Psixoloq

Psixoloq: “Uşaq dərs oxumursa, disleksiyası ola bilər”

  • Admin
  • 27-mar-2024, 22:17
  • 0 Baxış


Bəzən uşaqlarımız oxuyub-yazmaqda çətinlik çəkirlər. Biz isə uşaqlarımızın yaşıdlarından heç nədə geri qalmamasını istəyirik. Bəzən övladımız kitab və ya hər hansı mətni oxuyanda sözləri səhv tələffüz edir. Düşünürük ki, tənbəllik edirlər, ya da oxumaq istəmirlər. Belə olan halda ağıla bu sual gələ bilər: bəlkə mənim övladım disleksiyadır?


Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Ezgi Şahin mövzu ilə bağlı AzEdu.az-a danışıb:


“Pedaqogikada disleksiya xüsusi öyrənmə çətinliyi kimi tanınır. Latınca “söz” və “pozğunluq” sözlərinin birləşməsindən əmələ gəlib. Disleksiya anadangəlmə, inkişaf və zədəyə bağlı olaraq ikiyə ayrılır. Anadangəlmə disleksiya doğum əvvəli, doğum zamanı və doğum sonrası fəsadlara bağlı olaraq üçə ayrılır. Anadangəlmə disleksiyaya pis qidalanma, hamiləlik zamanı keçirilən infeksiyalar və dərmanların düzgün istifadə edilməməsi səbəb ola bilər. Uzun və çətin doğuş zamanı uşağın nəfəs almasındakı gecikmə və sonradan keçirdiyi qızdırmalı xəstəliklər də disleksiyanın səbəblərindəndir. İrsi faktorlara bağlı olaraq da disleksiya ortaya çıxa bilər. Disleksiya əsasən anadangəlmə bir problem olduğu üçün uşaqlarda erkən yaşlarda – təxminən 4-5 yaşlarında özünü göstərir”.


Psixoloq uşaqlarda disleksiya əlamətlərini də sadalayıb:


“Əgər uşağınız oxuma, eşitmə, danışma, yazmada çətinlik çəkirsə, danışmada gecikmələr varsa, yeni sözləri gec öyrənirsə, hərəkət və koordinasiya pozuqluğuna yol verirsə, hərfləri qarışdırırsa, riyazi əməllərdə problem (toplama, çıxma, vurma, bölmə) yaşayırsa, istiqamət (sağ, sol, yuxarı, aşağı) və zaman (dünən, bu gün, sabah, əvvəl, sonra) anlayışlarında çətinlik çəkirsə, danışarkən sözləri doğru yerdə istifadə etmirsə, analiz etmə problemi yaşayırsa, bunlar disleksiya əlamətləridir. Disleksiyanı müəyyən etmək üçün xüsusi psixoloji testlərdən istifadə olunur. Əgər yuxarıda göstərilən əlamətlərin bir neçəsi uşaqda özünü büruzə verirsə, mütləq psixoloqla məsləhətləşmək lazımdır”.


Psixoloq bu mövzuda müəllimlərin həssas yanaşmalı olduğunu da xüsusi vurğulayıb:


“Disleksiyası olan uşaqlara məktəbdə müəllimlər nəyisə gec qavradığına görə sərt reaksiya verməməli,onların  özgüvənlərini sarsıtmamalıdırlar. “Bilmirsən, anlamırsan, gec qavrayırsan” kimi ifadələr işlədilməməlidir. Hazırda bir pasientim var ki, ona düzgün yanaşılmadığı üçün özünəqapanma yaranıb və biz bu problemi aradan qaldırmağa çalışırıq. Çox vaxt müəllimlər valideynlərə deyirlər ki, uşağınızda problem var, geri qalır və s. Əksinə, disleksiyası olan uşaqların məktəbdə yaxşı oxuya bilmə potensialı yüksək olur, çünki onların zəka cəhətdən heç bir problemi yoxdur. Sadəcə, onlara vaxtında diaqnoz qoyulmalı və düzgün proqramla psixoloq nəzarətində bu problemlər aradan qaldırılmalıdır”.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?