Direktor

Müəssisə və təşkilatların idarə edilməsi

  • Admin
  • 12-mar-2024, 17:38
  • 25 Baxış


 

Müəssisə və təşkilatların idarə edilməsi
1) Dövlət müəssisələri. 
2) Qeyri-dövlət müəssisələri.
3) Müəssisələrin formaları.
Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən müəssisə və təşkilatlar mülkiyyət formalarının müxtəlifliyi ilə bir-birindən fərqlənirlər. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycanda mülkiyyətin 3 forması mövcuddur.
Bunlar aşağıdakılardır:
1. Dövlət mülkiyyəti;
2. Xüsusi(qeyri-dövlət) mülkiyyət;
3. Bələdiyyə mülkiyyyəti;
Dövlət mülkiyyəti bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən əmlak paylarının bölünmək hüququ olmayan mülkiyyətçilərin yaratdığı təşkilatlar dövlət müəssisələri hesab olunur. Dövlət müəssiələrinin nizamnamə fondu dövlətə məxsusdur. Dövlət müəssisəsi bütün öhdəliklərinə öz əmlakı ilə cavabdehdir.
Dövlət müəssisələrinin aşağıdakı növləri vardır:
1. Əmlakı tamamilə dövlətə məxsus olan müəssisələr.
2. Səhmlərin nəzarət paketi dövlətə məxsus olan müəssisələr.
Dövlət müəssisələri təsisçilərin onlara verdiyi hüquqlardan asılı olaraq 2 cür təsnifləşdirilirlər:
1. Təsərrüfatçılığı aparmaq hüququ olan müəssisələr;
2. Operativ idarəetmə hüququ olan müəssisələr;
Təsərrüfatçılığı aparmaq hüququ operativ idarəetmə hüququndan daha genişdir. Təsərrüfatçılığın aparılması hüququna malik olan müəssisələr, mövcud qanunvericilik aktlarına, dövlət qərarlarına uyğun olaraq müstəqil formada fəaliyyət göstərirlər. Bu tip müəssisələr öz fəaliyyətini, perspektivlərini və startegiyasını müstəqil surətdə müəyyən edir, təsisçi və ya yuxarı təşkilat qarşısında hesabat verirlər.
Lakin operativ idarəetmə hüququna malik olan müəssisələr asılılıq dərəcəsinin çox olmasına görə fərqlənirlər. Bu tip müəssisələr yuxarı təşkilatların və ya təsisçilərin planları, göstərişləri, tapşırıqları, təlimatları əsasında fəaliyyət göstərirlər. 
Dövlət müəssisələrinin timsalında büdcədən maliyyələşən və təssərüfat hesablı dövlət müəssisələri, səhmdar cəmiyyətlər, şirkətlər, konsernlər və s. fəaliyyət göstərə bilərlər.
Qeyri-dövlət müəssisələri qeyri-dövlət mülkiyyəti əsasında yaranır. Qeyri-dövlət müəssisələri bir və ya bir neçə şəxs tərəfindən təşkil oluna bilərlər. Yeni qeyri-dövlət müəssisələrinin yaranmasında fəaliyyətdə olan bir və ya bir neçə qeyri-dövlət müəssisələri də iştirak edə bilərlər. 
Qeyri-dövlət müəssisələrinin mülkiyyəti xüsusi mülkiyyətdir və nizamnamə kapitalı dövlətə məxsus deyil. Qeyri-dövlət müəssisələri dövlət müəssisələrinə nisbətdə daha çox müstəqildirlər. Qeyri-dövlət müəssisələri fəaliyyətini özü planlaşdırır, daha müstəqil strategiya həyata keçirirlər. Lakin bütün cəmiyyətlərdə olduğu kimi Azərbaycan Respublikasında da qeyri-dövlət müəssisələrinin fəaliyyəti dövlət tərəfindən qanunvericilik əsasında tənzimlənir.  
Təssərüfat hesablı dövlət müəssisələri və qeyri-dövlət müəssisələri vergi xidməti orqanlarına, Dövlət Sosial Müdafiə Fonduna, yerli statistika şöbələrinə hesabatlar təqdim edirlər. Büdcədən maliyyələşən dövlət müəssisələrinin xərcləri büdcə hesabına həyata keçirildiyi üçün onlar yerli maliyyə orqanları qarşısında hesabat verirlər. Dövlət ölkənin sosial-iqtisadi inkişafının tələblərinə uyğun olaraq istər dövlət, istərsə də qeyri-dövlət müəssisələrinin fəaliyyətini tənzimləyir və nəzarət edir. Bu proseslər İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Respublika Prokurorluğu, Məhkəmə Orqanları və s. bu kimi orqanlar tərəfindən həyata keçirilir.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?