Direktor

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

  • Admin
  • 18-mar-2024, 16:31
  • 167 Baxış


Məktəb – müəllim, şagird və valideyn üçbucağının vəhdətindən ibarətdir. Bu üçbucaqda hər bir tərəf emumi məqsəd uğrunda səylərini birləşdirməklə, yaradıcı, şəxsiyyətyönümlü təhsil verən təlim – tərbiyə ocağının formalaşmasına, ümummilli lider H.Əliyevin ölkə təhsilinin qarşısında qoyduğu əsas vəzifələrinin "Müstəqil düşünən, müstəqil fikrini izah edə bilən yaradıcı, araşdırmacı, vətənini sevən”gənclərin yetişdirilməsinə hesablanan təhsil sisteminin yaradılmasına dəstək vermiş olurlar.
Məktəbdə formalaşan iş mühiti və üslubu təlim – tərbiyə sisteminin idarə edilməsində dövlət standartlarının həyata keçirilməsi məktəb direktorundan, onun şəxsiyyətindən birbaşa asılıdır.
Direktor latınca "yönəldən”, "istiq.amət verən” mənasını bildirir. Geniş mənada "müəssisə rəhbəri” deməkdir. (Педагогический словap  Москва  1986,  səh.167) 
Azərbaycanda direktor  "müəssisə, idarə yaxud mətəb müdiri” ("Qısa izahlı iqtisadi terminlər lüğəti” Bakı – 2005) kimi izah edilir.
Məktəb direktoru – natamam orta və ya orta məktəbin rəhbəri, məktəbdə təlim – tərbiyə işinin və təsərrüfat fəaliyyətinin təşkilatçısıdır. (Педагогический  словap, Москвa 1960, səh.338)
       
Böyük Azərbaycan maarifçisi Mehdi Mehdizadə "Azərbaycan xalq maarifinin sürətli inkişafı” əsərində yazırdı: "Məktəb direktoru - bu məsul vəzifə bir çox ixtisası özündə birləşdirir. O, müəllimi, metodisti, dövlət inspektorunu, təsərrüfatçını, tədris prosesi təşkilatçısını, yaşlı və uşaq kollektivləri tərbiyəçisini bir şəxsdə birləşdirməlidir. Burada elmi idarəetməyə nəinki hərtərəfli, mükəmməl yiyələnmək, həm də həqiqi fədakarlıq, seçdiyi işə son dərəcə sədaqətli olmaq tələb edir.” (M. Mehdizadə, T.Ə.Allahverdiyev, Q.H.Əliyev  "Azərbaycanda xalq maarifinin sürətli inkişafı”, Bakı 1980, səh.162)
Məktəb direktoru səlahiyyətli rəhbər, təlim – tərbiyə işinin əsas – baş təşkilatçısıdır. O, ilk növbədə tədris, məktəbdənkənar və təsərrüfat – maliyyə işini dərindən bilən pedaqoji təhsilli, ən azı 5 il direktor müavini vəzifəsində işləmiş, şəxsi keyfiyyətləri, dünya görüşü, müasir təlim metodlarını dərindən mənimsəmiş İKT biliklərinə sahib şəxs olmaqla navatorluğu, təşkilatçılıq qabiliyyəti, müxtəlif yaşlı insanların psixologiyasınıcbilən ziyalı olmalıdır.
Məktəb direktorunun əsas bacarıqlarından biri, müxtəlif situasiyalarda yaranmış vəziyyətə görə düzgün qərar vermək bacarığının olması ilə yanaşı bu qərarların tam, son nəticə əldə edilənə qədər həyata keçirilməsinə nəzarət etmək səriştəsinə sahib olmasıdır.
Direktor məktəbdə təlim – tərbiyə, maliyyə - təsərrüfat işinin düzgün qurulmasına cavabdeh şəxsdir. Bu işin düzgün qurulması üçün isə məktəb direktoru özü də daxil olmaqla məktəbdə işləyən hər bir işçinin (tutduğu vəzifələr asılı olmayaraq) əmək funksiyasını bilməlidir.   
Direktor məktəbdə işləyən bütün işçilərin əmək funksiyalarını bilməlidir ki, hər tədris ilinin əvvəlində işçilər arasıda vəzifə bölgüsünü düzgün aparmağı bacarsın. Vəzifə bölgüsü haqqında əmr dediyimiz kimi hər tədris ilinin əvəvlində 15 sentyabr tarixində verilir. Bu əmrdə məktəb direktoru, direktor müavinləri, psixoloq UBR, kitabxanaçı, lobarant və s. adları göstərilməklə onların hər birinin tədris ili boyunca görməli olduqları işlər vahid  Sorğu Kitabçasında göstərilən əmək funksiyalarına uyğun göstərilir. Bu əmrlə hər bir işçinin dəqiq fəaliyyət sahəsi müəyyənləşdirilir, əmək funksiyasının icrasına hüquqi əsas verilir, direktoruna isə işə nəzarəti optimal şəkildə həyata keçirtməyə imkan yaradır. Məktəb kollektivi arasında vəzifə bölgüsünün aparılması müvafiq məsələlər üzrə, konkret icraçılarla bağlı operativ və obyektiv sərəncamların, qərarların hazırlanmasına və qəbul edilməsinə, əmrlərin veilməsinə şərait yaradır.
Məktəb kollektivində isə bu qərar və əmrlər illik (perespektiv) və cari (yarımil, aylıq, həftəlik) planlarda, əmrlər, yazılı və şifahi sərəncamlar formasında həyata keçirilir. Unutmayaq ki, qəbul edilmiş qərarlar, verilmiş əmrlər, sərəncamlar obyektiv və ədalətli olduqda və onların həyata keçirilməsi ilə bağlı nəzarəti ardıcıl və düzgün gördükdə daha yaxşı səmərə verirlər.
Məktəbin idarə edilməsində əsas şəxs direktordur. Onun qərar qəbul etmək səlahiyyəti var və bu qərarlara, eləcə də məktəbdə baş verən bütün hərəkətlərə və ya hərəkətsizliyə görə məsuliyyət daşıyır.
Məktəb direktoru – müxtəlif, lakin bir – birini tamamlayan funksiyaları – təşkilatçılıq, pedaqoqluq, inzibatçılıq, ictimai xadimlik funksiyalarını yerinə yetirir.
 
İnzibatçılıq funksiyasını yerinə yetirərkən məktəb direktoru Təhsil Qanunu, Azərbaycan Respublikasının Prezidentinin, Nazirlər Kabinetinin təhsil ilə bağlı əmr, sərəncam və qərarlarını, Azərbaycan Respublikasının təhsil nazirliyinin əmr və təlimatlarını, yerli rayon və ya şəhər təhsil şöbələrinin əmr və göstərişlərini, Azərbaycan Respublikasının Əmək kollektivində təhsil ilə bağlı əmək intizamını möhkəmləndirmək, işçilər arasında vəzifə bölgüsünün aparılması, ümumi təhsil pilləsinin dövlət standartları və proqramlarının (kurrikulumları) həyata keçirtmək, məktəbdə daxili intizam qaydalarının gözlənməsi, nəzarətin təşkili, uşaq hüquqlarının qorunması ilə bağlı tədbirlər görür. 
Təşkilatşılıq funksiyasını yerinə yetirərkən məktəb direktoru məktəb kollektivinə daxil olan bütün işçilərin əməyinin  səmərəliliyini təmin etmək üçün onların hər biri üçün müvafiq iş şəraiti yaratmalı, onların əmək funksiyalarını vaxtında və tələb olunan  qaydada yerinə yetirməsi üçün məqsədyönlü və tənzimləyici tədbirlər görməli, dövrü hesabatlığı təmin etməlidir. Dövri hesabatlılığın təmin edilməsi idarəetmənin əsas şərtlərindən biridir. Bunun üçün məktəb direktorunun gündəlik, həftəlik, aylıq görəcəyi işləri öncədən planmalı, qeyd etməlidir. Bu işlər məktəbin, eləcə də digər tabeli işçilərin illik və cari fəaliyyət planlarına uyöun olmalıdır.
Pedaqoqluq funksiyasını yerinə yetirərkən, məktəb direktoru idarəetmə məsələlərini düzgün savadlı qoymağı, səriştəli təhlil etməyi, onların həyata keçirilməsinə effektli nəzarət etməyi, pedaqoji heyyətə ixtisaslı tövsiyə verməyi, təlimatlandırmağı bacarmalıdır. Onun qəbul etdiyi qərarların ədalətliliyi, sözü ilə əməlinin bir olması, pedaqoji və texniki heyyət, şagird və valideynlərə tərbiyəvi təsir göstərməlidir. Məktəbin idarə edilməsi digər müəssisə və təşkilatçıların idarə edilməsi ilə fərqlənir. Burada müxtəlif yaş qruplarında və müxtəlif sosial zümrələrindən olan insanların idarə edildiyindən onlara əmrin gücü ilə deyil, inandırmanın və nümunə olmanın gücü ilə təsir göstərilir.
İctimaixadimlilik funksiyasını yerinə yetirərkən dövlət orqanlarında, hökümət və qeyri – hökümət təşkilatlarına, icmada ictimai təşkilatlarda, seçkili orqanlarda iştirak edərək topladığı məlumatlardan bəhrələnərək məktəb kollektivinin mənəvi – psixoloji mühitinin yüksəldilməsinə və işgüzarlığın artmasına çalışır.
Məktəb direktoru yaxşı psixoloq olmalıdır. O, psixologiyanı, xüsusi ilə pedaqoji – psixologiyanı dərindən bilməlidir. əktəb kollektivinin hər bir üzvünün psixoloji xüsusiyyətlərini zamanla öyrənməli, onların hər birinin hansı temperament tipinə aid olmasını, zəif və güclü tərəflərini, şagirdlərin yaş psixologiyasını öyrənməlidir. Ümumi işin qurulması və idarə edilməsi zamanı bu işə mane olmayan cəhətlərə dözümlü, əksinə mane olan cəhətlərə dözümsüz olmalıdır. Dözümsüzlük kollektivdə münaqişəyə səbəb olmamalıdır. Əksinə zamanla bu tip insanları kollektivin ümumi prinsiplərinə uyğunlaşdırılmasına çalışan məktəb direktoru, inzibati – amirlik metodlarıdan qaçmağı bacarmalıdır.
Məktəb direktoru kollektivdə şəriksiz lider olmalıdır. Bunun üçün o, məsuliyyəti, təşəbbüskarlığı, hərtərəfli biliyi, məntiqli və operativ qərarçıxarma bacarığı olmalıdır.
Məktəb direktoru rəhbərlik etidiyi məktəbdə idarəetmənin operativliyini və effektivliyini təmin etmək üçün, təhsil sahəsinə aid olan hüquqi – normativ sənədləri, yerli qabaqcıl və beynəlxalq təcrübəni daim öyrənməlidir. Məktəb kollektivinə daxil olan işçilərin əmək funksiyasını və hüquqlarını bilmək xüsusi ilə önəmlidir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  20 dekabr 2017-ci il – ci il tarixli  18-1 nömrəli əmri  ilə təsdiq edilmiş "Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif – İxtisas Sorğu Kitabçası”nın   VII bölməsi ümumtəhsil məktəbində işləyən işçilərə şamil edilmişdir.
Həmin bölmədə ümumtəhsil məktəbinin direktorunun əmək funksiyası aşağıdakı kimi verilməlmişdir :
Məktəbin fəaliyyətini idarə edir. 
Məktəbin inkişaf proqramını, perspektiv və cari planları hazırlayır, 
müəssisənin və pedaqoji işçilərinin fəaliyyətinin ardıcıl və sistemli təhlilini aparır,
məktəbdaxili qiymətləndirməni həyata keçirir və bunların əsasında perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirir, onun həyata keçirilməsinin optimal həlli yollarını tapır, 
dövlət orqanları və ictimai təşkilatlarda müəssisənin marağını təmsil edir. 
Tədrisin müasir metodlarından istifadə etmək üçün təşkilati tədbirlər görür;
Pedaqoji şuraya rəhbərlik edir. 
Tədris planı və proqramlarının yerinə yetirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması və inkişafı üçün tədbirlər həyata keçirir. 
Şagirdlərin fənn olimpiadalarına və digər bilik yarışlarına, xüsusi qabiliyyət tələb olunan tədbirlərə cəlb edilməsi sahəsində məqsədyönlü iş aparır,
təlim-tərbiyə işlərinin məzmunlu və səmərəli aparılmasını həyata keçirir.
Şagird özünüidarə orqanlarının fəaliyyətini istiqamətləndirir və onların işinə köməklik göstərir; 
Sinifdənxaric və məktəbdənkənar işlərin təşkili üzərində nəzarəti həyata keçirir.
İcbari ümumi orta təhsilin həyata keçirilməsini, uzun müddət təhsildən kənarda qalmış şəxslərin və istedadlı şagirdlərin fərdi təhsilə cəlb olunmasını təmin edir. 
Qabaqcıl iş təcrübəsini tətbiq edir, təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir.
Əmək qanunvericiliyinə uyğun pedaqoji kollektivdə sağlam mənəvi-psixoloji iqlimin yaradılması üzrə iş aparır.
Əməkdə xüsusilə fərqlənmiş müəllimləri və müəssisənin digər işçilərini mükafatlandırma və təltif üçün təkliflər verir. 
Müavinlərin hesabatlarını dinləyir, onların işinin təkmilləşdirilməsinə dair təkliflər verir. 
Kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasını, hesabatların hazırlanmasını, məlumat bazalarının düzgün doldurulmasını təmin edir.
Kadrların (təsisçinin nomenklaturasında olanlardan başqa) seçilib yerləşdirilməsini, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərini həll edir,
Pedaqoji heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün şərait yaradır, onların ixtisasartırma təhsilinə olan tələbatını mövcud yanaşmalar əsasında dəqiqləşdirir. 
İşçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməsini, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu vmühafizəsini, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasını təmin edir.
Daxili intizam qaydalarına, müəllimlərin etik davranış qaydalarına riayət olunmasına məsuliyyət daşıyır. 
İşçilərə verilən tapşırıqları əmək qanunvericiliyinə uyğun nəzarətdə saxlayır və onların icrasına nail olur. 
Valideynlərlə (onların qanuni nümayəndələri ilə), təlim-tərbiyə işlərinə kömək edən müəssisələri və xeyriyyə cəmiyyətləri ilə aparılan işlərin təşkili ilə bağlı məsələləri həll edir. 
Dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin edir.
Ümumtəhsil məktəbinin direktoru bilməlidir :
 "Təhsil haqqında”, "Gənclər siyasəti haqqında” və "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını;
Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; 
təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını; 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını; 
Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini;
idarəetmənin təşkilini; 
müəllimlər üçün yeni modul-kredit sisteminə əsaslanan stimullaşdırıcı ixtisasartırma sisteminin inkişaf etdirilməsini; 
müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılmasını; 
qabaqcıl müəllimlərin iş təcrübəsinin yayılması sahəsində müasir tələblərə uyğun mexanizmlərin yaradılmasını;
pedaqoji kadrların işə qəbulu sahəsində tətbiq edilmiş yeni mexanizmin beynəlxalq təcrübəyə uyğun daha da təkmilləşdirilməsini; 
təhsil proqramlarının və dərsliklərin müasir tələblər baxımından yeniləşdirilməsini; 
şagirdlərin idrak fəallığını artıran sistemli tədbirlərin görülməsini; 
tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunmasını; 
istedadlı uşaqlar üçün inkişafetdirici fərdi proqramların yaradılmasını; 
ali təhsil üzrə təsdiq edilən dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları); 
orta təhsil üzrə qüvvədə olan dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları); 
ümumi təhsil müəllimləri üçün fəal (interaktiv) təlim texnologiyaları və inklüziv təhsil üzrə məqsədli ixtisasartırmanın təmin edilməsini;
müəllimlərin informasiya-kommunikasiya texnologiyaları bacarıqlarına yiyələnməsi üçün çevik sistemin yaradılmasını;
müəllimlərin təkmilləşdirilməsinin beynəlxalq standartlarla uzlaşdırılmasını;
tədris proqramları və tədris-metodiki sənədlərlə işi, məktəbdaxili nəzarəti;
müəllimlərin əməyinin tarifləşdirilməsi metodlarını, qabaqcıl təlim-tərbiyə metodlarını, pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini, uşaqların asudə vaxtlarının səmərəli təşkili yollarını; 
Informasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini;
əhsil innovasiyalarını və pedaqoji texnologiyaları; 
əmək qanunvericiliyini; təhsilin iqtisadiyyatının və maliyyə-təsərrüfat fəaliyyətinin, eləcə də statistikanın əsaslarını; 
əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
 Ödəniş dərəcələrinə ixtisas tələbləri: pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil, 5 ildən az olmayaraq pedaqoji staj və ya elmi dərəcəsi və elmi adı olduqda 3 il pedaqoji staj.
a)      ümumtəhsil məktəblərində və ya ümumtəhsil internat məktəblərində:
13-cü dərəcə: şagirdlərin sayı 100 nəfərədək olduqda;
14-cü dərəcə: şagirdlərin sayı 100-dən 300-dək olduqda;
15-ci dərəcə: şagirdlərin sayı 300-dən 800-dək olduqda;
16-cı dərəcə: şagirdlərin sayı 800 və daha çox olduqda.
b)       sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi tipli təhsil müəssisələrində:
13-cü dərəcə: şagirdlərin sayı 100 nəfərədək olduqda;
14-cü dərəcə: şagirdlərin sayı 100-dən 150-dək olduqda;
15-ci dərəcə: şagirdlərin sayı 150-dən 200-dək olduqda;
16-cı dərəcə: şagirdlərin sayı 200 və daha çox olduqda.
Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.
 
Azərbaycan Respublikası Nazirlər Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq olunmuş Ümumtəhsi məktəblərinin Nümunəvi Nizamnaməsi”ndə məktəb direktorunun vəzifələri aşğıdakı kimi verilmişdir:
 5.4. Ümumtəhsil məktəbinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təyin olunan direktor rəhbərlik edir. Məktəbin direktoru aşağıdakıları həyata keçirir:
5.4.1. konkret iş sahələri əhatə olunmaqla, məktəbin fəaliyyət istiqamətlərini müəyyənləşdirir, il ərzində görüləcək işləri planlaşdırır və onların həyata keçirilməsinə nəzarət edir;
5.4.2. ümumi təhsilin inkişafı ilə bağlı dövlət qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün məsuliyyət daşıyır;
5.4.3. dövlət orqanlarında və ictimai təşkilatlarda rəhbərlik etdiyi məktəbi və onun mənafeyini təmsil edir;
5.4.4. təlim-tərbiyə işlərinin, o cümlədən istedadlı uşaqlarla iş sisteminin, dərsdənkənar tədbirlərin məqsədyönlü və səmərəli qurulması, fənlər üzrə təlim keyfiyyətinin yüksəldilməsi və uğurlu nəticələrin əldə edilməsi üçün bilavasitə cavabdehlik daşıyır;
5.4.5. məktəbdə sağlam mənəvi-psixoloji durumun mövcud olmasını, pedaqoji işçilərin yaradıcı və təşəbbüskar fəaliyyəti, müasir pedaqoji innovasiyaların tətbiqi üçün hərtərəfli şəraitin yaradılmasını təmin edir;
5.4.6 şagirdlərin təlim-tərbiyəsi sahəsində nailiyyətləri ilə fərqlənən müəllimlərin əməyinin stimullaşdırılması barədə yuxarı təşkilatlar qarşısında məsələ qaldırır;
5.4.7. məktəbin maddi-tədris bazasının möhkəmləndirilməsi, kadr təminatı, müəllimlərin ixtisasının artırılması, pedaqoji fəaliyyət üçün müəyyən edilmiş tələblərə cavab verməyən müəllimlərin işdən kənarlaşdırılması barədə təkliflər irəli sürür, maddi-tədris bazasının inkişaf etdirilməsi ilə əlaqədar qanunvericiliklə qadağan olunmayan vasitələrdən istifadə edir;
5.4.8. qanunvericiliklə müəyyən olunmuş qaydada məktəb üçün inventar və avadanlıqları satın alır və müxtəlif xidmətlərin göstərilməsini təşkil edir;
5.4.9. bu Nümunəvi Nizamnamədə göstərilən məqsəd və vəzifələrin həyata keçirilməsi ilə bağlı fiziki və hüquqi şəxslərlə münasibətdə məktəbi təmsil edir, onun adından müqavilələr bağlayır;
5.4.10. məktəbin fəaliyyətinin tənzimlənməsinə və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmiş müvafiq əmrlər verir.
Həmin nizamnamənin 8 – ci "Ümumtəhsil məktəbində təhsilverənlərin hüquq və vəzifələri” aşağıdakı şəkildə təsdiq edilmişdir:
 8.1. Təhsilverənlərin hüquqları aşağıdakılardır:
8.1.1. normal və təhlükəsiz iş şəraiti ilə təmin olunmaq;
8.1.2. təhsil prosesinin təşkili və idarə olunmasında iştirak etmək;
8.1.3. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək;
8.1.4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
8.1.5. məktəbdə vəzifə tutmaq, müvafiq hallarda seçkili vəzifələrə seçmək və seçilmək;
8.1.6. ixtisasını artırmaq, staj keçmək, yeni ixtisas almaq;
8.1.7. müəyyən edilmiş qaydada mükafatlandırılmaq və təltif olunmaq;
8.1.8. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
8.2. Təhsilverənlərin vəzifələri aşağıdakılardır:
8.2.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
8.2.2. təhsil proqramlarının mənimsənilməsini təmin etmək;
8.2.3. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;
8.2.4. şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;
8.2.5. pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;
8.2.6. təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;
8.2.7. uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;
8.2.8. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, əlavə məşğələlər, sinifdənxaric və məktəbdənkənar tədbirlər keçirmək;
8.2.9. qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək;
8.2.10. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
"Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin hər iki bəndində məktəb direktorunun hüquqları və vəzifələri xüsusi göstərilməmişdir.
Rusiya Federasiyası, Qazaxıstan, Ukrayna, Belarus Respublikalarının  eyni sahə üzrə təcrübəsini araşdırarkən meydana fərqli mənzərə çıxır. Belə ki, həmin ölkələrdə ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları ilə yanaşı,  onların vəzifə səlahiyyətləri, hüquqları hər il təsdiq edilir.
Xarici təcrübəni öyrənərkən məlum olur ki, həmin ölkələrdə ölkə qanunvericiliyinə əsasən Təhsil Nazirliyi ümumtəhsil məktəblərində işləyən hər bir işçinin əmək funksiyaları, vəzifə səlahiyyətləri, hüquqları ilə bağlı konkret təlimat hazırlayır. Hər bir işçidə idarəetmə ierarxiyasına əsasən özündən 1 pillə yuxarıda olan vəzifəli şəxsdən hər il bu təlimatı, "oxuyub tanış oldum” bölməsinə imza etməklə alır və bu təlimat hər il üçün təsdiq edilir.
 
Haqqında bəhs etdiyimiz ümumtəhsil məktəbinin bütün işçilərinin illik vəzifə təlimatlarının ölkəmizdə də tətbiq olunması məktəbdə hər tədris ilinin əvvəlində vəzifə bölgüsünün düzgün qurulmasına ,bununla da məktəbdə idarəetmənin dəqiq və operativ şəkildə həyata keçirilməsinə imkan yaranacaq.
Deyilənləri nəzərə alaraq sizə ümumtəhsil direktor da daxil olmaqla ümumtəhsil məktəbinin bütün işçilərinin vəzifə təlimatlarını hazırlayaraq sizə təqdim edirik.
Vəzifə təlimatları hər il tədris ilinin əvvəlində direktorla işçi arasında  ( məktəb direktoru ilə RTŞ (ŞTŞ) müdiri arasında )  2 nüsxədən ibarət olmaqla ( nüsxələrdən biri işəgötürəndə ,digəri isə işçidə qalmaqla) hər iki   tərəfin imzası ilə təsdiq olunur və Əmək Müqaviləsinə Əlavə sayılır.
 
 Ümumtəhsil məktəbinin direktorunun  20-- / 20-- -cu tədris ili üçün Vəzifə Təlimatı
 ( Layihə )
Tarix  __ __ ____
Təsdiq edirəm: RTŞ (ŞTŞ) – in müdiri     ____________________________________________
1.Ümumi müddəalar
1.1.Hal – hazırkı təlimat ölkə qanunvericiliyinə əsasən hazırlanmış, Təhsil Nazirliyinin __ __ ____ tarixli, ___ saylı əmri ilə təsdiq edilmişdir;
1.2.Məktəb direktoru məzuniyyətdə olarkən və ya əmək qabiliyyətini müvəqqəti itirərkən bu zaman RTŞ (ŞTŞ) – in razılığı onu tədris işləri üzrə direktor müavini əvəz edə bilər;
1.3.Məktəb direktoru ən azı 5 il pedaqoji və rəhbər vəzifə stajı şəxslərdən, müvafiq attestasiyadan keçmək şərti ilə təyin edilir. Məktəb direktoru eyni zamanda elmi və elmi – metodik işlərə rəhbərlikdən başqa digər hər hansı bir vəzifə tuta bilməz. Məktəb direktoru vəzifəsi əvəzçilik qaydası ilə aparıla bilməz;
1.4.Məktəb direktoru yerli RTŞ (ŞTŞ) – nin müdirinə birbaşa tabedir və cavabdehlik daşıyır;
1.5.Direktor müavinləri birbaşa direktora tabedirlər. Direktor özünün vəzifə səlahiyyətləri çərçivəsində məktəbin istənilən işçisinə və ya şagirdə tapşırıqlar verə bilər. Direktor məktəbdə istənilən işçini tapşırığını ləğv etmək hüququna malikdir;
1.6.Məktəb direktoru öz fəaliyyətində ölkə konstitutsiyası və qanunlarını, Nizamnamə və normativ aktları, ölkə prezidentinin əmr və sərəncamlarını, Nazirlər Kabinetinin qərarlarını, Təhsil Nazirliyinin  əmr və təlimatlarını, yerli icra orqanlarının təhsil ilə bağlı norma  və qaydaları, texniki təhlükəsizlik və yanğöından mühafizə, eləcə də məktəb nizamnaməsindən, bu təlimatdan, onunla bağlanmış əmək müqaviləsindən irəli gələn müddəaları əsas götürür.Məktəb direktoru Uşaq hüquqları haqqında Konvensiyaya əməl edir;
2.Məktəb direktorunun əmək funksiyaları
2.1.Məktəbdə təlim – tərbiyə işinin təşkili;
2.2.Məktəbin maliyyə - təsərrüfat işini təmin etmək;
2.3.Məktəbdə texniki təhlükəsizlik qaydalarına və normalarına əməl edilməsini təşkil etmək;
3.Məktəb direktorunun vəzifə öhdəçiliyi
Məktəb direktorunun aşağıda göstərilən öhdəçilikləri vardır:
3.1.Ölkə qanunvericiliyinə və məktəb Nizamnaməsinə uyğun olaraq ümumi rəhbırliyi həyata keçirir;
3.2.Məktəbin strategiyasını, inkişafının hədəflərini, fəaliyyət planını hazırlayır, pedaqoji şuraya müzakirəyə çıxarır;
3.3.Məktəbdaxili nəzarətin həyata keçirilməsi planını, məktəbin inkişaf planını, tədris planlarını, tədris – metodiki sənədlərin və lokal normativ aktların, nizam – intizam qaydalarının həyata keçirilməsi mexanizmlərini hazırlayır, həyata keçirir;
3.4.Məktəbin idarəetmə strukturunu müəyyən edir, ştat cədvəlini hazırlayır;
3.5.Məktəbin elmi, tədris – metodiki, inzibati, maliyyə, təsərrüfat və digər məsələlərini, eləcə də fəaliyyət zamanı meydana çıxan məsələləri həll edir;
3.6.Pedaqoji və Texniki heyyətin işini, planlayır, koordinasiya və nəzarət edir;
3.7.Kadrların seçilməsini, işə qəbulunu həyata keçirir;
3.8.İşçilərin əmək funksiyalarını müəyyən edir. Onların peşəkarlığının artması üçün tədbirlər görür;
3.9.Dövlət normativlərinə əsasən işçilərin əmək haqqı cədvəlini hazırlayır;
3.10.Əmək haqlarını, əlavə və mükafatlandırılmanı müəyyən edir;
3.11.Məktəbin dərs cədvəlini təsdiq edir, pedaqoji işçilərin dərs yükünü və iş qrafikini müəyyən edir, məzuniyyət qrafikini hazırlayır;
3.12.İşçilərin fəaliyyətini rəğbətləndirir, stimullaşdırır, kollektivdə işgüzar mühiti formalaşdırır;
3.13.Məktəbin qaydalarını və məktəbli formaların məktəbin ümumi valideyn iclasında müzakirə çıxarır;
3.14.Şagirdlərin sosial və digər hüquqlarının qorunmasını təmin edir. Təlimata uyğun olaraq şagird kontinentinin və sinif komplektlərinin sayını müəyyən edir;
3.15.Məktəb bufetinin və məktəbin tibb xidmətinin fəaliyyəti üçün şərait yaradır. Onların işinə nəzarət edir;
3.16.Yerli icra və özünüidarə orqanları ilə, digər dövlət və qeyri – dövlət orqanları ilə effektli əməkdaşlığı təmin edir;
3.17.Tədris prosesində yeni təlim tedxnologiyalarının və İKT bacarıqlarının tətbiq edilməsini təşkil edir və həyata keçirir. Məktəbdaxilində  pedaqoji və metodik birliklərin işini koordinasiya edir;
3.18.Pedaqoji Şuraya rəhbərlik edir;
3.19.Məktəbdə uşaq və gənclər birliklərinin işini əlaqələndirir;
3.20.Kollektiv müqavilədən irəli gələn tələbləri həyata keçirir. Yerli həmkarlar komitəsinin və valideyn komitələrinin normal fəaliyyəti üçün şərait yaradır;
3.21.Qanunvericiliyə və məktəb Nizamnaməsinə zidd olmadan çəktəb büdcəsini əlavə maddi və digər vəsaitlərin cəlb edilməsinə çalışır;
3.22.Məktəbi dövlət və qeyri – dövlət, o cümlədən, ictimai təşkilatlarda və orqanlarda təmsil edir;
3.23.Tədris – metodiki və məktəb sənədləşməsinin qorunmasını təmin edir;
3.24.İşçilərin sosial müdafiəsini, onların təqaüdə çıxma ilə bağlı məsələlərini qanunvericilik çərçivəsində təşkil edir;
3.25.Məktəb invertarlarının qeydiyyata alınmasının qorunmasını, istismar müddətini bitirmiş invertarların silinməsini təmin edir;
3.26.Texniki – təhlükəsizlik, əməyin mühafizəsi, fənn kabinetlərinin, idman zalının, emalatxanalarının və məktəbin xüsusi diqqət tələb edən sahələrinin qorunması üzrə maddi – məsul şəxsləri təyin edir;
3.27.Sinif rəhbərlərini, dərnək rəhbərlərini, fənn kabineti müdirlərini, idman rəhbərlərini, metodbirləşmə rəhbərlərini təyin və təsdiq edir;
3.28.Təhsil prosesinin optimallaşdırılması təlim – tərbiyənin inkişaf etdirilməsi üçün tədbirlər həyata keçirir;
3.29.Pedaqoji Şuranın və məktəbin ümumi toplantılarına vacib bildiyi məsələləri müzakirəyə çıxarır;
3.30.Ümumi əmək rejiminə mane olan neqativ hallara, eləcə də pedaqoji və texniki heyyət, şagirdlər arasında nizam – intizamı pozanlara qarşı intizam tənbehi görür;
3.31.Pedaqoji işin profilaktikası, məktəb kollektivinin sağlam və təhlükəsiz həyat tərzi üçün maarifləndirici işlər görür, tədbirlər həyata keçirir;
3.32.Hər tədris ilinin əvvəlində pedaqoji və texniki heyyətin ümumi tibbi müayinədən keçməsini təmin edir. Şagirdlərin ümumi tibbi müayinədən keçməsini, məktəb həkimi və ya ərazidə yerləşən tibb müəssisəsi ilə birlikdə həyata keçirir;
3.33.Yeni işə qəbul edilən işçilərin təqdim etdiyi sənədləri yoxlayır, şəxsi işlərini qəbul edir;
3.33.1. Yeni işə qəbul edilən pedaqoji işçilərin işə qəbul edilərkən məktəbə təqdim etməli olduqları sənədlərin siyahısı:
1.Şəxsiyyət vəsiqəsinin surəti;
2.Aldığı ali (və ya orta ixtisas) təhsilini təsdiq edən diplomun surəti;
3.Kadr Anket vərəqi;
4.Tərcümeyi – hal;
5.6 ədəd  (3x4 ölçüdə) rəngli şəkil;
6.İşə qəbul haqqında Təhsil Nazirliyinin və ya RTŞ (ŞTŞ) – in əmri;
7.Əmək kitabçası;
8.Sağlamlıq haqqında arayış;
9.Tibbi kart;
10.Əvvəllər başqa yerdə işləmibsə, sosial siğorta şəhadətnaməsi;
          3.33.2. Yeni işə qəbul edilən texniki işçilərin işə qəbul edilərkən məktəbə təqdim etməli olduqları sənədlərin siyahısı:
1.Şəxsiyyət vəsiqəsinin surəti;
2.Kadr Anket vərəqi;
3.Tərcümeyi – hal;
4.6 ədəd  (3x4 ölçüdə) rəngli şəkil;
5.Əmək kitabçası;
6.Sağlamlıq haqqında arayış;
7.Tibbi kart;
8.Əvvəllər başqa yerdə işləmibsə, sosial siğorta şəhadətnaməsi;
3.34.Hər tədris ili üçün  II yarımilliyin əvvəlində I – ci sinifə qəbul üzrə komissiya yaradır. Şagirdlərin məktəbə qəbul edilməsini və ya azad edilməsini təsdiq edir;
3.35.Mərkəzi təhsil orqanlarının (Təhsil Nazirliyi, RTŞ və ya ŞTŞ), digər dövlət strukturlarının verdiyi əmr və sərəncamların həyata keçirilməsini təmin edir;
3.36.Yerli həmkarlar komitəsi ilə hər il kollektiv sazişləri imzalayır. Əməyin mühafizəsi ilə bağlı hər yarımildə bir dəfə hesabatlar aparır;
3.37.Yeni işə qəbul edilmiş işçiləri təhlükəsizlik qaydaları və təlimatla  tanış edir;
3.38.Pedaqoji və texniki heyyətin peşəkarlığının artırılması ilə bağlı planlar hazırlayır və həyata keçirir;
3.39.Yerli həmkarlar komitəsi və valideyn komitəsi ilə birlikdə məktəb bufetində sanitar – gigiyenik normalara, qidaların keyfiyyətli olmasına nəzarət edir;
3.40.Məktəbin tibb personalı ilə birlikdə tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılmasına çalışır;
3.41.Hər tədris ili üçün dərs bölgüsünü aparır. Bu zaman ədalətlilik şəffaflıq, ənənəvilik prinsipinə riayət edir. Dərs bölgüsü aparılam zaman müəllimlərin peşəkarlığına önəm verir;
3.42.Hər tədris ili üçün (yarımil üçün) dərs cədvəlini təsdiq edir. Dərs cədvəlinə verilən cədvəlini təsdiq edir. Dərs cədvəlinə verilən tələblərin maksimum yerinə yetirilməsinə çalışır;
3.43.Tədris prosesi zamanı müəllim, işçi və şagirdlərin sağlamlığına ziyan gətirə biləcək halların qarşısını əvvəlcədən alır;
3.44.Pedaqoji, texniki heyyət və şagirdlər arasında etik – davranış qaydalarına, riayət edilməsinə nəzarət edir. Bu qaydalar pozularkən ciddi addımlar atır, maarifləndirmə və intizam tənbehləri görür;
3.45.Məktəb kollektivinin asudə vaxtını səmərəli keçirtmək üçün, müxtəlif tədbirlər, ekskursiyalar təşkil etmək;
3.46.Məktəb direktoru məktəbin əsas siması olduğu üçün, geyim, danışıq, ünsiyyət, intizam, davranış tərzlərinə ciddi diqqət edir. Məktəb – kollektivinə nümunə olur;
4.Məktəb direktorunun hüquqları
Məktəb direktorunun vəzifə səlahiyyətləri çərçivəsində aşağıda göstərilən hüquqları vardır:
4.1.Məktəb kollektivinin üzvlərinə (idarəedicilərə, müəllimlərə, texniki heyyətə, tədris – köməkçi heyyətə, şagirdlərə) əmr və göstərişlər vermək;
4.2.Qanunvericiliyə və məktəb nizamnaməsinə uyğun olaraq, etik – davranış qaydalarını pozan işçilərə və davranış qaydalarını pozan şagirdlərə qarşı intizam tədbirləri görmək, izahatlar almaq;
4.3.Əmək müqavilələrini imzalamaq, onlara xitam vermək;
4.4.Tədris prosesini pozmadan məktəb ərazisindən istifadə etmək üçün birgə fəaliyyət haqqında müqavilə imzalamaq;
4.5.Məktəbin adına bank hesabı açmaq, ondan istifadə etmək, həmin hesabı bağlamaq;
4.6.İstənilən dərs məşğələsində, dərnək, fakültətiv və ya dərsdənkənar məşğələ zamanısinif otağına daxil olmaq, sinif otağında rast gəldiyi neqativ hallarla bağlı irad bildirmək;
4.7.Dərs bölgüsündə və dərs cədvəlində ehtiyac yaranan zaman əlavə və dəyişikliklər etmək;
4.8.Ehtiyac yaranan zaman dərs cədvəlində olan dərs məşğələsini ləğv etmək, başqa günə keçirtmək, siniflər üzrə dərs məşğələlərini və yarımqrupları birləşdirmək;
4.9.RTŞ (ŞTŞ) – in razılığı ilə vəzifə səlahiyyətlərini müvəqqəti olaraq müavinlərə və ya müəllimlərdən birinə vermək;
5.Məktəb direktorunun məsuliyyəti
5.1.Məktəb direktoru:
5.1.1. Pedaqoji və texniki həmçinin tədris – köməkçi heyyətin peşəkarlığının inkişaf etdirməsinə;
5.1.2.   Tədris proqramlarının, fənn kurrikulumlarının həyata keçirilməsinə;
5.1.3.  Məktəbdə dövlət standartlarının, normativlərin əmr, sərəncam və təlimatların yerinə yetirilməsinə;
5.1.4.   Şagirdlərin keyfiyyətli təlim – tərbiyə almasına;
5.1.5.   Məktəb işçilərinin etik – davranış qaydalarına əməl etməsinə;
5.1.6.   Şagirdlərin davranış qaydalarına riayyət etməsinə;
5.1.7.   Valideynlərin və icmada yaşayan vətəndaşların müraciətlərinə ciddi yanaşmaq;
5.1.8.   Şagirdlərin və işçilərin tədris prosesi zamanı ölkə qanunvericiliyi və beynəlxalq normalara əsasən hüquq və azadlıqlarının təmin edilməsinə məsuliyyət daşıyır;
5.2.Məktəb direktoru məsuliyyət daşıyır:
5.1.1. Məktəb nizamnaməsinin, Təhsil qanununun, dövlət orqanlarının, təhsil ilə bağlı verdiyi əmr, sərəncam və təlimatların, Təhsil Nazirliyinin RTŞ (ŞTŞ) – in verdiyi əmr, sərəncam, təlimat və göstərişlərinin yerinə yetirməməsinə görə;
5.2.2.   Vəzifə səlahiyyətlərinin, əmək funksiyalarının, məktəbdaxili əmək intizamının və qanunvericiliyindən irəli gələn tələblərin yerinə yetirilməməsinə görə;
5.2.3.  Əmək Məcəlləsinin, maddələrinin etik – davranış qaydalarının və şagirdlərin davranış qaydalarının pozulmasına görə;
5.2.4.   Bu hallara yol verən məktəb direktoru tutduğu vəzifədən azad edilir;
5.3.Məktəb direktoru qanun qarşısında cavabdehlik daşıyır :
5.3.1.   Şagirdlərə fiziki və psixoloji təzyiqlərin göstərilməsinə;
5.3.2.  Pedaqoji və texniki heyyətin, şagirdlərin şərəf və ləyaqətini alçaldan, vəzifə səlahiyyətləri xaricində atdığı hər hansı bir hərəkətə yol verdikdə;
5.3.3. Göstərilən hallara yol verərkən vəzifədən azad edilmək, onu qanun qarşısında məsuliyyətdən azad etmir;
5.4.Məktəb direktoru məktəbdə təhlükəsizlik qaydalarına, əməyin mühafizəsinə, təlim – tərbiyə prosesi zamanı sanitar – gigiyenik qaydalara riayyət edilməsinə məsuliyyət daşıyır. Bu zaman buraxılmış nöqsanlara görə intizam məsuliyyətinə cəlb edilir. (qanunvericiliyə əsasən)
5.5.Məktəb direktoru maddi – məsul şəxslərin hərəkətliliyi və hərəkətsizliyi nəticəsində kollektivin hər hansı bir üzvünün vurduğu maddi ziyana, məktəb invertarının qorunmasına məsuliyyət daşıyır;
6.Məktəb direktorunun qarşılıqlı əməkdaşlığı. Vəzifə ilə bağlı əlaqələri:
6.1.Məktəb direktoru həftəlik 40 saat iş rejimi ilə işləyir. (İki növbəli məktəblərdə iş rejiminə uyğun)
6.2.Məktəb direktoru qarşılıqlı əməkdaşlıq edir:
6.2.1.   Məktəbin valideyn komitəsi ilə;
6.2.2.   Məktəbin Pedaqoji şurası ilə;
6.2.3.   Məktəbin Metodik Şurası ilə;
6.2.4.   Yerli icra strukturları ilə;
6.2.5.   Yerli özünü idarə orqanları ilə;
6.2.6.   İctimai və hami təşkilatlarla;
6.3.Hər tədris ili üçün  fəaliyyətini planlayır və həyata keçirir;
6.4.Dövri olaraq fəaliyyət ilə bağlı və tələb edilən hesabatları hazırlayır, üst qurumlara təqdim edir;
6.5.Sistemli olaraq məlumatları müavinləri, pedaqoji və digər işçilərə paylaşır;
Elşən Qafarov


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?