradan götürən yaşlı adamın şəxsiyyəti uşağın gözündən düşür və o, həmin adama hörmət etməyi özünə borc bilmir. Belə uşaq böyüdükcə, tədricən kobud, sırtıq və cavab qaytaran olur.
2. Böyüklərin bu cür hərəkəti ona gətirib çıxarır ki, məsum uşaq ədəb qaydalarını pozmağa başlayır; yersiz zarafatlar və ədəbsiz söhbətlər edir, özünü təlxək kimi aparır. Bu onun üçün vərdişə çevrilir. Onun təhqiredici sözlərinin nəticəsi isə inciklik olur.
3. Təcrübə təsdiq edir ki, təlxək hoqqaları insanda həddini aşma halına gətirib çıxaran vərdişlərdən biridir. Bu xüsusiyyətinə görə o, qumar oyununa bənzəyir. O zaman ki, insan zarafatları ilə ətrafdakıları əyləndirir və onların tərifini qazanır, o, öz hərəkətlərinə hədd qoya bilmir, nəsə daha kəskin, daha əyləndirici söz demək istəyir. Əgər hansısa zarafat və ya lətifə uğursuz alınırsa, öz uğursuzluğunu ört-basdır etməkdən ötrü cəhdlərini bir qədər də artırır və "bu döyüş meydanında” uğur əldə etmək ümidi ilə hücuma keçir və daha uzağa gedərək özünə həddqoyma hissini itirir.
4. Arasıkəsilməyən zarafat və məsxərə vasitəsilə kənar şəxslərin diqqətini özünə cəlb etmək vərdişi uşaqları və böyükləri hoqqabazlığa alışdırır və onlar cəmiyyətdə hörmətə layiq olmayan arsız və nəzakətsiz kimi tanınırlar.
5. Uşaq başqa insanlara nəzakətsizlik nümayiş etdirəndə, səfeh sözlər deyəndə, hoqqabazlıq edəndə, özü də bunu bilmədən özünün zərif və həssas ürəyini yaralayır, tədricən söyüş və əsəbiliyə alışır, fərdiyyətini itirir və qəlbi daşa dönür. Uşaqlıqda pis xasiyyətlərə vərdiş etmək, şübhəsiz ki, insanın mənəvi inkişafına mənfi təsir göstərəcəkdir.
Ədəbsiz zarafatlar və uşaqların qıcıqlandırılması ailə praktikasından tamamilə çıxarılmalıdır. Böyüklərin uşaqlara böyük məhəbbət, hörmət, nəzakət və ləyaqətlə yanaşması daha düzgün olardı. Hətta qısa və ötəri söhbətlər zamanı belə, uşaqların başa düşdüyü sadə dildə onların dünyagörüşü genişləndirilməlidir. Böyüklər uşaqları xoşbəxt görmək istəyirlərsə, həddi aşmadan və ədəb qaydalarını gözləməklə, onların ürəyini şən və məzəli əhvalatlarla sevindirə bilərlər.