Psixoloq / Valideyin

Qeybət və Uşaqlarımız..

  • Admin
  • 31-mar-2024, 12:34
  • 3 Baxış




Böyüklər uşaqlarda tez-tez "yeniliklərin daşıyıcısı” olmaq kimi güclü istəyin olduğunu müşahidə edirlər. Onlar bütün gördüklərini və ya eşitdiklərini, bəzən şişirtməklə başqalarına çatdırmağa çalışırlar.Məsələn, böyük bacı məktəbdən evə qayıdır.Balaca bacı işıq saçan gözləri ilə onun qarşısına qaçır və bir nəfəsə ev xəbərlərini ona çatdırır. "Sənin rəfiqən bizə gəlmişdi. O dedi ki, sənin məktəbdə problemlərin var; sən pis qiymət almısan və müəllim səndən narazı qalıb. Atam və anam o gedəndən sonra çox deyindilər və sənin ünvanına çox sözlər dedilər” və s.
Əgər uşaq valideynlərindən ehtiyat edirsə, bu cür işlər gizlində ediləcək. Məsələn, ana otaqdan çıxan kimi o, hər şeyi bir anda əks tərəfə çatdıracaq.
"Xəbər çatdırmaq” arzusu demək olar ki, bütün uşaqlara xasdır. Onların əlbəttə, qeybət etmək, bu sözün tam mənasında, məqsədləri yoxdur. Onlardan heç birinin hadisələri təhrif etmək, yaxınlarına böhtan atmaq niyyətləri də yoxdur; onlar sadəcə olaraq öyrəndikləri hər bir şeyi danışmaq istəyirlər, çünki onlara elə gəlir ki, bu çox maraqlıdır və ona diqqət yetirməyə dəyər.
Əgər uşaqda "xəbər çatdırmaq” meyli zaman-zaman keçmirsə, onda qeybət etmək, dalca danışmaq və böhtan atmaq tədricən vərdişə çevriləcək və nəticədə onlardan can qurtarmaq onun üçün olduqca çətin olacaqdır. Biz uşaqlarda mənfi keyfiyyətlərin formalaşmasının qarşısını almaqda sizə yardımçı ola biləcək bir neçə məsləhət verə bilərik.
1. Valideynlər (xüsusən də analar) müxtəlif misallar çəkmək və hadisələr danışmaqla uşaqlarına bu töhmətə layiq hərəkətlərdən çəkinməyi tövsiyə etməli və özünü saxlaya bilməməyin onlara mənfi təsirini əyani olaraq göstərməlidirlər. Uşaqların bilməyi vacibdir ki, onların özləri də əgər kiminsə boş söhbətlərinin və mənasız uydurmalarının predmetinə çevrilərsə, bundan əziyyət çəkəcəklər.
2. Valideynlərə ehtiyatlı və səbrli olmağı, uşaqların yanında başqaları haqqında pis danışmamağı tövsiyə edirik. Əgər uşaqlar şayə yaymağa və başqaları haqqında qərəzli danışmağa cəhd edirlərsə, valideynlər qətiyyətlə, lakin təmkinlə onlardan mövzunu dəyişməyi tələb etməlidirlər. Uşaqlara bildirilməlidir ki, insanların yalnız müsbət cəhətlərindən danışmaq olar, qeybət və dalca danışma isə doğru deyil. Çünki qeybət insanın emosional yükünü artırır və səhv buraxmış şəxsə qarşı daimi kinin qalmasına səbəb olur. Başqa sözlə valideynlərin nə özü qeybət etməli, nə də bunu uşaqlara icazə verməlidirlər.
3. Pedaqoji bilikləri olmayan bəzi valideynlərin özləri uşaqları qeybətə, dalca danışmağa və xəbərçiliyə öyrədirlər. Məsələn, ana balaca qızına öyrədir ki, o evdə olmayanda diqqətlə qulaq asıb, atasının onun haqqında dedikləri hər bir şeyi ona çatdırsın. Vəziyyəti düzgün anlamaqdan ötrü uşağın hələ təcrübəsi yoxdur, onun müşahidələri həmişə əsas hadisələri görmək imkanında deyildir. Uydurmaçılığa meyillik isə bəzən sağlam düşüncəni üstələyir. Uşaq fantaziyası qanadlanıb elə yüksəkliklərə qalxa bilər ki, o, ağlına gələn hər bir şeyi danışa bilər. Ana uşağın uydurduqlarını həqiqət kimi qəbul edib, onun əsassız fantaziyalarına inanaraq, ürəyində ataya qarşı kin bəsləməyə başlayır.
Qeybət etmək, deyinmək, arxaca danışmaq vərdişinin həm uşağın özü üçün, həm də onu əhatə edən mühit üçün acınacaqlı nəticələri olur. Uşağı əhatə edən insanlar (valideynlər, müəllimlər və digər böyüklər) onun qeybətlərinə, söz gəzdirmələrinə qarşı qəti şəkildə dursalar və onu dinləməkdən imtina etsələr, uşaq əvvəl-axır bu davranışının məqsədəuyğun olmadığını dərk edəcəkdir. Yalnız bu üsulla bu qüsurun cəmiyyətdə yayılmasının qarşısını almaq mümkündür.
İlqar Məmmədov Analar,atlar və uşaqlar



 

img
Elşən Qafarov
(050) 672 59 11

Məktəbşünaslıq kursları, DİQ-direktorların və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə hazırlıq

Saytı bəyənirsiniz?