Metodika

Şagirdlərin idraki fəallığı öyrənmənin hərəkətverici qüvvəsini təşkil edir

  • Admin
  • 24-mar-2024, 14:00
  • 0 Baxış


Hazırda ümumtəhsil məktəblərində kurikulum uğurla tətbiq olunur, bu əsasda hazırlanmış dərsliklər müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Təhsil islahatının əsas vəzifəsi olan təlim prosesinın daha səmərəli qurulması baxımından artıq təlim strategiyası pedaqoji anlayış kimi işlənilir. Təlim strategiyasına müəllim və şagirdlərin fəaliyyət mexanizmlərini vahid məqsəd istiqamətində birləşdirən, bu məqsədə çatmaq yolunda istifadə olunan forma, metod, üsul və vasitələrin məcmusu kimi baxılır. Bu isə, ümumilikdə pedaqoji prosesi "Əməkdaşlıq pedaqogikası” və "yeni pedaqoji təfəkkürün” ən başlıca ideyası və əldə olunacaq nəticəsi olan uşaq şəxsiyyətinin yaradıcılıq potensialını aşkar edib üzə çıxarmağa, onların fərdi yaradıcılıq qabiliyyətlərinin inkişafına yönəltməkdir.
Bu gün müstəqil olaraq düşünən, mühakimə yürütməyi bacaran, kollektiv və qrupda fəaliyyət göstərən, öz hərəkətlərinin nəticəsini götür-qoy edən, anında doğru qərarlar qəbul edən, ağlın çevikliyi, tənqidiliyi və s. kimi təfəkkür keyfiyyətlərinə malik şüurlu vətandaş yetişdirilir ki, pedaqoji fəaliyyətimizdə istifadə edəcəyimiz metodlar bu məqsədlə üzvi şəkildə uzlaşmalıdır. Sadalanan keyfiyyətləri aşkar edəcək, formalaşdıracaq, inkişaf etdirəcək və bacarığa çevirəcək təlim metodları - fəal təlim və ya problemli-dioloji təlim metodları təlim strategiyalarının qurulmasında və təhsilin həyata keçirilməsində əhəmiyyətli yer tutur. Bu metodların tətbiqi ilə keçirilən dərslər şagirdlərin idrak fəaliyyətinə, təhsil prosesində bütün iştirakçıların əməkdaşlığına əsaslanır. 
XXI əsr sürət əsri olub, həyatımızın hər bir sahəsinə yeni tələblər qoyduğu kimi, öyrənməyə də yeni tələblər irəli sürür. Milli zəmində qurulan təhsilimizin hazırkı inkişaf mərhələsində tədris prosesində biliklərin "hazır” şəkildə öyrənilməsi öz yerini yaradıcı, fəal öyrənməyə vermişdir. Məlumdur ki, öyrənmə insanın həyatı boyu əsas fəaliyyət növlərindən biridir. İnsan öz inkişafı prosesində, bəşəriyyətin tarix boyu toplamış olduğu təcrübə və biliyə yiyələnir. Öyrənmə biliklər sistemi, bacarıq və vərdişlərin mənimsənilərək sonradan təcrübəyə tətbiq edilməsinə yönəlmiş məqsədəyönlü idraki fəaliyyətdir. Bu baxımdan mənimsəmə müxtəlif fikri əməliyyatlarla əlaqəli olduğundan, o fəal prosesdir. Şagirdlərin öyrənmə fəaliyyəti təlim prosesində həyata keçir. Müasir şəraitdə öyrətmək dedikdə müəllimlə fəal əməkdaşlıq prosesində biliklərin, vərdiş və bacarıqların mənimsənilməsinin sürət və keyfiyyətinin fərdi göstəriciləri nəzərdə tutulur. Bu zaman öyrənmə şagirdlərin təkcə daxili psixoloji imkanlarına deyil, eyni zamanda onun müəllimlə produktiv (faydalı) münasibətə girmə meyilinə də əsaslanır. Hazırda təlim prosesində öyrədən şagirdlə qarşılıqlı əməkdaşlıq şəraitində və onların iştirakı ilə bilik, bacarıq və vərdişləri müstəqil mənimsəmələrinə şərait yaradır və bu prosesi idarə edir. Başqa sözlə, uşaqlara "öyrənməyi öyrədir”. Bu baxımdan təlim, öyrənənlərin bilik, bacarıq və vərdişlərin mənimsənilməsində idraki fəaliyyətlərinin öyrədən tərəfindən idarə edilməsi prosesidir.
Öyrənmədə müvəffəqiyyət və səmərəliliyin yüksəlməsi üçün öyrənmə prosesini bilmək mühüm şərtdir. Bəs, öyrənmə prosesi nədən asılıdır? Öyrənmə prosesi öyrənmənin xarakterindən asılıdır. Öyrənmənin xarakteri isə mənimsəniləcək təlim materialının xüsusiyyətlərindən, öyrədənin - müəllimin pedaqoji ustalığı və təcrübəsindən, şəxsi qabiliyyət və metodikasından, öyrənənin psixi inkişafının fərdi xüsusiyyətlərindən (əqli, emosional, iradi), maraq dairəsi və öyrənməyə münasibətindən asılıdır. 
Təlim materialının mənimsənilməsinin əsas şərti şagirdlərdə öyrənməyə müsbət münasibətin formalaşdırılmasıdır. Tədris prosesi şagirdin təbiətən malik olduğu öyrənmək meyilləri, həvəsi ilə əlaqələndirilərsə, bu, təlim materialının daha yaxşı anlaşılmasına kömək edər. Bilmək hələ hər şey demək deyildir. Biliyi təcrübəyə tətbiq etmək indiki şəraitdə əsasdır. Bu zaman şagirdin müstəqil fəaliyyətdə informasiyaların təhlil və tərkibinə, qərarlar qəbul etməsinə, həyata keçirməsinə hazır olması da vacibdir. Bu baxımdan müəllimin mövqeyi-öyrətmək, fənnə həvəs, maraq oyatmaq, informasiya mənbəyi deyil, informasiya almanın təşkilatçısına, idraki fəaliyyətə təhrik edən mənəvi və zehni impulsa çevrilir.
Məşhur pedaqoq və psixoloq L.V.Zankovun fikrincə, insanın daxili və mənəvi zənginliyi, hərtərəfli inkişafı həmin insanın biliyə, elmə, incəsənətə meyili, marağı olmadan qeyri-mümkündür. Bu, yalnız şagirdin öyrəndiyi təlim materialına marağı yarandıqda, o, öyrənməyə tələbat duyduqda baş verir. Uşaqlarda öyrənməyə maraq və tələbatı formalaşdırmaq metod və üsulların təsiri ilə həyata keçir. Bu metod və üsulların psixoloji mexanizminin mahiyyətini görkəmli didaktik alim M.A.Danilov "biliksizlik və bilik arasında daxili əksliklərin həyəcanı” adlandırırdı. 
 
Şagirdlərin idraki fəallığı öyrənmənin hərəkətverici qüvvəsini təşkil edir. Şagirdlərdə öyrənməyə tələbatın formalaşdırılması müəllimin pedaqoji ustalığından, öyrədənin öyrənənlərə hörmət və tələbkarlığa əsaslanan münasibətindən, təlimin metod və üsullarının düzgün seçimindən, şagirdlərdə öz qüvvələrinə inamın aşılanmasından və s. asılıdır. Bəs təlim prosesinə emosional iradi xarakteri necə aşılamaq olar? Təlim prosesinın emosionallığı şəraitində şagirdlərdə idrak fəaliyyətinə maraq və daxili tələbat yaranır. Bunun üçün biz müəllimlər müxtəlif didaktik metod və üsullardan istifadə etməliyik. Müəllim "müqayisə edin”, "ümumiləşdirin”, "təhlil edin”, "fərqləndirin” kimi produktiv fəallığa təhrik edən suallar hazırlayaraq düşündürməyə vadar edən tapşırıqlar verməlidir. Müəllimin əsas məqsədi dərsə maraq formalaşdırmaqdır ki, bunu sadə priyomların növbələşdirilməsi, digər fənlərə inteqrasiya, müəllimin fəallığı, emosionallığı, dərs boyu maraqlı fakt və misalların, nümunələrin çəkilməsi ilə nail olmaq olar. Real ziddiyyətdən yaranan emosiyalar əqli ehtiyatların səfərbərliyinı təmin edir, idrak prosesinı fəallaşdırır, diqqəti uzun müddətə cəmləməyə imkan yaradır, mənimsəmə fəal xarakter daşıyır.
Mən tədris etdiyim pedaqogika və psixologiya fənlərində mövzu və təlim məqsədindən asılı olaraq dərsdə fəal təlim metodlarından, üsul və texnikalarından, digər fənlərə inteqrasiyadan geniş istifadə edirəm. Daim yeniliyi, müasir fəal təlimlə bağlı dövri mətbuatı, qəzet və jurnalları, müəllimlərin iş təcrübələrini izləyir, öz işimdə öyrəndiklərimi tətbiq edirəm. Məsələn, "Xarakter və onun əlamətləri” mövzusunu keçərkən dərsin giriş mərhələsində - "Olduğun kimi görün, göründüyün kimi ol” kəlamını siz necə izah edərdiniz?” - motivasiyanı bu sual üzərində qurmuşdum və tələbələrin dolğun, müxtəlif fikir fərziyyələri heyrətamiz idi. Yaradıcı tətbiqetmə mərhələsində - xarakter əlamətlərinin qruplarına görə şifahi xalq yaradıcılığı nümunələrindən misallar və ya müxtəlif atalar sözləri içərisindən xarakterin iradi əlamətlərinə görə olanları seçib yazın. Dahi Nizaminin "Xosrov və Şirin” poemasından bir bənd yazaraq:
"Bir qadını yıxmaq bir mərdlik deyil 
 
Mərdlik göstərirsən sən özün əyil 
 
Ucalar özünü əyən insanlar 
 
Təvazö sahibi hörmət qazanar”:
 
-şairın bu misralarda oxucuya hansı fikri çatdırmaq istədiyini sual verib, tapşırıqlar hazırlayaraq ədəbiyyat fənninə tez-tez inteqrasiya edirəm və bu, dərsin daha canlı keçməsinə, tələbələrin böyük marağına səbəb olur.
Müasir təlimin başlıca vəzifələri olan hər şeyə yaradıcı yanaşmağı bacaran,geniş dünyagörüşə və intellektual səviyyəyə malik insan formalaşdırmaq müəllimlərdən yaradıcılığı, daim axtarışda olmağı tələb edir. İstifadə etdiyimiz metodlar, üsul və vasitələr, hətta dərsin gedişi belə yaradıcı olmalıdır.Yaradıcılıq öz növbəsində müəllimdən yüksək emosionallıq, dərin həssaslıq, işə yaradıcı münasibət, yüksək psixo-pedaqoji bilik tələb edir. Bu bilik pedaqoji psixologiyanın əsas sahəsi olan təlim psixologiyasını, uşaqların yaş dövrlərinə görə təfəkkürlərinin psixoloji xüsusiyyətlərini bilmək zərurəti doğurur. Təlim prosesində uşaqların tədqiqatçı mövqeyinin və idrak fəallığının aparıcı qüvvəsi olan təlimin problemli - dialoji şəkildə qurulması yeni psixoloji mexanizmlərə: problem situasiyanın yaradılması, dialoq və əməkdaşlığın zəruriliyi, şagird-tədqiqatçı, müəllim-bələdçi, psixoloji dəstək, hörmət və etibar və s. əsaslanır.
Təlim metodları tədris prosesində şagirdlə müəllim arasında yaranan ünsiyyət olduğundan, müəllim də bu müsbət psixoloji iqlim və dəstəyi yaratmaqla ünsiyyəti genişləndirərək şagird-şagird ünsiyyətinə çevirmək üçün bir sıra konkret vəzifələr yerinə yetirir. Müəllim dərsdə müsbət psixoloji iqlimi dəstəkləməlidir - bunu şagirdlərin buraxdığı səhvlərə münasibətində belə büruzə verməlidir. Məsələn, mən tələbələri "Sənin fikrin səhv olsa da, düşünməyə qida verir” və ya "...səhvdir, lakin həqiqətə çatmaq yolunda bir vasitədir” və s. bu kimi cümlələrlə yeni düşüncələrə həvəsləndirirəm. Psixoloji dəstək, hörmət və etibar tələbələrdə inamsızlıq hissini aradan qaldırır, ən zəif şagirdin belə yaradıcı prosesə qoşulmasına təkan verir.
Təlim prosesində öyrətmədə əsas rolu müəllim icra etsə də, eyni zamanda şagirdin şagird yoldaşı da iştirak edir. Öyrətmə prosesində bu üç tərəfin iştirakı bir-biri ilə sıx qarşılıqlı əlaqədədir. Müəllimin bir sözü "Ümumi fikrə gəlın”, "Qrupun ümumi fikrini hazırlayın” ...-onlar arasında şagird-şagird münasibətlərinin aktivləşməsinə səbəb olur. Şagirdləri bu əməkdaşlığa sövq etdirmək üçün müəllimdən əvvəlcədən yüksək hazırlıq, dərsin planının tərtibində motivasiya mərhələsindən tutmuş, yaradıcı tətbiqetmə mərhələsinədək, tədqiqat sualının qoyuluşundan tutmuş verilən tapşırıqlaradək maraqlılıq və yaradıcılıq tələb edir. 
Təlim təcrübələrində bəzən dərsin motivasiya hissəsində, tədqiqat sualı və ya test tapşırıqlarında verilən sualların qoyuluşu məzmunun tam açılmasında lazımi nəticəni vermir. Dərsin motivasiya mərhələsində ortaya qoyulmuş problem və onun həlli tələbatı fəal dərsdə təfəkkür prosesini işləməyə və şagirdlərin idrak fəallığını artırmağa sövq edir. Məhz tədqiqat sualı şagird-öyrənənləri yeni biliklərin kəşfinə aparır. Ona görə də sualları tərtib edərkən məzmunun tam əhatə edilməsi, bir neçə cavab variantının olması nəzərə alınmalıdır. Cavabların çoxluğu mövzu ətrafında müxtəlif fikir, fərziyyələr yaradır. Fikir və fərziyyələrin rəngarəngliyi müzakirəni daha canlı və maraqlı edir.
Ümumiyyətlə, yaradıcılıq prosesi bu vaxtadək məlum olmayan, maraq və həyəcan doğuran hadisələrə insanda sual doğurur və onu bu suala cavab axtarmağa, düşünməyə sövq edir. Bunu psixoloqlar "problem situasiyasının yaranması” adlandırırlar. Problem situasiya mahiyyətinə görə tapşırıqlardan fərqlənir. Tapşırıq şifahi və ya yazılı olaraq hazır şəkildə verilır. Problem situasiya isə idraki fəaliyyətin məqsədi və nəticə əldə etmək vasitələrində olan əksliklərlə ifadə olunur. Bu təzad və əksliyin yaranması tələbəni təlim fəaliyyətində yeni bilik və bacarıq vasitələrinə yiyələnmək və bunları "sərgiləmək” tələbatına gətirir. Bir proses kimi problemi həll etmək, problemdən çıxma yolu ümumiyyətlə, 5 əsas mərhələdən keçir:
1) Problem situasiyanın yaranması və problemin qoyuluşu; 
 
2) Məlum üsullardan istifadə etməklə problemin həllinə cəhd etmə (problemin "qapalı” həlli mərhələsi);
 
3) Problemin yeni üsullarla həllinə yeni münasibət tərzinin yaranması (problemin "açıq” həlli mərhələsi);
 
4) Yeni üsulların və prinsiplərin həyata keçirilməsi;
 
5) Məsələnin həllinin düzgünlüyünün yoxlanılması.
 
Dərsin gedişi boyu problem situasiyanın həlli yollarını axtarıb tapmaları şagirdlərdə araşdırma qabiliyyətini formalaşdırır, problemlə yaranan suallar onları düşündürür, təfəkkürlərini "işə” salır. Bu baxımdan problem situasiya təfəkkür mənbəyidir. Dərsin tədqiqatın aparılması mərhələsində yeni informasiya daşıyan paylama materialı ilə eyni vaxtda işçi vərəqlərindəki tapşırıqların öyrənənlər tərəfindən yerinə yetirilməsi biliklərin praktik şəkildə öyrədilməsinə, materialın şüurlu mənimsənilməsinə, müqayisəetmə, qruplaşdırma, ümumiləşdirmə, təhliletmə kimi idraki bacarıqların formalaşmasına və tədris materialının uzun müddətə yadda qalmasına səbəb olur. 
 
Ümumiyyətlə, istifadə olunan təlim metodları öyrənənlərin təlimə marağını artırmalı, onlarda sonrakı dərslərə daxili həvəs və maraq oyatmalıdır. Metod qabiliyyətlərin oyanması və hərəkətə gətirilməsi üçün müəllim tərəfindən istifadə olunan üsul və vasitələrin məcmusu olduğundan, çalışmaq lazımdır ki, dərsdə aparılan fikir mübadiləsi, çıxarılan nəticələr axıcı olsun, fikir fikirdən doğsun, şagird və tələbələrin elm öyrənməyə meyilləri artsın. Təlimdə onun həyatı üçün əhəmiyyətli yeni bilik öyrəndiyini duymayan uşaqda təlimə maraq azalır. Buradan da belə nəticəyə gəlmək olar ki, o, biliyi ona öyrətdiyimizə görə deyil, onun əhəmiyyəti, həyatdakı rolunu özü başa düşdüyünə görə öyrənməyə can atsın. Başqa sözlə desək, təlimdə ən başlıcası elmi şagirdlərə həyatlarında tələbatlarının ödəyəcəyi ən zəruri bir vasitə kimi ürəkdən sevdirmək lazımdır. 
Ülkər QƏDİROVA,  ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin pedaqogika-psixologiya müəllimi


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?