Psixoloq

Məktəblərdə psixoloji xidmətin təşkilinə ögey münasibət

  • Admin
  • 27-mar-2024, 23:31
  • 0 Baxış


Məktəblərdə yay tətili, eyni zamanda, müəyyən problemlərin götür-qoy edilməsi və növbəti tədris ilinə hazırlıq baxımdan yaxşı imkandır.


Ötən tədris ilində məktəblərdə yaşanan müxtəlif xoşagəlməz hallar məktəb psixoloqu işinin əhəmiyyətini bir daha qabartdı. Daha çox basqı və danlaq altında olan yeniyetmələr nəticədə orta təhsili bitirdikdən sonra cəmiyyətə tam şəkildə yararlı ola bilmirlər. Hər bir məktəbdə psixoloq olmasına baxmayaraq, bəlkə də, əksər şagirdlər onların kimliyindən belə, xəbərsizdirlər.


Maraqlıdır, yeni tədris ili üçün hansı hazırlıqlar edilməlidir? Neqativ halların qarşısını almaq üçün məktəb psixoloqlarının işini necə qurmaq olar?


Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov məktəblərdə psixoloji xidmətin təşkilinə ögey münasibətin olduğunu vurğulayıb:


“Ümumtəhsil məktəblərində psixoloji xidmətlə bağlı problemlər var. Bunlar kadr qıtlığı və bu sahəyə ixtisasdəyişmə ilə psixologiyadan xəbəri olmayan şəxslərin gəlməsi ilə bağlıdır.


Ölkədə 4 432 məktəb, 4 300 psixoloq ştatı var. Psixoloq ştatı şagird sayına görə müəyyən olunmalıdır. Hazırda ümumtəhsil məktəblərdə 3 000 nəfərə qədər psixoloq çalışır ki, bu da ümumi psixoloq sayının 60 faizi deməkdir. 3000  psixoloqun əksəriyyəti fənn müəllimləridir. Dərs saatları az olduğu üçün ixtisasdəyişmədən istifadə edərək, keçiblər. Peşəkar deyillər”.


E.Qafarov qeyd edib ki, psixoloqlar əlavə təhsilə cəlb olunmalıdırlar:


“Psixoloqlar gördükləri işin müqabilində çox cüzi əməkhaqqı alırlar. İlk növbədə psixoloqların əməkhaqqısı artırılmalıdır. Bununla yanaşı, onlar əlavə təhsilə cəlb olunmalıdırlar. Növbəti tədris ilinə hazırlıq prosesi bir neçə ay öncədən başlanmalıdır. Gələn tədris ili üçün tədris prosesinin hansı şəkildə təşkil olunacağı məlum deyil. Əslinə qalsa, psixoloji əsasnamə qəbul olunmalıdır. Eyni zamanda, peşəsini bilməyən uzaqlaşdırılmalıdır”.


Ekspertin sözlərinə görə, məktəblərdə əlavə ştatlar açılmalıdır:


“Kompleks tədbirlər görmək lazımdır, çünki kompleks yanaşmaya ehtiyac var. Məktəblərdə ən böyük problem psixoloji xidmətlə bağlıdır. Bu səbəbdən neqativ hallar artır. Çünki psixoloji xidmət arxa plana keçib. Qarşısını almasaq, məktəblərdə vəziyyət daha qəliz olacaq”.


Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov da bu qənaətdədir ki, psixoloq ştatını tutanlar həmin ixtisasın daşıyıcıları deyillər:


“Azərbaycan məktəblərində şagirdlər bu gün psixoloji cəhətdən gərginlik altındadırlar. Son illərdə bu tendensiya davam etməkdədir. Psixoloqların əksəriyyətinin psixologiyadan anlayışı yoxdur. Bu fakt özünü daha çox regionlarda büruzə verir. Psixoloqun yerini heç bir müəllim verə bilməz. Psixoloq ştatlarının sayını artırmağa ehtiyac var. Onların peşəkarlığı da artırılmalıdır”.


İ.Orucovun sözlərinə görə, məktəb proqramları uşaqların psixologiyasına ciddi təsir göstərir:


“Bu gün təhsilin məzmunu ilə bağlı ciddi problemlər var. Dövlət İmtahan Mərkəzi sualları elə tərtib edir ki, uşaqlar sırf psixoloji basqı altındadırlar. Düşünürlər ki, “mən məktəbi bitirdim, universitetə də qəbul olmalıyam”. Ali təhsil müəssisələrinə qəbulu xeyli asanlaşdırmalıyıq. Bizdə universitetə qəbul olmaq çətindir, bitirmək asandır. Xaricdə isə əksinədir”.


İlqar Orucov əlavə edib ki, məktəblər başlayandan sonra bir sıra problemlərlə qarşılaşacağıq:


“İndiyə qədər heç bir psixoloq öz məsuliyyətini dərk etməyib. Bu belə olmalı deyil. Cəmiyyət nə qədər çox inkişaf edirsə, psixoloqlara ehtiyac daha da artır. Nəzərə alınmalıdır ki, şagirdlər inkişafda olan bir nəsildir. Çox ciddi dəyişikliklərə məruz qalırlar. Travmalar ala bilərlər. Onların yanında olmaq vacibdir”.


Qeyd edək ki, müasir dövrdə dünyanın bir çox ölkəsində məktəblərdə şagirdlərə psixoloji dəstəkdən uğurla istifadə edilir. ABŞ, Fransa, Almaniya, İsrail, Çexiya, Norveç, İspaniya, Türkiyə məktəblərində hətta iki, üç nəfər psixoloq xidmət göstərir.



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?