Psixoloq

Nadir İsrafilov -"Məktəbdə psixoloqlar təkcə uşaqlarla yox, müəllim və valideynlərlə də işləməlidir"

  • Admin
  • 28-mar-2024, 11:09
  • 2 Baxış


Son dövrlərdə orta məktəblərdə baş verən neqativ hadisələr təhsil sahəsindəki bir sıra boşluqları üzə çıxardı. Ən çox müzakirə olunan məsələlərdən biri də məktəb psixoloqlarının faəliyyəti oldu.


Bəs görəsən, Azərbaycanda məktəb psixoloqlarının fəaliyyəti qənaətbəxşdirmi? Bu sahədə hansı işlərin görülməsinə ehtiyac var?


Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Nadir İsrafilov bildirib ki, məktəblərdə işini bilən, ixtisaslı psixoloqlara ehtiyac var:


“Tam əminliklə demək olmaz ki, məktəblərdə psixoloji xidmət işinin səviyyəsi ürəkaçandır. Lakin məktəblərdə baş verən hər hansı bir neqativi psixoloqun fəaliyyəti ilə əlaqələndirmək də ədalətsizlik olar. Məktəbdə psixoloji xidmətin başlıca məqsədi uşaq, yeniyetmə və gənclərin psixoloji sağlamlığını qorumaqla yanaşı, onların təhsil müvəffəqiyyətini artırmaqdır. Məktəb psixoloqunun əsas vəzifəsi isə sosial cəhətdən fəal, yüksək ideya inamına malik şəxsiyyətin formalaşdırılmasında pedaqoji kollektivə köməklik göstərməkdir. Başqa sözlə desək, məktəbin işi şagirdlərə təkcə bilik, bacarıq və vərdişlər aşılamaq deyil, həm də gələcək üçün komplekssiz, problemsiz şəxsiyyət yetişdirməkdir. Bu baxımdan məktəblərdə işini bilən, ixtisaslı psixoloqlara ehtiyac var. Müasir təhsil sistemindəki psixoloji xidmət praktik psixoloqun qarşısında uşaqların məktəb təliminə hazırlığı səviyyəsini aşkara çıxarmaq, onların məktəb təlimi şəraitinə və məktəb həyatına daha yaxşı uyğunlaşmasını təmin etmək üçün müəllimlərlə birlikdə fərdi iş aparmaq, uşağın həyatında keçid və böhran dövrlərini xüsusi nəzarətdə saxlamaq və ilk dövrdən təlimə hazırlığını müəyyənləşdirmək kimi konkret və həlli vacib vəzifələr qoyur. Bununla yanaşı, təlim və tərbiyə bir sosial element kimi cəmiyyətin digər üstqurum və bazis elementləri ilə şərtlənir, mövcud əxlaqi keyfiyyətlər sosial, iqtisadi, hüquqi və s. münasibətlər təlim-tərbiyə prosesinə təsirsiz ötüşmür. Deməli, hadisənin səbəblərini daha dərində axtarmalıyıq”.


Ekspert bildirib ki, məktəbdə psixoloqlar təkcə uşaqlarla yox, müəllim və valideynlərlə də işləməlidir:


“Zəmanə dəyişib, dəyərlər başqalaşıb, insani münasibətlərin önünə keçən ifrat virtual ünsiyyətdən “əməkdaşlıq pedaqogikası” adlanan canlı ünsiyyətə keçmək məcburiyyətində qalmışıq. İndi müəllim-şagird-valideyn münasibətlərinin genişləndirilməsi yollarının axtarışındayıq. Belə çıxır ki, məktəbdə psixoloqlar təkcə uşaqlarla yox, müəllim və valideynlərlə də işləməlidir. Halbuki, müəllimlərin özü də peşəkar səviyədə olmasa belə, heç olmasa elementar psixoloji biliklərə sahib olmalıdırlar. Lakin bütün deyilənlər, heç də məktəb psixoloqunu məsuliyyətdən azad etmir. Psixoloji işin təşkilində boşluqlar var. Lakin məktəbdə psixoloji xidmətin təşkili digər təhsil xidmətləri ilə müqayisədə nisbətən yeni sahədir. Əsasən, 90-cı illərdən etibarən ilk olaraq Bakı məktəblərini əhatə edən psixoloji xidmət sahəsi qeyri-ixtisas və ya belə desək, digər fənn müəllimlərinin qısamüddətli ixtisasartırma yolu ilə yenidən hazırlanmış kadrların ümidinə buraxılmışdı. Bu mənada onları peşəkar psixoloq hesab etmək, həmin psixoloqlardan aktiv və səmərəli fəaliyyət gözləmək sadəlövhlük olardı. 150 şagirdi olan məktəbdə də, 2 min şagirdi olan məktəbdə də bir psixoloq işləyir. Təhsil müəssisələrində çalışan müəllim heyətinə, psixologiya elminin müasir dövrün tələbləri və yenilikləri barədə məlumatlı olmaları üçün mütəmadi olaraq təlim kursları və seminarlar təşkil olunmayıb. Ali məktəblərdə psixologiya elminin qanunauyğunları və günümüzün tələblərinə cavab verə biləcək tədrisin təşkili üçün ciddi addımlar atılmayıb”.


Ekspertin fikrincə, məktəb psixoloquna baxış bucağımız və yanaşma tərzimiz konkretləşdirilməlidir:


“Məktəb psixoloqlarının diaqnostik qiymətləndirilməsi uzun müddət aparılmayıb. Nəhayət, Təhsil qanununda edilən dəyişikliklər və əlavələr tədricən öz nəticəsini verməyə başlayıb. Təhsil haqqında qanuna edilən dəyişikliyə görə, psixoloqlar üçün daha peşəkar şərtlərin müəyyənləşdirilməsi baxımından yeni qaydaların hazırlanması nəzərdə tutulub. Nazirlər Kabinetinin qərarına əsasən Dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı aşağıdakı kimi müəyyən edilib: şagird sayı 1000-dək olduqda, 1 vahid, şagird sayı 1000-dən 3000-dək olduqda, 2 vahid, şagird sayı 3000-dən çox olduqda, 3 vahid. Bununla belə bu sahəyə xüsusi diqqət yetirilməsi və bu istiqamətdə müəyyən işlər görülməsinə baxmayaraq, ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkilinə və məktəb psixoloquna baxış bucağımız və yanaşma tərzimiz bir daha dəqiqləşdirilməli və konkretləşdirilməlidir”.




 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?