Ədəbiyyata sevgini orta məktəbdən yaratmaq lazımdır. Bu isə ədəbiyyat müəllimlərinin işidir. Orta məktəblərimizdə bədii ədəbiyyatı sevən, onunla nəfəs alan, onu pedaqoji ustalığı ilə təbliğ etməyi, sevdirməyi bacaran müəllimlərimiz çox azdır.
Bu sözləri yazıçı-jurnalist Nəsir Əhmədli Axar.az-ın "Niyə ədəbiyyata maraq azalıb və necə etmək lazımdır ki, insanlarımız yazarlarımızın əsərlərini oxusunlar" sualına cavab verərkən deyib. O, bu işdə müəllimlərin rolunun mühüm olduğunu bildirib:
"Orta məktəblərin ədəbiyyat müəllimləri arasında sorğu keçirsək, görərik ki, onların 99 faizi son bir ildə bir dənə də olsun bədii əsər oxumayıb. Yaxud başqa bir sorğu keçirək, görək, bu müəllimlərin neçə faizi "Azərbaycan" və "Ulduz" jurnallarının, "Ədəbiyyat qəzeti"nin abunəçisidir? Gəlin, məktəb kitabxanalarının vəziyyəti ilə maraqlanaq. Görək onların bina şəraiti necədir, lazımi ədəbiyyatla, mətbuatla necə təmin olunur, son illərdə oraya hansı nəşrlər daxil olub? Kitabxanaçıların ixtisas səviyyəsi və məvacibləri müasir tələblərə cavab verirmi? Orta məktəblərin "Ədəbiyyat" dərsliklərinə müasir yazarlardan kimlərin əsərləri daxil edilib?
Ali məktəblərə qəbul test üsulu ilə keçiriləndən bəri orta məktəblərdə demək olar ki, inşa yazılmır, yazılsa da, son dərəcə formal xarakter daşıyır. Ədəbiyyatı test üsulu ilə öyrətmək olmaz. Şagirdlər yalnız bu və ya başqa yazıçının neçənci ildə doğulub, neçənci ildə öldüyünü və bir neçə əsərinin adını əzbərləyirlər. Əsərlərin məzmunu, ideyası, sənətkarlıq məsələləri kölgədə qalır. Bədii əsərlərə qonorarın verilməməsi, kitabların müəllifin vəsaiti hesabına buraxılması, tirajın azlığı, kitabxanalara paylanılmaması da başlıca problemlərdəndir".
Axar.az