"Bəzilərinin kitabdan qurtulmağın yolunu onu zibil yeşiklərinin yanında atmaqla tapması adamı təkcə narahat etmir, həm də düşündürür. Heç şübhəsiz, həmin şəxs nə oxuduğu kitabın məzmununu anlaya bilib, nə də ümumiyyətlə, kitabın nə demək olduğunu dərk edib”.
Bu fikirlər "Kaspi” qəzetində Təranə Məhərrəmovanın "Kitabları atmayın” adlı məqaləsində yer alıb.
Həmin məqaləni təqdim edirik:
"Orta məktəbdə oxuduğum illərdə "Dünya ədəbiyyatı” seriyası çap olunurdu. Köhnə pal-paltardan ibarət "makulatura” təhvil verib həmin kitablara abunə olmaq mümkün idi. Qohum-əqrəbadan yığdığım 25 kq pal-paltarı təhvil verib seriya üçün yazıldım. Dünya klassiklərinin ən maraqlı kitablarını əldə etmək şansı qazandım. İndi də o əsərlər kitabxanamın bəzəyidir.
"Facebook”da həmkarlarımdan biri atılmaq üçün küçəyə qoyulmuş kitabların şəklini paylaşıb. Qalaq-qalaq yığılan nəşrlərin lap üstündə Üzeyir Hacıbəyov haqqında kitab, həmçinin Teodor Drayzerin "Kerri bacı” romanı diqqətimdən qaçmadı. Təxminən 100-ə yaxın kitabla birlikdə bunlar dəyərsız əşya kimi zibilliyə atılmaq üçün qoyulmuşdu. Vaxtilə həmin kitabları, bəlkə də, həvəslə yığan, pul verib kitabxana quran adamın birdən-birə onlara nifrət dolu münasibətini anlaya bilmədim. Ən azı, kitabları kiməsə bağışlamaq, hər hansı məktəb və ya şəhər kitabxanasına təhvil vermək olardı. Bildiyim qədər, Milli Kitabxananın belə bir şöbəsi var: atılmaq təhlükəsi ilə üzləşən ədəbiyyatı qəbul edir. Kitabların bağışlanması ilə bağlı sosial şəbəkələrdə yerləşdirilən elanların da izinə düşmək çətin deyil. Bəzilərinin kitabdan qurtulmağın yolunu onu zibil yeşiklərinin yanında atmaqla tapması adamı təkcə narahat etmir, həm də düşündürür. Heç şübhəsiz, həmin şəxs nə oxuduğu kitabın məzmununu anlaya bilib, nə də ümumiyyətlə, kitabın nə demək olduğunu dərk edib.
Kitabı gərəksiz əşya kimi atmağın yox, paylaşmağın onlarla yolu var. Məsələn, son illərdə Moskvada "Bookcrossing” kitab mübadiləsi populyarlıq qazanıb. Metrolardan başlayan hərəkatın mahiyyəti sadədir. Bir kitabı oxuyan adam onu izdihamlı bir yerə buraxır. Bu yer park da ola bilər, kafe də, ictimai nəqliyyat da. Sonra onu başqası tapıb götürür. Oxuduqdan sonra kitabı növbəti oxuculara buraxır. Beləliklə, kitabı almağa və atmağa ehtiyac qalmır.
Bir çox ölkələrdə ayrı-ayrı məkanlarda kitab rəfləri də qurulub. Bu yaxınlarda Lvovda da belə təcrübə ilə rastlaşdım.
Digər bir təcrübə - "Kitablara ikinci həyat” şüarı ilə bəzi şəhərlərdə ictimai kitab şkaflarının yerləşdirilməsidir. Bu şkaflar əhalidən kitab qəbulu üçün nəzərdə tutulub. TV və radiolarda, həmçinin sosial şəbəkələrdə həmin ünvanların vaxt aşırı elanı verilir, internetdə telefon nömrələri yerləşdirilir.
Bizim şəhər və rayonlarda heç olmasa faydalı təcrübələri təkrarlaya bilərlər. Hamı kitab mağazalarına və ya kitabxanalara getmir, bəzilərinin evdə kitabları belə yoxdur. Pulsuz kitablar kiminsə zövq almasına və oxumağa marağının yaranmasına səbəb ola bilər. Ən əsası, kitablar lazımsız əşya kimi küçələrə atılmaz...”