Erkən gənclik yaşının xüsusiyyətləri - "Mən kiməm?"
- Admin
- 30-mar-2024, 13:20
- 5 Baxış
Bu dövrdə (15-18 yaş) orqanizm anatomik-fizioloji cəhətdən sürətlə inkişaf edir, yeniyetməlik dövründə müşahidə olunan qeyri-mütənasib inkişaf normal hala düşür.
Boy artımı səngiyir, əzələ gücü qüvvətlənir.Erkən gənclik şəxsiyyətin əsas keyfiyyətlərinin formalaşdığı və ictimai fəallığının artdığı dövrdür.
O, vətəndaşlıq və seçib-seçilmək hüququ qazanır. Bu yaşda bir sıra yeni keyfiyyətlər meydana gəlir: özünüdərketmə, özünüqiymətləndirmə və mənlik şüuru inkişaf edir; əxlaqi görüş və əqidənin, dünyagörüşünün formalaşması baş verir; müstəqillik, özünütəsdiq və özünütərbiyə meyli güclənir və s.
Məktəbdə və ailədə gənclərin müstəqilliyinin məhdudlaşdırılması çox vaxt münaqişələrə və münasibətlərdə soyuqluğa gətirib çıxarır. Belə hal bəzi gəncləri qeyri-formal, kortəbii küçə qruplarına çəkib aparır. Burada onlar başqaları ilə bərabərhüquqlu ünsiyyətə girir, müstəqillik tələbatını ödəyirlər.
Lakin tam yetkinləşməmiş gənclər küçə qruplarının mənfi təsiri altına düşə bilirlər. Bunu nəzərə alaraq, müəllim və valideynlər gənclərin müstəqilliyinə hörmət etməli, normal ünsiyyət mühiti yaratmalı, onları faydalı ictimai işlərə cəlb etməyə çalışmalıdırlar.
Böyük məktəblilərdə öz hissləri və fikirləri üzərində düşüncələr, özünüdərketmə tələbatı güclüdür. "Mən kiməm?", "Nəyə qabiləm?", "Həyatın mənası nədir?" kimi suallar onları düşündürür. Bu yaşda əxlaqi məsələlərə də maraq güclənir. Sözü üzə demək, prinsipiallıq, düzlük - gənclər üçün xarakterikdir.
Onlar adamlarda düzlüyü, təvazökarlığı, əməksevərliyi, sadəlik və xeyirxahlığı daha yüksək qiymətləndirirlər. Tənqid, özünütənqid gənclər üçün xarakterikdir. Onlar diskussiya, həqiqət axtarışına daha çox meyl göstərirlər.Erkən gənclik yaşında təlimə maraq artır.
Bu isə onlarda yeni ictimai motivlərin və özünütəhsil tələbatının yaranması ilə bağlıdır. Fənnə maraq çox vaxt elmə olan marağa çevrilir.Bu yaşda gəncləri özünütərbiyəyə geniş cəlb etmək, tərbiyə işində mənəvi məsələlərə, ailə, məhəbbət və peşəyönümü işinə diqqəti artırmaq lazımdır.