Direktor

Pedaqoji şura və direktoryanı müşavirə vasitəsilə təlim-tərbiyə işlərinə rəhbərlik

  • Admin
  • 13-mar-2024, 13:18
  • 78 Baxış


Məktəb rəhbərlərinin pedaqoji kollektivlə işinin, o cümlədən təlim-tərbiyə prosesinin təkmilləşdirilməsində istifadə vasitələri çoxdur və bunların arasında pedaqoji Şura, direktoryanı müşavirə kimi rəhbərlik formaları xüsusi yer tutur. Məktəb rəhbərlərin pedaqoji Şura və direktoryanı müşavirələrdə müəllimlərin təlim-tərbiyə sahəsindəki gündəlik fəaliyyətlərini müzakirə etməklə onlara konkret pedaqoji istiqamət verməli, ən operativ məlumatları nəzərlərinə çatdırmalıdırlar.
Direktoryanı müşavirələrdə müzakirə edilən məsələlər pedaqoji Şura iclaslarına çıxarılacaq problemlərin aktuallığına, obyektivliyinə və onların nəticələrinin səmərəliliyinə zəmin yaradır. Pedaqoji kollektivin qüvvəsini dövlətin məktəb haqqındakı qərarlarından irəli gələn vəzifələri, habelə, yuxarı təhsil orqanlarının əmr və sərəncamlarını müvəffəqiyyətlə yerinə yetirməyə səfərbər edən pedaqoji Şuraların və direktoryanı müşavirələrin işi elə qurulmalıdır ki, təlim-tərbiyə prosesini təkmilləşdirməklə məşğul olan müəllimlərin fəaliyyətini düzgün istiqamətləndirsin, onların yaradıcılığını inkişaf etdirsin, pedaqoji ustalıqlarını artırmağa yaxından köməklik göstərsin.
Məktəbin direktoru pedaqoji kollektivə rəhbərlik işini yaxşılaşdırmaq, idarəetmənin məzmununu, forma və metodlarını elmi əsaslarla təkmilləşdirmək işinə məsuliyyətlə yanaşır. O, nizamnamənin verdiyi səlahiyyətlərdən düzgün və məharətlə istifadə edir, təkbaşına idarəetmə ilə kollegiallığı birləşdirməyi bacarır, pedaqoji Şura ilə yanaşı direktoryanı müşavirənin səmərəliliyinə xüsusi diqqət yetirir.
Pedaqoji Şuranın müstəsna əhəmiyyətini nəzərə alır, onu məktəbin ali pedaqoji qərargahı, pedaqodi fikrin və idarəetmənin kollegial orqanı olmalıdır.Pedaqoji Şuranın iclaslarında ayrı-ayrı fənlərin tədris vəziyyətinə dair məsələlərin müzakirəsi ilə yanaşı, pedaqoji kollektivin illik fəaliyyətinə, şagirdlərlə aparılan tərbiyə işinin vəziyyətinin təhlilinə, qabaqcıl təcrübənin təbliğinə və yayılmasına, müəllimlərin peşə ustalığının artırılmasına müsbət təsir göstərən, pedaqoji fikir doğuran məsələlərin həllinə geniş yer verilir.
Direktor dərs ilinin əvvəlində məktəbin təlim-tərbiyə işlərinin illik planını tərtib edərkən, pedaqoji Şura ilə yanaşı, direktoryanı müşavirədə müzakirə ediləcək əsas məsələləri müəyyənləşdirir.
Bəzi məktəblər illik planın tutulmasının əleyhinə çıxır və bunun üçün müxtəlif  bəhanələr gətirirlər.
Halbuki, hər bir dərs ilində məktəbin nə iş görəcəyi məlum olmalıdır. Ona görə də məktəbin ümumi planı illik tutulmalı, aylıq, rüblük iş planlarında isə nəzərə alınması mümkün olmayan gündəlik, cari məsələlər öz əksini tapmalıdır.Planın tərtibində direktor müavinləri və həmkarlar ittifaqı komitəsi sədri də yaxından iştirak edirlər.
Beləliklə, məsələ kollegial müzakirə olunduqda paralelizmə yer qalmır, məktəb kollektivi il ərzində direktoryanı müşavirələrin hansı məsələləri müzakirə edəcəyini qabaqcadan bilir, nəticədə direktoryanı müşavirələrin yüksək səviyyədə keçirilməsi təmin olunur.
Direktoryanı müşavirə bir qayda olaraq ayda 2 -3 dəfə keçirilir. Bu zaman iki formadan istifadə edilir. Birincisi, sırf inzibati müşavirələrdir. Belə müşavirələrdə direktorun müavinləri, həmkarlar ittifaqı komitəsinin sədri və şagird birliyinin işinə rəhbərlik edən müəllim iştirak edirlər. Burada əvvəlki həftə ərzində məktəb rəhbərlərindən hər birinə tapşırılmış vəzifələrin necə yerinə yetirildiyi haqda məlumat dinlənilir, sonra isə qarşıdakı həftədə görüləcək işlər müəyyənləşdirilir.
İkinci növ direktoryanı müşavirədə məktəb rəhbərləri və ictimai təşkilatların nümayəndələri ilə yanaşı,kollektivin digər üzvləri də iştirak edirlər. Burada ayrı-ayrı konkret məsələlər müzakirə edilir. Dərs ilinin əvvəlində direktoryanı müşavirəyə bir nəfər katib seçilir və dərs ilinin sonuna kimi o, kargüzarlıq işini aparır.Direktoryanı müşavirələrin hər birində 2-3 məsələyə aid hesabat və ya məlumat dinlənilir. Hər bir hesabat və ya məlumat 8-12 dəqiqə, təklif və çıxışlar 2-3 dəqiqə vaxt sərf edilir. Müşavirənin müddəti 30 dəqiqədən bir saata qədər olur. Müşavirə protokol kitabında sənədləşdirilir. Burada müşavirənin keçirildiyi tarix, müzakirə edilən məsələlər, iştirak edənlər haqqında məlumat və onların təklif və çıxışları qısaca qeyd edilir. Direktoryanı müşavirənin göstəriş və təklifləri yazılır. Verilmiş tapşırıqlar aydın, konkret olur. Direktoryanı müşavirəyə həmişə eyni adamlar dəvət edilmir. Direktor müzakirə olunacaq məsələnin xarakterindən asılı olaraq hər iclasa kimlərin dəvət ediləcəyini qabaqcadan müəyyənləşdirir, direktoryanı müşavirənin çağırılma vaxtını bildirir.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?