Metodika

Müasir və ənənəvi dərsin paradiqmaları- Abdulla Mehrabov

  • Admin
  • 27-mar-2024, 12:40
  • 13 Baxış



Abdulla Mehrabov.(31 İyul 2013)Məlumdur ki, ideoloji baxışların, ictimai münasibətlərin dəyişdiyi indiki şəraitdə yeni yaşayış formalarına adaptasiya olunmağa, həmçinin sosial həyatın əsas prinsiplərini öyrənməyə, yeni siyasi reallıqların və inkişaf istiqamətlərinin ictimai şüurda, praktikada möhkəmləndirilməsinə nail olmaq üçün təhsil geniş imkanlara malikdir. Milli-mənəvi və sosial-mədəni dəyərlərə yiyələnmiş insan, hazırda təhsilin rolunu, onun həlledici mahiyyətini aşağıdakı kimi görür və əsas kimi qəbul edir:

* təhsil ictimai praktikanın müstəqil forması, idarəetmə mexanizmi, təşkilati struktur və fəaliyyət sistemi olub, bütün sosial sferalarla əlaqəli elə bir infrastrukturdur ki, o bir tərəfdən ictimai mühitin bütövlüyünü saxlayır, digər tərəfdən onun inkişafını təmin edir;

* təhsil tarixi-mədəni təcrübəni, insanların həyat tərzini və yaşam qaydalarını, onların ümumi həyatının norma və dəyərlərini zaman-zaman qoruyub saxlayır;

* təhsil cəmiyyətin, bütövlükdə bəşəriyyətin ictimai-siyasi və tarixi-mədəni dəyərlərini formalaşdırma və inkişafetdirmə vasitəsidir;

* təhsil zaman və məkan daxilində insan şəxsiyyətinin və mədəniyyətinin formalaşmasında, onun tərbiyəsində, bacarıqlarının dərinləşməsində həlledici rol oynamış və oynamaqdadır.

* təhsil həm sistemdir, həm prosesdir, həm nəticədir və həm də dəyərdir.

XX əsrin sonları və XXI əsrin əvvəllərinədək cəmiyyətdə dominant rol oynayan ənənəvi təhsil sistemində təhsilalanlara bir obyekt kimi yanaşılıb, təhsildə avtoritar idarəetmə üsullarına üstünlük verilmişdir. Azərbaycanda müstəqillik qazandıqdan sonra demokratik, müstəqil ölkənin əsas prinsiplərinə uyğun yeni, müasir tələblərə cavab verən təhsil sisteminin qurulmasına başlanıldı. Ənənəvi təhsil sistemi artıq dövrünü başa vurmuş, təkamül yolu ilə, yeni keyfiyyət dəyişiklikləri aparılmaqla tədricən dəyişərək, öz yerini yeni sosial, şəxsiyyətyönümlü təhsil sisteminə verməyə başladı.

Tədris- təlim prosesində yeni texnologiyaların tətbiqi, pedaqoji prosesin idarəedilməsində yeni yanaşmalardan istifadə, keyfiyyətli sinif-dərs sisteminin qurulmasına geniş imkanlar açır. Sinif-dərs sisteminin keyfiyyət təminatında ənənəvi dərslərdən fərqli olaraq, müasir dərsin təşkili həlledici rol oynayır. Bu halda sinif mühitində son dərəcə əhəmiyyətli dəyişikliklər baş verir, öyrədənlə öyrənən arasında, şagirdlərin öz aralarında və məktəblə valideynlər arasında müasir tələblərə cavab verən qarşılıqlı əlaqələr qurulur. Müasir təlim metodlarından biri olan interaktiv təlim üsullarından və İKT-dən geniş istifadəyə yeni imkanlar yaranır.

Ənənəvi, fənnyönümlü və müasir şəxsiyyətyönümlü dərsləri (sini-dərs sistemində) müqayisə etmək üçün onların paradiqmalarını (mühüm əlamətləri, bu əlamətlərin xarakteristikasını və onlardan irəli gələn nəticələri ) nəzərdən keçirək.

Ənənəvi dərslərin paradiqmaları

* Təhsilalanlara obyekt kimi yanaşılması. Bu halda:

– Bütün şagirdlərə orta səviyyəlilər kimi yanaşılır, istedadın, qabiliyyətin inkişafı üçün şərait yaradılmır;
– dərsdə seçim hüququnun reallaşdırılması məhdudlaşır;
– təhsilalanlarda laqeydlik, qeyr- fəallıq, başqasının köməyinə ümid olmaq tərbiyəsi formalasır;
– müəllimlər, tərbiyəçilər dərsin məqsəd və vasitələrini aydın və düzgün dərk edə bilmir.

* Dərsdə öyrənənlərə avtoritar münasibət. Şaquli ünsiyyət, inzibati- bürokratik, tabeçilik münasibətləri, tədris- təlim prosesində məcburiyyət və cəzalandırma əsasında bilik və bacarıqların formalaşdırılmasına üstünlüyün verilməsi nəticəsində:

– Monoloji təhsilvermə üsulu tətbiq olunur;
– tədris- təlim prosesi təlim materialını mənimsəməyə deyil, sadəcə şərh etməyə yönəldirlər;
– sağlamlığa zərər verən təlim mühitinin (əsəb gərginliyi, həyəcan və qorxu, mənfi emosiyalar şəraitində fəaliyyət) aradan qaldırılmasına şərait yaradılmır.

* Ssientizm (quru elmlik). İnsan təbiətinin (kainatın, təbiətin, ətraf aləmin) bütövlüyünün, tamlığının pozulması, təlimin həddən artıq intellektuallaşdırılması, beyinin sol yarımkürəsinin çox yüklənməsi nəticəsində:

– Musiqi, təsviri sənət, əmək və fiziki tərbiyə dərslərində bu fənlərin əhəmiyyəti düzgün qiymətləndirilmir;

– beyinin sol yarımkürəsi sağ yarımkürəsinə nisbətən çox yüklənir.

* Dərsdə lüzumsuz olaraq xırdalanma. Müxtəlif təhsil sahələrini (humanitar, riyaziyyat və informatika, təbiət elmləri və s.) süni olaraq bir- birindən ayırmaqla təlim prosesinin bütövlüyünun pozulması (əksinteqrasiya) nəticəsində:

– Öyrənənlərin biliklərinin və dünyanı dərk etmələrinin fraqmentallığı (natamamlığı) baş verir;

– çox yüklənmə və yorulma nəticəsində öyrənənlərin sağlamlığına böyük zərər vurulur.

* Həddən artıq məlumatlılıq (informativlik). Dərsdə öyrənənlərin əsas diqqətinin bilik və bacarıqların formalaşmasına deyil, fənnə aid informasiyaların və onların tətbiqinə aid şablonların yadda saxlanılmasına yönəldilməsi nəticəsində:

– Öyrənilən tədris materialları gündəlik həyat problemləri ilə uzlaşdırılmır;

– nəzəriyyə ilə praktikanın əlaqələri zəifləyir.

* Kadr hazırlığının keyfiyyətinə diqqətin yetirilməməsi. Tədris- təlim prosesində əsas diqətin ancaq metodiki səviyyənin inkişafına yönəldilməsi nəticəsində:

– Öyrədənin şəxsi keyfiyyətlərinin və peşəkarlıq bacarıqlarının inkişafı məhdudlaşdırılır;

– öyrədənlərin tənqidi təfəkkürünün inkişafına və yaradıcı axtarışa cəlb olunmasına tələbkarlıq zəifləyir.

* Dərsin bəsitləşdirilməsi. Tədris- təlim prosesinə tam, bütöv kimi yanaşılmır, onlar ayrı- ayrılıqda araşdırılır, nəticədə:

– Tədris fənni öz sosial- mədəni mahiyyətini itirərək qaydalar, faktlar yığımına çevrilir;

– təlim prosesi məzəmmət, öyüd-nəsihət, əxlaqi dəyərlərin deklarasiyasından ibarət nizam- intizam dərslərinə çevrilir;

– fənnin məzmunu şagirdlərin şəxsi maraqları və motivləri ilə uzlaşmır;

– dərsin (təlim prosesinin) rəqabətədözümlülüyü aşağı səviyyəyə enir.

Ənənəvi anlamda "təhsil” əsasən, təlim- tərbiyə prosesi kimi məna daşıyırdısa, hazırda dərsin məqsədinə, eyni zamanda insan şəxsiyyətini inkişaf etdirməyə istiqamətlənmiş fəaliyyət sahəsi kimi baxmaq üstünlük təşkil etməyə başlamışdır.

Müasir dərsin paradiqmaları

* Təhsilalanlara subyekt kimi yanaşma. Öyrənənə təkrar olunmayan fərd, daxilən azad, müstəqil və yaradıcı fəaliyyət göstərmək qabiliyyəti olan, şüurlu, inkişaf edən bir şəxsiyyət kimi yanaşılır. Bu zaman:

– Təhsilalanların maraqları nəzərə alınır;

– dərsdə fərdiləşdirilmiş, diferensiallaşdırılmış, problemli təlim texnologiyalarına və İKT-yə üstünlük verilir;

– dərsdə psixoloji, valioloji və sosial- pedaqoji xidmətlər inkişaf etdirilir;

– seçmə fənlər üzrə dərslərin təşkili genişləndirilir.

* Dioloji yanaşma. Təhsilalanlar arasında ən humanist ünsiyyət üsulu olan dioloji münasibətlərə (subyekt- subyekt münasibətlərinə) üstünlük verilməsi nəticəsində:

– Dərsdə problemli, dialoqlu, refleksiv təlim texnologiyalarına, kollektiv (qruplarla) fəaliyyətə üstünlük verilir;

– kommunikativ fəaliyyətlər (dinləmə və eşitmə), açıqlıq, səmimilik, tolerantlıq, həmsöhbətinə hörmət etmək bacarığı inkişaf edir;

– sağlamlığı qoruyan mühit yaranır;

– tələb olunan çoxlu sayda informasiya mənimsənilir.

* Ekzistensiallıq (insan təbiətinin bütövlüyünün nəzərə alınması). Dərsin insan təbiətinin bütövlüyünün nəzərə alınmaqla qurulması (yalnız intellektual imkanların deyil, həmçinin obrazlı düşünmə, intuisiya, yaradıcı təxəyyül, emosiyalar, hislər və s. psixoloji halların nəzərə alınması) nəticəsində:

– İnsan təbiətinin bütövlüyü təmin olunur;

– öyrənənlər mənəvi və ruhi cəhətdən inkişaf edir;

– öyrənənlərin səhhətinə müsbət təsir göstərilir;

– dərsdə informasiyaların yadda saxlanılması deyil, başa düşülməsi dominant xarakter alır.

* İnteqrativlik. Dərslərdə fənlərin tədrisinə kompleks yanaşmaqla tədris- təlim prosesinin bütövlüyünün təmin edilməsi nəticəsində:

– Öyrənənlərin bütöv halda dünyanı dərk etməsi təmin olunur;

– öyrənənlərin sağlamlığının qorunmasına müsbət təsir göstərilir;

– dərsdə rəqabət mühitinin formalaşması təmin edilir.

* İnkişafetdirici xarakterin təmin edilməsi. Bu halda tədris- təlim prosesinə öyrədənin (pedaqoqun) münasibəti dəyişir. Bilikvermə, bacarıq və vərdişlərin aşılanmasından başqa, dərsdə fərdi və sosial əhəmiyyətli keyfiyyətlərin (təfəkkür, nitq, emosional hissi davranış, kommunikativ, fiziki, yaradıcı) inkişaf etdirilməsi nəticəsində:

– Dərsdə şəxsiyyətyönümlü və problemli texnologiyalar üstünlük təşkil edir;

– dərsin praktik, həyati və mənəvi- praqmatik yönümlülüyü (öyrənən həm inkişaf edir, həm də cəmiyyət üçün faydalı insana çevrilir) güclənir.

* Pedaqoji kadrların müasir tələblərə cavab verən səviyyədə formalaşdırılması. Öyrədənlərin konseptual- metedoloji hazırlığının, texnoloji hazırlığının (yüksək elm tutumlu pedaqoji, informasiya və idarəetmə texnologiyalarına yiyələnmə), metodiki hazırlığının həyata keçirilməsi nəticəsində:

– Pedaqoji fəaliyyətdə yaradıcılıq üstünlük təşkil edir;

– pedaqoji fəaliyyətdə bacarıqlı müəllimlərə tələbat artır;

– başqasının iş təcrübəsinin kor-koranə tətbiq olunmasına imkan verilmir.

* Tədris-təlim prosesinin fundamentallığı. Dərsdə tədris fənləri və sinifdən xaric tədbirlərin məzmunca və mənaca zənginliyi (klassik və ən yeni elmi nailiyyətlərə əsaslanmaq, tədris fənləri və tərbiyəvi işlərin fəlsəfə, pedaqogika, psixologiya və mənəviyyat fənləri ilə əlaqələndirilməsi) nəticəsində:

– Dərsdə rəqabət genişlənir;

– dərsdə motivasiya yüksəlir;

– müasir dünyagörüşün, mənəvi-əxlaqi keyfiyyətlərin inkişafı təmin olunur.

Beləliklə, müasir dərsin, ənənəvi dərsdən fərqli olaraq əsas pediqmalarını aşağıdakı kimi qruplaşdırmaq olar:

* Öyrənənlərin təli prosesinin mərkəzinə gətirilməsi;

* tədris-təlim prosesinin qurulmasında öyrənən şəxsiyyətin bütövlüyünün nəzərə alınması (ekzistensiallıq);

* inkişafetdiricilik;

* inteqrativlik;

* fundamentallıq.

İnteraktiv təlim metodlarından istfadə etməklə müasir fəal dərsin mərhələlərini aşağıdakı kimi formalaşdırmaq daha məqsədəmüvafiq hesab edilir:

5.1. Motivasiya (problem situasiyanın yaradılması, fərziyyələrin irəli sürüməsi, tədqiqat sualları).
5.2. Tədqiqat işi (qruplarla iş).
5.3. Məlumat mübadiləsi (şagirdlərin cavabları, qrupların cavablarının bir- birinə təqdimatı).
5.4. Məlumatın müzakirəsi və onun təşkili (hər alınan cavabdan sonra).
5.5. Ümumiləşdirmə və nəticələrin formalaşdırılması.
5.6. Qiymətləndirmə.
5.7. Yaradıcı tətbiqetmə (ev tapşırığının verilməsi).

Vaxtın (45 dəqiqənin) mərhələlər arasında faydalı bölünməsi öyrədən tərəfindən həyata keçirilməlidir. Qeyd etmək lazımdır ki, fəal dərsin əhəmiyyəti təkcə onun məzmunu ilə deyil, həm də forması ilə şərtlənir. Fəal dərs həm də düşünməyi öyrətdiyinə görə də faydalıdır. Araşdırmalar göstərir ki, dərs o zaman fayda verir ki, öyrənəndə canlı maraq, kəskin reaksiya doğursun, onları diskusiyaya girməyə, məzmunla bağlı materiallara uyğun hərəkətə sövq etsin. Bu cür dərs təkcə canlı və maraqlı keçməklə qalmır, o həm də öyrənənlərə bütün ömrləri boyu onlar üçün faydalı olan sərbəst düşüncə vərdişləri aşılayır və onların inkişafını təmin edir.

Müasir dərsin planlaşdırılmasından sonra, dərsə qədər, dərs prosesi və dərsdən sonrakı mərhələlərin geniş təhlili aparılmalı, dərsin məzmununa keçmədən əvvəl, mövzunun əhəmiyyəti, eləcə də onun öyrənənlər qarşısında qoyduğu məqsəd və vəzifələrə dair suallar formalaşdırılmalıdır. Sualların əksəriyyəti və tipləri elə seçilməlidir ki, öyrənənlərdə bilik (informasiyani eşitdiyi formada təkrar etmək bacarığı), anlama (mövzuya dair hər hansı bir fikri öz sözləri ilə və ya hər hansı başqa bir yolla yenidən söyləmək bacarığı), tətbiq etmə (təzəcə öyrəndiyi üsuldan istifadə etməklə, yeni bir tapşırığı həll etmək bacarığı), analiz (mürəkkəb bir ideyanın səbəblərini, nəticələrini və digər tərkib hissələrini tapmaq bacarığı), sintez (bir neçə ideyanın bir yeni ideya ilə birləşdirilməsi, köhnə ideyanın yeni variantını tapma bacarığı) və qiymətləndirmə (konkret ideyanın, yaxud hər hansı bir prosesin izahı üçün tam uyğun gəldiyini qiymətləndirmək bacarığı) kimi bacarıq və qabiliyyətlərin formalaşması təmin olunsun və dərsin düşünmə mərhələsində öyrənənlər özləri üçün müəyyən nəticələr çıxara bilsinlər.

Tədris-təlim prosesində müasir dərsin paradiqmalarının həyata keçirilməsində üç əsas prinsip- humanistləşmə, humanitarlaşma və informatlaşmanın tətbiqi həmişə nəzərdə tutulmalıdır.

Humanistləşmə prinsipi. Müasir ekzistensial fəlsəfi baxışlarda öyrənənlərə (bütövlükdə insanlara) subyekt kimi yanaşma, onun unikal, fəal, daxilən azad və mənəviyyatlı bir şəxsiyyət kimi tanınması əsas faktor kimi qəbul olunur. Öyrənənlərin unikallığı dedikdə hər bir fərdin təkrarolunmamazlığı, bənzərsizliyi başa düşülür. Unikallıq texnokratizmin (öyrənənə obyekt kimi yanaşma) əksi olub, təhsilalanlara, təhsilverənlərə obyekt münasibəti göstərməklə bir araya sığmır. Bunlar, fərdi xüsusiyyətləri və qabiliyyətləri müxtəlif olan öyrənənlər üçün variativ təhsil proqramlarının hazırlanması və tətbiqi yolu ilə tədris- təlim prosesini fərdiləşdirməyi və differensiyalaşdırmağı tələb edir. Şəxsiyyətin fəallığı dedikdə təşəbbüskar, fəaliyyətsevən, öz hərəkətlərində və davranışında müstəqil olan öyrənən anlaşılır. Daxili azadlıq dedikdə isə öyrənənin seçim hüququ nəzərdə tutulur. Hər bir öyrənənin təhsil alacağı məktəbi, fənn proqramını, müəllimi seçməsinə, təlim prosesində sərbəstliyinə, problemin həll olunması variantını seçmə hüququna malik olması, həmişə diqqət mərkəzinə gətirilməli və buna hörmətlə yanaşılmalıdır.

Mənəviyyatlılıq öyrənənə hörmət, məhəbbət, qarşılıqlı anlaşma, inkişafa və yaradıcılığa meyletmə kimi dəyərlərə əsaslanan həyat tərzi ilə bağlıdır. Deməli, müasir dərsin humanistləşməsi nəticəsində zor, güc tətbiqetmə pedaqogikası və psixologiyasından uzaqlaşmağı tələb edir. Ona görə də humanistləşmə prinsipi hər şeydən əvvəl obyekt dünyagörüşlüyünün subyekt dünyagörüşlüyü ilə əvəz olunmasını tələb edir. Bu prinsip həmçinin tədris- təlim prosesində, dərsdə dioloji münasibətlərin qurulması ilə reallaşdırılır. Dialoji fəaliyyət forması (frontal sorğu, cütlüklərlə işin təşkili və s.) subyekt- subyekt münasibətlərinin qurulmasıdır. Dialoqlar zamanı qarşılıqlı hörmət, bir- birini tamamlamaqla qarşılıqlı anlaşma, bir-birinin biliklərini zənginləşdirmək, birgə yaradıcılıq və s. insani münasibətlər inkişaf edir. Dialoq, eyni zamanda çox aspektli – şaquli, üfiqi, intellektual, emosional ünsiyyət formasıdır.

Humanitarlaşma prinsipi. Bu prinsip tədris-təlim prosesinin, dərsin mahiyyətcə dəyişdirilməsini nəzərdə tutur. Fəlsəfi və didaktik səviyyədə dərs prosesinin humanitarlaşdırılması hər hansı fənnə aid tədris materialında ümumbəşəri dəyərlərin və öyrənənə (şəxsiyyətə) aid mənəvi keyfiyyətlərin onun özünə yönəldilməsi mahiyyətinin olmasını tələb edir. Humanitarlaşma, əslində humanistləşmənin vasitəsi olub, təbii- texniki mədəniyyətin humanitarlaşmasının təmin olunmasında istifadə edilir. Humanitarlaşma, eyni zamanda humanitar problematikaya, humanitar mədəniyyətə dönüşdür. Bu təkcə humanitar fənlərin öyrədilməsi deyil, həm də ümumelmi və ümumtexniki fənlərin məzmununda olan humanitar dəyərlərin istifadəsi hesabına tədris-təlim prosesinin, təbii-texniki və sosial-humanitar hissələri arasında müvafiqliyin dərsdə saxlanılması üçün prosesin yenidən qurulmasıdır. Bu halda öyrənənin idrak fəaliyyətinin xarakteri dəyişir, tədris materialının məzmununun yalnız yadda saxlanılmasına deyil, həm də onun mahiyyətinin qavranılmasına yönəlir. Humanitarlaşma, dərsin əsas məqsədini müəyyən edən, onun məqsədinə gətirilən öyrənənin inkişaf etdirilməsi ilə sıx bağlıdır. Ənənəvi dərsdə tədris fənləri həm məqsəd, həm də məqsədə nailolma vasitəsidir. Bu isə öyrənəni idrak fəaliyyətindən uzaqlaşdırır, onun inkişafını ləngidir, faktları, hadisələri, qanun və qanunauyğunluqları dərk etmədən əzbərləməyə sövq etdirir. Öyrədənin fəaliyyətinin səmərəliliyi təkcə öyrənənin qazandığı bilik və bacarıqların səviyyəsi ilə deyil, həmçinin onların şəxsi keyfiyyətlərinin inkişaf səviyyəsi ilə ölçülür. Demokratik cəmiyyətdə məktəbdə tədris- təlim və dərs prosesinin başlıca vəzifəsi öyrənənin bütöv şəxsiyyət kimi inkişafına nail olmaq və onu sonrakı həyata hazırlamaqdır. Bütün bu məsələlərin həllində humanitarlaşma prinsipi xüsusi rol oynayır və öyrədəndən tədris etdiyi fənni fəlsəfi, kulturoloji, pedaqoji- psixoloji və elmi cəhətdən təhlil etmək bacarığı tələb edir.

İnformatlaşma prinsipi. Bu prinsip informatika, informasiya və İKT texnologiyalarının nailiyyətlərindən təlim prosesində (dərsdə), idarəetmədə və pedaqoji tədqiqatlarda geniş istifadəni nəzərdə tutur. İnformatlaşdırma müxtəlif informasiyaların kompyuter vasitəsilə yaddaşa alınması, saxlanılması, təhlili və təqdiminə əsaslanır.

Təlim prosesində (dərsdə) tətbiq olunan müasir informasiya kommunikasiya texnologiyalarının ən mühümlərini aşağıdakı kimi qruplaşdırmaq olar:

* Birbaşa kompyuterdə və blank formasında pedaqoji testləşdirmə;

* təlim prosesinin (dərsin) müxtəlif informasiyalarla (pedaqoji məzmunlu, yeni texnologiyalara dair məlumatlar, məktəblə bağlı tələb olunan məlumatlar) təmin edilməsi;
* öyrədici və görüntüləri nümayiş etdirən kompyuter multimedia sistemləri.

Belə multimedia sistemləri tədris materialının əyaniliyini və onların görünmə müxtəlifliyini, videokeyfiyyətini yüksəldir və fənnin tədrisinə dair müxtəlif informasiyaları vizual şəkildə qavramağa imkan verir.
Deməli, göstərilən prinsiplər əsasında qurulan təlim prosesi (müasir dərs) rəqabətədavamlı şəxsiyyətin inkişafı kimi ümumbəşəri dəyərləri reallaşdırır, təlim prosesində fundamental, eyni zamanda praktik yönümlü bilik və bacarıqlar aşılayır, kamil insanın, vətənini, millətini sevən rəqabətəqabil şəxsin formalaşmasını təmin edir.

XXl əsrin hazırki mərhələsində Azərbaycan təhsil sistemi qarşısında çox mühüm problemlər durur. Müasir təlim prosesinin (müasir dərsin) əsas məqsədi tədrisin səmərəliliyini artırmaq, öz düşüncəsi, ağlı, potensial enerjisi, güclü məntiqi ilə fənləri dərindən mənimsəyən və onu tətbiq etməyi bacaran, hər cür situasiyalarda işin məğzini tutub çıxış yolunu tapmağı bacaran yüksək intellektli gənclər yetişdirməkdir. Bu məqsədləri yerinə yetirmək üçün fəal- interaktiv təlim metodlarından istifadə edərək, təlim prosesi (müasir dərslər) belə aspektdə qurulmalı, keyfiyyətli tədris- təlim prosesinin təşkili təmin edilməlidir.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?