Kitabxana

Müasir uşaqlara nağıl danışmaq lazımdırmı ?

  • Admin
  • 27-mar-2024, 16:57
  • 3 Baxış


 Nağıllar televizor və internet olmayan dövrlərdə uşaqların əyləncəsi idi. Uzun qış gecələrində, böyüklər ulu nənə-babasından eşitdiyi nağılları gah öz sözləri ilə bəzəyib, gah da yaddan çıxan yerlərini uyduraraq öz övladlarına danışardı.
 
Dövrün tələbi olaraq indi nağılların çatdırılma forması da dəyişib. Uşaqlar daha çox rəngarəng multimedia resurslarına maraq göstəririlər. Yeni mobil texnologiyalardan istifadəyə aludəçilik isə onlarda zehni tənbəlliyə səbəb olur. Buna görə də balacaları nağıllara cəlb etmək çətindir. Çox az sayda ailə göstərmək olar ki, körpələri erkən yaşlardan nağıllara alışdırmağa müvəffəq olur. Təəssüflə qeyd etmək lazımdır ki, indi hər bir uşaq cizgi filmlərinə baxır. İndiki uşaqların qəhrəmanları nağıl qəhrəmanları deyil xarici animasiya filmlərinin cizgi personajlarıdır. Güclü reklam xarici cizgi personajlarının getdikcə populyarlaşmasına kömək edir. Çox az sayda ailə göstərmək olar ki, körpələri erkən yaşlardan nağıllara alışdırır.
Bəs uşaqlar üçün yetərli sayda əyləncə və məşğuliyyət olduğu bir dövrdə körpələrə nağıl oxumağa və ya danışmağa ehtiyac varmı?
Bir dəfə Albert Eynşteyndən soruşurlar ki, dahi kimi böyüməsi üçün uşağı necə tərbiyə etmək lazımdır? Böyük alim olan Eynşteyn cavab verir:
-Ona nağıl oxumaq lazımdır.
-Bəs sonra? –.
Sonra, daha çox, daha yeni nağıllar oxumaq lazımdır. Nağıllara qulaq asmaqla böyüyən uşaqların təxəyyülü, fantaziyası geniş olur. Böyüyəndə də qeyri-mümkün şeyləri mümkün etmək meylini saxlayır və kəşflər edir.
Mənə elə gəlir ki, nağılların əhəmiyyəti haqqında bundan daha yaxşı fakt göstərmək  olmaz. Doğrudan da, təxəyyülün qanadları reallığa doğru uçmaqda kömək edir.
Təxəyyülü inkişaf etməmiş uşaq böyüyəndə praktiki cəhətdən mümkün olmayan bir şeyin reallaşması yolunda düşünməyə qadir olmur. Uşaq şəxsiyyətinin formalaşmasında nağıl qəhrəmanlarının, bu qəhrəmanların müxtəlif hadisələr qarşısındakı davranışlarının rolu böyükdür. Nağıllar uşağın təhsilində, şəxsiyyətinin inkişaf etməsində, dil öyrənməsində sosial inkişafında, özünü dərk və ifadə etməsində xüsusilə əhəmiyyətlidir. Uşaqlıqda dinlənilən nağılların onun böyüyən zaman psixologiyasına necə təsir göstərəcəyinə, gələcək uğurlarında necə rol oynayacağına diqqət yetirməliyik. Nağıl qəhrəmanlarının parlaq obrazları  uşaqlara dostluq və məhəbbət, namuslu olmaq və doğruluq, şərə və ədalətsizliyə nifrət kimi böyük insani hissləri öyrədir. Nağılların təsiri ilə böyüyən uşağın söz ehtiyatı zəngin, nitqi isə rəngarəng olur. Uşağa ötürmək istədiyimiz bilik, ismarıc və dəyərləri onların içinə çox rahatlıqla yerləşdirə bilərik.Yalnız nağıllara çox aludə olaraq uşaqların bütün gerçəklikdən kənar bir dünyada yaşamasına izn verməmək, onların gerçəklə bağlılığını yeri gəldikcə izah etmək, bağlantılar qurmağa çalışmaq lazımdır. 
 
 
Valideynlər, müəllim və kitabxanaçılar mənəvi-əxlaqi dəyərlər aşılamasını, şəxsiyyətin formalaşmasında rolu və əhəmiyyətini, nağıl oxumağın insan psixologiyasına və səhhətinə müsbət təsirlərini nəzərə alaraq uşaqların nağıl oxumasına ciddi fikir verməlidirlər.
Bəs bu gün nağıllara maraq varmı? 
Müasir dövrdə cəmiyyətdə və məişətdə baş verən dəyişikliklər ailə mühitində uşaq tərbiyəsinə də təsir etmişdir. Bu günkü tərbiyə üsulları uşaqların maraqlarının nəzərə alınmasını tələb edir. Kitab oxumaq nə bir qanun, nə də borc deyil ki, uşaqları buna məcbur edəsən. Burada maraq və həvəsin, digər bir sıra stimullaşdırıcı amillərin olması şərtdir. Uşaqların zorla, təzyiq yolu ilə mütaliəyə məcbur edilməsi çox təhlükəli tendensiyadır. Dünyanın inkişaf etmiş ölkələrində bununla bağlı müxtəlif təcrübələr mövcuddur.
Pandemiya elan olunduqda (17 aprel - 28 May 2020) Böyük Britaniyanın "Egmont Books” nəşriyyatı uşaq mütaliəsi üzrə geniş araşdırma aparmışdır. Onlar özünütəcrid dövründə ayrı-ayrı ailələrlə iş aparmış və uşaqların diqqətini ucadan oxuya cəlb etmişlər. Aparılan araşdırmlar nəticəsində sübut olunmuşdur ki, uşaqlarda ucadan oxu müstəqil mütaliəyə başlamaq üçün ən yaxşı açar faktordır. Layihə təkcə uşaqlara deyil, həm də valideynlərə də dərin təsir göstərmişdir.
 
Görünən nəticələr arasında aşağıdakıları qeyd edə bilərik.
1. Valideynlər təcrübə nəticəsində baş verən müsbət dəyişikliklərə təəccübləndilər.
2. Oxu səviyyəsi çox tez artdı.
3. Sağlamlıq vəziyyəti yaxşılaşdı.
4. Akademik performans artdı.
Faydaları o qədər açıq idi ki, valideynlər bu təcrübəni davam etdirməyə və layihə bitdikdən sonra da uşaqlara səsli oxumağa qərar verdilər.
Zövq almaq üçün oxumaq - uşağınızın təhsil sahəsində boşluğunu doldurmaqla yanaşı sizə çox böyük zövq verə bilər! Bunu incə öyrənmə adlandıra bilərik. Uşağa ucadan oxumaq çox asandır və ucuzdur. Eyni zamanda  uşaqlara və ailələrinə böyük sevinc gətirir. Ancaq təəssüf ki, valideynlər ya ümumiyyətlə bunu etmirlər, ya da çox nadir hallarda edirlər.Yaxud da bir müddət sonra uşağa oxumağı dayandırırlar. Valideynlər hər gün uşağına kitab oxuduqda nəyin baş verə biləcəyini öz təcrübələrindən öyrənsələr, bu təcrübədən heç vaxt imtina etməzlər. Yalnız ailələrin bunu şəxsən görməsinə imkan verən şərait yaratmaq lazımdır.
Niyə yeni nağıllar yazılmır və uşaqların hansı mövzuda yeni nağıllara ehtiyacı var. 
 
Hər bir xalqın nağılı həmin dövrdəki reallığı əks etdirir. Bir xalqın, dövrün psixologiyasının, düşüncəsinin reallığını göstərir. Dünya ədəbiyyatı ilə rəqabəti də unutmayaq, biz də bu dünyanın içindəyik. Hazırda yeni nağıllar yazılmır desək yanlış olar. Amma, nəzərə alınmalıdır ki, uşaqlar böyüklərdən daha tələbkar oxucudur. Əksərən, yeni yaranmış uşaq hekayələri dil və üslub cəhətdən şifahi xalq nağıllarına nisbətən daha mürəkkəb olur. İkincisi yeni uşaq ədəbiyyatının və uşaq mütaliəsinin təbliğatı yaxşı qurulmur və bir çox hallarda dövrün və uşaqların  tələblərinə cavab vermir. Əsas istiqamətlərdən biri də uşaqlarda oxu bacarığını təkmilləşdirmək və gənc nəslin o bacarığa yiyələnməsidir. İndi sadəcə Cırtdan dövrü deyil, Tom və Ceri dövrüdür, Bentenler, Robotlar, Spaydermenlər dövrüdür. Buna görə də yazılan əsərlər uşaqların maraqlarına uyğunlaşdırılmalıdır. Gərək elə yazılsın ki, uşaq da oxusun. 
Müasir uşaq psixologiyası daha çox fantasitik janrda çəkilmiş dinamik cizgi filmlərinə alışdığından nağıllarda da eyni süjet xəttini və dinamikliyi tələb edir. Ona görə  bu gün zamanın tələbi olaraq cizgi romanları və fantastik janrlı hekayələrə daha çox tələbat var. Uşaq dünyasında yer qazanmış cizgi film personajlarının milli ideoloji maraqlarımıza uyğun yeni nağıl qəhrəmanları ilə əvəz olunması zamanın tələbidir.  
Səyyarə Məmmədova 
Azərbaycan Respublikası Təhsil İnstitutu
Baş mütəxəssis


 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?